05 Sentyabr 2026 10:10
97
Mədəniyyət
A- A+
Türk dünyasının qüruru

Türk dünyasının qüruru


Elm tarixində elə şəxsiyyətlər var ki, kəşfləri ilə yeni istiqamətlərə yol açır, öz məktəblərini formalaşdırır və elmə baxışları ilə cəmiyyətin, dövlətin gələcək inkişafına və ictimai düşüncəyə əhəmiyyətli təsir göstərirlər. Nobel mükafatı laureatı, görkəmli biokimyaçı və molekulyar bioloq, türk dünyasının böyük oğlu, professor Aziz Sancar məhz belə alimlərdəndir.

1946-cı il sentyabrın 8-də Türkiyənin Mardin vilayətinin Savur rayonunda dünyaya gəlmiş Aziz Sancarın həyatı bir tərəfdən Anadolu və Mesopotamiyanın sadə mühitindən çıxmış bir gəncin dünya elminin ən nüfuzlu mərkəzlərinə yüksəlişinin, digər tərəfdən isə fundamental elmin insan sağlamlığı ilə bağlı ən mürəkkəb problemlərin həllində oynadığı mühüm rolun parlaq nümunəsidir. 

Aziz Sancarın həyat yolunda təhsil həlledici rol oynamışdır. Valideynlərinin elmə və maariflənməyə verdiyi dəyər sonralar gənc Azizin dünyagörüşünün mühüm tərkib hissəsinə çevrilmişdir. 1969-cu ildə İstanbul Universitetinin Tibb fakültəsini bitirən Sancar bir müddət doğma Savurda həkim kimi çalışmışdır. Lakin onu daha çox canlı orqanizmlərdə gedən bioloji proseslər  və onların tənzimlənmə mexanizmlərinin öyrənilməsi cəlb edirdi. Aziz Sancar elmi karyera qurmaq məqsədilə getdiyi ABŞ-də ilk illər dil və yeni akademik mühitə uyğunlaşmaqda çətinliklərlə üzləşərək, hətta bir müddət Türkiyəyə qayıtmaq məcburiyyətində qalmışdır. Sonradan yenidən ABŞ-yə dönərək Dallasdakı Texas Universitetində Nobel mükafatçısı Klaud S.Rupertin rəhbərlik etdiyi laboratoriyada tədqiqatlara başlamışdır.

Onun əsas tədqiqat istiqamətlərindən biri DNT-dəki zədələnmələrin bərpasının molekulyar mexanizmlərinin öyrənilməsi olmuşdur. 1970-ci illərdə fotoliaza fermentini kodlaşdıran genin klonlaşdırılması üzrə əldə etdiyi nəticələr bu sahədə diqqətçəkən uğurlar sırasına daxil olmuşdur. Daha sonra Yale Universitetində fəaliyyətini davam etdirən Sancar, 1982-ci ildən etibarən Şimali Karolina Universitetində çalışaraq dünya miqyasında tanınan elmi məktəb formalaşdırmışdır.


Sancarı Nobelə aparan böyük kəşf


Aziz Sancarın Nobel mükafatına aparan əsas elmi nailiyyətləri ultrabənövşəyi şüaların DNT-də yaratdığı zədələrin necə aradan qaldırılmasının öyrənilməsi ilə bağlı olmuşdur. Ultrabənövşəyi şüalanma nəticəsində DNT-də qonşu pirimidin əsasları, xüsusilə timinlər arasında siklobutan pirimidin dimerləri əmələ gəlmişdir. Belə zədələr genetik informasiyanın normal surətdə oxunmasına və köçürülməsinə mane olur.

Sancar əvvəlcə Escherichia coli bakteriyasında bu tip zədələri aradan qaldıran fotoliaza fermentinin fəaliyyət mexanizmini araşdırmış, daha sonra isə diqqətini nukleotid eksiziyasının bərpasına yönəltmişdir. 

1982-ci ildə apardığı tədqiqatların nəticələri DNT-nin bərpa mexanizmlərinin molekulyar əsaslarının anlaşılmasında mühüm mərhələ olmuşdur. Sonrakı illərdə onun rəhbərlik etdiyi laboratoriyada insan hüceyrələrində nukleotid eksiziyasının bərpa sistemi araşdırılmışdır. Uzunmüddətli tədqiqatlar nəticəsində insan hüceyrələrində zədələnmiş DNT-dən kənarlaşdırılan fraqment müəyyən edilmiş, onun təxminən 24-32 nukleotiddən, orta hesabla isə 27 nukleotiddən ibarət olduğu göstərilmişdir. Bu nəticə insanlarda DNT-nin reparasiyasının molekulyar mexanizmlərinin daha dərindən başa düşülməsinə imkan vermişdir. 

Sancarın əldə etdiyi nəticələr təkcə fundamental biologiya üçün deyil, tibb baxımından da böyük əhəmiyyət daşımışdır. Professorun araşdırmaları DNT-nin reparasiyası prosesləri, mutasiyaların yaranması və xərçəngin inkişafı arasındakı əlaqələrin aydınlaşdırılmasına mühüm töhfələr vermişdir. 

Aziz Sancarın elmi fəaliyyətində diqqətçəkən istiqamətlərdən biri də DNT-nin reparasiyası proseslərinin insan genomu boyunca xəritələndirilməsi olmuşdur. O, bu nəticələri metaforik şəkildə "mənim Piri Reis xəritəm" adlandırmışdır. Bu bənzətmə təsadüfi deyildi. Belə ki, XVI əsrdə Piri Reis dünyanın xəritəsini tərtib etmişdi, Sancar da genomun müxtəlif bölgələrində bərpa proseslərinin necə paylandığını müəyyənləşdirməyə çalışmışdır. 

Aziz Sancarın laboratoriyası sonrakı illərdə XR-seq metodunun inkişafına mühüm töhfə vermişdir. Bu yanaşma genomun hansı hissələrində zədələrin daha sürətlə, hansı sahələrində isə daha zəif aradan qaldırıldığını yüksək dəqiqliklə müəyyən etməyə imkan yaratmışdır. 

Aziz Sancarın elmi fəaliyyətinin digər mühüm istiqaməti ilk baxışda DNT-nin reparasiyası ilə əlaqəsiz görünən sirkad ritmlər və bioloji saat sistemi olmuşdur. Lakin alimin tədqiqatlarının daxili məntiqi burada da özünü göstərmişdir. Çünki hüceyrələrin DNT zədələnmələrinə reaksiyası və bərpa proseslərinin intensivliyi bioloji ritmlərlə sıx əlaqəlidir. Aziz Sancarın 1990-cı illərin sonlarından etibarən apardığı tədqiqatlar DNT reparasiyası, hüceyrə biologiyası və zaman biologiyası arasında yeni əlaqələr ortaya qoymuşdur. Bu araşdırmalar xronoterapiya adlanan yanaşmaya da elmi əsas yaratmışdır. 

Bu yanaşma xərçəng müalicəsində yalnız "hansı dərman istifadə edilməlidir?" sualını deyil, həm də "dərman nə vaxt tətbiq edilməlidir?" sualını ön plana çıxarmışdır. Sancar sirkad ritmlərlə DNT-nin reparasiyası arasındakı əlaqənin onkologiya üçün əhəmiyyətini hələ Nobel mükafatından əvvəl vurğulamış və bu istiqamətin böyük perspektiv vəd etdiyini bildirmişdir.


Nobel mükafatı: zirvə deyil, yeni mərhələnin başlanğıcıdır


7 oktyabr 2015-ci ildə İsveç Kral Elmlər Akademiyası Kimya üzrə Nobel mükafatının Tomas Lindahl, Paul Modrich və Aziz Sancara verildiyini elan etdi. Mükafat alimlərə "DNT-nin reparasiya mexanizmlərinin tədqiqinə görə" təqdim olunmuşdu. Bu qərar DNT-də yaranan zədələrin hüceyrə tərəfindən necə aşkarlandığını və aradan qaldırıldığını anlamaq istiqamətində aparılan fundamental tədqiqatların əhəmiyyətini bir daha göstərmişdir.

Aziz Sancar üçün Nobel mükafatının xüsusi mənəvi və milli əhəmiyyəti də vardı. Sancar bu mükafatı alan ilk Türkiyə doğumlu alim kimi tarixə düşmüşdür. Elm sahəsində Türkiyənin adını Nobel tarixinin səhifələrinə ilk dəfə o yazdırmışdır. Bundan on il əvvəl - 2005-ci ildə gələcək Nobelçinin ilk türk-amerikalı alim kimi ABŞ Milli Elmlər Akademiyasına üzv seçilməsi də mühüm hadisə idi. 

Aziz Sancarın elmi nailiyyətləri arasında həmçinin ABŞ Milli Elm Fondunun Young Investigator Award mükafatı, Amerika Fotobiologiya Cəmiyyətinin mükafatı, TÜBİTAK mükafatı, Amerika İncəsənət və Elmlər Akademiyasına üzvlük, TÜBA üzvlüyü, Vehbi Koç Mükafatı və s. xüsusi yer tutur.

Aziz Sancarın elmi fəaliyyətindəki davamlılıq 80 illik yubileyi dövründə də aydın görünür. 2026-cı ildə professorun həmmüəllifi olduğu elmi məqalələr onun yuxarıda qeyd edilən tədqiqatları uğurla davam etdirdiyini göstərir. Maraqlıdır ki, bu tədqiqatların mühüm bir istiqaməti DNT-nin bərpası mexanizmləri haqqında fundamental biliklərin xərçəng müalicəsinə tətbiqi ilə bağlıdır. 

Sancarın böyüklüyünü təsdiq edən ən mühüm faktlardan biri də özündən sonra davam edəcək elmi məktəb formalaşdırmasıdır. Şimali Karolina Universitetində onun laboratoriyası onilliklər ərzində DNT-nin reparasiyası, genom sabitliyi, sirkad və xərçəng biologiyası istiqamətlərində tədqiqat aparan çoxsaylı alimlərin yetişdiyi elmi mərkəzə çevrilmişdir.

Aziz Sancar Azərbaycan üçün konkret kadr hazırlığında da iştirak etmişdir. Genetik Ehtiyatlar İnstitutunun doktorantı olmuş Xaqani Eynullazadəyə (hazırda Şimali Karolina Universitetində çalışır) elmi rəhbərlik edərək onun ABŞ-də təhsil almasına və müdafiəsinə kömək göstərmişdir.  


Türk dünyası ideyası və Sancarın yeni missiyası


Sancarın ictimai dünyagörüşündə Mustafa Kamal Atatürk və Türkiyə cümhuriyyətinin elm və təhsil siyasəti xüsusi yer tutur. Nobel mükafatından sonra ən çox müzakirə olunan addımlarından biri Nobel medalını Anıtkabirə təqdim etməsi olmuşdur. Sancar bunu Atatürk və cümhuriyyət qarşısında minnətdarlığının ifadəsi kimi izah etmişdi. 

Aziz Sancarın Nobel laureatı kimi fəaliyyətinin mühüm istiqamətlərindən biri də türk dünyasında elm və təhsilin inkişafına verdiyi diqqətdir. Onun bu sahədə fəaliyyəti son illərdə daha sistemli xarakter almışdır. Sancar türk dünyasının müxtəlif ölkələrində elm və təhsil müəssisələrində çıxışlar edir, gənc alimlərlə görüşür, elm siyasəti və elmi inkişafın prioritetləri haqqında fikirlərini bölüşür.

2024-cü ildə Bakıda AMEA-nın Ümumi yığıncağının Xüsusi iclasında onun "Türk dünyası və elm siyasəti: reallıqlar və çağırışlar" mövzusunda məruzə ilə çıxış etməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. "Xəyalım türk dünyasının birliyini görməkdir" fikri böyük alimin bu istiqamətdəki baxışlarının mahiyyətini ifadə edir.  


Azərbaycanla bağlanan elmi və mənəvi körpü


Aziz Sancarın Azərbaycanla əlaqələri son illərdə yalnız elmi müstəvidə deyil, insani münasibətlər baxımından da diqqət çəkir. Nobel mükafatçısı müxtəlif illərdə Azərbaycanda olmuş, ali təhsil və elmi müəssisələrdə çıxışlar etmiş, gənc tədqiqatçılarla görüşərək öz elmi təcrübəsini bölüşmüşdür. Bu görüşlərdə onun diqqət yetirdiyi əsas məsələlərdən biri gənclərin elmə marağının artırılması və təhsilin insan həyatındakı həlledici rolu olmuşdur.

2021-ci ilin dekabrında Azərbaycana səfəri zamanı Aziz Sancarın Prezident İlham Əliyevlə görüşü onun Azərbaycanla əlaqələrinin mühüm məqamlarından birinə çevrilmişdir. Prezident İlham Əliyev dünyaşöhrətli alimi qəbul edərək, Sancarın Vətən müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyinə verdiyi açıq dəstəyi və Qələbə münasibətilə Azərbaycan xalqına çatdırdığı təbrikləri yüksək qiymətləndirmişdir. Görüşdə cənab Prezident həmçinin Gəncənin raket atəşinə tutulması nəticəsində valideynlərini itirmiş uşağa Sancarın göstərdiyi yardımı böyük insanpərvərlik nümunəsi kimi dəyərləndirmişdir. İlham Əliyev Aziz Sancarı türk dünyasının böyük şəxsiyyətlərindən biri kimi səciyyələndirərək Azərbaycan xalqının ona görkəmli alim və vətənpərvər ziyalı kimi yüksək hörmət bəslədiyini vurğulamışdır.

2023-cü il noyabrın 29-da isə AMEA-nın Ümumi yığıncağında professor Aziz Sancar akademiyanın fəxri üzvü seçilmiş, 2024-cü il iyunun 3-də Bakıda AMEA-nın Rəyasət Heyətinin binasında keçirilmiş xüsusi tədbirdə ona fəxri üzvlük diplomu və medalı təqdim edilmişdir. Tədbirdə Aziz Sancarın səsləndirdiyi fikirlər isə bu münasibətlərin yalnız elmi əməkdaşlıq çərçivəsində qalmadığını göstərmişdir. Azərbaycanda ona həmişə böyük hörmət və ehtiram göstərildiyini bildirən alim burada olmaqdan Türkiyəyə gəlmək qədər sevinc duyduğunu söyləmiş və "Azərbaycan mənim üçün Türkiyə qədər önəmlidir" fikrini ifadə etmişdir.

2024-cü il səfəri Aziz Sancar üçün Azərbaycan elminin canlı mənzərəsi ilə yaxından tanış olmaq baxımından da xüsusi əhəmiyyət daşımışdır. Nobel laureatı AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutuna (hazırda "Molekulyar Biologiya İnstitutu" PHŞ) baş çəkərək burada aparılan işlərlə yerindəcə tanış olmuşdur. Professora Genomun quruluşu və ekspressiyası, Hüceyrənin membran sistemləri, Bioadaptasiya və Populyasiya genomikası laboratoriyalarında aparılan araşdırmalar təqdim edilmişdir. 

Nobel laureatının xüsusilə gənc tədqiqatçılara ünvanladığı fikirlər diqqət çəkmişdir. O, institutun gənc alimlərinin gələcəkdə mühüm nəticələr əldə edəcəklərinə, onların həm Azərbaycana, həm də daha geniş mənada türk dünyasına və bütövlükdə insanlığa töhfə verə biləcəyinə inamını ifadə etmişdir. Böyük alim görüşün sonunda instituta "Aziz Sancar: hayatı ve bilimi" adlı kitab hədiyyə etmişdir.

Həmin gün Bakıda iki fərqli coğrafiyada formalaşmış, lakin eyni fundamental suala (canlı aləmin molekulyar əsaslarını necə anlamaq olar?) cavab axtaran elmi ənənələr qarşılaşırdı: bir tərəfdə DNT-nin reparasiyası və hüceyrənin daxili mexanizmləri üzrə dünyaşöhrətli Sancar məktəbi, digər tərəfdə isə Azərbaycanda akademik Cəlal Əliyevin formalaşdırdığı molekulyar biologiya məktəbi. 

Bu qarşılaşmanın başqa bir mənəvi tərəfi də vardır. Professor Aziz Sancarın və akademik Cəlal Əliyevin elmi yolları müxtəlif istiqamətlərdə inkişaf etsə də, onları birləşdirən mühüm ortaq xətt mövcuddur: fundamental biologiyaya dərin maraq, genetika və molekulyar biologiyanın imkanlarına inam və elmi məktəbin davamlılığını təmin edəcək yeni nəsil tədqiqatçıların yetişdirilməsinə verilən xüsusi dəyər. Bu baxımdan, institutdakı görüşlər iki elmi irs və iki nəsil arasında qurulan intellektual körpü kimi də yadda qalmışdır.

Professor Aziz Sancarın Azərbaycan elmi ilə əlaqələrinin daha bir mühüm göstəricisi onun ETN Molekulyar Biologiya İnstitutu tərəfindən nəşr olunan və bu yaxınlarda Scopus beynəlxalq indeksləmə bazasına qəbul olunmuş "Transactions of the Institute of Molecular Biology & Biotechnologies" (TIMBB) jurnalının Redaksiya heyətinin fəxri üzvü olmasıdır. Bu fakt TIMBB-nin beynəlxalq elmi əlaqələrinin genişlənməsi və nüfuzunun artması baxımından diqqətəlayiqdir.


Elm insanlığa xidmət etməlidir


Aziz Sancarın elmi dünyagörüşünü ən yaxşı ifadə edən fikir onun 2024-cü ildə AMEA-da səsləndirdiyi tezisdir: "Elm insanlığa, bəşəriyyətə xidmət etməlidir". Alimin DNT-nin bərpası üzrə fundamental araşdırmaları bunun canlı nümunəsidir. 

Lakin Sancarın missiyası laboratoriya ilə bitmir. O, elmi biliklə yanaşı, elm mədəniyyətinin də yayılmasını vacib sayır. Türk dünyasında elmi əlaqələrin gücləndirilməsi, gənc tədqiqatçıların dəstəklənməsi və ortaq elmi potensialın daha səmərəli istifadə olunması barədə çağırışları onun bu düşüncəsinin davamıdır. 

Savurda sadə bir ailədə başlayan yolçuluq dünyanın ən yüksək elmi mükafatlarından birinə qədər uzanmışdır. Bu həyat hekayəsi göstərir ki, insanın yola haradan başladığı onun haraya gedəcəyini müəyyən etmir. Həlledici olan bilik axtarışına sədaqət, elmi cəsarət və öyrənməkdən heç vaxt vaz keçməməkdir.

Aziz Sancarın 80 illik ömür yolu məhz bu həqiqətin canlı nümunəsidir. 


İradə HÜSEYNOVA,

AMEA-nın vitse-prezidenti,

akademik 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşanın daşları da bizə əmanətdir

10:30
05 Sentyabr

Şərqin Orta əsr filosofunun izi ilə

10:20
05 Sentyabr

Türk dünyasının qüruru

10:10
05 Sentyabr

Kiçik biznesin böyük rolu

10:00
05 Sentyabr

Azərbaycan "yeraltı müharibə"ni də təkbaşına aparır 

09:50
05 Sentyabr

Murat Kurum: "Bakıdakı COP29-da 2035-ci ilədək iqlim maliyyələşməsinin 300 milyard dollara çatdırılması müəyyənləşdirilib"

09:40
05 Sentyabr

Avropa İttifaqından BMT-yə dəstək: Çoxtərəfli əməkdaşlıq yenilənməlidir

09:30
05 Sentyabr

Revanşizmə xidmət edən hər bir təxribat iflasa məhkumdur

09:20
05 Sentyabr

Azərbaycan-ATƏT əməkdaşlığında yeni səhifə açılır

09:10
05 Sentyabr

"Tibb işçilərinin sosial təminatının gücləndirilməsini məmnunluqla qarşılayırıq"

09:00
05 Sentyabr

"Orta dəhliz yeni geoiqtisadi arxitekturanı təcəssüm etdirir"

08:50
05 Sentyabr

"Seneqal Azərbaycanın əmək və dövlət xidmətləri sahəsində təcrübəsini öyrənməkdə maraqlıdır"

08:40
05 Sentyabr

Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib

08:30
05 Sentyabr

Milli Məclisin Sədri Sahibə Qafarova Cenevrə Universitetində çıxış edib

08:20
05 Sentyabr

Azərbaycan-İsveç münasibətlərinin inkişafı və regional təhlükəsizlik məsələləri müzakirə olunub

08:10
05 Sentyabr

Azərbaycan-İtaliya münasibətləri etimad və strateji tərəfdaşlıq üzərində qurulub 

08:00
05 Sentyabr

V.İ.Sadıqovun Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında 

00:18
05 Sentyabr

A.K.Əcəmovun Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

00:17
05 Sentyabr

Bakı Metropoliteninin yeni stansiyasının “20 Sentyabr” adlandırılması haqqında

00:17
05 Sentyabr

Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü qeyd olunub 

22:43
04 Sentyabr

Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib  

20:26
04 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!