Azərbaycan qlobal layihələr və əməkdaşlıq təşəbbüsləri ilə ölkələri bir araya gətirir
Azərbaycan həm Qafqaz regionunda, həm də türk dünyasında mühüm və strateji mövqeyə sahibdir. Ölkəmiz bu iki böyük coğrafiyanı regional və qlobal layihələrlə bir-birinə bağlayan təşəbbüskar dövlət və eyni zamanda strateji mərkəzdir. Xüsusən, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra bölgədə yaranmış yeni reallıq regionumuzda davamlı sülhün, əmin-amanlığın və sabitliyin qurulması üçün böyük tarixi imkanlar yaradır.
Hazırda dünyada baş verən mürəkkəb proseslər, müxtəlif gərginliklər fonunda belə bir sabitliyin təmin olunması iqtisadi tərəfdaşlığın, ticarət əlaqələrinin və siyasi dialoqun inkişafı üçün son dərəcə vacibdir.
Bakıda keçirilən mühüm beynəlxalq tədbirlər də ölkəmizin regionda, eləcə də türk-islam dünyasında artan nüfuzunu və birləşdirici mövqeyini aydın göstərir. Sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı və böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın eyni vaxtda Bakıda keçirilməsi xüsusi məna daşıyır. Toplantılarda türk dövlətlərinin dini rəhbərləri ilə yanaşı, Gürcüstan, Suriya və Şimali Qafqazdan olan dini liderlərin də fəal iştirak etməsi Azərbaycanın türk dünyası, Qafqaz və İslam aləmi arasında əlaqələndirici rola malik olduğunu bir daha sübut edir. Bu mötəbər tədbirlər türk dünyasının dini və mənəvi bağlarını möhkəmləndirməklə yanaşı, xalqımızın zəngin mədəni və mənəvi irsinin dünya səviyyəsində tanıdılmasına da xidmət edir.
Azərbaycan qədim dövrlərdən etibarən türk dünyası ilə Qafqaz arasında əsas mərkəz rolunu oynayıb. Prezident İlham Əliyev çıxışında bu vacib tarixi reallıqları xüsusi olaraq qeyd edib: “Azərbaycan həm türk dünyasının bir parçasıdır, həm də Qafqaz ölkəsidir. Bizim ölkəmizin tarixinə baxanda hər şey açıq-aydın görünür. Qədim Qafqaz Albaniyası məhz bizim ərazilərimizdə mövcud idi və qədim dövlətin paytaxtı Qəbələ şəhəri idi, bu gün də ölkəmizin ən gözəl yerlərindən biridir. Qədim Atabəylər dövlətinin paytaxtı isə digər gözəl şəhərimiz Naxçıvan olmuşdur. Yəni bu bir daha göstərir ki, türk dünyası və Qafqaz - bu iki məkan, əslində, vahid bir coğrafiyanı əhatə edirdi və Türk Dövlətləri Təşkilatına üzv olan yeganə Qafqaz ölkəsi Azərbaycandır. Təbii ki, bizim Türk dünyası ilə sıx əlaqələrimiz var, Qafqaz xalqları ilə sıx qohumluq, dostluq əlaqələrimiz var”.
Azərbaycan 1990-cı illərdən etibarən Cənubi Qafqazda enerji və nəqliyyat sahələrində birgə əməkdaşlığın əsas təşəbbüskarı və təşkilatçısı rolunda çıxış edir. Bu çərçivədə Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərləri istifadəyə verilib, daha sonra isə Avrasiyanın xəritəsini dəyişən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi nəhəng layihələr uğurla həyata keçirilib. Təkcə enerji sahəsi ilə kifayətlənməyən Azərbaycan, eyni zamanda Bakı-Tbilisi-Qars dəmir yolu xəttini, eləcə də Xəzər dənizinin ən böyük ticarət limanı olan Ələt Beynəlxalq Dəniz Ticarət Limanını istifadəyə verərək regionun nəqliyyat xəritəsini kökündən yeniləyib. Bu mühüm addımların məntiqi davamı kimi Azərbaycan Avropanın enerji təhlükəsizliyində həlledici rol oynayan “Cənub qaz dəhlizi”ni istismara verməklə yanaşı, Orta dəhlizin ötürücülük qabiliyyətinin genişləndirilməsinə və “yaşıl enerji” dəhlizlərinin qurulmasına liderlik edir.
Gürcüstan və digər qonşu ölkələrlə qurulan sıx və etibarlı əməkdaşlıq regional əlaqələri daha da möhkəmləndirir, bütün tərəflər üçün iqtisadi fayda gətirir. Lakin regionun tam mənada strateji mərkəzə çevrilməsi üçün siyasi sabitlik, yolların təhlükəsizliyi, region ölkələri arasında koordinasiyalı fəaliyyət və uzunmüddətli investisiyalar vacibdir. Bu baxımdan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və yekun sülhün əldə olunması Mərkəzi Asiya, Qafqaz və Avropa arasında yeni nəqliyyat və kommunikasiya imkanları aça bilər. Sülh gündəliyinin reallaşması həm də regionda riskləri azaldaraq xarici investisiyaların axınını stimullaşdırar. Beləliklə, Cənubi Qafqaz dayanıqlı inkişaf və qarşılıqlı səmərəli əməkdaşlıq məkanına çevrilmək üçün tarixi fürsət qazanmış olar.
Qafqazın yeganə türk dövləti olan Azərbaycan türk dünyasında da aparıcı rol oynayır və Türk Dövlətləri Təşkilatının güclənməsinə, onun beynəlxalq aləmdə nüfuzunun artmasına böyük töhfələr verir. Türk dövlətləri arasında sarsılmaz birliyi təmin etmək və iqtisadi inkişafa nail olmaq üçün ticarət və investisiya əlaqələrini gücləndirmək vacibdir. Çünki iqtisadi bağları zəif olan siyasi birliklərin uzunmüddətli və dayanıqlı olması çətindir. Məhz bu zərurətdən çıxış edərək, ölkəmiz türk respublikaları ilə ticarət dövriyyəsinin artırılması və birgə investisiya fondlarının yaradılması istiqamətində addımlar atır. Qarşılıqlı iqtisadi asılılığın artması türk dünyasının siyasi həmrəyliyini möhkəmləndirir, təşkilatın qlobal müstəvidə güc mərkəzinə çevrilməsini sürətləndirir.
Azərbaycan həyata keçirdiyi nəhəng layihələrlə Mərkəzi Asiya dövlətlərinin dünya bazarlarına qısa, təhlükəsiz və səmərəli çıxışını təmin edərək, türk dünyasının iqtisadi inteqrasiyasını yeni keyfiyyət mərhələsinə qaldırır. Cənubi Qafqazın Mərkəzi Asiya ilə Avropa arasında bağlayıcı mərkəz kimi formalaşmasında Azərbaycanın rolu böyükdür. Regionun infrastruktur, enerji və logistika imkanlarını ardıcıl və məqsədyönlü şəkildə inkişaf etdirən ölkəmiz Mərkəzi Asiya, Qafqaz və Avropanın nəqliyyat, enerji və iqtisadi sistemlərini bir-birinə bağlayan mühüm strateji mərkəzə çevrilir. Azərbaycanın Türkiyə və Mərkəzi Asiya ölkələri ilə apardığı aktiv iqtisadi siyasət və diplomatik fəaliyyət türk dünyasının inteqrasiyası üçün möhkəm bünövrə yaradıb.
Bu mühüm missiyada Orta dəhliz xüsusi əhəmiyyət daşıyır və Avrasiyanın yeni nəqliyyat sisteminin əsas hissəsi halına gəlir. Azərbaycan Xəzər dənizini Qafqaz, Türkiyə və Avropa bazarları ilə birləşdirir, öz liman, dəmir yolu və enerji infrastrukturlarını müasir standartlara uyğun olaraq yeniləyir və genişləndirir. Gələcəkdə Zəngəzur dəhlizinin açılması türk dövlətləri arasında iqtisadi və nəqliyyat əlaqələrini daha da sürətləndirəcək. Bu dəhliz Mərkəzi Asiyanın Avropaya, Azərbaycanın Türkiyəyə, Türkiyənin isə şərq istiqamətinə doğru əlaqələrini genişləndirəcək, ticarət dövriyyəsini artıracaq və investisiya imkanlarına güclü təkan verəcək. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarımızda aparılan sürətli bərpa və yenidənqurma işləri türk dövlətlərinin bu regionda birgə fəaliyyəti, qarşılıqlı sərmayə qoyuluşu və iş birliyi üçün yeni qapılar açır.
Türk dünyası ilə əlaqələrini dərinləşdirən və Cənubi Qafqazda daimi sülhün, sabitliyin bərqərar olmasına çalışan Azərbaycan həm regionun, həm də türk-islam aləminin tərəqqisinə, birliyinə və təhlükəsizliyinə xidmət edən önəmli mövqeyini, aparıcı rolunu uğurla və qətiyyətlə davam etdirir.
İsmayıl QOCAYEV,
“Azərbaycan”