Təbii fəlakət baş verəndə baxmır ki, hansı ölkədir, hansı şəhərdir, qarşısına çıxan kimdir, nədir - hamısını bir göz qırpımında məhv edir, yüzlərlə, minlərlə insan faciəli şəkildə həlak olur. 1920-ci illərdən başlayan və 1950-ci illərə qədər davam edən repressiya da haradasa qəflətən baş verən təbii fəlakətə bənzəyir. Düzdür, repressiya dalğası kəndləri, şəhərləri dağıtmasa da, beyinlərə, aydınlara qənim kəsilir.
Çox təəssüf ki, repressiyaya məruz qalaraq heç bir günahı olmadan güllələnənlərin, gedər-gəlməzə sürgün edilənlərin, soyuq həbsxana divarları arasında ağır işgəncələrə məruz qalaraq qətlə yetirilənlərin arasında qadınlar da olub. Dünyaya meydan oxuyan bir ölkə gücsüz, zərif qadınlardan da qorxub. Onları dövlətə, ölkəyə "təhlükə"hesab edib.
Sovet rejiminin, kommunist ideologiyasının özünə ciddi təhlükə hesab edərək şərləyib həbs etdiyi qadınlardan biri də incə ruhlu şeirlər yazan Seyid Hüseynin həyat yoldaşı şair Ümmügülsüm Sadıqzadə olub. Ümmügülsüm Sadıqzadə Müsavat partiyasının qurucularından olan Məhəmmədəli Rəsulzadənin bacısı, Müsavat partiyasının və Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri Məhəmmədəmin Rəsulzadənin əmisi qızı və baldızı idi. Ümmügülsüm xanım 1916-cı ildə Tağıyev teatrında C.Məmmədquluzadənin "Ölülər" pyesinin ilk təqdimatında yazıçı Seyid Hüseynlə tanış olmuşdu. Bu tanışlıq 4 il sonra - 1920-ci ildə onunla ailə qurmağı ilə nəticələnmişdi. Bu evlilikdən isə 3 övladı dünyaya gəlmişdi. Qızı Qumral Sadıqzadə yazıçı, oğulları Oqtay və Toğrul isə rəssam olmuşlar.
Repressiya qurbanı olmuş şairin ömür yoluna nəzər salaq: Ümmügülsüm Əbdüləziz qızı Sadıqzadə 1899-cu ildə Bakının qədim kəndlərindən olan Novxanıda ruhani ailəsində anadan olub. Kiçik yaşlarından kitaba, yazıya, ədəbiyyata maraq göstərib, evdə atasından ərəb və fars dillərini öyrənib, 9 yaşında şeir yazıb.
Ümmügülsüm şeirlə bərabər, bir-birindən maraqlı hekayələr də yazıb və onları mətbuat səhifələrinə çıxararaq oxucuların ixtiyarına verib. Onun mətbuatda imzası 1914-cü ildən görünməyə başlayıb. Gənc şairin şeir və hekayələri həmin illərdə maraqla oxunan "İqbal", "Yeni iqbal", "Açıq söz", "Qurtuluş", "Dirilik", "Məktəb", "Qardaş köməyi", "Azərbaycan" və digər qəzetlərdə, jurnallarda dərc olunub.
1915-ci ildə Ümmügülsümün yaradıcılığında olduqca mühüm bir hadisə baş verib. Gənc şairin "Solğun çiçək" adlı hekayəsi "Qurtuluş" jurnalının elan etdiyi müsabiqədə yüksək yer tutaraq mükafata layiq görülüb. Bundan sonra o, daha həvəslə, şövqlə yazıb-yaradıb. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması münasibətilə "Türk ordusuna", "Ey türk oğlu!", "Çəkil, dəf ol!", "Əsgər anasına", "Dərdli nəğmə", "Yurdumuzun qəhrəmanlığına", "Yollarını bəklədim" adlı şeirlərini yazıb. Bu şeirləri ilə cümhuriyyəti xalqa daha çox sevdirməyə çalışıb.
Təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü 23 ay çəkdi. 1920-ci il aprelin 27-də cümhuriyyətin işğalı hamı kimi gənc şairi də məyus etdi, bu hissdən doğan "Hicran", "Bayrağım enərkən" adlı şeirlərini yazdı. Qeyd edək ki, "Bayrağım enərkən" şeirində 3 may 1920-ci ildə Azərbaycanın üçrəngli bayrağının parlament binasından götürülməsi bədii əksini tapıb.
Cümhuriyyətin süqutundan bir müddət sonra cəmiyyətdə repressiya ruzigarları əsməyə başladı. Bu ruzigar ilk olaraq incəsənət adamlarını, şair və yazıçıları, elm xadimlərini yaxaladı. 1937-ci il iyulun 15-də Şüvəlandakı bağında Ümmügülsüm xanımın həyat yoldaşı Seyid Hüseyni həbs etdilər. 1938-ci ilin yanvar ayında isə görkəmli yazıçı güllələndi.
Bundan sonra həbs növbəsinin Ümmügülsümə çatacağı heç kimdə şübhə doğurmurdu. Həyat yoldaşının həbsindən 4 ay sonra - 1937-ci il noyabrın 2-də onu "xalq düşməninin ailəsi" kimi həbs edib Bayıl həbsxanasına apardılar. Yaşadığı Zamkovski döngəsi, 74 nömrəli evdə axtarış aparıldı. Axtarış zamanı XDİK əməkdaşlarının marağını cəlb edən bir şey tapılmadı. Ümmügülsüm xanım haqqında hazırlanmış həbs arayışı ilə tanış olarkən məlum olur ki, 1 noyabr 1937-ci ildə AzSSR XDİK DTİ-nin 8-ci şöbəsinin inspektoru Kolçinin imzası ilə SSRİ MİK-in 4 iyul 1934-cü ildə qəbul olunmuş sənədinə əsasən, Sadıqov Seyid Hüseyn Mirkazım oğlunun həyat yoldaşı olduğuna görə Sadıqova Ümmügülsüm Əbdüləziz qızının həbs edilməsi barədə qərar qəbul olunur. Həmin ölüm qoxulu qərarı noyabrın 1-də Az.SSR XDİK müavini Borşov da təsdiq edir. Bundan sonra Ümmügülsüm xanım həbs olunur.
Onun həbsi üçün hazırlanmış qərar Ümmügülsüm Sadıqova 4 dekabr 1937-ci ildə elan edilir. Bayıl türməsinə gətirilən şair 8 illlik həbs cəzasına məhkum olunur. Ümmügülsüm xanım Bayıl həbsxanasında olduğu müddətdə "Qala xatirələrim" adlı xatiratını yazmağa imkan tapır. Cəzasını çəkmək üçün o, 1938-ci ildə Mordva vilayətində yerləşən Temlaq islah-əmək düşərgəsinə göndərilir, əsərləri qadağan edilir.
Ümmügülsüm xanım sürgündə olarkən də yaradıcılığından qalmayıb. Amma sürgündə yazdığı şeirlərdən əvvəlki kimi gül qoxusu gəlmir, ah-nalə qoparan, həsrət girdabında sıxılan bir ürəyin səsi eşidilir. Bu ah-nalə şairin yazdığı "Günəşim bir daha doğmayacaqmı?" şeirində daha aydın duyulur.
Gunəşim bir daha doğmayacaqmı?
Vəhşi qaranlığı boğmayacaqmı?
Kölgələri şəfəq qovmayacaqmı?
Sordum, ümidini qırma dedilər.…
Yaşamaq ümidini üzməyən Ümmügülsüm Sadıqova 1943-cü ildə SSRİ Xalq Daxili İşlər Komissarlığına ərizə ilə müraciət edərək azadlığa buraxılmasını istəyir. 1944-cü ildə azadlığına qovuşan şairə Bakıda yox, Şamaxıda yaşamağa icazə verilir. Burada bir neçə ay yaşadıqdan sonra - 1944-cü il sentyabrın 17-də 45 yaşında Şamaxıda vəfat edir. Şaxəndan qəbiristanlığında dəfn edilir. Ümmügülsüm xanım sanki sürgündən Vətənə yaşamaq üçün deyil, ölmək üçün dönübmüş.
Qızı Qumral Sadıqzadə atası Seyid Hüseynə həsr etidiyi "Son mənzili Xəzər oldu" adlı roman yazıb. Həmin əsərin ikinci hissəsində anası Ümmügülsümdən də ətraflı bəhs edib.
Repressiya qurbanları heç vaxt unudulmur, xatirələri daim yad edilir. 2022-ci il dekabrın 17-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında repressiya dövründə həbs olunaraq güllələnmiş, sürgünə göndərilmiş siyasi məhbusların həyat yoldaşlarının yaşadıqları acılarla dolu hadisələr haqqında "Kod adı: "V. X. A." və ya Kod adı "Vətən xainlərinin arvadları" tamaşasının premyerası keçirilib. Tamaşada Ümmügülsüm Sadıqovanın faciəli həyatına da geniş yer verilib.
Zaman hiss olunmadan ötüb keçdi. Stalinin ölümündən, hakimiyyət dəyişikliyindən sonra ölkədə siyasi vəziyyət sabitləşdi, yaxşılığa doğru dəyişdi, günahsız həbs edilmiş insanlara bəraət verildi. Bu bəraət dalğası çoxları kimi Seyid Hüseynə də, həyat yoldaşı Ümmügülsüm xanıma da gəlib çatdı. Onlar da bəraət aldılar. Amma təəssüf ki, bu bəraətin keçmiş illəri dəyişməyə, itkiləri geri qaytarmağa imkanı yox idi.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"