Azərbaycan Respublikası
Prezidentinin 25 may 2026-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının
istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın
icrasının gedişini öyrənmək məqsədilə Azərbaycan Respublikası Prezident
Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Qiyas
Yusifov, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və müvafiq
qərargah üzvləri rayonda bir sıra istehsal və emal müəssisələrində olmuşlar.
Səfər çərçivəsində
rayonun kənd təsərrüfatı sahəsində həyata keçirilən layihələr, istehsal və emal
imkanları, suvarma infrastrukturu və təsərrüfatların fəaliyyəti ilə tanışlıq
olmuşdur.
Belə ki, rayonda suvarma
infrastrukturunun genişləndirilməsi istiqamətində “Azərşəkər” MMC tərəfindən
müasir pivot suvarma sistemləri qurularaq istifadəyə verilmiş, əlavə pivotların
quraşdırılması üçün layihələndirmə işlərinə başlanılmışdır. Dənli bitki
toxumlarının saxlanılması üçün müasir anbar kompleksləri də tikilərək
istifadəyə verilmişdir.
“Ağcabədi taxıl” Aqropark
tərəfindən xurma, şaftalı, nektarin, heyva, badam və ərik bağları salınmış,
yeni badam bağlarının salınması üçün tinglər sifariş edilmişdir. Həmçinin
suvarma sistemlərinin yerli istehsal hesabına təmin edilməsi məqsədilə yastı
damlama şlanqı istehsalı müəssisəsinin tikintisi davam etdirilir.
Kənd təsərrüfatı
istehsalında müasir texnologiyaların tətbiqi məqsədilə yerli təsərrüfatlar
tərəfindən yeni şum və becərmə traktorları alınmışdır.
Rayonda cins
heyvandarlığın inkişafı istiqamətində də işlər görülür. Anqus cinsli iri
buynuzlu ətlik mal-qara gətirilərək saxlanılmasına başlanılmış və bala
alınmışdır. Cins qoyunlar alınmış, “Qaradolaq” MMC və digər təsərrüfatlar
tərəfindən heyvanların saxlanılması üçün tövlələr, dalan və ahullar tikilərək
istifadəyə verilmişdir.
Rayonda həyata keçirilən
layihələr kənd təsərrüfatı istehsalının artırılmasına, müasir texnologiyaların
tətbiqinə, məhsuldarlığın yüksəldilməsinə və aqrar sahənin inkişafına xidmət
edir.
Lazım QULİYEV,
“Azərbaycan”