28 İyul 2026 08:35
166
SİYASƏT
A- A+
Yeni regional geosiyasi reallıqlar və Qərbi Azərbaycan məsələsi

Yeni regional geosiyasi reallıqlar və Qərbi Azərbaycan məsələsi


Azərbaycan Prezidenti İlham Əliyevin gərgin fəaliyyəti, səyləri sayəsində Qərbi Azərbaycana qayıdış məsələsi dövlət siyasəti səviyyəsinə yüksəlmişdir. Qayıdış məsələsi Azərbaycan xalqının tarixi Qələbəsi nəticəsində Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqların əsas komponentlərindən biri kimi geosiyasi mahiyyətə malikdir. Bu xüsusda ölkə rəhbəri Qərbi Azərbaycan məsələsini tarixi ədalətin bərpası konteksti ilə yanaşı, regionda davamlı sülhün və sabitliyin təmin olunmasının ayrılmaz tərkib hissəsi kimi təqdim etmişdir.

Qərbi Azərbaycan məsələsinin mahiyyətini onun geosiyasi faktor kimi xüsusiyyətləri təşkil edir. Bu baxımdan Qərbi Azərbaycan məsələsinin geosiyasi-konseptual aspekti ilə praktiki həlli aspekti arasında sıx bağlılıqdan bəhs etmək lazım gəlir. Sirr deyil ki, hazırkı tarixi mərhələdə dünyanın böyük güclərinin Cənubi Qafqaz istiqamətində yürütdükləri siyasət regional vəziyyətə ciddi təsir edir. Xüsusilə Ermənistanla bağlı həyata keçirilən həmin siyasi kurs Azərbaycanın "Böyük qayıdış" konsepsiyasına əhəmiyyətli təsir göstərir. Nümunə kimi ABŞ-nin Ermənistanı və onun cəmiyyətini geosiyasi aspektdə necə görməsinin təsirini göstərə bilərik. Eyni fikri Rusiya, İran, Avropa İttifaqı, xüsusilə Fransa, Almaniya, Türkiyə, Çin və Hindistanla əlaqəli deyə bilərik. Bütün bunların, "Böyük qayıdış" konsepsiyasının fonunda aşağıdakı ümumi mənzərə yaranır. 

Cənubi Qafqazın yeni geosiyasi mənzərəsini formalaşdıran güc Azərbaycandır. Azərbaycanın 2020-ci il İkinci Qarabağ müharibəsi və 2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirlərində əldə etdiyi qələbələr regionu yeni pozitiv geosiyasi müstəviyə transformasiya etdi. Bir neçə il bu prosesə mane olmaq istəyənlər Azərbaycan-Türkiyə-Pakistan birliyinin sərt müqaviməti ilə rastlaşdılar. Aydın oldu ki, yaranmış yeni geosiyasi konfiqurasiyanı heç bir aspektdə, o cümlədən hərbi sferada dəyişmək mümkün deyildir. Regionun geosiyasi arxitekturasının yaradıcısı və müəyyənedicisi Azərbaycandır.


Böyük güclərin geosiyasi manevrləri


Azərbaycanın hazırkı geosiyasi statusu nöqteyi-nəzərindən bir sıra cəhətlər mövcuddur ki, bunlar da Qərbi Azərbaycana qayıdış kontekstində xüsusi rol oynayır. Bu xüsusda son dövrlərdə bir sıra böyük güclərin regionla bağlı siyasi-diplomatik manevrləri diqqət çəkir. 

2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sənədi paraflandıqdan sonra ABŞ-nin Cənubi Qafqaza təsiri daha konkret cizgilər almağa başladı. Hiss olunurdu ki, Amerika müəyyən passivlik müddətindən sonra regional geosiyasi konfiqruasiyada ciddi yeniliklər etməyə çalışır. Bunun üçün ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidentinin nüfuzundan və həyata keçirdiyi müstəqil xarici siyasətin başlıca üstünlüklərindən, Ermənistanın isə Rusiyadan olan güclü asılılığını minimuma endirmək istəyindən yararlanmağa çalışacaq. 

Bütün bunlara görə də 2026-cı ilin yanvarında D.Trampın "Truth Social" platformasında yazdığı aşağıdakı fikirləri maraqla qarşılandı. ABŞ Prezidenti yazırdı: "Biz Azərbaycanla strateji tərəfdaşlığımızı dərinləşdirəcəyik, Ermənistanla dinc nüvə əməkdaşlığı üzrə əla bir saziş imzalayacağıq, iri yarımkeçirici istehsalçılarımız üçün müqavilələr bağlayacağıq, həmçinin ABŞ-də istehsal olunan müdafiə avadanlıqlarını, məsələn, zirehli gödəkçələr və qayıqlar da daxil olmaqla Azərbaycana satacağıq və daha artıq işlər görəcəyik".

2026-cı ilin fevral ayında ABŞ-nin vitse-prezidenti Cey.Di.Vens Cənubi Qafqaza səfər etdi və onun geosiyasi mənası geniş təhlil olundu. Azərbaycan ekspertləri C.D.Vensin Gürcüstana getməməsini regional geosiyasətə təsir edən faktor olaraq qiymətləndirdilər. Belə nəticə çıxarıldı ki, ABŞ Cənubi Qafqazda əsas stavkanı Azərbaycana edir və bunun fonunda Ermənistanı Moskvanın caynağından almağa çalışır. Bununla yanaşı, ABŞ Gürcüstanı Qərbə doğru addım atmağa məcbur etməyə cəhdlər göstərir. 

Bu prosesdə Avropa İttifaqı ABŞ ilə həmrəydir. "ABŞ Ermənistan və Azərbaycanı əməkdaşlıq və regional layihələr üzrə məsələlərin müzakirə olunduğu Sülh Şurasına daxil etmişdir. Gürcüstan bura daxil deyil, müzakirə olunan müqavilələr digər Cənubi Qafqaz ölkələri ilə enerji, təhlükəsizlik və infrastruktur sahələrində əlaqələrin gücləndirilməsinə yönəlmişdir. Vaşinqtonda vəziyyətin bu cür inkişafının səbəblərindən biri ABŞ xarici siyasətinin məntiqindəki dəyişiklikdir".

ABŞ-nin xarici siyasətində dəyişikliyin məntiqi Vaşinqtonun vurğunu "tez və görünən nəticələr verən konkret iqtisadi və strateji razılaşmalar"a yönəltməsi ilə bağlıdır. Əlbəttə, bu kimi dəyişikliklər fonunda Amerika enerji, logistika layihələri həyata keçirən və ya geosiyasi təşəbbüslər irəli sürən Azərbaycana daha çox diqqət yetirəcəkdir. 

Beləliklə, Vaşinqtonda paraflanan sülh sənədindən sonra ABŞ birmənalı olaraq Cənubi Qafqazda lider dövlət kimi Azərbaycanı qəbul etməyə başlamışdır və buna uyğun addımlar atmaqdadır. ABŞ Prezidenti D.Tramp Azərbaycan Prezidenti İlham Əliyevə 31-ci Bakı Enerji Həftəsinin başlaması ilə əlaqədar göndərdiyi məktubda region və Azərbaycanla bağlı vacib mesajlar vermişdir. D.Tramp yazmışdır ki, "bu nailiyyət Azərbaycanın enerji təhlükəsizliyi sahəsində göstərdiyi liderlik keyfiyyətlərinin sübutudur"; "mən qətiyyətlə inanıram ki, qlobal enerji təhlükəsizliyi sahəsində əsaslı tərəfdaşlığımızın əhəmiyyəti gələcək illərdə yalnız artacaqdır"; "biz Ağ Evdə görüşdüyümüz zaman irəliyə doğru addım atdıq və Ermənistan ilə Azərbaycan arasında uzunmüddətli sülhə nail olduq" və "biz birlikdə sülhü irəliyə doğru aparacaq, rifahı gücləndirəcək və Sizin bölgədə, bütün dünyada daha əmin gələcək quracağıq". 

Bu tezislər Amerikanın xarici siyasətində Cənubi Qafqazın və eyni zamanda Azərbaycanın yeni səviyyədə əhəmiyyət kəsb etdiyini ifadə edir. Aydın görünür ki, Vaşinqton daha geniş kontekstdə Azərbaycanla münasibətləri inkişaf etdirmək qərarına gəlmişdir. 

ABŞ-nin regional strategiyasının prioritetləri dəyişir. Bu çərçivədə Azərbaycan Avrasiyanın yeni iqtisadi və geosiyasi arxitekturasının formalaşmasında mühüm tərəfdaş kimi qəbul edilir. "Məhz buna görə ABŞ-Azərbaycan münasibətlərində müşahidə olunan canlanma... Cənubi Qafqazın gələcək inkişaf modelinə dair mühüm siyasi mesajdır... Azərbaycanın geosiyasi çəkisi artıq yalnız regionun deyil, qlobal güclərin strateji hesablamalarının da mühüm elementinə çevrilməkdədir". 

ABŞ-nin Cənubi Qafqaz siyasətinin regional təsiri üzərində bir qədər geniş dayanmağımızın səbəbi var. Sirr deyil ki, hazırda məhz Vaşinqton bölgədə geosiyasi konfiqurasiyanın formalaşmasında çox ciddi rol oynayan kənar gücdür. Bu müstəvidə bizim üçün ABŞ-Azərbaycan münasibətlərinin yeni səviyyəyə yüksəlməsi faktı olduqca önəmlidir. Həmin faktın işığında Qərbi Azərbaycana qayıdış məsələsinin də yeni reallıqlar fonunda təhlili aktualdır. Həmin istiqamətdə digər bir gücün - Avropa İttifaqının Cənubi Qafqaz siyasətinin son zamanlar özünü göstərən bir sıra məqamlarına nəzər salaq.


Brüssel Cənubi Qafqazda fəallaşır


2026-cı ilin əvvəllərindən Brüsselin yüksəksəviyyəli rəsmiləri Azərbaycana səfərlərini intensivləşdirmişlər. Mart ayında Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta Bakıya təşrif buyurmuşdur. May ayında Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas, iyul ayında isə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Azərbaycana səfər etmişlər. Onlar Prezident İlham Əliyevlə birbaşa və intensiv dialoq aparmışlar. Ekspertlər əmindirlər ki, bu kimi səfərlərdə aparılan müzakirələr göstərir ki, Aİ Cənubi Qafqaz regionu ilə əməkdaşlığının məhz Azərbaycanla qurulan konstruktiv münasibətlərdən asılı olduğunu qəbul edir. Bu səfərlər tərəflər arasında qarşılıqlı etimadın və ortaq maraqların yeni mərhələyə qədəm qoyduğunu bir daha təsdiqləyir. 

Bunlardan başqa, Litva Baş naziri İnqa Ruqinienenin, Latviya Prezidenti Edqars Rinkeviçsin, Çexiya Baş naziri Andrey Babişin, İtaliya Nazirlər Şurasının Sədri Ciorcia Meloninin, Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana səfərləri diqqət çəkmişdir. Həmin səfərlər zamanı Aİ rəsmiləri enerji tərəfdaşlığı ilə yanaşı, regional təhlükəsizlik və sülh gündəliyini müzakirə etmişlər. Eyni zamanda həm enerji idxalı, həm də nəqliyyat dəhlizləri ilə bağlı vacib razılaşmalar əldə olunmuşdur. Həmin sırada Avropa liderlərinin verdikləri bəyanatlarda Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyin yüksək səviyyədə ifadəsinin yer alması Brüsselin Cənubi Qafqaz siyasətində Azərbaycan faktorunun yeni səviyyəyə yüksəlməsinin əlaməti sayılır. 

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin 2026-cı il iyulun 1-də Azərbaycana rəsmi səfəri bütün bunların fonunda əhəmiyyətli hadisədir. Avropa rəsmisi "X" sosial şəbəkəsində yazmışdı: "Aİ Cənubi Qafqaz üçün parlaq bir gələcəyə - əlaqəli, dinc və çiçəklənən bir gələcəyə inanır. Biz bu gələcəyin qurulmasına kömək etmək istəyirik. Mən, həmçinin Aİ ilə Azərbaycan arasında ticarətdən nəqliyyata, enerjidən iqtisadiyyata qədər tərəfdaşlığı dərinləşdirmək üçün buradayam". 

Əlbəttə, Azərbaycan həmişə Aİ ilə əlaqələrin dərinləşməsində maraqlı olmuşdur və bu istiqamətdə xeyli addımlar atmışdır. Azərbaycan Prezidenti İlham Əliyev də Avropa Komissiyasının prezidenti ilə mətbuata birgə bəyanatında Bakının mövqeyinin prinsipial tərəflərini ifadə etmişdir. 

Azərbaycan nadir ölkələrdəndir ki, strateji-coğrafi mövqeyini başqa faktorlarla məharətlə uyğunlaşdırır və buna görə də Bakı Avropanı, Cənubi Qafqazı və Mərkəzi Asiyanı bir araya gətirə bilər. Bütün bunlar Cənubi Qafqazda yeni geosiyasi dinamikanın formalaşdığını göstərir ki, bunun fonunda Qərbi Azərbaycana qayıdış məsələsi daha da aktuallaşır.


Qərbi Azərbaycana qayıdış: yeni mərhələ


Hazırda regiondakı geosiyasi dinamikanın yeni çalarları onu deməyə əsas verir ki, Qərbi Azərbaycana qayıdış məsələsi daha incə və fəal yanaşma tələb edir. Burada əsas prinsip azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmasının təmin edilməsindən ibarətdir. Bu prinsipdən vaz keçmək və ya onu dəyişmək mümkün deyildir. Deməli, Azərbaycan tərəfi baş verən hər bir ciddi geosiyasi regional dəyişikliyə çevik və yaradıcı yanaşmalıdır. 

Qərbi Azərbaycana qayıdış üçün, məsələn, ABŞ-nin sülh yaratmaq xətti yardım edə bilər, lakin Fransa kimi ölkələrin qərəzli fəaliyyəti yeni çətinliklər meydana çıxarar. Bu məsələdə Aİ-nin bir təşkilat olaraq mövqeyi də əhəmiyyətlidir. Ursula fon der Lyayen 2026-cı ilin iyulunda İrəvanda söz vermişdir ki, "Avropa sizə dəstək olacaq". Hansı mənada və hansı istiqamətdə? Bu "dəstək" vədinin arxasında nələr dayanır? Bunlar hələlik aydın deyildir. 

Beləliklə, bir tərəfdən, Aİ regionda inteqrasiya, təhlükəsizlik və əməkdaşlıqdan bəhs edir, digər tərəfdən isə, təşkilatın ən güclü üzv dövlətlərindən biri olan Fransa qeyri-müəyyən bəyanatlar verir, qərəzli münasibətini açıq ifadə edir. Bu vəziyyətə həm Vaşinqtonun münasibəti, həm də Brüsselin baxışı çox maraqlıdır. 

Lakin bütün bunlar tarixi torpaqlara qayıdışa bədbin yanaşmağa qətiyyən əsas vermir. Söhbət, sadəcə, bəzi dairələrin regionda ənənəvi pozuculuq fəaliyyətinə davam etdiklərinin təsbitindən gedir. Həm də bir sıra geosiyasi dairələrin Cənubi Qafqazda əməkdaşlıqda və təhlükəsizliyin təminində ciddi maraqlarının olduğunu təsdiq edən bir neçə yeni nümunə var. İki nümunəni nəzərdən keçirə bilərik.

2026-cı il iyunun 24-də ABŞ-nin paytaxtı Vaşinqtonun Konqres binasında (Kapitol Hill) Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Qayıdış hüququ və öz müqəddəratını təyinetmə: ikili standartlar və selektiv yanaşmalar" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Bu tədbiri azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmasına dair həqiqətlərin beynəlxalq ictimaiyyətə tanıdılması baxımından çox əhəmiyyətli hadisə kimi qiymətləndirmək lazımdır. 

Konfransda edilən təkliflər sırasında Qərbi Azərbaycanda xalqımıza məxsus mədəni, dini və tarixi irsin, o cümlədən toponimlərin, məscidlərin, qəbiristanlıqların, ziyarətgahların və digər abidələrin sistemli şəkildə dağıdılması, təhqir olunması və mənimsənilməsi faktlarına beynəlxalq hüquq müstəvisində hüquqi qiymət verilməsi çağırışı xüsusi yer tutmuşdur. Həm də bu "pozuntuların beynəlxalq təşkilatlar tərəfindən yerində araşdırılması və sənədləşdirilməsi" tələb olunmuşdur. 

Əsas məqam ondan ibarətdir ki, konfrans iştirakçıları ABŞ Konqresinin üzvlərinə müraciət ünvanlamışlar. Müraciətdə qayıdış hüququnun və xalqların öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ardıcıl, ədalətli və ayrı-seçkiliyə yol verilmədən tətbiq edilməsinin zəruriliyi vurğulanır. Sənəddə qərbi azərbaycanlıların öz doğma yurdlarına təhlükəsiz, könüllü və ləyaqətli şəkildə qayıdış hüququna beynəlxalq dəstəyin göstərilməsi, onların əmlak hüquqlarının bərpası və mədəni irsinin qorunmasının vacibliyi qeyd edilir. 

Digər nümunə, 2026-cı il iyunun 30-da Londonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə "Xəzər regionunda bağlantılar: inkişaf və dayanıqlılıq" mövzusunda konfransın keçirilməsidir. Tədbirdə Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi Lord Olderdays, Azərbaycan, Türkiyə, Gürcüstan və Özbəkistanın Böyük Britaniyadakı səfirləri, digər region ölkələrinin diplomatik nümayəndələri, beynəlxalq təşkilatların, maliyyə institutlarının, biznes dairələrinin və ekspert icmasının təmsilçiləri iştirak etmişlər. 

Lord Olderdays çıxışnda vurğulamışdır ki, "Böyük Britaniya region ölkələri ilə ticarət və investisiya əlaqələrini daha da genişləndirmək niyyətindədir... Təhsil, investisiya, enerji, kritik minerallar, tikinti və infrastruktur sahələrində geniş əməkdaşlıq potensialı mövcuddur". Britaniya rəsmisi Xəzər regionunun (və deməli, Cənubi Qafqazın) geosiyasi və iqtisadi əhəmiyyət daşıdığını, həmçinin "sabit və dayanıqlı əməkdaşlıq üçün" geniş imkanlar yaratdığını ifadə etmişdi. Bu iki nümunə Azərbaycanın strateji xarakterli Qərbi Azərbaycana qayıdış hədəfini ciddi surətdə dəstəkləyən böyük güclərin mövcud olduğunu təsdiq edir. Bu kontekstdə Prezident İlham Əliyevin Almaniyaya son rəsmi səfəri Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının Qərbdə hüquqi və siyasi dəstəklənməsi baxımından da böyük əhəmiyyət daşıyır. 

Beləliklə, Qərbi Azərbaycana qayıdış azərbaycanlıların təbii və hüquqi haqqı kimi aktuallığını saxlayır və onun həyata keçməsi Bakının mütləq şərti və prioritetidir. Regionda formalaşmaqda olan yeni geosiyasi dinamika kontekstində bu məsələ daha da aktuallaşmışdır. Burada eyni zamanda böyük güclərin geosiyasi konfiqurasiyası fonunda problemi həll etmək lazım gəlir və rəsmi Bakı bu istiqamətdə fəaliyyətini inamla davam etdirir. 


Kamal ADIGÖZƏLOV,

beynəlxalq münasibətlər üzrə ekspert

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qusar: yerli fermer və sahibkarların təklifləri nəzərə alınacaq

09:05
28 İyul

Göygöldə keçirilən V Milli Yaylaq Festivalı iştirakçılara xoş anlar yaşatdı

09:00
28 İyul

Hədəf bəlli, məqsəd aydındır

08:55
28 İyul

Azərbaycan dialoqu təşviq edən bir ölkə kimi mövqeyini möhkəmləndirib

08:50
28 İyul

Azərbaycan-Böyük Britaniya əlaqələri dinamik inkişaf edir

08:45
28 İyul

Ermənipərəst konqresmenlər sülhü hədəf alıb

08:40
28 İyul

Yeni regional geosiyasi reallıqlar və Qərbi Azərbaycan məsələsi

08:35
28 İyul

Tarixin hökmü və şəxsiyyətin məsuliyyəti

08:30
28 İyul

“Türkiyə və Azərbaycan yeni geosiyasi düzənin mərkəzində yer alan əsas tərəfdaş ölkələrdir”

08:25
28 İyul

Əlaqələrin inkişafı Azərbaycanı Avropanın enerji bazarına çıxarır, Almaniya isə enerji təhlükəsizliyini təmin edir 

08:20
28 İyul

“Orta dəhlizin potensialı genişləndikcə, Azərbaycanın strateji rolu daha da güclənəcək”

08:15
28 İyul

Regionun geoiqtisadi mənzərəsini dəyişən Azərbaycan-Mərkəzi Asiya formatı 

08:10
28 İyul

Orta dəhliz, Zəngəzur dəhlizi və Qarabağın bərpası Avrasiyanın yeni geosiyasi arxitekturasının ayrılmaz hissələridir

08:05
28 İyul

Azərbaycanın uğurlu diplomatiya modeli

08:00
28 İyul

15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında

03:17
28 İyul

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:16
28 İyul

"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 465-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

03:15
28 İyul

N.E.Mustafayevanın Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu, eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında

03:14
28 İyul

M.İ.Yevdayevin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında

03:14
28 İyul

Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında

03:13
28 İyul

Q.A.Zeynalovun Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında

03:13
28 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!