Aşiqi-sadiq,
əsir səhləb və Xarı bülbülün Şuşadan Gülablıyadək uzanan qəmli hekayəti...
Ömrü çox qısadır...
Amma bu nakam
ömrə bir dünya sığdırıb...
O, aşiqi-sadiqdir...
Gülün, bülbülün,
xarın bir-birinə olan eşqinin üçlü simvolu, Xarı bülbül...
Xarı bülbül
adi çiçək deyil, o bir möcüzədir. Başqa bir gül varmıdır ki, adı çəkiləndə ürəklərdə
dağa çevrilmiş Qarabağ həsrəti bir daha göynəsin, vətən nisgilinin simvoluna dönsün...
Özü isə əsir
çiçək olsun...
Bülbül, xar,
çiçək...
Qarabağ işğal
olunduqdan sonra itirdiklərimiz təkcə torpaqla, yurdla məhdudlaşmadı. Bu, həm də
xalqımızın mədəniyyət, təbiət, sərvət itkisi oldu. Qarabağın hər bir guşəsi təbiətinin
füsunkarlığı ilə insanı valeh edir. Bu torpağın adı gələndə yada düşənlərdən biri
də çiçəklərin baş tacı olan Xarı bülbüldür...
Vətənimiz
Azərbaycanın, Qarabağın, Şuşanın, Gülablı kəndinin çiçək rəmzi...
Qarabağ dağlarında
Xarı bülbül adlanan qeyri-adi bir çiçək bitir. Çiçəyə bu ad bülbülə bənzədiyinə
görə verilib... "Xar” sözü isə tikan mənasını verir, yəni "tikanlı bülbül”...
Ətri belə
olmayan bu çiçəyin haqqında tam təsəvvürü ancaq onu görməklə əldə etmək olar. Xırda
bənövşəyi rəngli ləçəkləri otların, başqa gül-çiçəklərin içərisində çox çətinliklə
seçilir. Gülün üç ləçəyi olur, simmetrik quruluşuna görə aydınca görmək olur ki,
gülün dörd ləçəyi olmalı imiş. Bu dördüncü ləçəyin yerində isə arıya bənzəyən, üstündə,
cücülərdə, böcəklərdə olduğu kimi naxışları, məxmər kimi nazik tükcüklərlə örtülü
bir böcək - xar var.
Belə bir təsəvvür
yaranır ki, böcək gülün dördüncü ləçəyini yeyib, başını gülün ortasına qoyub və
bunun üçün də böcəyin başı görünmür. Gülün düz ortasında isə sanki bir bülbül oturub.
Bülbülün çiynində iki balaca ləçək var, gülün öz ləçəklərinin rəngindən bir azca
tünddür və digər ləçəklərdən xeyli balacadır. Aydınca görünür ki, bu ləçəklər bülbülün
qanadlarıdır. Hətta gülü əlinə alanda belə inanmırsan ki, bülbül də, gülün bir ləçəyinin
yerində bitmiş arıya bənzər böcək də canlı deyil, sadəcə çiçəyin bir hissəsidir.
Xarı bülbül
çiçəyi aprel ayının axırı - may ayının əvvəlində bitir, ömrü isə çox qısa olur,
cəmi on beş-iyirmi gün...
Xarı bülbül
tək halda bitir və bir neçə Xarı bülbül çiçəyini bir yerdə görmək mümkün deyil.
Həmişə başqa
güllərə yuxarıdan baxıb...
Xarı bülbülün
digər adı Qafqaz Qaş Səhləbidir. O, toxumla artan çoxillik bitkidir. Xarı bülbül
Orxideyalar fəsiləsinə, Ofris (Ophrys lat.) cinsinə aiddir. Ofris səhləbkimilər
fəsiləsinə aid bitki cinsidir. Ofris cinsinin 50-dən çox növü var və bunların bir
çoxu Azərbaycanın müxtəlif bölgələrində, ümumiyyətlə Qafqaz, Zaqafqaziya ərazisində
bitir. Digərləri isə Türkiyə, Yunanıstan, Krım və başqa ölkələrdə bitir. Bu bitkinin
Azərbaycanda bitən bütün növləri Xarı bülbül adı ilə tanınır və latınca "ophrys
caucasica” və ya "ophrys mammosa” adlanır. "Ophrys” yunan mənşəli sözdür, mənası
qaş deməkdir.
Tədqiqatçı
alimlər bu adı bitkiyə verməklə məcazi mənada bu gülün digərlərinə yuxarıdan aşağı
baxmağını eyham ediblər. Səhləb fəsiləsinin bir çox nümayəndələri kimi ofrislər
də kök toxumasında müştərək surətdə yaşayan və bitkiyə lazım olan simbiotik göbələklərdən
asılıdır. Məhz bu səbəbdən həmin bitkiləri başqa yerdə əkmək olmur - çünki onlar
məhv olur. Bu bitkilər nadir bitkilər hesab olunurlar. Onu da qeyd edək ki, onlar
dövlət tərəfindən qorunurlar və Xarı bülbül və ofrislərin bir çox başqa növləri
Qırmızı kitabda qeydə alınıblar.
Gül bülbülü,
xar isə gülü sevir...
Qarabağın
Xarı bülbül çiçəyi haqqında dillərdə qırxa yaxın əfsanə və rəvayət dolaşır.
...Bir zamanlar
bütün bitkilər insanlar kimi danışırmışlar, sevinib gülə bilirmişlər, hətta sevə
bilirmişlər... Rəvayətə görə, bülbül çiçəyi sevir, bütün gül-çiçəklər də bu məhəbbəti
hiss edirlər. Hər gün sübh tezdən bülbül çiçəyin üstünə qonub ona məhəbbət mahnısı
oxuyarmış, gül-çiçəklər də bu nəğmənin təsirindən rəqs edər, şənlənərmiş. Amma xar
belə bir şadyanalığa, sevgiyə, məhəbbətə dözə bilmir, qısqanclıqdan, paxıllıqdan
az qalır bağrı çatlasın. Çiçəyi bülbüldən ayırmaq üçün gəlib ona öz ürəyini açır,
sevgisini bildirir. Çiçək xarı rədd etməyə çalışır. Acıqlanan xar çiçəyin saplağı
ilə yuxarı dırmaşır, onun bir ləçəyini yeyir. Bülbül gülün məhv olduğunu görüb fəryad
qoparır. Bütün gül-çiçəklər də bu fəryada qoşulur. Lakin xarın daş qəlbi yumşalmır,
yenə çiçəyi yeməkdə davam edir, onda hamı Allah-Təalaya yalvarır ki, onların canını
alsın, amma çiçəklə bülbülün eşqinə, məhəbbətinə qıymasın. Bəli, onların ah-naləsi
qəbul edilir. Beləliklə, hamısı sadəcə bitkiyə çevrilir. Çiçək, bülbül və xar -
üçü bir çiçəyə çevrilirlər. O zaman ki, gül-çiçəklər fədakarlıq edib, canlarını
bülbüllə çiçəyin eşq-məhəbbətinə qurban vermişdilər, Xarı bülbül də çiçəyə söz vermişdi
ki, bu fədakarlığa cavab olaraq yalnız onların bitkiyə çevrildikləri yerdə bitəcək.
Belə də olur...
Xarı bülbülə
çiçəklərin bitkiyə çevrildiyi Qarabağ torpağından başqa, dünyanın heç bir yerində
rast gəlmək mümkün deyildir. Hətta ən məharətli bağbanlar da bu gülü başqa torpaqda
yetişdirə bilmirlər...
Vətən bağı
al-əlvandı, yox içində Xarı bülbül...
Ağa Məhəmməd
şah Qacar Şuşada qətlə yetiriləndən sonra İbrahimxəlil xan İranla münasibəti yoluna
qoymaq üçün öz sevimli qızı Ağabəyim ağanı Fətəli şaha ərə verir. Ağabəyim ağa da
ömrü boyu vətən həsrəti ilə yaşayır. Könül dərdlərini bayatı, qoşma və qəzəllərlə
dilə gətirir.
Şah Ağabəyim
ağanın qəlbi şad olsun deyə Qarabağdan torpaq, müxtəlif gül-çiçək kolları, meyvə
ağacları gətirərək bağ saldırır. Hətta bağban da şuşalı olur. Bağın adını da "Vətən
bağı” qoyurlar. Ağabəyim ağa bu gözəl bağçanı gəzərkən bütün gülləri, çiçəkləri
özünəməxsus sevgi ilə oxşayıb, ürəyi atlanıb. Amma Şuşadan uzaqda xarı bülbülün
bitməməsindən məyus olaraq dərdini belə dilə gətirir:
"Vətən bağı”
al-əlvandı,
Yox içində
"Xarı bülbül”!
Ömür sürməli
dövrandı,
Səsin gəlsin
barı, bülbül...
Xarı bülbül
çiçəyi hətta Ağabəyim Ağa Ağabacının Vətən həsrətini, qəriblikdə çəkdiyi əzabları
yüngülləşdirmək üçün də saldırdığı bağda da bitmir ki, bitmir...
Gülablının
yaylağında tapdım səni, Xarı bülbül...
Xarı bülbül
haqqında maraqlı bir əhvalat da xalq şairi Mirvarid Dilbazi ilə bağlıdır. Şuşaya
yaxın ərazidə yerləşən Ağdamın Gülablı kəndində də xarı bülbül bitirdi və şairə
bura gələn zaman Gülablı qızları Qarabağın bu inci çiçəyini ona hədiyyə edirlər.
Mirvarid Dilbazi isə şerində Xarı bülbülü belə tərənnüm edir...
Çox gəzmişəm
sorağında,
Doğma vətən
torpağında.
Gülablının
yaylağında
Tapdım səni,
xarı bülbül.
Bizə bahardan
hədiyyə,
Mən səni gec
tapdım niyə!
Xarı bülbül
deyə-deyə,
Ömrüm oldu
yarı, bülbül.
Bu Gülablı
qızlarının
Fəxri, iftixarı,
bülbül!..
Qeyd edək
ki, Şuşada bu bitkinin əsas məskəni Cıdır düzü olub, Qızıl Qaya deyilən yerdə bitib.
Gülablı kəndində isə bu çiçək Çıraqlı, Haçadağ, Damcı bulaq, Gülablı sanatoriyasının
ərazisində bitir...
Xarı bülbül
çiçəyindən həm də xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində geniş istifadə
edilir. Çiçəyin təsvirinə Azərbaycan xalçalarında da önəm verilib...
Almara NƏBİYEVA,
filologiya
üzrə fəlsəfə doktoru