22 Oktyabr 2026 09:30
177
Mədəniyyət
A- A+
Onun tədqiqatları hərb və kosmosdan tutmuş neft-qaz kimya sənayesi sahəsinədək əhatə edir

Onun tədqiqatları hərb və kosmosdan tutmuş neft-qaz kimya sənayesi sahəsinədək əhatə edir


Elm fədakarlıq, zəhmət və daim axtarışda olmaq tələb edən müqəddəs bir yoldur. Bu yolda qazanılan uğurları Vətənin tərəqqisinə, xalqın rifahına və elmi potensialın güclənməsinə yönəldən ziyalılar cəmiyyətin mənəvi sərvətidir.

Texnika elmləri doktoru, professor, Əməkdar elm xadimi Rafiq Hüseynov ömrünü elmi-texniki araşdırmalara, yeni nəsil mütəxəssislərin yetişdirilməsinə və ölkəmizin sənaye potensialının inkişafına həsr edən ziyalılardandır. Dərin elmi biliyi, iti məntiqi, yüksək intellekti və nəcib insani keyfiyyətləri ilə seçilən alim çoxillik fəaliyyəti ilə həm elmi ictimaiyyətin hörmətini qazanıb, həm də Azərbaycan elminin inkişafına dəyərli töhfələr verib.

O, 1946-cı il oktyabrın 22-də Şəkidə dünyaya göz açıb. Atası Qurban Hüseynov dövrünün tanınmış ziyalılarından olub. Rafiq Hüseynov ilk təhsilini Şəkidə alıb, orta məktəbi isə Bakıda başa vurub. 1963-cü ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) daxil olub. Burada mühəndis-metallurq ixtisası üzrə təhsil alıb və institutun qabaqcıl tələbələrindən biri kimi tanınıb.

Onun çalışqanlığı yalnız dərslərindəki uğurlarla məhdudlaşmayıb. Rafiq Hüseynov ictimai fəallığı, təşəbbüskarlığı və irəli sürdüyü maraqlı təkliflərlə də yaşıdlarından seçilib. Respublika miqyaslı müşavirə, toplantı və yığıncaqlarda çıxışları ilə diqqət çəkib, özünü perspektivli mütəxəssis və fəal gənc kimi göstərib.

1968-ci ildə gənc mütəxəssis kimi təyinatla Rusiya Federasiyasının Novokuznetsk şəhərində yerləşən Metallurgiya zavoduna göndərilib. Mühəndis-metallurq kimi əmək fəaliyyətinə burada başlayıb. Bir müddət sonra Azərbaycana qayıdaraq Bakı Əlvan Metalların Emalı Zavodunda işləyib. Baş usta-texnoloq və sex rəisi olub. Elmi fəaliyyətə böyük həvəs göstərən Rafiq Hüseynov 1969-cu ildə Azərbaycan Politexnik İnstitutunun "Metallar texnologiyası və metalşünaslıq" kafedrasında çalışmağa başlayıb. 

1971-1974-cü illərdə Moskva Kimya Maşınqayırma İnstitutunun aspiranturasında əyani təhsil alıb və namizədlik dissertasiyasını müdafiə edib. Vətənə qayıtdıqdan sonra doğma institutunda elmi-pedaqoji fəaliyyətini davam etdirib. 1974-1981-ci illərdə Azərbaycan Politexnik İnstitutunda baş müəllim, dosent və dekan müavini vəzifələrində çalışıb.

Onun elmi yaradıcılığının əsas istiqamətlərindən biri hərbi, kosmik və neft-qaz-kimya sənayesində istifadə olunan xüsusi təyinatlı materialların işlənib hazırlanması olub. Alim hərbi və kosmik sənayedə geniş tətbiq edilən zireh poladlarının, xüsusi təyinatlı ovuntu-kompozisiya materiallarının yaradılmasında iştirak edib. Xəzər dənizində quraşdırılmış və quraşdırılması nəzərdə tutulan stasionar platformaların, iri diametrli neft-qaz borularının hazır-lanmasında istifadə olunan poladların işlənib hazırlanmasına da mühüm töhfələr verib.

1981-1982-ci illərdə o, T.Şevçenko adına Kiyev Dövlət Universitetində fransız dili kursunda təhsil alıb. Həmin kursu, eləcə də Fransa Respublikasında fransız dilinin təkmilləşdirilməsi proqramını əla qiymətlərlə başa vurub. Bu biliklər onun beynəlxalq elmi əlaqələrinin genişlənməsinə və xarici ölkələrdəki fəaliyyətinə əlverişli imkan yaradıb.

1985-1988-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasına ezam olunan alim Bumerdes şəhərində fəaliyyət göstərən Yüngül Sənaye İnstitutunun "Metallar texnologiyası və maşınqayırma" kafedrasına rəhbərlik edib. 

1992-ci ildə Moskva Avtomobil Yolları İnstitutunda doktorluq dissertasiyasını müdafiə edən Rafiq Hüseynov texnika elmləri doktoru elmi dərəcəsini alıb və professor elmi adına layiq görülüb. Onun namizədlik və doktorluq dissertasiyaları hərbi və kosmik sənayedə istifadə olunan xüsusi təyinatlı zireh poladlarının və xüsusi tərkibli ərintilərin yaradılması, onların istehsal texnologiyalarının təkmilləşdirilməsi və sənayedə tətbiqi məsələlərinə həsr olunub.

Alimin elmi axtarışları yalnız nəzəri tədqiqatlarla məhdudlaşmayıb. O, əldə etdiyi nəticələrin istehsalatda tətbiqinə, xüsusi sənaye sahələrinin ehtiyaclarına uyğun texnoloji proseslərin həllərinin hazırlanmasına xüsusi əhəmiyyət verib.

Moskvada elmi fəaliyyət göstərdiyi illərdə Rafiq Hüseynov kosmosun tədqiqi sahəsində mühüm xidmətləri olan tanınmış azərbaycanlı alim Kərim Kərimov və akademik Tofiq İsmayılovla geniş elmi yaradıcılıq əlaqələri qurub. Bu əməkdaşlıq onun elmi dünyagörüşünün zənginləşməsinə və tədqiqatlarının əhatə dairəsinin genişlənməsinə imkan yaradıb.

1996-cı ilin yanvarından 2015-ci ilədək Azərbaycan Texniki Universitetində "Konstruksiya və kompozisiya materiallarının texnologiyası" kafedrasına rəhbərlik edən professor Rafiq Hüseynov hazırda həmin ali təhsil müəssisəsinin "Metallurgiya və materiallar texnologiyası" kafedrasında və Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyində fəaliyyətini davam etdirir.

Rafiq Hüseynov eyni zamanda Müdafiə Nazirliyində və Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən fəlsəfə və elmlər doktorlarının dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşmış elmi şuraların üzvüdür. 2007-2016-cı illərdə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "Elm, innovasiya və informasiya texnologiyaları" şöbəsinin müdiri vəzifəsində çalışan alim elmi tədqiqatların, innovativ yanaşmaların və müasir texnologiyaların müdafiə sənayesində tətbiqinə xüsusi diqqət yetirir.

Professorun elmi-tədqiqat sahəsindəki məhsuldar fəaliyyəti müxtəlif fəxri adlar və mükafatlarla qiymətləndirilib. O, "SSRİ ixtiraçısı" fəxri adına layiq görülüb, iki dəfə Ümumittifaq Komsomolunun "Əmək rəşadəti" medalı ilə təltif olunub. Kosmik və hərbi sənayedə geniş tətbiq edilən zireh poladlarının və kompozisiya materiallarının yaradılmasına verdiyi töhfələrə görə SSRİ Elmlər Akademiyasının xüsusi medalını alıb. 2015-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə respublikanın müdafiə sənayesinin inkişafındakı xüsusi xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

Professor Rafiq Hüseynovun elmi yaradıcılığının miqyası onun müəllifi olduğu əsərlərdə və ixtiralarda aydın görünür. O, hərbi, kosmik, neft-qaz və digər xüsusi sənaye sahələrində tətbiq edilən, əsasən keçmiş SSRİ və Rusiya Federasiyasında qeydə alınmış 20-yə yaxın patentin və 14 elmi ixtiranın müəllifidir. Alimin 180-dən çox elmi məqaləsi, 11 dərsliyi, o cümlədən fransız dilində nəşr edilmiş 3 dərsliyi, çoxsaylı dərs vəsaitləri və tədris proqramları vardır.

Elmi məqalələrinin ABŞ, Fransa, Əlcəzair, Türkiyə, Rusiya, Ukrayna, İran, Avstriya və digər ölkələrin nəşrlərində dərc olunması Rafiq Hüseynovun tədqiqatlarının beynəlxalq elmi mühitdə maraq doğurduğunu və materialşünaslıq sahəsində tanınmasına şərait yaratdığını göstərir.

2015-ci ilin oktyabrında Moskvada keçirilən, kosmosdan sülh məqsədləri üçün istifadəyə həsr olunmuş beynəlxalq konfransda alimin bu sahədəki fəaliyyəti geniş müzakirə edilib. O, xüsusi mükafata və kosmosda olmuş qızıl qol saatına layiq görülüb.

2007-2016-cı illərdə Rafiq Hüseynov kosmosdan sülh məqsədləri üçün istifadə üzrə beynəlxalq təşkilatda və "Azərkosmos" ASC-nin işçi qrupunda Azərbaycan nümayəndəsi olub. Həmin beynəlxalq təşkilata üzv dövlətlərin elmi qurumlarının rəhbərləri və kosmik tədqiqatlar sahəsində çalışan tanınmış alimlər onun fəaliyyətini yüksək qiymətləndiriblər. 

Professor fəaliyyəti dövründə çoxsaylı mühəndis, bakalavr və magistr tələbələrinin diplom və buraxılış işlərinə rəhbərlik edib, 8 aspirantın elmi rəhbəri, bir neçə elmlər doktoru dissertasiyasının elmi məsləhətçisi olub. Hazırda da müdafiə sənayesi sahəsində elmi tədqiqatlar aparan doktorantların yetişməsinə öz töhfəsini verir.

Alimin pedaqoji fəaliyyətinin ən mühüm nəticələrindən biri də onun yetişdirdiyi mütəxəssislərin və tədqiqatçıların elmin, təhsilin və istehsalatın müxtəlif sahələrində fəaliyyət göstərməsidir.

Professor Rafiq Hüseynov yalnız elmi nailiyyətləri ilə deyil, həm də vətəndaş mövqeyi və doğma yurda bağlılığı ilə tanınır. O, "Şəki Ziyalılar və Xeyriyyə Cəmiyyəti"nin sədri kimi həmyerlilərinin sosial-iqtisadi problemlərinin həllinə dəstək göstərir, Şəkinin ictimai və mədəni həyatında fəal iştirak edir. 

Vətənpərvərlik professor Rafiq Hüseynovun həyat və fəaliyyətinin əsas amalıdır. Azərbaycan torpaqlarının uzun illər işğal altında qalması, yüz minlərlə insanın doğma yurdlarından didərgin düşməsi və Qarabağ münaqişəsinin doğurduğu ağır nəticələr onu vətənpərvər ziyalı kimi daim düşündürürdü. Belə bir şəraitdə milli müdafiə sənayesinin inkişafı, müasir texnologiyaların yaradılması və ölkənin elmi-texniki potensialının gücləndirilməsi xüsusi əhəmiyyət daşıyırdı. Rafiq Hüseynovun hərbi və xüsusi təyinatlı materialların hazırlanması sahəsində apardığı tədqiqatlar bu baxımdan mühüm aktuallıq kəsb edir.

44 günlük Vətən müharibəsi Azərbaycanın müdafiə qabiliyyətinin, elmi-texniki potensialının və milli sənaye imkanlarının əhəmiyyətini bir daha nümayiş etdirdi. Rafiq Hüseynovun uzun illər ərzində xüsusi təyinatlı materiallar sahəsində apardığı tədqiqatlar da bu geniş elmi-texniki istiqamətin mühüm tərkib hissəsi kimi dəyərləndirilə bilər.

Alimin doktorluq dissertasiyasının elmi əhəmiyyəti barədə fikirlər də onun elmi nüfuzunu təsdiqləyir. Akademik A.P.Qulyayev Rafiq Hüseynovla 30 illik birgə fəaliyyətini təhlil edərək onu hərbi və xüsusi maşınqayırma sənayesi sahələrində perspektivli, geniş profilli milli kadr kimi səciyyələndirib.

Texnika elmləri doktoru, professor, Rusiya Federasiyasının Əməkdar elm xadimi, SSRİ Dövlət mükafatı laureatı M.Y.Laxtin isə Rafiq Hüseynovun yalnız Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqazda görkəmli materialşünas alim olduğunu vurğulayıb. Hərbi sənaye sahəsində tanınmış professor Y.A.Başnin və digər mütəxəssislər də onun elmi fəaliyyətinə yüksək qiymət veriblər.

Rafiq Hüseynovun materialşünaslıq sahəsində fərqlənən tədqiqat istiqamətlərindən biri zireh poladlarının tərkibini və xassələrini təkmilləşdirməsidir. O, keçmiş SSRİ-də zireh poladlarının işlənib hazırlanmasında yeni yanaşmaların tətbiqinə töhfə verib, bahalı və çətin tapılan legirləyici elementlərin daha ucuz, asan tapılan mikrolegirləyici elementlərlə əvəzlənməsi istiqamətində geniş araşdırmalar aparıb. Bu yanaşma materialların kompleks xassələrinin yaxşılaşdırılması və istehsalın səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Uzun illər Rusiyada, Əlcəzairdə çalışan professor Rafiq Hüseynov harada olmasından asılı olmayaraq, biliyini, bacarığını və zəhmətini Azərbaycan elminin inkişafına həsr edib. O, beynəlxalq elmi mühitdə ölkəmizi layiqincə təmsil və qazandığı təcrübəni doğma Vətəndə tətbiq edir.


Adil QƏRİBOV,

AMEA prezidentinin müşaviri, akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölüm hökmündən xilas olsa da, ölümün pəncəsindən qurtula bilmədi

10:25
22 Oktyabr

Sürgündən Vətənə sanki ölmək üçün dönmüşdü 

10:20
22 Oktyabr

Qırmızı terrorun hədəfi - Azərbaycanın hərbi elitası

10:15
22 Oktyabr

Qədim Şabranın yeni turizm marşrutları

10:10
22 Oktyabr

Dövlətə sədaqətin ifadəsi

10:05
22 Oktyabr

Bəşəriyyətin qənimi - müharibələr

10:00
22 Oktyabr

ARDNF 9 ayın hesabatını açıqlayıb 

09:50
22 Oktyabr

Bakıda XII Beynəlxalq Kitab Sərgisi fəaliyyətə başlayıb

09:40
22 Oktyabr

Onun tədqiqatları hərb və kosmosdan tutmuş neft-qaz kimya sənayesi sahəsinədək əhatə edir

09:30
22 Oktyabr

Alim və müəllim ömrünün sönməyən ziyası

09:20
22 Oktyabr

ZƏFƏR gündəliyi    

09:10
22 Oktyabr

Yarımçıq qalan arzular... 

09:00
22 Oktyabr

Özü görməsə də, arzusu çin oldu

08:50
22 Oktyabr

Avropa İttifaqı xarici sərhədlər üçün yeni plan hazırlayır

08:40
22 Oktyabr

Əsas vəzifə yeni enerji marşrutunun iqtisadi cəhətdən səmərəli fəaliyyətini təmin etməkdir

08:30
22 Oktyabr

ABŞ-də faiz xərci 1 trilyon dolları keçdi

08:20
22 Oktyabr

Sülh sazişinin imzalanmasını uzatmaqla Paşinyan siyasi dividend qazanmağa çalışır 

08:10
22 Oktyabr

GÜLƏN GÜNÜN AĞRILI XATİRƏLƏRİ

08:00
22 Oktyabr

"Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin təsdiq edilməsi barədə

02:24
22 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş"in təsdiq edilməsi barədə

02:23
22 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!