Bakıda “İslam dünyasını gələcəyə hazırlamaq: Strateji Gələcək Araşdırmaları Bələdçisinin təqdimatı və uyğunlaşdırılması” mövzusunda Qlobal Gələcək Araşdırmaları üzrə Əlaqələndirici Şəxslər Təşəbbüsü adlı tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Bakıda fəaliyyət göstərən Regional Ofisi və ICESCO-nun Gələcək Araşdırmaları və Süni İntellekt Mərkəzinin (CFAI) tərəfdaşlığı ilə keçirilən tədbirdə ICESCO-nun Strateji Gələcək Araşdırmaları Bələdçisinin hazırlanması üzrə iştirakçı prosesin rəsmən başlandığı elan edilib.
Bu institusional istinad sənədi üzv dövlətlərdə milli gələcək araşdırmaları potensialının gücləndirilməsinə, eləcə də qabaqlayıcı yanaşmaların dövlət siyasəti, strateji planlaşdırma, idarəetmə və qərar qəbuletmə proseslərinə inteqrasiyasına dəstək verməyi hədəfləyir.
İyulun 28-dək davam edəcək toplantı Bələdçinin normativ hissəsinin ICESCO-ya üzv dövlətlərin təcrübəsi, ekspert bilikləri və prioritetləri əsasında birgə və inklüziv şəkildə zənginləşdirilməsinə yönəlmiş əməkdaşlıq prosesini ehtiva edir.
Tədbirdə çıxış edən ICESCO-nun Bakı ofisinin rəhbəri Abdulhakeem Alsenan qeyd edib ki, gələcəyini quran xalqlar çağırışları reallığa çevrilməzdən əvvəl onları proqnozlaşdıra bilən xalqlardır. “Strateji uzaqgörənlik artıq seçim deyil, dövlət idarəçiliyi və qərarqəbuletmə proseslərinin ayrılmaz tərkib hissəsidir. Bakı müxtəlif ölkələrin təcrübələrinin qovuşduğu platforma kimi gələcəyə yönəlik təşəbbüslərin formalaşmasında mühüm rol oynayır. ICESCO gələcəyi proqnozlaşdırma mədəniyyətini gücləndirməklə üzv dövlətlərin dəyişən qlobal çağırışlara hazırlığını artırmağı hədəfləyir”,- deyə o əlavə edib.
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki videomüraciətində bildirib ki, bilik tərəqqinin əsas hərəkətverici qüvvəsidirsə, uzaqgörənlik həmin biliyi hazırlığa və məqsədyönlü fəaliyyətə çevirir. O, Strateji Gələcək Araşdırmaları Bələdçisinin üzv dövlətlər üçün ortaq gələcək hədəflərin formalaşdırılmasına xidmət etdiyini diqqətə çatdırıb. Baş direktor 2030-cu ilədək qlobal iqtisadiyyatda baş verəcək struktur dəyişikliklərinin milyonlarla yeni iş yeri yaradacağını vurğulayıb.
Yeni Cənub üçün Siyasət Mərkəzinin (Policy Center for the New South) baş elmi əməkdaşı Nuzha Şekruni deyib: “Sübutlara əsaslanan gələcək araşdırmaları üzv dövlətlərin əksəriyyətində hələ də idarəetmə sistemlərinə tam inteqrasiya olunmayıb. Təqdim olunan bələdçi metodoloji sənəd olmaqla yanaşı, siyasətçilər və dövlət institutları üçün praktik fəaliyyət vasitəsidir. Yaradılan əlaqələndiricilər şəbəkəsi ölkələr arasında təcrübə mübadiləsini genişləndirəcək, metodologiyanın real idarəetmə proseslərində tətbiqinə imkan verəcək. Uğurlu uzaqgörənlik yalnız metodologiyadan deyil, insan kapitalına və liderliyə yatırılan investisiyadan asılıdır”.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova qeyd edib ki, qlobal dəyişikliklər dövründə strateji uzaqgörənlik dayanıqlı inkişaf və güclü institutların formalaşdırılması üçün mühüm əhəmiyyət daşıyır. Təqdim olunan bələdçi bu istiqamətdə mühüm töhfədir. O, Türk Mədəniyyəti və İrsi Fondunun mədəni irsin qorunması, rəqəmsallaşdırılması, elmi tədqiqatlar və təhsil sahələrində həyata keçirdiyi layihələrdən bəhs edərək, ICESCO ilə əməkdaşlığın bilik mübadiləsi və potensialın gücləndirilməsi baxımından xüsusi önəm daşıdığını vurğulayıb.
ICESCO-nun Gələcək Araşdırmaları və Süni İntellekt Mərkəzinin (CFAI) direktoru Kays Hammami təşəbbüsün təqdimatı zamanı bildirib ki, layihənin əsas məqsədi İslam dünyasının zəngin intellektual və sivilizasiya irsini gələcəyi proqnozlaşdırmağa və dəyişikliklərə hazır olmağa xidmət edən institusional bacarığa çevirməkdir. O tədbirə ev sahibliyinə görə Azərbaycana minnətdarlığını ifadə edərək, yaradılan qlobal əlaqələndiricilər şəbəkəsinin üzv dövlətlər arasında əməkdaşlığın və strateji uzaqgörənlik mədəniyyətinin gücləndirilməsinə töhfə verəcəyini söyləyib.