Onlara küçə və bazarlarda addımbaşı rast gəlinmir. Cəmiyyətdən
bir qədər təcrid həyat tərzi keçirməyə məhkum olanlardan söhbət gedir. Söhbətləri
sözsüz və səssiz olur. Bunu anlamaq, duymaq və cavab vermək isə sizə asan gəlməsin.
Ümumdünya
Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər 10 nəfərdən biri əlildir. Azərbaycanda
isə onların sayı 400 mindən çoxdur. Fiziki cəhətdən qüsurlu insanların cəmiyyətə
inteqrasiyası da hələ ki, problemdir. Eşitməyən və danışmayan, lakin düşüncələrini
jestlə izah edənlərin yalnız xüsusi məktəbləri yox, ilk növbədə öz dünyaları var...
Hər il sentyabrın
son bazar günü dünyada Beynəlxalq Lal-Karlar Günü kimi qeyd olunur. 1951-ci ilin
sentyabr ayında Beynəlxalq Lal-Karlar Federasiyası yaradıldı və bu federasiyanın
yaradılması şərəfinə Beynəlxalq Lal-Karlar Günü təsis edildi.
Statistikaya
görə bu gün dünyada hər doqquz nəfərdən biri (təqribən 650 milyon nəfər) eşitmə
qabiliyyətindən məhrumdur. Onlar bu qabiliyyəti ya anadangəlmə itirir, ya da xəstəlik
nəticəsində məhrum olurlar.
Ancaq bunlarla
yanaşı, alimləri daha çox maraqlandıran isə jest dilidir. Beynəlxalq Lal-Karlar
Federasiyası jestlər sistemini 50-ci illərdə yaradıb. Burada məqsəd eşitmə və danışma
məhdudiyyətlilərinin beynəlxalq tədbirlərdə iştirakına xidmət etmək olub.
Eşitmə və
danışma qabiliyyətini itirmiş insanlar arasında çox tanınmış, görkəmli şəxslərə
də rast gəlinir. Məsələn, bunlardan Pyer De Ronsarı, Viktor Hüqonu, Lüdviq van Bethoveni,
Jan Jak Russonu, Klod Andre Deseni, Karel Çapeki, Antonio Stanolini və s. göstərmək
olar.
"Danışan” baxışlar
Azərbaycanda
belələri arasında rəssamlığa, idmana meyil edənlər də az deyil. Onlar beynəlxalq
yarışlarda da iştirak edirlər. Qızlar daha çox dərzi, qadınlar isə saç ustası olurlar.
Aralarında gözəllik salonlarında işləyənlər də az deyil. Lakin onlar ali təhsil
almırlar. Çünki heç bir ali məktəbdə bu sahədə peşəkar kadr - müəllim yoxdur.
Gülzadə Verdiyeva
ilə Gözəl Qurbanovanın əl işləri adamı heyran edir. Onlar muncuqlardan Azərbaycanın,
Türkiyənin bayraqlarını əks etdirən suvenirlər düzəldirlər. Hətta deyirlər ki, Amerikadan
gələn turistlər onların əl işləri ilə tanış olub, bir neçə fiqur alıblar. Üstəlik,
onlara Amerikanın bayrağını hazırlamaq da sifariş edilib.
Bakının Nizami
rayonunda lal və karlar üçün yataqxana var. Ondan bir az kənarda kar uşaqlar üçün
1 və 3 nömrəli respublika internat məktəbləri fəaliyyət göstərir. 3 nömrəlidə
400-ə qədər şagird təhsil alır. Məktəbin yataqxanasında 150-dək uşaq qalır, digərlərini
valideynləri axşam saat 6-dan sonra gəlib aparırlar. Burada uşaq evindən gətirilən
bir lal da olub. Lal övladının istəyi ilə
bir ailə həmin uşağı da öz övladı ilə birgə aparıb ki, onlar məktəbdə, müəllimlərindən
öyrəndikləri mimika vərdişini evdə məşq etsinlər.
Ölkəmizdə
belə uşaqların sayı təxminən 7 mindən çox olduğu iddia edilsə də, bu, dəqiq hesab
edilmir. Ona görə ki, bu rəqəm lal-kar uşaqların qeydiyyatdan keçənlərini əks etdirir. Eşitməsi zəif uşaqlar üçün əyani vəsaitlər kifayət
qədər deyil. Qüsurlu uşaqların deffektoloq, loqoredlər sarıdan da bəxtləri gətirməyib.
Əvvəllər bu ixtisaslı müəllimlər Moskva və Sankt-Peterburq şəhərlərində hazırlanırdı.
Azərbaycan Dövlət Pedaqoji Universitetində belə ixtisaslar üzrə kadrlar hazırlansa
da, sonradan onlar başqa peşəyə yiyələnirlər.
"Səssizliyin səsi ol!”
Daha bir problem
isə TV-lərin heç birinin fiziki cəhətdən qüsurlu insanların ehtiyacını nəzərə almamasıdır.
Respublikamızda fəaliyyət göstərən telekanallar surdo-tərcüməçilərə ehtiyac görmürlər.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin "İbtidai təhsilin pedaqogikası və psixologiyası”
fakültəsində surdotərcümə fənni tədris olunsa da, mütəxəssis yetişmir. Respublikada
surdotərcüməçi hazırlayan tədris müəssisəsi yoxdur.
Yeri gəlmişkən,
maraqlı bir məqam: "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai
Birliyinin "Park Bulvar” alış-veriş və istirahət mərkəzində keçirdiyi "Səssizliyin
səsi ol!” adlı tədbirində təşkilatın üzvləri və könüllülərdən ibarət komanda Azərbaycanın
Dövlət himnini işarət dilində ifa ediblər.
Böyük marağa
səbəb olan tədbirin keçirilməsində məqsəd ictimaiyyətin daha fəal təbəqəsi olan
gənclərin, eləcə də vətəndaş cəmiyyətinin xüsusi diqqət və qayğısını eşitmə və nitq
məhdudiyyətli insanlara cəlb etmək olub.
Adı çəkilən
təşkilatın sədri Cəmilə Abdulova deyir ki, fəaliyyəti dövründə "Eşitmə və Nitq Məhdudiyyətli
Şəxslərə Sosial Yardım” İB-nin bu tip aksiyaları
az olmayıb. Tədbirin keçirilməsində birlik
üzvlərinin və könüllülərin də xüsusi əməyi olub.
Könül Quliyeva
"Araxçın” MMC-nin layihə təlimçisi və surdotərcüməçisidir. 20 ilə yaxındır ki, Şüvəlan qəsəbəsindəki sağlamlıq
imkanları məhdud uşaqlar üçün fəaliyyət göstərən 2 nömrəli internat məktəbində çalışır.
İşarə dilini ata-anasından öyrənib: "Uşaq vaxtı atamla anam öz aralarında işarə
dili ilə danışanda marağım yarandı və mən də bunu öyrəndim. Bakı Dövlət Universitetini
bitirdikdən sonra tərəddüd etmədən 2 nömrəli internat məktəbinə gəldim. Digər tərəfdən,
bu sahə ilə bağlı kurslara getdim, bitirib sertifikatlar aldım. İxtisasım isə kimya-biologiyadır.
Bu fənni uşaqlara işarə dili ilə tədris edirəm. Bura uşaqlar bütün məktəblərdə olduğu
kimi, birinci sinifdən qəbul edilir və 11 il təhsillərini davam etdirirlər. Sadəcə
olaraq fərq ondadır ki, bizim məktəbdə dərslər işarə dilində keçirilir. Bundan başqa,
məktəbimizdə kurslar da var. Müəllimlərimiz
də bu kurslarda işarə dilini öyrənirlər”.
Bərbərlik, aşbazlıq, dərzilik onların əsas məşğuliyyətidir
Təhsilləri
orta məktəbi bitirdikdən sonra dayanır. Respublikamızda eşitmə və danışma məhdudiyyətli
insanlar üçün gecə məktəbləri də var. Məsələn, kimisi rəssamlığa meyilli olur və
məktəbdə oxuduğu müddətdə bu istedadını inkişaf etdirir. Həmçinin şagirdlər məktəbdə
başqa peşələrə də yiyələnirlər.
Maraqlıdır,
Bakıda eşitmə və danışma məhdudiyyətlilər üçün məktəblər var, bəs rayonlarda belə
uşaqlar necə təhsil alırlar? Könül Quliyeva bu sualın da cavabını verir: "Rayonlardan
bizim məktəbə gələn uşaqlar çoxdur. Məktəbimizin yataqxanası var axı. Buna baxmayaraq, uşaqlar
həftə sonu evlərinə gedirlər. Buna görə də hər ay şagirdlərin kartlarına yolpulu
yatırılır. Tədris ili bitənə yaxın, may ayında müəllimlərimiz rayonlara həm məktəbimizi
tanıtmağa, həm də uşaq yığmağa gedirlər. Məktəbimizdə hansı işlər görülür, uşaqlar
necə təhsil alır, bu barədə rayonlarda valideynlərə məlumat verilir.
Maraqlıdır,
əvvəllər telekanallarda işarə dili ilə xəbərlər verilirdi. Nədənsə son zamanlar
bu, unudulub. Biz daha çox istəyirik ki, kanallarımızın birində heç olmasa həftənin
bir günü sırf eşitmə və danışma məhdudiyyətli uşaqlar üçün onların iştirak edə biləcəyi
bir veriliş olsun. Biz surdotərcüməçilər varıq və bu işdə öz dəstəyimizi göstərə
bilərik. Belə olsaydı, cəmiyyət onları daha çox tanıyardı. Bu da nəticədə onların
cəmiyyətə adaptasiyasını daha da asanlaşdırardı. Çox yerdə eşitmə və danışma məhdudiyyətli
uşaqlar əllə danışanda onlara başqa cür münasibət göstərirlər. Unudurlar ki, bu
işarə onların dilidir, fikirlərini ifadə edirlər”.
Məhəmməd NƏRİMANOĞLU,
"Azərbaycan”