14 Oktyabr
İlham ƏLİYEV: "Artıq təmas xətti yoxdur, Azərbaycan Ordusunun xilaskarlıq missiyası davam edir"
Ali Baş Komandandan növbəti müjdəli xəbər
Ali Baş Komandan İlham Əliyev rəsmi "X" səhifəsində paylaşım edərək xalqa növbəti müjdəli xəbəri verib:
"Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"
Tərtər, Ağdam və Ağcabədinin ərazisi artilleriya atəşinə tutulub
Səhər saatlarından başlayaraq Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulub. Ordumuz tərəfindən adekvat tədbirlər görülüb.
Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhəboyu əməliyyat üstünlüyünü saxlayıblar.
Düşmənin ballistik raket kompleksi sıradan çıxarılıb
Səhər saat 08:36 radələrində düşmən tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna yaxın sərhədyanı ərazilərdə növbəti əməliyyat-taktiki ballistik raket kompleksinin start vəziyyətinə gətirildiyi müşahidə edilib.
Mülki insanlar arasında tələfata səbəb olmaq, mülki infrastruktura xələl yetirmək məqsədilə operativ-taktiki raketlər Gəncə, Mingəçevir və ölkəmizin digər şəhərlərinə doğru hədəflənıb. Legitim hərbi hədəf kimi start vəziyyətində olan raketlər qabaqlayıcı dəqiq zərbə ilə sıradan çıxarılır.
Bölmələrimiz əks-həmlə əməliyyatı həyata keçirib
Cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində vəziyyət gərgin olaraq qalıb.
Ermənistan silahlı qüvvələrinin bölmələri gecə ərzində cəbhənin bəzi istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə basqın edib və görülən tədbirlər nəticəsində itki verərək geri oturdulub.
Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin 5 ədəd
T-72 tankı, 3 ədəd BM-21 "Qrad" YARS,
1 ədəd "Osa-AKM" ZRK, 1 ədəd PDM-2,
1 ədəd KS-19 zenit topu, 2 ədəd D-30 haubitsa topu, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Düşmənin 3 ədəd "Elbrus" ballistik raket qurğusu məhv edilib
Hərbi İnformasiya Mərkəzində brifinq keçirilib. Azərbaycan Hərbi Hava Qüvvələrinin qərargah rəisi, general-mayor İkram Əliyev mülki əhalini hədəfə alan Ermənistan silahlı qüvvələrinə məxsus operativ-taktiki komplekslərin taktiki xüsusiyyətləri və onların imkanları barədə məlumat verib.
Qeyd edilib ki, 9K72 operativ-taktiki raket kompleksi (OTZK) 8K14 raketi ilə birgə canlı qüvvəni, idarəetmə məntəqələrini, aerodromları və digər əsas obyektləri məhv etmək üçün təyin olunur. Bu kompleks silahlanmaya 1967-ci ildə qəbul edilib. Raketin atəş məsafəsi 50-300 kilometr, maksimal uzaqlığa uçma vaxtı 5 dəqiqə, start çəkisi 5862 kiloqram, doldurulmamış raketin çəkisi isə 2076 kiloqramdır. Uzunluğu 11 metr 164 santimetrdir. Korpusunun diametri 880 millimetrdir. Kompleksin ümumi çəkisi 37 ton, döyüş heyəti 8 nəfərdən ibarətdir.
Əgər bu raket atılsaydı, o, hətta Bakının da ətrafına düşə bilərdi. Yəni bu sistemlər Dağlıq Qarabağ ərazisinə keçsəydi, həmin sistemlərin atəş məsafəsi Bakıdan da uzağı hədəfləyərdi.
Brifinqdə o da vurğulanıb ki, gecə saat 01:00 radələrində iki ədəd və səhər 08:30 radələrində bir ədəd olmaqla, ümumilikdə, üç ədəd "Elbrus" ballistik raket qurğuları ordumuz tərəfindən aşkarlanaraq məhv edilib.
"Azərbaycan"