Rusiya alimləri klassik fizika qanunlarını maşın öyrənməsi alqoritmləri ilə birləşdirən hibrid qatar idarəetmə modeli hazırlayıblar. Rusiya Elm Fondunun (RSF) mətbuat xidmətinin məlumatına görə, yeni model qatarların hərəkət trayektoriyalarının hesablanmasında ənənəvi metodlardan 10–15% daha yüksək dəqiqlik nümayiş etdirib. Bu texnologiyanın tətbiqi Rusiya dəmir yollarında enerji sərfiyyatının və qatarların aşınmasının azaldılmasına kömək edə bilər.
Omsk Dövlət Nəqliyyat Universitetinin dosenti Stanislav İstomin bildirib ki, hazırlanmış alqoritm dəmir yolu şəraiti, qatarın yükü və ərazinin relyefi nəzərə alınmaqla optimal idarəetmə strategiyalarının müəyyənləşdirilməsinə imkan verəcək. Onun sözlərinə görə, gələcəkdə belə sistemlər enerjiyə qənaət etməyə və qatarların istismar müddətini uzatmağa, xüsusilə də uzun məsafəli yükdaşımaların səmərəliliyini artırmağa şərait yaradacaq.
Rusiya dəmir yollarının uzunluğuna görə dünyada ilk üç ölkə sırasındadır və ölkənin dəmir yolu xətlərinin üçdə birindən çoxu elektrikləşdirilib. Həmin xətlər həm sərnişin, həm də yük daşımalarında geniş istifadə olunur. Bu isə hərəkət heyətinin və dəmir yolu infrastrukturunun istismarı zamanı əhəmiyyətli enerji sərfiyyatına səbəb olur.
Enerji xərclərinin azaldılması yollarından biri qatarların optimal sürətini və iş rejimini müəyyən edən alqoritmlərdən istifadədir. Bu zaman relyef, küləyin sürəti, hərəkət müqaviməti və enerji istehlakına təsir göstərən digər amillər nəzərə alınır. Lakin yalnız fiziki modellərə əsaslanan mövcud alqoritmlər relslərin aşınmasını, hava şəraitini və konkret qatarın xüsusiyyətlərini hər zaman dəqiq qiymətləndirə bilmir. Bu problemi aradan qaldırmaq üçün rusiyalı tədqiqatçılar fiziki tənlikləri maşın öyrənməsi metodları ilə vahid qatar idarəetmə modelində birləşdiriblər. Modelin hazırlanmasında Qərbi Sibir Dəmir Yolunun müxtəlif hissələrində elektrik lokomotivləri ilə hərəkət edən yük qatarlarının 1500-dən çox real səfərinə dair məlumatlardan istifadə olunub.
Toplanmış məlumatlar əsasında nəzəri modellərin tam nəzərə ala bilmədiyi amillər də daxil olmaqla, müxtəlif hərəkət şəraitində qatarın müqavimətini hesablamağa imkan verən alqoritm hazırlanıb. Nəticədə, müəyyən marşrutlarda qatarların hərəkətinin riyazi təsviri dəqiqləşdirilib. Hesablanmış və faktiki səfər vaxtları arasındakı fərq bir dəqiqədən az olub, hesablamaların dəqiqliyi isə 10–15% yaxşılaşıb.
Yeni alqoritmin yaxın vaxtlarda Rusiya dəmir yollarında real istismar şəraitində sınaqdan keçirilməsi planlaşdırılır.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”