Onların da Azərbaycanın yaratdığı reallıqları qəbul etməkdən başqa yolları yoxdur
Demokratiya, insan hüquqları və ədalət pərdəsi altında öz geosiyasi maraqlarını yürütməyə vərdiş etmiş Qərb institutları üçün beynəlxalq hüquq çoxdan manipulyasiya alətinə çevrilib. Müstəqil xarici siyasət yürüdən, öz gücünə suverenliyini tam təmin edən Azərbaycanın bu gün həmin qərəzli dairələr tərəfindən qarşılaşdığı hücumlar məhz belə riyakar yanaşmanın bariz nümunəsidir.
Prezident İlham Əliyevin sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edən zaman səsləndirdiyi fikirlərini həm də illərdir davam edən bu beynəlxalq ədalətsizliyin və geosiyasi mənəviyyatsızlığın açıq ifşası adlandırsaq yanılmarıq: “30 il biz bütün Avropa təşkilatlarında öz səsimizi ucaldırdıq, həqiqəti çatdırmağa çalışırdıq... Tələb etmirdik ki, Avropa Şurası, gedin, Ermənistana qarşı vuruşun. Tələb edirdik ki, siyasi qərar qəbul edin. İşğalçını işğalçı adı ilə çağırın və siyasi qərarın qəbul edilməsi faktiki olaraq bir siyasi qiymətdir. Bunu etmək istəmədilər”.
Ədaləti Azərbaycan özü təmin etdi
Azərbaycan torpaqlarının 20 faizi işğal altında qalanda, 1 milyondan çox soydaşımız öz doğma ocaqlarından didərgin düşəndə beynəlxalq təşkilatlar sadəcə seyrçi mövqe tutdular. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi kağız üzərində qaldı, ATƏT-in mənfur Minsk qrupu münaqişəni dondurmaqla işğalı əbədiləşdirməyə çalışdı. Həmin dövrdə Ermənistana qarşı nəinki bir sanksiya tətbiq edildi, əksinə, işğalçı dövlət Qərbin müxtəlif fondları və təsisatları tərəfindən maliyyə ilə təmin olundu, dəstəkləndi. Prezident İlham Əliyev Azərbaycan ərazilərinin işğal altında olduğu həmin dövrün real mənzərəsini görüş iştirakçılarının diqqətinə çatdıraraq Qərb institutlarının gerçək simasını bir daha göstərdi. Ölkəmizin rəhbəri vurğuladı ki, Azərbaycanın ədalət tələbi qulaqardına vurulur, ikili standart nümayiş etdirilərək işğalçının xeyrinə addımlar atılırdı: “Əksinə, bizi qaralayırdılar, bizi ləkələyirdilər və bu gün də bu, davam edir. Baxın, indi Azərbaycan gücləndikcə, necə deyərlər, öz potensialını tam işə saldıqca, yenə də bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır. Yəni bizi qaralayırlar, Azərbaycan haqqında hər gün yalan, iftira, böhtanla dolu yazılar dərc edilir”.
Tarix dəfələrlə sübut edib ki, ədalət güclünün maraqlarına qurban veriləndə beynəlxalq hüquq sənədləri adi kağız parçasına çevrilir. Azərbaycan xalqı tam 30 il boyunca məhz bu acı həqiqətlə, Qərb təsisatlarının riyakarlığı ilə üz-üzə qaldı. Ancaq öz haqq işindən bir an belə çəkilmədi, torpaqlarının işğalı ilə barışmadı. Dövlətimiz tərəfindən yürüdülən uzaqgörən və qətiyyətli siyasət nəticəsində iqtisadi və hərbi qüdrəti artan Azərbaycan ədaləti öz gücünə bərpa etdi, bununla həm də beynəlxalq hüququn prinsiplərini təmin etdi.
Hərbi-siyasi güclə 2020-ci ildə Vətən müharibəsində tarixi qələbə qazanıldı. 2023-cü ilin sentyabrında isə antiterror tədbirləri ilə suverenliyini tam bərpa edən ölkəmiz Qarabağda separatçılığın kökünü birdəfəlik kəsdi. Xalqımıza qarşı hərbi cinayətlər törətmiş erməni canilər ədalət məhkəməsində layiqli cəzalarını aldılar.
“Avropa Parlamenti rüşvətxorlar yuvasıdır”
Lakin məhz bundan sonra Qərbin anti-Azərbaycan maşını daha aqressiv şəkildə işə düşdü. 30 il boyunca Ermənistanın vəhşiliklərinə göz yuman Avropa Şurası və Avropa Parlamenti yenə də qərəzindən əl çəkmədi, öz torpaqlarını azad edəndən qısa zaman sonra Azərbaycana qarşı sanksiya mexanizmlərini işə saldı. Prezident İlham Əliyev bu açıq riyakarlığı beynəlxalq konfransların iştirakçıları ilə keçirilən sözügedən görüşdə belə çatdırdı: “Avropa Şurasında Ermənistana qarşı sanksiya tətbiq edilmədi. Amma biz ki, 2023-cü ilin sentyabrında Qarabağı tam azad etdik, separatçılığın kökünü kəsdik və separatçıları həbs etdik, deməli, ondan dörd ay sonra Avropa Şurası bizə qarşı sanksiya tətbiq etdi. Bax, onların əsl siması budur”.
Başqalarına insan hüquqları və demokratiya dərsi keçməyə çalışan Avropa İttifaqının qanunverici orqanı olan Avropa Parlamenti bu gün mənəvi aşınmanın və korrupsiyanın mərkəzinə çevrilib. 2022-ci ildəki “Qatargate” skandalı, AP-nin vitse-prezidenti Eva Kailinin evindən çamadanlarla nağd pulun tapılması, daha sonra 2024-cü ildəki “Russiagate” araşdırmaları göstərdi ki, bu qurum müstəqil iradəyə deyil, çirkli maliyyə və lobbi maraqlarına xidmət edir.
Xüsusilə erməni lobbisinin çirkli pulları hesabına idarə olunan avroparlamentarilər 2021-ci ildən bəri Azərbaycana qarşı 10-dan çox qərəzli qətnamə qəbul ediblər.
Bu faktın özü belə göstərir ki, erməni lobbisinin oyuncağına çevrilən AP Azərbaycana qarşı davamlı olaraq qərəz nümayiş etdirir.
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edən zaman Avropa Parlamentininin bu rəzil siyasətini açıq və sərt şəkildə tənqid etdi: “Avropa Parlamenti rüşvətxorlar yuvasıdır. Bunu mən tam məsuliyyətlə deyirəm - rüşvətxorlar yuvasıdır Avropa Parlamenti. Onun vitse-prezidentinin evindən çamadanlarla dolu milyonlarla dollar çıxdı, hamısını ört-basdır etdilər. Elə bil olmayıb bu. Onun adı bəllidir, o, Yunanıstandan olan bir xanım deputatdır. Neçə il keçib onun üstündən? Bir ölçü götürülüb ona qarşı? Yox! Məsuliyyətə cəlb edilib? Yox! Sərbəst buraxılıb. Avropa Parlamenti bax, bu islamofoblardan ibarətdir və bu da daim diqqət mərkəzində olmalıdır”.
Azərbaycana və geniş mənada müsəlman dünyasına münasibətindəki bu ikili standartların kökündə həm də dərinləşən islamofobiya dayanır. Müqəddəs “Qurani-Kərim”in təhqir olunması, müsəlman aləminin sistemli şəkildə terrorla eyniləşdirilməsi təsadüfi hallar deyil, məqsədyönlü siyasətin tərkib hissəsidir. Azərbaycan hər zaman müstəqil xarici siyasət yürütdüyü, kənar diktələri rədd etdiyi və öz milli-mənəvi dəyərlərini qoruduğu üçün bu hücumların hədəfindədir.
Dövlətimizin başçısı bu çirkli kampaniyalara qarşı vahid cavab mexanizmini və Azərbaycanın sarsılmaz mövqeyini belə bəyan etdi: “Bizim dinimizə qarşı, İslam dünyasına qarşı elan olunmamış müharibə gedir və islamofobiya onun kiçik bir tərkib hissəsidir... ...Siz hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox! Bu, məqsədyönlü siyasətdir. Biz də nə qoymalıyıq bunun qabağına? Ancaq birliyimizi!”
Ölkəmizin rəhbəri onu da əlavə etdi ki, ölkəmizə qarşı elan edilməmiş bu qarayaxma kampaniyası heç vaxt dayanmayacaq: “Nə üçün? Çünki biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik, öz sözümüzü deyirik, öz milli mənliyimizi qoruyuruq, öz həyat tərzimizi qoruyuruq. İmkan vermirik ki, xalqımıza və dinimizə yad olan bəzi meyillər Azərbaycanda kök salsın. Mənəviyyat keşikçiləriyik. Bax, buna görə bizə qarşı bu kampaniyalar aparılır”.
Öz gücünə ərazi bütövlüyünü, suverenliyini təmin edən Azərbaycan həm də iqtisadi və hərbi qüdrəti, dünyadakı nüfuzu ilə Cənubi Qafqazın lider dövlətidir. Avropa Parlamenti kimi korrupsiyalaşmış və ikili standartlardan qidalanan qurumların qərəzli münasibətləri bölgədəki reallıqları dəyişdirə bilməz. Milli maraqlarını hər şeydən üstün tutan Azərbaycan bu cür təzyiqlərə heç zaman boyun əyməyib və bundan sonra da belə olacaq. Müstəmləkəçilik, irqçilik, islamofob təfəkkürə malik bəzi qərəzli Qərb dairələri anlamaq məcburiyyətindədir ki, müstəqil siyasət yürüdən güclü Azərbaycanla təzyiq dili ilə danışmaq mümkün deyil.
Yasəmən MUSAYEVA,
“Azərbaycan”