Otuz beş illik ömür içərisində yaşadıqları,
gördüyü işlər saysız-hesabsız məqalələrə, cild-cild kitablara sığmır. Cəfər Cabbarlı
istedadı ilə, ədəbi-mədəni mühitə gətirdiyi yeniliklərlə çox gənc yaşlarından diqqəti
cəlb etmişdi. Elə o vaxtlardan haqqında dəyərli fikirlər söylənilməyə və yazılmağa
başlanıldı.
Cabbarlı
yaradıcılığına həsr olunmuş ilk yazı...
Onun yaradıcılığından bəhs edən birinci yazı
102 il bundan qabaq işıq üzü gördü. Həmin vaxtlar Abbas Mirzə Şərifzadənin rəhbərliyi
ilə Cəfər Cabbarlının "Ədirnə fəthi” pyesi tamaşaya qoyulmuşdu. "Tamaşaçı” imzası
ilə "Açıq söz” qəzetinin 1917-ci il 18 dekabr taixli sayında dərc edilən resenziyada
da "Ədirnə fəthi”ndən bəhs olundu. Müəllifinin görkəmli tənqidçi Seyid Hüseyn olduğu
güman edilən yazıda əsərin doğurduğu təəssüratlar diqqət çəkirdi. Müəllif dekabrın
15-i, cümə günü sənət məktəbinin tələbələrindən biri - Cabbarzadənin yeni yazmış
olduğu "Ədirnə fəthi” adlı pyesinin Aktyorlar İttifaqı tərəfindən birinci dəfə tamaşaya
qoyulduğunu yazırdı: "...Bu pyesa o qədər şirin, o qədər ruh qabardacaq bir üslub
ilə yazılmışdır ki, doğrudan da, bu vəqtə qədər səhnəmiz şirinlik və ruh yüksəkliyi
cəhətindən böylə bir əsər görməmişdir”. Tənqidçi ədəbi əsərin uğurları ilə bərabər
qüsurlarını da qeyd edirdi.
O zaman çox gənc olmasına baxmayaraq, C.Cabbarlı
artıq "Vəfalı Səriyyə”, "Solğun çiçəklər”, "Nəsrəddin şah”, "Ulduz” pyeslərini yazmışdı.
"Ədirnə fəthi”ndən sonra da ədəbi-mədəni mühitdə maraqla qarşılanan neçə-neçə dram
əsərinin müəllifi oldu. Bu pyeslər xalqımızın teatr zövqünün formalaşmasında mühüm
rol oynadı.
Dramaturgiya yaradıcılığında xüsusi yer tutsa
da, Cəfər Cabbarlı istedadı yalnız bir sahədə məhdudlaşmadı. Onun yaradıcılıq yolu
zəngin və məhsuldar oldu. Gözəl şair olan Cəfər Cabbarlı həm lirik, həm də satirik
şerlərin müəllifidir.
Siyasi qarşıdurmalarla müşayiət olunan dövrün
Azərbaycan üçün nə qədər ağır və məsuliyyətli olduğunu yaxşı bilən C.Cabbarlı xalqın
təəssübkeş ziyalılarına qoşuldu, Azərbaycan Xalq Cümhuriyyəti dövründə müstəqil
dövlətin güclənməsinə çalışdı.
"Azərbaycan
sovet dramaturgiyasının banisi”
Sovet hakimiyyəti onun cümhuriyyət dövründə
və sonralar göstərdiyi ictimai-siyasi fəallığı unutmadı. Buna görə təqiblərə məruz
qaldı, iki dəfə həbs edildi. Şübhəsiz ki, 1937-ci ilin repressiya burulğanı Cəfər
Cabbarlıdan da yan keçməyəcəkdi. Amma böyük millətsevər o vaxtadək yaşamadı.
1935-ci ildə vəfat edən sənətkarın ölümü ilə bağlı yazılmış dövlət nümayəndələrinin
rəsmi başsağlığında ondan "Azərbaycanın sevimli yazıçısı, Zaqafqaziyanın böyük dramaturqu”,
"təvazökar və sosializm quruluşu işinə sadiq adam” deyə bəhs olundu. Buna baxmayaraq,
bütün yaradıcılığı, əsərləri təqdir olunmadı. Çünki onların bir çoxunda C.Cabbarlının
yolunda canından keçməyə hazır olduğu ideyalar əksini tapmışdı. Sovet dövründə lazımınca
tədqiq olunmasa da, bir sıra əsərləri gizlədilsə də, bəzilərinin üzərindən sükutla
keçilsə də, Cəfər Cabbarlı unudulmadı. Bu, mümkün də deyildi. Ona görə ki, C.Cabbarlısız
Azərbaycan teatr sənəti solğun, kasıb görünərdi.
Dövrün ideologiyasına uyğun olaraq onu "Azərbaycan
sovet dramaturgiyasının banisi” kimi təqdim etdilər. Cəfər Cabbarlı haqqında geniş
məzmunlu elmi-tənqidi məqalələr, həyat və yaradıcılığına həsr olunmuş memuarlar
yazıldı. 1917-ci ildən başlayaraq sovet hakimiyyətinin ilk illərinədək Seyid Hüseynlə
yanaşı Abdulla Şaiq, Xəlil İbrahim, Abbas Mirzə Şərifzadə, Hacıbaba Nəzərli, Böyükağa
Talıblı, Əziz Şərif, Hənəfi Zeynallı, Mustafa Quliyev və dövrünün digər tanınmış
ziyalıları cabbarlışünaslığın yaranmasında, formalaşmasında fəal iştirak etdilər.
Sonrakı illərdə Əmin Abid, Əli Nazim, Səməd Vurğun, Mehdi Hüseyn, Rəsul Rza, Məmməd
Arif, Cəfər Xəndan, Mir Cəlal, Mirzə İbrahimov, Məmməd Cəfər Cəfərov, Məmmədhüseyn
Təhmasib, Sabit Rəhman, Əziz Mirəhmədov və başqalarının C.Cabbarlıya həsr etdikləri
elmi-tənqidi məqalələr respublikanın müxtəlif mətbuat orqanlarının səhifələrində
dərc olundu. Sovet hakimiyyəti illərində həmçinin akademik Məmməd Arif "Cəfər Cabbarlının
yaradıcılıq yolu” (1956), Cəfər Cəfərov "Cəfər Cabbarlı” (1960), Fəridə Vəzirova
"Cəfər Cabbarlı yaradıcılığında sosializm realizmi” (1960), Mərziyə Paşayeva "Cəfər
Cabbarlı arxivinin təsviri” (1965), Əmirxan Xəlilov "Sənət və sənətkar” (1974),
Elmira Gözəlova "Cəfər Cabbarlı və rus mədəniyyəti” (1975), Rasim Tağıyev "Azərbaycan
sovet dramaturgiyasının banisi” (1979), Nəmidə Abbasova "Cəfər Cabbarlı dramaturgiyasında
söz” (1983), Paşa Əfəndiyev "Cəfər Cabbarlı və xalq yaradıcılığı” (1985), Arif Abdullazadə
"Şair Cəfər Cabbarlı” (1989), Rəhim Əliyev "C.Cabbarlının yaradıcılıq təkamülü”
(1989) və başqa müəlliflər yazdıqları monoqrafiyalarda sənətkarın zəngin irsini
araşdırdılar.
Cabbarlışünaslıq
müstəqillik illərində
Ötən əsrin sonlarında Azərbaycan yenidən
öz müstəqilliyinə qovuşdu. Həmin illərdən başlayaraq əksər sahələr kimi, ədəbiyyatşünaslıqda
da canlanma müşahidə olundu. Cabbarlışünaslığa sanballı töhfələr olan əsərlər yazıldı,
sənətkarın həyat və yaradıcılıq yolu araşdırıldı. Ədəbiyyatşünas alilərimizdən professorlar
Timuçin Əfəndiyev "C.Cabbarlı və romantik dramları” (1999), Elçin "Cəfər Cabbarlı.
Şəxsiyyəti və yaradıcılığı haqqında düşüncələr” (2000), "Şəxsiyyət və istedad”
(2000), Səlahəddin Xəlilov "Sıxılmış zaman və ya Cabbarlı fenomeni” (2000), "Cavid
və Cabbarlı. Müxtəlifliyin vəhdəti” (fəlsəfi etüdlər) (2001), Teymur Əhmədov "Böyük
sənət baharı” (2001), Alxan Bayramoğlu "Azərbaycan Demokratik Respublikası dövründə
ədəbiyyat” (2003), Asif Rüstəmov "Susmaz duyğuların səltənətində” (2002), "Cəfər
Cabbarlı: həyatı və mühiti” (2009), bu günlərdə nəşr olunmuş "Cəfər Cabbarlı və
cabbarlışünaslıq” kitabları bu qəbildəndir. Həmçinin akademik Bəkir Nəbiyev, akademik
İsa Həbibbəyli, professorlar Nizaməddin Şəmsizadə, Şamil Salmanov, Arif Səfiyev,
Aydın Dadaşov, İlham Rəhimli, Aydın Kazımov, Firudin Qurbansoy və başqaları elmi-tənqidi
məqalələrində Cəfər Cabbarlı yaradıcılığının əhəmiyyətindən bəhs etdilər.
Hər zaman müasirliyini, aktuallığını saxlayan
ədəbi-bədii nümunələr bütün dövrlərdə ədəbiyyatşünaslığın diqqətini cəlb edir. Azərbaycan
ədəbiyyatında öz dəstxəti olan Cəfər Cabbarlının zəngin bədii irsi də bu cəhətləri
ilə həmişə ədəbiyyatşünaslar, tədqiqatçılar üçün maraqlı olaraq qalacaq və tədqiq
ediləcək.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan”