Yenilik ölkənin aqrar sektoruna nə vəd edir?
Azərbaycanda ev təsərrüfatlarının uçot qaydalarının yenilənməsi fermerlər və fərdi təsərrüfat sahibləri arasında bəzi suallar yaradıb. Yeni qaydalar hansı dəyişiklikləri gətirəcək? Kiçik ailə təsərrüfatlarında istehsal olunan məhsullar da uçota alınacaqmı? Bu proses fermerlər üçün əlavə öhdəliklər yaradacaq, yoxsa kənd təsərrüfatında istehsalın real həcmini müəyyənləşdirməyə və sahənin daha düzgün planlaşdırılmasına kömək edəcək?
Əslində, ev təsərrüfatlarının uçotu Azərbaycanda uzun illərdir aparılan ənənəvi statistik tədbirlərdəndir. Kənddə ötən əsrin 40-cı illərindən, şəhər və qəsəbələrdə isə 2012-ci ildən tətbiq olunan bu proses ailələrin faktiki yaşayış və təsərrüfat vəziyyətinin öyrənilməsini nəzərdə tutur. Dövlət Statistka Komitəsi bildirir ki, uçotun məqsədi ailələrin real vəziyyətini öyrənməkdir. Toplanan məlumatlar əhalinin yaşayış şəraiti, məşğulluğu və təsərrüfat fəaliyyəti barədə dolğun məlumat əldə etməyə imkan verir. Yeni mərhələdə isə əsas dəyişiklik uçotun rəqəmsal formata keçirilməsidir. Başqa sözlə, gələn ildən ev təsərrüfatları haqqında məlumatların toplanması tam elektron qaydada həyata keçiriləcək. Məlumatların vahid informasiya sistemində birləşdirilməsi və Elektron Hökumət İnformasiya Sisteminə (EHİS) inteqrasiyası nəzərdə tutulur. Bununla da əvvəllər vətəndaşlardan sorğu yolu ilə əldə edilən məlumatların bir hissəsi dövlət informasiya sistemlərindən götürüləcək, eyni məlumatların təkrar təqdim edilməsi zərurəti azalacaq. Sistemin digər yeniliyi vətəndaşların öz ev təsərrüfatlarına dair məlumatlarla "mygov" platforması vasitəsilə tanış ola bilməsidir. Sistemin ən əsas üstünlüyü ondadır ki, məlumatların işlənilməsi və qorunması qanunvericiliyin tələblərinə uyğun aparılacaq, şəxsi informasiyaların məxfiliyi təmin ediləcək.
İqtisadçı Razi Abbasbəylinin fikrincə, ev təsərrüfatları ilə bağlı dəqiq statistik məlumatların toplanması aqrar sektorda mövcud vəziyyətin qiymətləndirilməsi və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün vacibdir: "İlk növbədə nəzərə almaq lazımdır ki, hökumətin aqrar sektorun inkişafı ilə bağlı dəqiq strateji proqramları olmalıdır. Belə proqramların hazırlanması üçün isə faktlara əsaslanan statistik məlumatlar tələb olunur. Hökumət həmin məlumatları təhlil etməklə hansı regionlarda ev təsərrüfatlarının inkişaf etdiyini, hansı ərazilərdə istehsalın zəif olduğunu müəyyənləşdirə bilər. Bu günə qədər Azərbaycanda belə bir statistik baza lazımi səviyyədə formalaşmamışdı. Bu da dəqiq təhlillərin aparılmasını çətinləşdirirdi".
Kənd təsərrüfatında dəqiq statistik məlumat bazasının formalaşdırılması ilk növbədə dövlətin aqrar siyasətinin düzgün qurulması üçün vacibdir. Çünki istehsalın real həcmi, təsərrüfatların sayı və regionlar üzrə fəaliyyət göstəriciləri haqqında məlumatı bilmədən aqrar sahənin inkişafına dair effektiv qərarlar qəbul etmək çətindir. Yeni uçot mexanizmi vasitəsilə hansı bölgələrdə kənd təsərrüfatı istehsalının artdığını, hansı ərazilərdə isə gerilədiyini müəyyənləşdirmək mümkün olacaq. Bu məlumatlar dövlət dəstəyinin istiqamətləndirilməsi, istehsal imkanlarının qiymətləndirilməsi və aqrar sahədə mövcud problemlərin müəyyən edilməsi baxımından əhəmiyyətlidir.
Bəlkə kiməsə elə gələ bilər ki, uçotun məqsədi təsərrüfatları əlavə öhdəliklərlə yükləməkdir. Təbii ki, elə deyil. Əsas məsələ onların fəaliyyətini və istehsal imkanlarını düzgün qiymətləndirməkdir. Toplanan məlumatlar məhz bu məqsədə xidmət edəcək. Bu isə həm kiçik fermerlərin ehtiyaclarını müəyyənləşdirməyə, həm də kənd təsərrüfatının ümumi inkişaf istiqamətlərini planlaşdırmağa imkan verəcək. Məsələn, süd, yumurta, ət və digər məhsulların istehsalı barədə dəqiq məlumatlar əldə etmək mümkün olacaq ki, bu da ölkədə ərzaq istehsalının ümumi mənzərəsinin müəyyənləşdirilməsi deməkdir.
Unutmaq olmaz ki, uçotun səmərəli təşkili üçün məlumatların toplanması prosesi fermerlər üçün sadə və anlaşıqlı olmalıdır. Xüsusən kiçik ailə təsərrüfatlarının imkanları nəzərə alınmalı, onlardan tələb olunan məlumatların həcmi və təqdimetmə qaydası əlavə çətinlik yaratmamalıdır. Rəqəmsal sistemin tətbiqi də məhz bu baxımdan əlçatan və rahat mexanizmə çevrilməlidir. Buraya Razi Abbasbəylinin iqtisadçı mövqeyini də əlavə etsək, mənzərə aydın olar: "Əsas məqsəd iqtisadi təhlillər üçün etibarlı statistik bazanın yaradılmasıdır. 2027-ci ildə toplanacaq məlumatlar 2028-ci ildə yenidən aparılacaq uçotla müqayisə edilə bilər. Bu zaman təsərrüfatlarda heyvanların, quşların və digər istehsal vasitələrinin sayında artımın, yoxsa azalmanın baş verdiyini dəqiq görmək mümkün olacaq. Bu həm aqrar sektorun inkişafı, həm də ölkənin ümumi iqtisadi vəziyyətinin daha dolğun təhlili üçün vacibdir. Hesab edirəm ki, ev təsərrüfatlarının uçotunun aparılmasını sosial şəbəkələrdə narahatlıq doğuran məsələ kimi təqdim etmək doğru deyil. Bu, inkişaf etmiş Avropa ölkələrində də tətbiq olunan praktikadır".
Bütün hallarda kənd təsərrüfatında dəqiq uçot sisteminin formalaşdırılması istehsalın real vəziyyətini görmək və mövcud imkanları düzgün qiymətləndirmək sarıdan vacib addımdır. Ancaq bu mexanizmin səmərəsi toplanan məlumatların aqrar siyasətdə, fermerlərə dəstək proqramlarında və ərzaq təhlükəsizliyinin təmin olunmasında nə dərəcədə istifadə ediləcəyi ilə ölçüləcək. O üzdən əsas məsələ uçotun ev təsərrüfatları üçün əlavə bürokratik yükə deyil, onların fəaliyyətinin inkişafına xidmət edən vasitəyə çevrilməsidir ki, buna da şübhə etmirik.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"