“Qlobal təchizat zəncirlərində yaranan qırılmalar, Rusiya-Ukrayna müharibəsindən sonra şimal marşrutunda meydana çıxan geosiyasi risklər və dövlətlərin nəqliyyat dəhlizlərini şaxələndirmək istəyi Çindən başlayaraq Türküstan (Mərkəzi Asiya), Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyə üzərindən Avropaya uzanan Orta dəhlizin əhəmiyyətini daha da artırıb. Bu kontekstdə Azərbaycan Orta dəhlizin, sadəcə, coğrafi keçid ölkələrindən biri deyil, onun funksionallığını və strateji dəyərini artıran əsas aktorlardan biridir. Xəzər dənizi ilə Cənubi Qafqaz arasında yerləşməsi Azərbaycana təbii geosiyasi üstünlük qazandırır. Son illərdə Bakının nəqliyyat və logistika infrastrukturuna yönəltdiyi irihəcmli investisiyalar isə bu coğrafi üstünlüyü real geoiqtisadi potensiala çevirir".
Bu fikirləri AZƏRTAC-a açıqlamasında beynəlxalq münasibətlər üzrə mütəxəssis İsmail Cingöz deyib.
Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt bölgəsində formalaşdırılan logistika və iqtisadi infrastruktur Azərbaycanın "Şərq-Qərb" nəqliyyat xəttində mərkəzi mövqeyini gücləndirən mühüm layihələr sırasındadır. Xəzər keçidində liman imkanlarının genişləndirilməsi, dəmir yolu və avtomobil yollarının müasirləşdirilməsi, gömrük və tranzit prosedurlarının sadələşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər də Orta dəhlizin yükdaşıma potensialının və rəqabət qabiliyyətinin yüksəlməsinə mühüm töhfə verir.
"Lakin Orta dəhlizin əsl strateji dəyəri yalnız daşınan yüklərin həcmi və ya marşrutun qısalması ilə ölçülməməlidir. Bu dəhliz Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxış imkanlarını şaxələndirir, Xəzərin hər iki sahili arasında iqtisadi inteqrasiyanı gücləndirir və Türkiyə vasitəsilə Avropa bazarlarına uzanan fasiləsiz nəqliyyat əlaqəsini formalaşdırır. Bu baxımdan Azərbaycanın nəqliyyat siyasəti təkcə ölkənin milli iqtisadi maraqlarına deyil, həm də daha geniş mənada türk dünyasının bağlantısının möhkəmləndirilməsinə və Avrasiyada Şərq-Qərb istiqamətində iqtisadi inteqrasiyanın dərinləşməsinə xidmət edir. Xüsusilə Azərbaycan ilə Türkiyə arasında mövcud olan strateji tərəfdaşlıq Orta dəhlizin gələcəyi baxımından həlledici amillərdən biridir. Mərkəzi Asiyanın türk dövlətlərinin nəqliyyat, enerji, ticarət və logistika şəbəkələrinə getdikcə daha fəal qoşulması ilə Orta dəhliz türk dünyasını birləşdirən strateji onurğa xəttinə çevrilmək potensialına malikdir. Türk Dövlətləri Təşkilatı çərçivəsində nəqliyyat və logistika sahəsində inkişaf etdirilən əməkdaşlıq da bu prosesin institusional əsaslarını daha da möhkəmləndirir", - deyə İ.Cingöz əlavə edib.
Mütəxəssis bildirib ki, gələcək mərhələdə Xəzər keçidinin ötürücülük qabiliyyətinin artırılması, limanlarla dəmir yolu şəbəkələri arasında inteqrasiyanın gücləndirilməsi, sərhəd və gömrük prosedurlarının rəqəmsallaşdırılması, eləcə də dəhliz boyunca yerləşən ölkələr arasında vahid logistika standartlarının formalaşdırılması Orta dəhlizin qlobal miqyasda daha rəqabətqabiliyyətli nəqliyyat marşrutuna çevrilməsinə imkan verəcək.
Bu gün Azərbaycanın indiyədək nümayiş etdirdiyi siyasi iradə və həyata keçirdiyi infrastruktur layihələri göstərir ki, ölkə bu prosesdə yalnız tranzit dövlət kimi deyil, həm də Avrasiyanın yeni nəqliyyat və logistika arxitekturasının formalaşmasında mühüm rol oynayan regional mərkəz kimi mövqeyini gücləndirməkdədir.
"Nəticə etibarilə Orta dəhlizin yüksələn əhəmiyyəti Avrasiyada baş verən geosiyasi transformasiyanın mühüm nəticələrindən biridir. Azərbaycan isə öz coğrafi üstünlüyünü infrastruktur investisiyaları, regional əməkdaşlıq mexanizmləri və strateji nəqliyyat siyasəti ilə tamamlayaraq bu transformasiyanın əsas aktorlarından birinə çevrilir. Orta dəhlizin potensialı genişləndikcə, Azərbaycanın Xəzər hövzəsi, Türküstan (Mərkəzi Asiya), Cənubi Qafqaz, Türkiyə və Avropa arasında strateji əlaqələndirici rolu daha da güclənəcək. İnsanlar əsrlərlə yollar çəkir, sonra həmin yolların kimə daha çox üstünlük qazandıracağını müzakirə edirlər. Geosiyasət bəzən asfaltın üzərində yazılan tarixdən başqa bir şey deyil", - deyə o fikrini sonlandırıb.