15 May 2026 09:10
493
Mədəniyyət
A- A+
Şöhrət onu dəyişə bilmədi

Şöhrət onu dəyişə bilmədi


Azərbaycan teatr və kino sənətində elə simalar var ki, onlar yalnız yaratdıqları obrazlarla deyil, öz xarakterləri, həyat tərzləri və daxili aləmləri ilə də yadda qalırlar. Belə sənət adamlarından biri də Əməkdar incəsənət xadimi, görkəmli teatr rəssamı və aktyor Elçin Məmmədov idi. O, sənətdə rənglərin dilinə vaqif olan, bacarıqlı rəssam, ekranda isə sadəliyi və səmimiyyəti ilə tamaşaçını heyran edən aktyor idi. 

Elçin Məmmədov 1946-cı il mayın 29-da sənətkar ailəsində dünyaya gəlib. Atası Azərbaycanın görkəmli teatr xadimi, SSRİ Xalq artisti Mehdi Məmmədov, anası məşhur aktrisa, Xalq artisti Barat Şəkinskaya idi. İllər sonra tale onu da ata-anası kimi çəkiliş meydanlarına aparıb, kinoaktyor kimi tanınıb, tamaşaçıların rəğbətini qazanıb. Ancaq valideynlərinin yolunu tam şəkildə təkrarlamayıb, teatr rəssamı kimi çalışıb. Çünki uşaqlıq çağlarında valideynlərinin şöhrəti ona sevincdən çox qayğı gətirmişdi. Sənətə bağlı olan ata-anası evdə az olurdu. Elçinin qayğısını daha çox özündən 14 yaş böyük bacısı Solmaz çəkirdi. Elçin həddindən artıq dəcəl uşaq olub. Nadincliyinə görə, müəllimləri ondan həmişə şikayətləniblər. Barat xanımı buna görə tez-tez məktəbə çağırıblar.

Elçin Məmmədov uşaqlıqdan rəssamlığa meyil göstərib. Orta məktəbi bitirəndə rəssam olmaq arzusu ilə sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Rəssamlıq fakültəsinə təqdim edib. İmtahanlardan uğurla keçərək tələbə adını qazanıb. Hələ tələbə ikən yaradıcılıq qabiliyyəti ilə diqqəti cəlb edib. Peşəkar səhnədə ilk işi uşaqlıq dostu Azər Paşa Nemətovun Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyduğu "Mənim qardaşım klarnetdə çalır" tamaşasına verdiyi tərtibat olub. Bu iş gənc rəssamın sənət yolunda həm də ilk uğuru kimi yadda qalıb.

Sonralar Elçin Məmmədov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rəssamı olub. Ümumiyyətlə, o, Azərbaycanın demək olar ki, bütün teatrlarında çalışıb. Akademik Milli Dram Teatrı, Musiqili Teatr, Rus Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, eləcə də Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt və Mingəçevir teatrlarında onun səhnə tərtibatı verdiyi tamaşalar böyük maraq doğurub. Elçin Məmmədov yalnız Bakıda deyil, Moskva, Arxangelsk və digər şəhərlərdə də 100-dən çox tamaşanın rəssamı olub. O, hazırladığı səhnə tərtibatları ilə tamaşanın ruhunu rənglərlə ifadə edə, məkan həllinə çevirə bilib. Akademik Milli Dram Teatrında "Xırs quldurbasan", "Dəli yığıncağı", "İblis", "Meşşanlar", "İnsan", "Hamlet", Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Danabaş kəndinin məktəbi", "Şamdan bəy", "Keçən ilin son gecəsi", "Salam, Hotsi", Azərbaycan Dövlət Rus Dram Teatrında "Həyatın dibində", "Mənim məhəbbətim Elektra", "Qar kraliçası", "Şeyx Sənan", "Amansız oyunlar" və başqa tamaşaların uğur qazanmasında onun da böyük xidməti olmuşdu. 

Amma geniş tamaşaçı kütləsi Elçin Məmmədovu daha çox kinoaktyor kimi tanıyıb. O, körpəlikdən teatr və kino sənətinə xidmət edən sənətkarların arasında olsa da, aktyorluğa gəlişi təsadüf nəticəsində baş verib. Görkəmli kinorejissor, Xalq artisti Tofiq Tağızadə "Yeddi oğul istərəm" filmində Mirpaşa roluna çəkmək üçün əvvəlcə Xalq artisti Eldəniz Zeynalovu dəvət edib. Lakin aktyor at çapmaq istəməyib. Kinorejissor seçimini dəyişməli, bu rola Elçin Məmmədovu çəkməli olub.

Film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. "Yeddi oğul istərəm"də ən yaddaqalan obrazlarından biri də Mirpaşa idi. Elçin Məmmədov kobud, sərt görünüşlü Mirpaşanın daxili dünyasını, sadəliyini, saflığını ustalıqla  canlandırıb. Kinoda bu ilk rolu onu məşhurlaşdırıb. Küçədə onu "Mirpaşa" deyə çağırıblar.

"Yeddi oğul istərəm"dən sonra kino sənətində aktyor kimi fəaliyyətini davam etdirib. "Dədə Qorqud", "Dantenin yubileyi", "Yarımçıq qalmış mahnı", "Xəzinə", "Toya dəvətnamə", "Qəribə adam", "Bağlı qapı" kimi maraqlı filmlərdə yaddaqalan obrazlar ifa edib.

Elçin Məmmədov "İblis" tamaşasına verdiyi tərtibata görə 1984-cü ildə Azərbaycan Dövlət mükafatı alıb. O, 1991-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına, iki dəfə - 1999 və 2001-ci illərdə Azərbaycan Teatr Xadimləri İttifaqının "Qızıl Dərviş" mükafatına layiq görülüb. 

Son quruluş verdiyi tamaşa yenə də uşaqlıq dostu Azər Paşa Nemətovun hazırladığı "Hamlet" olub. Amma tale ona bu tamaşanın premyerasını görməyi nəsib etmədi.

Kənardan cüssəli, zarafatcıl, sağlam insan təsiri bağışlasa da, əslində, hələ 33 ağır infarkt keçirmişdi. Bundan sonra ürəyindən gileylənməmişdi. 2001-ci ilin fevralında isə həmişəki kimi emalatxanasına gedib. Halı pisləşib. Yaxınlıqdakı adamlardan xahiş edib ki, emalatxanadakı rəssamlardan birini çağırsınlar. Otaq yoldaşı gələndə Elçin Məmmədov artıq həyata gözlərini əbədi yummuşdu. Rəssam, aktyor Elçin Məmmədovun 2001-ci il fevralın 18-də - ömrünün 55-ci ilində dünya ilə vidalaşması xəbəri sənət aləmi üçün ağır itki oldu.

Ömrü uzun olmasa da, o, sənətdə silinməz izlər qoyub. Elçin Məmmədov yaddaşlarda sadə, səmimi, gülərüz, şöhrətin dəyişdirə bilmədiyi nadir insanlardan biri kimi qalıb.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İrana müraciət edib: “Masaya qayıdın və razılaşma əldə edin”

01:17
08 İyun

İran yenidən İsrailə hava zərbələri endirib

23:48
07 İyun

Ermənistanda keçirilən parlament seçkilərində seçicilərin 58,97 faizi iştirak edib

22:23
07 İyun

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb

20:58
07 İyun

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır

20:13
07 İyun

Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub  

19:43
07 İyun

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır

19:31
07 İyun

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub 

18:59
07 İyun

Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb  

18:47
07 İyun

Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər

18:42
07 İyun

ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq  

18:15
07 İyun

Tramp: ABŞ Tehranla razılığa gəlsə, zənginləşdirilmiş uranı məhv etmək üçün birlikdə çalışacaq  

18:14
07 İyun

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı müşahidə radar məntəqələrinə zərbələr endirib  

17:51
07 İyun

Azərbaycan ilə Dağıstan, Kareliya, Həştərxan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir

16:47
07 İyun

XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb  

15:11
07 İyun

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

14:06
07 İyun

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var  

13:32
07 İyun

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm

12:57
07 İyun

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

12:49
07 İyun

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

11:50
07 İyun

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək  

11:47
07 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!