Şuşada, Yuxarı məsçidin həyətində Mir Möhsün Nəvvab sakit guşəyə çəkilib rəsm çəkirdi. Qərib məsçid hücrəsində hisslərini, duyğularını rənglərə köçürər, rahatlıq tapardı.
Bir gün Nəvvab yenə əvvəlki peşəsiylə məşğulkən nagahani səsdən diksindi:
- Salaməleykum.
Başını qaldıranda qarşısında 15-16 yaşlarında iki gənc gördü. O, cavanları başdan-ayağa diqqətlə süzüb təəccübləndi:
- Buyurun, əyləşin, - deyə onlara yer göstərdi.
Cavanlar nəzakətlə keçib göstərilən yerdə əyləşdilər. Nəvvab yenə də işinə davam etdi. O, dizi üstə dördkünc vərəqdə cövhərlə şəkil çəkirdi... Cavanlar rəssamın işinə heyranlıqla baxırdılar. Onlar həm utanır, həm də çəkinirdilər, sual verməyə də cəsarət etmirdilər. Həmin cavanlardan biri Əmir Hacıyev idi". (A.Teymurov "Hər cizgidə bir ahəng". "Qobustan" jurnalı, 1971).
Əmir Səhliəli oğlu Hacıyev (1899-1972) qədim Azərbaycan şəhəri Şuşada anadan olub. Onun rəssamlığa, təbiəti seyr etməyə xüsusi həssaslığı varmış. Atası rəsm çəkməyi ona qadağan etməsinə baxmayaraq, Əmir gördüklərini təsvir etməyə can atarmış. Ə.Hacıyev 1911-ci ildən rəssam kimi tanınmağa başlayır. O zamanlar Şuşa Real Məktəbində oxuyurmuş. Sonralar isə Şuşa seminariyasında müəllim işləyərkən portretlər yaratmış, plakatlar çəkirmiş. Həmin vaxtlarda gənc rəssam Şuşada təhsilin, mədəniyyətin tərəqqisinə xüsusi səy göstərmiş, kiçik pyeslər yazaraq, onları tamaşaya qoymuşdur.
1922-ci ildə Ə.Hacıyev Bakıya köçmüş, burada Azərbaycan Rəssamlıq Məktəbində təhsil almış (1922-1925), qızlar məktəbində rəsm müəllimi işləmişdir. Bu illərdə yazıçı Süleyman Sani Axundovla dostlaşmış, "Şərq qadını" jurnalı ilə əməkdaşlıq etmişdir.
Əmir Hacıyev əsasən təsviri sənətin qrafika sahəsində bədii yaradıcılığını inkişaf etdirmişdir. Rəssamın yaradıcılığında əsas yeri kitab qrafikası tutmuşdur. O, 1930-cu illərdə Azərbaycan Dövlət Nəşriyyatında ("Azərnəşr") baş rəssam işləmiş, bir çox şair və yazıçının kitablarının bədii tərtibatını hazırlamış, əsərlərinin süjetləri əsasında illüstrasiyalar yaratmışdır. Qeyd olunanlara nümunə olaraq, S.S.Axundovun "Qaraca qız" (1924), "Əlifba" (1925), "Azərbaycan türk el nəğmələri" (1927), Ə.Əbülhəsənin "Yoxuşlar" (1931), M.Müşfiqin "Şəngül, Şüngül, Məngül" (1934), A.Şaiqin "Oyunçu bağalar" (1934), Y.V.Çəmənzəminlinin "Qızlar bulağı" (1934), M.F.Axundzadənin "Hekayəti Molla İbrahim Xəlil Kimyagər" (1938), Nizami Gəncəvinin "Yeddi gözəl" (1940), Məhəmməd Füzulinin "Leyli və Məcnun" (1953) əsərlərini və başqalarını göstərmək olar. Ə.Hacıyev həmçinin Qasım bəy Zakir (1951), M.Füzuli (1953), M.Ə.Sabir (1957), M.P.Vaqif (1959), M.Lermontovun "Aşıq Qərib" əsərlərinin motivləri əsasında diqqəti cəlb edən dəzgah rəsmləri yaratmışdır. Rəssam deyirdi: "Məncə hər xəttin bir ahəngi var. Bunları musiqidə müxtəlif rənglərə, avazlara bənzətmək olar. Gərək bir gül yarpağı çəkəndə də çalışasan ki, cizgilər bir-birinə oxşamasın".
II Dünya müharibəsi illərində rəssamlar "Təşviqat pəncərəsi" tipli plakatlar yaradırdılar. Bu istiqamətdə rəssamın yaradıcılıq xidmətləri nəzərəçarpandır. Onun "Cəbhəyə isti paltar" (1941), "Ac toyuq yuxusunda darı görər" (1942) adlı plakatları olduqca bədii ifadəlilik xüsusiyyətinə malikdir. Rəssam həmçinin bu dövrdə müharibə qəhrəmanları Qafur Məmmədov və Hüseynbala Əliyevin portretlərini yaratmışdır. Qeyd etmək yerinə düşər ki, 44 günlük II Qarabağ müharibəsində şanlı zəfər qazanmış, rəşadətli ordumuzun qəhrəman zabit və əsgərlərinin rəssamlarımız tərəfindən portretləri, bu mövzuda təsviri sənət əsərlərinin meydana çıxması təqdirəlayiq olardı .
Ə.Hacıyev 1946-cı ildə Cənubi Azərbaycana ezam olunan incəsənət xadimləri arasında da olmuşdur. Təbriz mədəniyyət sarayında xüsusi emalatxana açan rəssam orada 25 nəfərdən artıq emalatxana üzvlərinə peşəkar rəssamlıq sənətini öyrətmişdir. Sonralar rəssamın şagirdləri arasında Əkbər Şərqzad, Qafar Ordubadi, Murtuza Naxçıvani, İsmayıl Anuzkar kimi istedadlı rəssamlar yetişmişdir. Ə.Hacıyev eyni zamanda Təbrizdə olduğu üç il müddətində klassik Azərbaycan ədəbiyyatını dərindən öyrənmiş, öz yaradıcılığını daha da püxtələşdirmişdir. Qeyd etmək lazımdır ki, rəssamın yaradıcılıq palitrası bu dövrdən dəyişməyə başlamışdır. Onun yaradıcılığında miniatür sənətinin təsiri və izləri özünü qabarıq şəkildə büruzə verməyə başlamışdır. Rəssamın yaratdığı XI əsr Azərbaycan şairi Qətran Təbrizinin portreti yaddaqalandır. Eyni zamanda XIV əsr şairi Həbibinin sulu boya ilə işlənmiş portreti də rəssamın uğurlu işlərindəndir.
Ə.Hacıyev 1970-ci illərdə "Doğma Azərbaycan" silsiləsinə daxil olan bir sıra diqqəti cəlb edən miniatür tipli əsərlər ərsəyə gətirmişdir. "Azərbaycan", "Şuşa", "Şamaxı", "Bakı", "Çay yığanlar", "Çobanlar", "Pambıqçı qızlar" adlı əsərlər bu qəbildəndir. Rəssamın yaradıcılığının əsas xüsusiyyətləri kimi, lirizm, milli ənənələrə bağlılıq, miniatür üslubuna yaxınlıq incə xətt keçidlərinə üstünlük verməsi ilə seçilir. O, həmçinin süjetli və ornamental xalçalara eskizlər vermişdir.
Ə.Hacıyevin yaradıcılığı yüksək qiymətləndirilərək ona Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adı verilmişdir. Rəssamın bütov yaradıcılıq yolunu nəzərdən keçirərkən onun doğma Vətəninə, tarixinə, elinə, öz mədəniyyətinə, ənənələrə bağlılığını və bu ənənələri yaradıcılığında həmişə tərənnüm etdiyini aydın duymaq olar. Fikrimizcə, məhz elə bu sayğı rəssamı əsl rəssam etmişdir. Ə.Hacıyevin yaradıcılıq irsi Azərbaycan Milli İncəsənət Muzeyi, Milli Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılır, nümayiş olunur.
Ə.Hacıyevin vəfatından bu il yarım əsr ötür. Təbii ki, ötən 50 ildə dünyada və ölkəmizdə böyük dəyişikliklər baş verib. Doğma yurdumuz əbədi müstəqillik qazanıb, rəssamın doğulduğu Şuşa şəhəri 44 günlük şanlı müharibədən sonra azadlığa qovuşub.
Əsəd QULİYEV,
sənətşünas, Rəssamlar İttifaqının üzvü