10 Oktyabr 2026 09:20
136
Mədəniyyət
A- A+
Şərqlə Qərb arasında mənəvi körpü yaradan alim ömrü

Şərqlə Qərb arasında mənəvi körpü yaradan alim ömrü


Tarixdə elə şəxsiyyətlər var ki, həyat və fəaliyyətləri yalnız yaşadıqları dövrün hüdudlarını əhatə etmir, onların fikirləri, ideyaları, formalaşdırdıqları mənəvi irs nəsillər üçün dəyərli örnəyə çevrilir. Belələri öz zəhmətləri, istedadları, seçdikləri sahəyə sonsuz sədaqətləri ilə bütöv bir elmi istiqamətin yaradılmasına, yeni düşüncə məktəbinin təşəkkül tapmasına töhfə vermiş şəxsiyyətlərdir. Azərbaycanın ictimai fikir tarixində bu ucalığı fəth edən, adı çəkiləndə göz önünə dərhal dərin zəka ilə zərif kübarlığın vəhdəti gələn nadir insanlardan biri də görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevadır. 

El arasında deyirlər ki, həqiqi ziyalılıq sadəcə elmi titulların, yüksək vəzifələrin cəmi deyil; o, daxili mədəniyyətin, xalqa bağlılığın, nəcibliyin və ətrafa nur saçmaq bacarığının bir zirvəsidir. Azərbaycan xalqı elm, mədəniyyət, ədəbiyyat tarixində silinməz iz qoymuş görkəmli ziyalıları ilə hər zaman qürur duyub. Bu şəxsiyyətlərin həyat və fəaliyyətinin öyrənilməsi, zəngin irsinin qorunması, gənc nəsillərə çatdırılması mühüm əhəmiyyət daşıyır.

Bu il anadan olmasının 87-ci ildönümü tamamlanan professor Aida xanım İmanquliyeva təkcə şərqşünaslıq elmində inqilabi yeniliklər edən, respublikamızda bu sahə üzrə ilk qadın elmlər doktoru olan böyük alim deyil, həm də XX əsr Azərbaycan mühitinin formalaşdırdığı ən parlaq ziyalı obrazıdır. O, öz fundamental tədqiqatları ilə Şərqlə Qərb arasında sarsılmaz bir mədəniyyət körpüsü qurarkən, eyni zamanda yüksək mənəviyyatı, prinsipiallığı, humanizmi və insanlara göstərdiyi xeyirxah qayğısı ilə əsl milli ziyalı elitamızın ən dəyərli nümunəsinə çevrilmişdir. Onun həm elm fədaisi, həm də kübar bir xanım və rəhbər kimi cəmiyyətdə qoyduğu dərin izlər zaman keçdikcə daha böyük ehtiramla yad edilən əbədi bir məktəbdir. 


Ərəb filologiyası üzrə ilk qadın elmlər doktoru və professor


Jurnalist ailəsində doğulub-böyümüşdü, atası milli mətbuat tariximizin görkəmli simalarından olan Nəsir Əsədulla oğlu İmanquliyev sovet Azərbaycanının ən nüfuzlu mətbuat orqanlarından "Bakı", "Baku" axşam qəzetlərinin yaradıcısı və 32 il baş redaktoru olmuşdu. Anası Gövhər xanım Sultanzadə isə köklü ziyalı və əsilzadəlik ənənələrinə malik bir ailənin nümayəndəsi idi. 

Gənc yaşlarından elmə, ədəbiyyata böyük marağı olan Aida İmanquliyeva hələ Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin tələbəsi olduğu illərdən Şərq xalqlarının zəngin mədəni irsini araşdırmağa başlamışdı. O, ADU-nun Şərqşünaslıq fakültəsində 1957-1962-ci illərdə təhsil almışdı. Həmin dövrdə bu fakültənin məzunlarına müxtəlif Şərq ölkələrində tərcüməçi kimi çalışmaq daha cəlbedici görünürdü. Keçmiş SSRİ-nin yaxın münasibətlərdə olduğu ölkələrlə birgə həyata keçirilən layihələrdə çalışmaq üçün ərəb dilini mükəmməl bilən mütərcimlərə böyük ehtiyac vardı. Bu fakültə belə kadrların hazırlanması sahəsində ən peşəkar mərkəzlərdən sayılırdı. Ona görə fakültənin məzunlarını asanlıqla xarici ölkələrə çalışmağa göndərirdilər. Aida xanım isə elm sahəsini seçdi. Məzunu olduğu ADU-nun Şərqşünaslıq fakültəsinin Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasının aspiranturasına qəbul olundu. Yüksək elmi potensialını, perspektivlərini nəzərə alaraq onu Moskvaya - SSRİ Elmlər Akademiyasının Asiya Xalqları İnstitutunun aspiranturasında oxumağa, tədqiqatlar aparmağa göndərdilər. 1966-cı ildə namizədlik dissertasiyasını uğurla müdafiə edərək alimlik dərəcəsinə layiq görüldü. 

Aida xanım İmanquliyeva Bakıya qayıtdıqdan sonra onun elmi taleyi Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu ilə bağlandı. 1966-cı ildə burada kiçik elmi işçi kimi fəaliyyətə başladı. Bir neçə il ərzində kiçik elmi işçidən şöbə müdiri, elmi işlər üzrə direktor müavini və nəhayət, Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinə yüksəldi. 1989-cu ildə isə Tbilisi şəhərində doktorluq dissertasiyasını uğurla müdafiə etdi və çox keçmədən professor adına layiq görüldü.

O, yalnız ölkəmizdə deyil, beynəlxalq elmi mühitdə də tanınan tədqiqatçı kimi müasir ərəb ədəbiyyatının öyrənilməsində yeni elmi yanaşmaların əsasını qoymuşdur. Elmi irsinin ən diqqətəlayiq xüsusiyyətlərindən biri onun hələ ötən əsrdə Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı əlaqələrinə, fərqli sivilizasiyalar arasında mənəvi yaxınlaşma və mədəni dialoq məsələlərinə xüsusi əhəmiyyət verməsidir.

Bu gün qloballaşmanın geniş vüsət aldığı, xalqlar və mədəniyyətlər arasında münasibətlərin yeni məzmun qazandığı bir dövrdə qarşılıqlı anlaşma, tolerantlıq və ortaq mənəvi dəyərlərin qorunması beynəlxalq gündəliyin mühüm mövzularındandır. Müxtəlif mədəniyyətlərin bir-birini zənginləşdirməsi, fərqli düşüncə sistemlərinin qarşılıqlı təsiri və sivilizasiyalar arasında dialoqun inkişafı müasir elmi və ictimai fikrin əsas istiqamətlərini təşkil edir. Aida İmanquliyevanın elmi araşdırmalarında geniş yer alan bu məsələlər onun tədqiqatlarının zamanın sərhədlərini aşan mahiyyətini bir daha nümayiş etdirir.

Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycan tarixən müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin qarşılıqlı ünsiyyət məkanı olmuşdur. Ölkəmizin zəngin mənəvi irsi, çoxəsrlik tolerantlıq ənənələri və multikultural dəyərləri bu gün də cəmiyyətimizin mühüm xüsusiyyətlərindəndir. Bu baxımdan Aida İmanquliyevanın Şərq və Qərb ədəbi-mədəni əlaqələrinin araşdırılmasına həsr etdiyi əsərlər ədəbiyyatşünaslıq qədər, fəqrli mədəniyyətlər arasında münasibətlərin mahiyyətini anlamaq baxımından da xüsusi əhəmiyyət kəsb edir.


Şərqşünaslıq elminə dəyərli töhfələr


Professor Aida İmanquliyeva çoxsaylı elmi əsərlərinə əbədi ömür bəxş etmişdir. Görkəmli alimin elmi fəaliyyətində ərəb məhcər ədəbiyyatının tədqiqi əsas yer tuturdu. O, araşdırmalarında məhcər ədəbiyyatının əsas xüsusiyyətlərini, onun çoxəsrlik zəngin ərəb ədəbiyyatı ilə oxşar və fərqli cəhətlərini, bütövlükdə ərəb ədəbiyyatına gətirdiyi yenilikləri üzə çıxarırdı. Məhcər ədəbiyyatının müasir ərəb ədəbiyyatı üçün açdığı imkanların və digər aktual məsələlərin elmi təsvirini verirdi.

Doğma vətənlərindən uzaqda, əsasən, Amerika qitəsində məskunlaşmış ərəb yazıçı və mütəfəkkirlərinin yaradıcılığı alimin daim xüsusi marağında idi. Bu ədəbi mühitin nümayəndələri öz milli köklərini və mədəni kimliklərini qorumaqla yanaşı, yaşadıqları yeni cəmiyyətin ədəbi-fəlsəfi düşüncəsindən də bəhrələnmiş, nəticədə Şərq və Qərb ənənələrinin vəhdətini əks etdirən yeni yaradıcılıq istiqaməti formalaşdırmışlar.

Aida İmanquliyeva məhz bu mürəkkəb ədəbi prosesləri dərindən təhlil edərək ərəb məhcər ədəbiyyatının inkişaf qanunauyğunluqlarını, onun klassik ərəb ədəbiyyatı ilə əlaqələrini, Qərb və rus ədəbiyyatından təsirlənmə xüsusiyyətlərini elmi əsaslarla araşdırmışdır. Alimin tədqiqatları müxtəlif mədəniyyətlər arasında mövcud olan qarşılıqlı təsirin ədəbiyyatda necə təzahür etdiyini anlamağa imkan yaratmışdır.

Onun "Qələmlər birliyi və Mixail Nüaymə", "Cübran Xəlil Cübran" və "Yeni ərəb ədəbiyyatı korifeyləri" adlı fundamental monoqrafiyaları şərqşünaslıq elminin dəyərli nümunələri sırasındadır. Bu əsərlərdə Cübran Xəlil Cübran, Mixail Nüaymə, Əmin ər-Reyhani, İlya Əbu Mazi kimi tanınmış mütəfəkkirlərin yaradıcılığı geniş şəkildə təhlil edilmiş, onların dünya ədəbiyyatına gətirdikləri yeniliklər və fəlsəfi-estetik baxışları elmi müstəvidə qiymətləndirilmişdir.

Alimin 1975-ci ildə Moskvada nəşr olunmuş ilk monoqrafiyası Mixail Nüaymənin yaradıcılığına həsr olunmuşdur. Müəllif kifayət qədər ciddi elmi əsaslarla bu qənaəti diqqətə çəkir ki, "Qələmlər Birliyi"nin yaranması ərəb ədəbiyyatının, mədəniyyətinin inkişafında müstəsna əhəmiyyəti olan yeni ədəbi məktəbin formalaşması kimi qiymətləndirilməlidir. Monoqrafiyada vurğulanır ki, M.Nüaymə, C.X.Cübran, İ.Abu Mazi kimi görkəmli ədibləri öz sıralarında birləşdirən bu cəmiyyət ərəb ədəbiyyatının inkişafında bütöv bir mərhələ təşkil etmiş, xeyli dərəcədə onun sonrakı inkişafını müəyyənləşdirmişdir.   

Aida xanım İmanquliyeva Cübran Xəlil Cübranın və Əmin ər-Reyhaninin daha çox Qərb romantizminin, Mixail Nüaymənin isə rus tənqidi realizminin təsirinə məruz qaldığını göstərmiş, bunun əsas səbəbini onların dünyagörüşü, düşdükləri mühitin ədəbi-bədii qayəsi və yaradıcılıq istiqamətləri ilə bağlamışdır. Müəllif doğru olaraq belə bir nəticəyə gəlmişdir ki, Cübran və ər-Reyhanidə R.U.Emersonun, U.Uitmenin, N.Toronun, Şellinin, Bayronun, Hüqonun təsiri daha çox hiss edildiyi halda Poltavada təhsil almış Mixail Nüaymənin bədii yaradıcılığında L.Tolstoyun, İ.Turgenevin, A.Çexovun, ədəbi-tənqidi məqalələrində isə V.Belinskinin təsiri müşahidə olunur. Görkəmli ərəbşünas alim romantik poeziyanı onun Qərbdə C.Bayron, U.Bleyk, R.Emerson, U.Uitmen, Şərqdə isə C.X.Cübran, Əmin ər-Reyhani, M.Nüaymə kimi məşhur nümayəndələrinin timsalında araşdırmış, bir tərəfdən hiss və əqlin, digər tərəfdən isə Şərq və Qərb düşüncə tərzlərinin vəhdət məqamlarını üzə çıxararaq bəşəriyyətin məhz bu vəhdətə doğru inkişaf əzmini təsbit etmişdir.

Öz tədqiqatlarında poetik ruhla fəlsəfi düşüncənin, romantizmlə realizmin ittifaqından çıxış edən Aida xanım Azərbaycan ədəbi və fəlsəfi fikrində ilk dəfə olaraq Şərq və Qərb romantiklərinin müqayisəli təhlilini aparmışdır. Ümumilikdə, alimin Şərq müdrikliyi ilə Qərb həssaslığını özündə cəmləşdirən ərəb məhcər ədəbiyyatının yaranması, inkişafı, sənətkarlıq xüsusiyyətləri, onun başqa ədəbi məktəblərdən fərqli cəhətləri barədə mülahizə və fikirləri bu gün də görkəmli şərqşünaslar tərəfindən bəyənilir və qəbul edilir. Şərqşünaslıq sahəsində dövrünün dünyaşöhrətli alimləri Ziya Bünyadovun, İosif Bradinskinin, Anna Dolininanın, Valeriya Kripçenkonun, Rüstəm Əliyevin Aida xanımın fəaliyyətinə verdikləri yüksək qiymət onun elmin nə qədər uca zirvəsində qərar tutduğunu göstərir.

Aida İmanquliyevanın elmi irsi üç fundamental monoqrafiya və 70-dən artıq elmi məqaləni əhatə edir. Bu əsərlərdə həm ədəbi cərəyanların inkişafı, janr və üslub dəyişiklikləri, bədii düşüncənin təkamülü, həm də müxtəlif xalqların ədəbiyyatları arasında əlaqələr kimi mühüm problemlər araşdırılmışdır. 

Alimin əsərlərində insanın mənəvi dünyası, azadlıq idealları, milli kimlik, humanizm və ümumbəşəri dəyərlər kimi mövzular xüsusi yer tutur. O, müxtəlif mədəniyyətlər arasında fərqlərin mövcudluğunu qarşıdurma səbəbi kimi deyil, qarşılıqlı zənginləşmə imkanı kimi nəzərdən keçirirdi. 


Yaddaşlarda əbədi iz


Aida İmanquliyeva elmə ardıcıl töhfələr verən məhsuldar tədqiqatları ilə yanaşı, eyni zamanda bacarıqlı elm təşkilatçısı və pedaqoq kimi də böyük nüfuz qazanmışdı. O, Azərbaycanda ərəbşünaslıq üzrə yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsinə xüsusi diqqət yetirir, gənc tədqiqatçıların elmi inkişafına hər zaman dəstək göstərirdi. Onun rəhbərliyi və elmi məsləhətləri ilə yetişən mütəxəssislər sonrakı illərdə Azərbaycan şərqşünaslıq məktəbinin inkişafında mühüm rol oynamışdılar.

Akademik Ziya Bünyadov Aida xanımın elmi-pedaqoji fəaliyyətini yüksək qiymətləndirərək onun gənc alimlərə göstərdiyi diqqəti, zəngin biliklərini bölüşməkdən çəkinmədiyini və işinə son dərəcə məsuliyyətlə yanaşdığını xüsusi vurğulayırdı. Alimi yaxından tanıyanların xatirələrində də onun yüksək tələbkarlığı, zəhmətsevərliyi, prinsipiallığı və elmi dürüstlüyü mühüm yer tutur.

Aida İmanquliyevanın fəaliyyəti Azərbaycanın elmi mühiti ilə məhdudlaşmırdı. O, keçmiş SSRİ-nin nüfuzlu elmi qurumlarında təmsil olunmuş, Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Koordinasiya Şurasının üzvü kimi çalışmışdı. Müxtəlif ölkələrdə və şəhərlərdə keçirilən beynəlxalq elmi konfranslarda, simpoziumlarda və konqreslərdə iştirak edərək Azərbaycan şərqşünaslıq elmini layiqincə təmsil etmişdi.

Aida İmanquliyevanın şəxsiyyətini səciyyələndirən xüsusiyyətlər yalnız elmi nailiyyətləri ilə məhdudlaşmırdı. O, yüksək intellekti, zəngin mənəvi dünyası, nəcibliyi, səmimiyyəti və insanlara qayğıkeş münasibəti ilə də yaddaşlarda əbədi iz qoymuşdur. Onun haqqında qələmə alınmış xatirələrdə görkəmli alim obrazı ilə yanaşı, incə duyğulara malik, insanlara yardım etməyi həmişə özünə mənəvi borc sayan, ailəsinə və yaxınlarına sonsuz məhəbbətlə bağlı olan əsl Azərbaycan qadınının portreti canlanır.

Xalq şairi Bəxtiyar Vahabzadə Aida İmanquliyevanın yaradıcılığını yüksək dəyərləndirərək onun elmi və bədii təfəkkürünün vəhdət təşkil etdiyini, zəngin intellektual dünyası ilə mənəvi kamilliyinin bir-birini tamamladığını qeyd edirdi. Görkəmli alim Vasim Məmmədəliyevin xatirələri də Aida xanımın mənəvi dünyasının zənginliyini aydın göstərirdi. 


Dəyərlərə bağlı Azərbaycan qadını


Aida xanım böyük alim, hər dərsi maraqla dinlənilən unudulmaz müəllim, bacarıqlı elm təşkilatçısı olmaqla yanaşı, eyni zamanda Azərbaycan üçün ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı, M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, akademik Nərgiz xanım Paşayevanı dünyaya gətirərək böyütmüş fədakar ana idi. Azərbaycanın böyük ziyalılarından biri, ölkəmizdə ilk Milli Aviasiya Akademiyasının yaradıcısı, akademik Arif Paşayevin vəfalı ömür-gün yoldaşı idi.

Mehriban xanım onu yetirmiş ananı belə xatırlayır: "Məsuliyyət hissini, hər bir işin əvvəlindən maksimum nəticə əldə etməyə çalışmağı, özünə tələbkar və intizamlı münasibəti mənə anam - nəcib, parlaq, prinsipial, istedadlı, məğrur, son dərəcə gözəl bir xanım olan Aida İmanquliyeva aşılayıb. Hər bir ədalətsizliyə qarşı barışmaz mövqedə dayanan, işinə, elmə və pedaqoji fəaliyyətə hədsiz sədaqətli olan anam öz qısa həyatında inanılmaz zirvələri fəth etdi... O, müasir ərəb ədəbiyyatının tədqiqi sahəsində öz yeni elmi məktəbini yaratdı, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru oldu. Anam dünyaşöhrətli alim idi, onun əsərləri bu gün də elmi dairələrdə yüksək qiymətləndirilir. Lakin bununla yanaşı, o, hər zaman adı böyük hərflərlə yazılan əsl Qadın olaraq qalırdı. Onun böyük sevən ürəyi, incə və səxavətli qəlbi var idi".

Aida xanımın həyat yolu Azərbaycan qadınının intellektual potensialının, iradəsinin və mənəvi gücünün parlaq ifadəsidir. O, öz zəhməti və biliyi ilə elmin yüksək pillələrinə yüksəlmiş, qadınların akademik mühitdə daha geniş təmsil olunması baxımından mühüm nümunə yaratmışdır. Qazandığı uğurlar istedadın, məqsədyönlülüyün və davamlı zəhmətin insan həyatında necə böyük nəticələrə yol aça bildiyini nümayiş etdirir.

Böyük alimin elmi irsinin aktuallığı illər keçdikcə daha aydın görünür. Onun Şərq və Qərb mədəniyyətləri arasında əlaqələrə dair araşdırmaları müasir dövrdə mədəni dialoqun, qarşılıqlı hörmətin və sivilizasiyalararası anlaşmanın əhəmiyyətini dərk etmək baxımından mühüm elmi mənbədir. Onun tədqiqatlarında öz əksini tapmış humanizm, mənəvi vəhdət və mədəniyyətlərin qarşılıqlı zənginləşməsi ideyaları bu gün də dəyərini qorumaqdadır. 

Aida xanım həyatdan vaxtsız köçsə də, yaratdığı elmi irs, yetişdirdiyi mütəxəssislər və insan yaddaşında qoyduğu xoş izlər hər zaman yaşamaqdadır. Çünki insanı əbədi edən onun malik olduğu dəyərlərdir. Professor Aida İmanquliyevanın adı da milli yaddaşda elmi fədakarlığın, intellektual zənginliyin, yüksək mənəviyyatın və digər ali dəyərlərin rəmzlərindən biri kimi öz yerini əbədi qoruyur.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vətənə xidmət edirəm

10:00
10 Oktyabr

ZƏFƏR gündəliyi

09:50
10 Oktyabr

İsraildən olan turistlər Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər

09:40
10 Oktyabr

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

09:30
10 Oktyabr

Gənclər Kitabxanasında görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb

09:25
10 Oktyabr

Şərqlə Qərb arasında mənəvi körpü yaradan alim ömrü

09:20
10 Oktyabr

Baş redaktor: "Avazadakı iclasların regional təhlükəsizlik baxımından nəticəyönümlü olacağına inanırıq"

09:15
10 Oktyabr

Yeni hədəflər və qarşıya qoyulan vəzifələr

09:10
10 Oktyabr

Məqsəd "Altı iqtisadiyyat - bir məhsul"dur

09:00
10 Oktyabr

Azərbaycanın MDB-də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir

08:50
10 Oktyabr

Mərkəzi Asiya dövlətlərinin etibarlı tərəfdaşı

08:40
10 Oktyabr

Ölkəmiz AQEM-in institusional inkişafına mühüm töhfələr verir

08:30
10 Oktyabr

Azərbaycan beynəlxalq nəqliyyat dəhlizləri üzrə mövqeyini möhkəmləndirir

08:20
10 Oktyabr

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

08:10
10 Oktyabr

Dövlətçilik iradəsinin, milli məsuliyyətin və gələcəyə inamın tarixi səhifəsi

08:00
10 Oktyabr

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə

00:51
10 Oktyabr

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

00:50
10 Oktyabr

“Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 aprel tarixli 638 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

00:48
10 Oktyabr

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

20:11
09 Oktyabr

Sülhün səsi ədalətdir

19:53
09 Oktyabr

Qaraciyər piylənməsinə qarşı təbii vasitə aşkar edilib

19:46
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!