Bu dövrdə fondun ümumi gəlirləri 12,3 milyard manatdan çox təşkil edib
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair məlumat yayıb. Məlumatda bildirilir ki, fondun aktivləri cari ilin əvvəlinə 73 milyard 542 milyon dollar (125 milyard 21 milyon manat), sentyabr ayının 30-na isə 74 milyard 4 milyon dollar (125 milyard 807 milyon manat) təşkil edib.
Bu ilin 9 ayı ərzində ARDNF-nin ümumi gəlirləri 12 milyard 341,3 milyon manat olub. Sözügedən dövrdə fondun neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 milyard 740,6 milyon manat təşkil edib. Vəsaitlərin idarə edilməsi fəaliyyətindən əldə edilən toplam gəlirlər 3 milyard 600,7 milyon manat olub. Büdcə xərcləri hesabat dövrü üzrə 9 milyard 681,2 milyon manat təşkil edib.
Əvvəlcə neft-qaz gəlirlərinə nəzər salaq: fondun neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı əldə etdiyi 8 milyard 740,6 milyon manat gəlirin 7 milyard 343,9 milyon manatı mənfəət neftinin və qazın satışından formalaşıb. 0,9 milyon manat bonus ödənişləri və tranzit gəlirləridir. Akrhesabı ödənişləri 4,9 milyon manat olub. "Cənub qaz dəhlizi" QSC-nin dövlətə məxsus payın satışından daxilolmaları isə 1 milyard 390,9 milyon manatdır.
Qeyd edək ki, sözügedən dövr ərzində ARDNF-yə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan 6 milyard 570,6 milyon manat, "Şahdəniz" yatağından (qaz və kondensat) isə 565,1 milyon manat məbləğində vəsait daxil olub.
Fonddan aldığımız məlumatda büdcə xərclərinə aid rəqəmlər də öz əksini tapıb. Belə ki, hesabat dövründə ARDNF-nin 2026-cı il büdcəsinin icrası çərçivəsində 9 milyard 628 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.
Yanvar-sentyabr aylarında icrası davam edən bu layihələrə ümumilikdə 27,7 milyon manat yönəldilib: "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın maliyyələşməsinə - 3,6 milyon manat. "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı"nın maliyyələşməsinə - 21,9 milyon manat. Beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsi - 2,2 milyon manat.
Sözügedən dövrdə ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 25,5 milyon manat təşkil edib. Qızıl qiymətinin və valyuta məzənnələrinin dəyişməsindən yaranan büdcədənkənar xərc isə 1 milyard 874 milyon manat olub.
ARDNF həmçinin bildirib ki, 2026-cı ilin üçüncü rübü ərzində davam edən geosiyasi gərginliklər, inflyasiya təzyiqləri və monetar siyasət ilə bağlı gözləntilər bütün əsas aktiv siniflərinə təsir göstərməkdə davam etdiyindən qlobal maliyyə bazarlarında volatillik yüksək olaraq qalıb. Rüb ərzində müşahidə olunan volatilliyə baxmayaraq, qlobal səhm bazarlarında müsbət gəlirlilik qeydə alınıb, dövlət istiqrazları bazarları isə gəlirlilik dərəcələrinin yüksəlməsi fonunda təzyiq altında olub. Enerji qiymətlərinin artımının təsiri ilə əmtəə bazarlarında əhəmiyyətli yüksəliş müşahidə edilib, qızılın qiyməti isə yüksək volatillik nümayiş etdirərək rübün sonuna doğru zəifləyib.
Üçüncü rüb ərzində enerji qiymətlərinin yüksəlməsi, davamlı inflyasiya və iqtisadi aktivliyin dayanıqlı qalması faiz dərəcələrinin yüksək səviyyədə saxlanılacağına dair gözləntiləri gücləndirib və nəticədə əsas inkişaf etmiş ölkələrdə dövlət istiqrazlarının gəlirlilik dərəcələri artıb. Dövlət borclanması ilə bağlı narahatlıqlar və yüksək həcmdə borc qiymətli kağızlarının emissiyası uzunmüddətli istiqrazların gəlirlilik dərəcələrinə əlavə təzyiq göstərib. Gəlirlilik dərəcələrinin artması istiqrazların dəyərinə mənfi təsir edib.
İyul-sentyabr ayları ərzində dayanıqlı iqtisadi artım, şirkətlərin güclü maliyyə nəticələri, eləcə də süni intellekt və onunla əlaqəli infrastruktura investisiyaların davam etməsi qlobal səhm bazarlarının yüksəlişini dəstəkləyib. Avqust ayında bazarlarda güclü bərpa müşahidə edilib, lakin sentyabr ayında istiqraz gəlirliliklərinin və enerji qiymətlərinin yüksəlməsi, eləcə də gərginliklərin yenidən artması investorların gözləntilərinə mənfi təsir göstərərək volatilliyin yüksəlməsinə səbəb olub. Bu mənfi amillərə baxmayaraq, qlobal səhm bazarları rübü artımla başa vurub, şirkətlərin güclü fundamental göstəriciləri isə bazarların daha mürəkkəb makroiqtisadi şəraitə davamlılığını dəstəkləyib.
Cari ilin üçüncü rübü ərzində qızılın qiymətində yüksək volatillik müşahidə edilib. Avqust ayında geosiyasi qeyri-müəyyənliyin yenidən artması və investisiya tələbinin fonunda qızılın qiyməti nəzərəçarpacaq dərəcədə yüksəlib. Lakin sentyabr ayında ABŞ Xəzinədarlıq istiqrazlarının gəlirlilik dərəcələrinin və ABŞ dollarının möhkəmlənməsi nəticəsində bu tendensiya əks istiqamətdə dəyişib.
Flora SADIQLI,
"Azərbaycan"