Yevlaxın yerləşdiyi coğrafiya ölkəmiz üçün strateji əhəmiyyətə malikdir. Ölkə iqtisadiyyatının şah damarları sayılan, qiymətli yeraltı sərvətimizi Avropa bazarına çıxaran boru kəmərləri, eyni zamanda beynəlxalq statuslu dəmir yol xətləri və avtomobil yolları məhz Yevlaxda kəsişir.
Təbii ki, bu, Yevlaxın sosial-iqtisadi çəkisini əhəmiyyətli dərəcədə artırır, bölgəyə davamlı və yetərli dövlət dəstəyinin olmasını zərurətə çevirir. Bu dəstək Yevlaxın sosial-iqtisadi inkişafına təkan verir, rayon əhalisinin güzəranını, həyat səviyyəsini aydan-aya, ildən-ilə yaxşılaşdırır.
Yevlax bir kənd təsərrüfatı rayonu olaraq da böyük iqtisadi potensiala, güclü əmək ehtiyatlarına malikdir. Son illər mövcud potensialdan maksimum səmərəli istifadə etmək üçün həyata keçirilən tədbirlər gözlənilən nəticələri verir. Torpaq resurslarından, su ehtiyatlarından, qabaqcıl təcrübədən, mütərəqqi texnologiyadan bacarıqla istifadə edilməsi hesabına rayonun təsərrüfatlarında məhsul istehsalı dinamik artır, torpaq istifadəçilərinin gəliri yüksəlir.
İndi Yevlax kəndlisinin qayğılı günləridir - təsərrüfat işlərinin qızğın çağıdır. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda qarşıya qoyulan vəzifələr, dövlət başçısının mayın 25-də keçirilən müşavirədə verdiyi tapşırıq və tövsiyələr rayon fermerlərinin konkret fəaliyyət proqramına çevrilib. Aqrar sektorun yeni inkişaf istiqamətlərini müəyyən edən dövlət proqramı kənd təsərrüfatında məhsuldarlığın, gəlirliliyin və rəqabət qabiliyyətinin artırılmasını, emal imkanlarının və ixrac potensialının genişləndirilməsini, mövcud torpaq və su ehtiyatlarından daha səmərəli istifadə etməklə yeni əmək nailiyyətləri qazanmağı, süfrəmizi maddi nemətlərlə daha bol təmin etməyi zamanın təxirəsalınmaz vəzifəsi kimi qarşıya qoyur. Bu aydın məqsəd uğrunda çalışan Yevlax kəndlisinin ilk addımları uğurludur. Rayonun taxılçıları cari ilin məhsul yığımı kampaniyasını uğurla başa çatdırıblar. Zəmilərin bol məhsulu bir sünbül belə itkiyə verilmədən tədarük olunub. Buğda sahələrinin orta məhsuldarlığı 38 sentner təşkil edib. Ayrı-ayrı fermerlər daha çox məhsuldarlığa nail olublar. Üçüncü dərəcəli "Əmək" ordenli fermerlər Telman Novruzov və Sahib Məmmədov, fermer Asif Mikayılov taxıl zəmilərinin hər hektarından orta hesabla 50-55 sentner taxıl biçiblər.
İndi rayonun pambıq tarlalarında becərmə işləri aparılır. Fermerlər bu il 2953 hektarda pambıq əkmişlər. Keçən il 11827 ton pambıq istehsal etmiş pambıqçılar hər hektardan 35,8 sentner məhsul toplamışlar. Bu mövsüm isə məqsəd məhsuldarlığı əhəmiyyətli dərəcədə artırmaqdır.
Yevlaxda pambıqçılıq, taxılçılıq və heyvandarlıqla yanaşı, intensiv bağçılığın inkişafına da böyük önəm verilir. Artıq bu sahədə etibarlı bünövrə qoyulmuşdur. Yevlax Pilot Aqroparkı çox gəncdir. 2025-ci il iyunun 23-də Prezident İlham Əliyev aqroparkın açılışında iştirak etmiş, burada mütərəqqi texnologiya əsasında yaradılmış yeni təsərrüfat sahəsində görülmüş işləri yüksək dəyərləndirmiş, intensiv bağçılığı daha da genişləndirmək, onun ixrac potensialını gücləndirmək üçün tapşırıq və tövsiyələrini vermişdir. Aqropark Aran qəsəbəsinin ərazisində yerləşir və bütövlükdə 2807,6 hektar sahəni əhatə edir. Təsərrüfatın qurulmasına ümumilikdə 58,3 milyon manatadək özəl investisiya qoyulmuşdur. 160 nəfərin daimi, 519 nəfərin mövsümi işdə çalışdığı aqroparkda artıq meyvə bağlarının xeyli hissəsi bara düşüb. Meyvə tutumları da qənaətbəxşdir. İlk olaraq keçən il bazara 400 ton şaftalı, 600 ton nektarin, 200 ton ərik, 5 ton alça, 5 ton gilas çıxarılmışdır.
Aqroparkın rəhbərliyi intensiv bağ sahələrini genişləndirməyə böyük maraq göstərir. 172 hektarda nar, 65 hektarda badam, 33 hektarda xurma, 28 hektarda zeytun, 4 hektarda yeni mavigilə bağları salınmışdır. Yayın bu isti günlərində ağaclar su sarıdan korluq çəkmir. Ərazidə inşa olunmuş tutumu 40 min kubmetr olan su anbarı ağacların suya olan tələbatını yüksək səviyyədə ödəyir, həm də mütərəqqi texnologiya olan damcı suvarma üsulu ilə.
"Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" hər bir regionun, hər bir rayonun spesifik xüsusiyyətləri nəzərə alınaraq həyata keçirilir. Son illər kənd təsərrüfatı məhsulları istehsalının dinamik artımında əhəmiyyətli irəliləyişə nail olan yevlaxlılar qarşıdakı 5 ildə nailiyyətlərini daha da artırmaq əzmindədirlər. Şəhər icra hakimiyyətinin başçısı Anar Tağıyev söhbət zamanı yeni proqramın ölkə, o cümlədən Yevlaxın iqtisadiyyatı üçün əhəmiyyətini vurğuladı. Bildirdi ki, qarşıdakı beş ilin vəzifələri aydın və şərəflidir: "Mövcud torpaq və su resurslarından, əmək ehtiyatlarından maksimum səmərəli istifadə etməklə, eyni zamanda qabaqcıl təcrübədən, mütərəqqi texnologiyalardan bacarıqla bəhrələnməklə yüksək nəticəni təmin etməliyik. Dövlət proqramında qarşıya qoyulan vəzifələrin mayasında qeyri-neft sektorunun dinamik inkişafını təmin etməklə ölkə iqtisadiyyatını daha da gücləndirmək, kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq, ixracını genişləndirmək və buna paralel olaraq xalqın həyat firavanlığına, xoş güzaranına nail olmaq istəyi dayanır. Qarşıdakı dövr ərzində görüləcək işlərimiz çoxdur. Hədəflərimiz də məlumdur. Torpaq xalqımızın əvəzolunmaz sərvətidir. Onun qorunması və ondan səmərəli istifadə olunması hər zaman diqqət mərkəzində olmalıdır. Suvarma suyundan daha səmərəli istifadə mexanizimini inkişaf etdirmək əzmindəyik. İntensiv meyvə bağlarının genişləndirilməsi, yeni istixana komplekslərinin yaradılması, taxıl və pambıq əkinlərində yüksək məhsuldarlığa nail olunması hədəflərimiz sırasındadır. Heyvandarlıq məhsulları istehsalının artırılması, emal sahəsinin inkişaf etdirilməsi, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi də fəaliyyət proqramımızın tərkibinə daxildir. Heç şübhəsiz, dövlətin dəstəyindən güc alan yevlaxlılar yeni dövlət proqramında qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün əllərindən gələni əsirgəməyəcəklər.
Lazım QULİYEV,
"Azərbaycan"