Şəfiqə xanım Qaspralının sevinc və kədər dolu həyat hekayəsi
XX əsrin əvvəllərində Şərq dünyasında intibahın və milli oyanışın formalaşmasında müstəsna rol oynamış tarixi simalardan biri də Şəfiqə xanım Qaspralıdır. O, sadəcə böyük bir ideoloqun varisi yox, eyni zamanda coğrafi sərhədləri aşaraq Krımdan Azərbaycana qədər uzanan bütöv bir türk dünyasında maarifçilik hərəkatının ön cərgəsində qərarlaşan ictimai-siyasi xadimdir.
Bu nəcib, kübar Şərq xanımı barədə Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyasındakı material o qədər də geniş deyil. Şəfiqə Qaspralı gənclik illərindən nəşriyyat işi, qəzetçilik, jurnalistika ilə məşğul olmuş, atasının redaktorluğu ilə çıxan "Tərcüman" qəzetində işləmişdir. Ensiklopediyada onun yaradıcılığı, jurnalistlik fəaliyyəti barədə əlavə məlumat verilməyib. Lakin burada Şəfiqə xanımın həyatının maraqlı bir məqamı açıqlanıb: "XX əsrin əvvəllərində atasının yanına gələn azərbaycanlı tələbələr Nəriman Nərimanov və Nəsib bəy Yusifbəyli - hər ikisi Şəfiqə xanıma elçi düşsə də, o, Nəsib bəyə üstünlük vermiş və onunla ailə qurmuşdur. Bu izdivacdan Zöhrə və Niyazi adlı iki övladı dünyaya gəlmişdir... Aprel işğalından (1920) sonra övladları ilə birlikdə yaşadığı mənzildən çıxarılmışdı. 1922-ci ildə İsmayıl bəy Qaspralının yaxın dostu, Bakıda işləyən türk diplomatının köməyi sayəsində əvvəlcə türk hərbçiləri ilə birlikdə Batuma, sonra Trabzona, oradan da böyük çətinliklə İstanbula gəlmişdir. "Qızıl ay" beynəlxalq xeyriyyə cəmiyyətində işləmişdir". Bununla da qısa ensiklopedik material sona yetir. Halbuki Şəfiqə xanım görkəmli istiqlal mücahidinin ömür-gün yoldaşı, böyük mühərririn qızı olmasına baxmayaraq, ağrılı-acılı, mərhumiyyətlərlə dolu bir həyat yaşamışdır. Ailə zəminində də, ictimai-siyasi fəaliyyətində də çətinliklər onunla daim yol yoldaşı olmuşdu.
Lakin bir məqamı unutmaq lazım deyil ki, həm görkəmli şəxsiyyətin övladı, həm də tanınmış dövlət xadiminin xanımı olduğu üçün onlara aid bütün tədqiqatlarda Şəfiqə Qaspralının həyatı qırmızı xətlə keçir. Xüsusilə Vilayət Quliyevin "Baş nazirin xanımı" əsəri onun ömür yoluna aydın bir işıq salır.
1886-cı ildə Krımın Bağçasaray şəhərində, məşhur türkçülük ideoloqu və pedaqoq, "Dildə, fikirdə, işdə birlik" şüarının müəllifi İsmayıl bəy Qaspralının ailəsində dünyaya göz açan Şəfiqə xanım, gənc yaşlarından etibarən atasının ən yaxın məsləkdaşı və köməkçisi olmuşdur. O, mətbuat aləminə 1903-cü ildə "Tərcüman" qəzetində dərc olunan yazıları ilə qədəm qoymuşdur. 1906-cı ildə isə Şərq və islam dünyasında qadınların hüquqi, dini və sosial reallıqlarını müdafiə edən, onların təhsili və cəmiyyətdəki yerini elmi əsaslarla formalaşdıran ilk qadın jurnalı olan "Aləmi-Nisvan"ın baş redaktoru kimi böyük bir media layihəsinə rəhbərlik etmişdir. O, məqalələrini, qeydlərini, eləcə də məktublarını əsasən Krım-tatar türkcəsində, xatirələrini isə əksər vaxtlarda rus dilində yazırdı. Şəfiqə Qaspralının ilk məqaləsi qadın azadlığı ilə bağlı idi. Sonralar bu, onun yaradıcılığının əsas mövzusuna çevrilmişdi.
İlk görüşün və izdivacın tarixçəsi
Nəsib bəylə Şəfiqə xanımın ilk görüşünün tarixçəsi sırf təsadüf nəticəsində olmuşdu. 1902-ci ildə Novorossiysk (Odessa) Universitetinin Şimali Qafqazdan və Azərbaycandan olan bir qrup tələbəsi Baxçasaraya - İsmayıl bəy Qaspralı ilə tanış olmağa, fikir mübadiləsi aparmağa, onun məsləhət və tövsiyələrini eşitməyə gəlmişdi. O zaman Hüquq fakültəsində təhsil alan Nəsib bəy də həmin gənclərin arasında idi. Şəfiqə xanım azərbaycanlı tələbənin diqqətini dərhal cəlb etmişdi. Eyni zamanda Nəsib bəyin alicənablığı, mütərəqqi fikirləri İsmayıl Qaspralıda xoş təəssürat oyatdığından o, "Tərcüman" qəzetinin 20 illik yubileyinə həm məxsusi, həm də universitetdə təhsil alan müsəlman tələbələrin təmsilçisi kimi dəvət almışdı. Münasibətlərin əsası da elə həmin tanışlıq zamanı qoyulur. Gənclər ilk görüşdən bir-birilərini bəyənirlər.
1903-cü il aprelin 14-də İsmayıl bəyin həyat yoldaşı Zöhrə xanım qəflətən dünyasını dəyişir. Nəsib bəy Yusifbəyli İsmayıl bəy Qaspralıya başsağlığı teleqramı göndərir. Eyni zamanda Şəfiqəyə də məktub yazaraq təsəlli verir. Bu, Nəsib bəyin sevdiyi qıza ilk məktubu idi... Araşdırmalara görə, gənclərin münasibətlərinin rəsmiləşdirilməsi, yəni nişanı 1904-cü ildə baş tutur. Lakin elə bil ki, bu cavanların xoşbəxtliyinə sanki hansısa əl, şər bir qüvvə həmişə mane olurdu. Məsələn, 1905-ci il dekabrın 17-nə təyin edilmiş toylarının arasına rus inqilabının başlanması, imperiya ərazisi boyunca özbaşınalığın hökm sürməsi, üstəlik, Qafqazda, əsasən də Bakıda və Gəncədə ermənilərin törətdikləri vəhşilik və qırğınlarla bağlı olaylar düşür. O üzdən Nəsib bəylə Şəfiqə xanım talelərini 1906-cı ilin yazında birləşdirə bilirlər.
Türklərin ilk qadın dərgisi - "Aləmi-nisvan"
1906-cı ilin əvvəlində Şəfiqə Qaspralının redaktorluğu ilə Rusiya imperiyasındakı türklərin ilk qadın dərgisi sayılan "Aləmi-nisvan" ("Qadın dünyası") jurnalı nəşrə başlayır. Jurnal "müslimələrə məxsus ədəbi və tədrisi həftəlik məcmuə" kimi təqdim olunurdu. Onun "sahibi-imtiyazı" İsmayıl Qasprinski, "müdirəsi" Şəfiqə xanım idi. Jurnal Baxçasarayda, "Tərcüman" qəzetinin mətbəəsində nəşr olunurdu.
Məcmuənin əsas mövzuları uşaqların tərbiyəsi, xəstələrə ilkin tibbi yardım, əl işləri haqqında bilgilər və s. idi. O zaman türk-tatarlar və başqa millətlər arasında qadın hüquqları çox aktual bir məsələ olduğundan jurnal bu mövzunu diqqət mərkəzində saxlayırdı. Bununla yanaşı, elm, ədəbiyyat, dövlət idarəçiliyi və siyasət sahəsində çalışan qadınlar haqqında yazılar, onların portretləri dərginin səhifələrində tez-tez görünürdü.
Jurnalın 40-a yaxın sayı işıq üzü görmüşdü. Burada Azərbaycanla bağlı məsələlər də mütəmadi olaraq öz əksini tapırdı. Məsələn, 1907-ci ildə çıxan dördüncü nömrədə Şəfiqə xanım öz Gəncə təəssüratlarını qələmə almışdı. Müəllif bir ay ərzində həyat yoldaşının vətəni Gəncədə qalmağından bəhs edirdi. Milli zəmindəki qarşıdurmadan və şəhərin yarısından çoxunun ermənilər tərəfindən yandırılıb dağıdılmasından və talan edilməsindən ürəkağrısı ilə danışırdı. Jurnal "Molla Nəsrəddin"i daim izləyirdi.
1906-1912-ci illəri Şəfiqə xanımın ailə həyatının həm ən xoş, həm də ən hüznlü dövrü adlandırırlar. Nə qədər çətinliklərlə üzləşsə də, bu fədakar xanım həmin illərdə sevdiyi insanın və atası İsmayıl bəyin yanında idi. Müəllimlik edir, qəzetçiliklə məşğul olurdu, ictimai fəaliyyətini genişləndirirdi. Bundan savayı, iki övladı - oğlu və qızı dünyaya gəlmişdi. Sıxılmırdı, çünki nəhəng insanların əhatəsində idi. O, xatirələrində Nəsib bəylə birgə həyatlarının həmin dövründən bəhs edərək yazırdı: "1906-cı ildən Nəsib bəy "Tərcüman" qəzetində çalışmağa başladı. Bu çalışma fasilələrlə 1912-ci ilə qədər davam etdi. Həmin dövrdə Gəncə bələdiyyə idarəsi məclisinin üzvü seçilməsi onun şəhərdən ayrılmasını mümkünsüz etmişdi. Nəsib bəy 1917-ci il inqilabına qədərki bu illəri şəhər işləri, məktəb, kitabxana və s. arasında çalışmaqla keçirmişdi".
1908-ci ildə "Tərcüman" qəzetinin 25 illik yubileyi qeyd edilir. Möhtəşəm tədbirin yüksək səviyyədə, təntənəli şəkildə keçirilməsində Nəsib bəy və Şəfiqə xanımın əməyi, səyləri görkəmli yazarların xatirələrində xüsusi vurğulanırdı.
Şəfiqə xanım 26-27 yaşlarında artıq iki uşaq anası olmasına, ev-ailə qayğıları ilə yüklənməsinə baxmayaraq, həyat yoldaşı Nəsib bəyə, onun silahdaşlarına, həmfikirlərinə əlindən gələn köməyi göstərir, maarifçilik fəaliyyətindən kənarda qalmaq istəmirdi. Çətinlikləri, problemləri çox olsa belə özünü rahat hiss edirdi. 1908-ci ildə qızı Zöhrə (anasının adını qoymuşdu), bir il sonra oğlu Niyazi dünyaya gəlmişdi. Nəsib bəy isə cavanlığına baxmayaraq, millətin öncüllərindən sayılırdı, bütün məsələlərdə onun fikirləri ilə hesablaşırdılar.
İztirablı, sarsıntılı günlər
Lakin 1912-ci ildə gənc ailə iztirablı, sarsıntılarla dolu günlərini yaşamağa başlayır. Bu dövrdə onlar artıq Gəncədə məskunlaşmışdılar. Lakin günlərin birində sanki sakit bir dənizdə fırtına qopur - ailənin rahatlığı pozulur. Nəsib bəyin ailə xəyanəti üzə çıxır. Şəfiqə xanım xəbər tutur ki, canından çox sevdiyi həyat yoldaşı kənarda imam nikahı ilə, hətta özünün tanıdığı, dostluq, rəfiqəlik etdiyi Eynülhəyat adlı gözəl və ziyalı bir xanımla izdivac qurub yaşayır. Gənc qadının mənəvi dünyası, ailəsi ilə bağlı gələcək planları alt-üst olur. Evdə söz-söhbət, narazılıq, gərginlik son həddə çatır. Şəfiqə xanım xəyanəti qəbul edə bilmir və övladları ilə birlikdə yenidən öz ata ocağına qayıdır.
1914-cü ildə İsmayıl bəyin xəstəliyi güclənir. Xəbəri eşidən Nəsib bəy təcili özünü Baxçasaraya çatdırır və son günlərini yaşayan qayınatasının yatağı başında durur. Həmin il sentyabrın 11-də İ.Qaspralı dünyasını dəyişir. Nəsib bəy dəfndə iştirak edir, yas mərasiminin bütün qayğılarını, ehtiyaclarını öz üzərinə götürür. Lakin bu hüzr də ailə münasibətlərini istiləşdirmir.
İ.Qaspralının ölümündən sonra Şəfiqə xanım qələminə daha da qüvvət verir. O, böyük qardaşı Rüfətlə "Tərcüman"ın ağırlığını öz çiyinlərinə götürür. Lakin 1918-ci il fevralın 23-də "Tərcüman"ın bağlanmasına qərar verilir. Qəzetin mətbəəsini də əldə saxlamaq mümkün olmur. Müsadirə edilib Xarkova göndərilir. Beləliklə, 35 il türk dünyasına "işıq saçan" "Tərcüman" tamamilə susur. Bu zaman təşviş içərisində olan Nəsib bəy od-alov püskürən Krımdakı vəfalı xanımını, gözəl balalarını istər bundan əvvəl, istərsə də bu dövrdə və sonra bir an belə unuda bilmir. Övladlarının nigarançılığı ona rahatlıq vermir. Dəfələrlə onları Bakıya dəvət edir, israrlı, yalvarışlı məktublarla müraciət edir. Ərinin doğmaları Şəfiqəyə yazırlar ki, o, çox peşmandır. Bunu özü də müxtəlif illərdə yazdığı məktublarda etiraf edir.
Çətin məqamda Nəsib bəy Şəfiqə xanımdan bir daha uşaqları da götürüb Azərbaycana dönməyi rica edir. Çox tərəddüdlərdən sonra Şəfiqə xanım bu təklifi qəbul edir və 1919-cu ilin təxminən avqust ayının ortalarında gözyaşları ilə ayrıldığı Bakıya gəlir. Şəxsi münasibətləri yoluna düşməsə də, Nəsib bəy ailə başçısı kimi evinin, uşaqlarının qayğısına qalır. Sevdiyi insanların əzab-əziyyətlərdən, təqiblərdən, hətta ölümün pəncəsindən qurtardığına şükürlər edir.
1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayır. Nəsib bəy kimlər tərəfindənsə müəmmalı şəkildə öldürülür, cümhuriyyət liderlərinin ailələrinə qarşı bolşevik terroru Şəfiqə xanımı yenidən ağır problemlər, ən əsası təhlükələrlə üz-üzə qoyur.
Şəfiqə xanımın hər günü qorxu və həyəcan içində keçirdi. Ailənin Bakını necə tərk etməsini Vilayət Quliyev belə qələmə alıb: "Yardım heç gözləmədiyi halda Türkiyədən gəldi. Türkiyə Böyük Millət Məclisi hökumətinin 1920-ci ilin sentyabrında Bakıya təyin olunmuş təmsilçisi Məmduh Şövket Esendal İsmayıl Qaspralının qızının, şəhid Nəsib bəy Yusifbəylinin xanımının Bakıda iki övladı ilə çətin durumda qaldığını öyrənən kimi dərhal yollar aramağa başladı. Həmin dövrdə TBMM hökuməti ilə Sovet Rusiyası arasında imzalanmış Moskva anlaşmasına görə türk hərbi əsirləri, habelə müxtəlif vəsilələrlə Azərbaycana gələn və inqilabdan sonra geri qayıda bilməyən türk ailələri Türkiyənin Bakı təmsilçiliyindən sənədlər alaraq vətənə dönürdülər.
Təbii ki, sovetlər də həmin sənədləri nəzarətdə saxlayırdılar. Lakin Məmduh Şövket risk etməyi qərara aldı. Şəfiqə xanımla övladlarını müharibənin Azərbaycana gətirdiyi Türkiyə vətəndaşları kimi qeydiyyata götürdü. Sonra isə onlara türk pasportu verərək Türkiyəyə keçmələrinə və bölşevik cəhənnəmindən xilas olmalarına yardım göstərdi".
Şəfiqə xanım ömrünün axırınadək Türkiyədə qalır. Burada çox məşəqqətlər çəkir, acılı-şirinli günlər yaşayır. O, bir müddət yetimxanalarda çalışır. Sonra Türkiyə Hilali-Əhmər (indi "Qızıl ay") cəmiyyətində işləyir. 1936-cı ildə Atatürkün göstərişi ilə rus türkoloqu Y.Rekarskinin "Yakut dili sözlüyü" çoxcildliyi türk dilinə çevriləndə onu da tərcüməçilər qrupuna daxil edirlər.
Şəfiqə Qaspralı ölənəcən "Nəsib bəy" deyir, "Azərbaycan" deyir. Gəncə, Bakı bir an belə yadından çıxmır. Ərindən incidiyi zaman "Yusifbəyli" soyadından imtina edən bu xanım illər sonra bir gün xatirə və qeydlərini səliqəyə salıb iri hərflərlə "Sudamısan, torpaqdamısan, Nəsib? Ətrafın nurla dolsun!" sözlərini yazır və özündən ixtiyarsız yenidən "Şəfiqə Qaspralı-Yusifbəyli" imzasını atır...
Ömrü daim mübarizələrdə keçmiş bu mərd, cəsarətli və vüqarlı xanım 1975-ci ilin avqustunda, 86 yaşında Türkiyədə vəfat edir.
İradə ƏLİYEVA,
"Azərbaycan"