10 Oktyabr 2026 09:50
167
SİYASƏT
A- A+
ZƏFƏR gündəliyi

ZƏFƏR gündəliyi


İlham ƏLİYEV: "Azərbaycan axıra qədər gedəcək"


10 oktyabr


Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusunun "dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatı uğurla davam edib. Müharibənin 14-cü günü düşmənə sarsıdıcı zərbələr endirilib.


Düşmənin 13 tankı, 15 artilleriya qurğusu məhv edilib


Azərbaycan Ordusunun hücum əməliyyatı nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsi, 13 tankı, 4 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-20 və D-30 topu, 3 ədəd 2S3 "Akasiya" özüyeriyən artilleriya qurğusu, 2 ədəd M55 "Zastava" zenit qurğusu, 2 radiolokasiya stansiyaları və radioelektron mübarizə vasitələri dəqiq atəşlə məhv edilib.


Hadrut, Goranboy, Tərtər, Ağdam atəşə məruz qalıb


Düşmən Xocalı istiqamətindən Hadrutu yaylım atəşli reaktiv sistemlərdən intensiv atəşə tutub. Həmçinin Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarının yaşayış məntəqələri düşmən tərəfdən atəşə məruz qalıb. Ordumuz Ermənistan silahlı qüvvələrinə qarşı adekvat tədbirlər görüb.

Düşmənin ağır döyüş texnikaları bölmələrimizin sərrast atəşi ilə məhv edilib.


Məhv edilən 9K72 "Elbrus" raket kompleksinin qalıqları aşkarlanıb


Ermənistan ərazisindən Mingəçevir istiqamətində atılan, lakin Azərbaycan hava hücumundan müdafiə sistemləri tərəfindən müəyyənləşdirilib məhv edilən 9K72 "Elbrus" əməliyyat-taktiki raket kompleksinin vurulmasından sonra yerə dağılan qalıqları aşkarlanıb.


Düşmən atəşkəs razılaşmasını pozub


Tərəflər arasında saat 12:00-da atəşkəs elan olunması barədə razılıq əldə edilməsinə baxmayaraq, Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib. Eyni zamanda bir sıra yaşayış məntəqəmiz Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalıb.

Düşmənin bütün hücum cəhdlərinin qarşısı bölmələrimiz tərəfindən uğurla alınıb. Ermənistan ordusuna qarşı adekvat cavab tədbirləri görülüb.

Atəşkəs rejimini pozan düşmənin zirehli texnikası, artilleriya bölməsi, həmçinin atəş nöqtələrinə çıxardığı ağır artilleriyası, döyüşə hazır vəziyyətə gətirilən zenit-raket kompleksləri dəqiq zərbələrlə məhv edilib.


İlham ƏLİYEV: "Biz öz bəyanatlarımıza sadiqik"


Prezident İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibə verib. Dövlət başçısı tərəflər arasında atəşkəsin elan olunması məsələsinə aydınlıq gətirərək deyib: "Biz öz bəyanatlarımıza sadiqik, Azərbaycan öz üzərinə götürdüyü öhdəlikləri həmişə yerinə yetirən ölkədir. Danışıqlar aparılması üçün sabaha razılıq verilib. Buna görə hər şey ATƏT-in Minsk qrupunun fəaliyyətindən, onların iş qrafikindən asılıdır". 

Prezident qətiyyətlə vurğulayıb ki, əgər erməni tərəfi atəşkəs rejiminə sadiq olarsa, onda siyasi nizamlama mərhələsi başlanacaq, danışıqlara məcburetmə fazası başa çatacaq. Amma Azərbaycan axıra qədər gedəcək.

Ali Baş Komandan bir daha Ermənistan rəhbərliyinə səslənərək deyib ki,  Azərbaycanla ultimatumlar, təhqirlər və şantaj dilində danışmaq olmaz. Paşinyan Azərbaycana 7 ultimatum təqdim edəndə, azərbaycanlıların hisslərini təhqir edəndə buna görə cəzalandırılmalı idi və bu gün Azərbaycan bunu reallaşdırır.


Atəşkəsi pozan düşmənə sarsıdıcı zərbələr endirilib


Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində hücum etməyə cəhd göstərib.

Düşmən günorta saatlarında Tuğ kəndi istiqamətindən Hadrut istiqamətinə, Aragül və Banazur istiqamətlərindən isə Cəbrayıl istiqamətinə hücum etməyə çalışıb.

Bölmələrimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində xeyli canlı qüvvə və döyüş texnikasını itirən düşmən geri çəkilməyə məcbur olub. Müdafiəni düzgün təşkil edən bölmələrimiz düşmənin irəliləməsinin qarşısını alıb, onu tələyə salaraq darmadağın edib. Döyüş toqquşması nəticəsində düşmənin 38 nəfər canlı qüvvəsi, 2 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 7 ədəd topu və sursatla dolu 2 yük maşını məhv edilib.

Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Ağdamın kəndlərini və saat 22:30-dan başlayaraq Tərtər şəhərini artilleriya atəşinə tutublar. 


11 oktyabr


Oktyabrın 11-də Ermənistan bir daha dünyaya əsl vəhşi xislətini nümayiş etdirib. Müharibə gedən ərazilərdən xeyli kənarda yerləşən şəhər və rayonlarımıza raketlər atılıb. Gəncə şəhərinə atılan raket dinc əhalinin ölümünə səbəb olub. Buna cavab olaraq Azərbaycan Ordusu düşmənin bir sıra mühüm hərbi obyektlərini, zirehli texnikasını, canlı qüvvəsini məhv edib.  


Gəncəyə raket atılıb - 9 nəfər həlak olub, 35 nəfər yaralanıb


Oktyabrın 11-də Ermənistanın silahlı qüvvələri Gəncə şəhərini növbəti dəfə atəşə tutub. Gecə saat 02:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə ermənilərin atdığı raket nəticəsində yaşayış binası tamamilə dağılıb, bina sakinləri dağıntılar altında qalıblar.  

4-ü qadın olmaqla 9 nəfər həlak olub, 35 nəfər yaralanıb. Bundan başqa, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Yaralı şəxslərdən biri müalicə olunduğu xəstəxanada vəfat edib.


Mehriban ƏLİYEVA: "Ermənistan nəticələri onun üçün dağıdıcı olacaq müharibənin yeni mərhələsinə təhrik edir"


Birinci vitse-prezident Mehriban xanım Əliyeva Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması ilə əlaqədar rəsmi "İnstaqram" səhifəsində paylaşım edərək dünya birliyini baş verən bu hadisəyə laqeyd qalmamağa çağırıb. 

Mehriban xanım Əliyeva paylaşımda qeyd edib ki, beynəlxalq təşkilatlar, hüquq-müdafiə strukturları, kütləvi informasiya vasitələri və ictimai rəyin liderləri Azərbaycanın mülki əhalisinə qarşı bu cür vəhşicəsinə amansızlığı kəskin pisləməlidirlər. Rusiyanın vasitəçiliyi ilə Moskvada əldə edilmiş razılaşmalara açıq-aşkar hörmətsizlik nümayiş etdirən Ermənistan Cənubi Qafqazda nəticələri onun üçün dağıdıcı olacaq müharibənin yeni mərhələsinə təhrik edir.

Birinci vitse-prezident həmçinin xalqa müraciət edib: "Bu gün siz xalqımızın birlik, həmrəylik, şəfqət və qarşılıqlı yardım kimi ən yaxşı xüsusiyyətlərini nümayiş etdirirsiniz. Bu, böyük qürur hissi yaşatmaya bilməz! Həqiqət və ədalət bizim tərəfimizdədir! Biz zəfər çalacağıq! Allah həlak olanlara rəhmət eləsin. Xəsarət alanların tezliklə sağalmasını arzulayıram. Uca Tanrı bizim ordumuzu, xalqımızı və Vətənimizi qorusun! Qarabağ Azərbaycandır!"


Düşmənin 5 tankı, 6 topu, 16 avtomobili, 8 atəşli reaktiv sistemi məhv edilib


Bütün cəbhəboyu vəziyyət gərgin olaraq qalıb. Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə canlı qüvvə və döyüş texnikasını cəmləşdirərək yenidən kiçik qruplarla cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstəriblər. Gecə ərzində düşmənə atəş zərbəsi vurulmaqla onun bütün hücum cəhdlərinin qarşısı alınıb.

Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 5 ədəd T-72 tankı, 6 ədəd D-20 və D-30 haubitsası, 5 ədəd sursatla dolu yük maşını, 11 ədəd digər avtomobil texnikası, 3 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 5 ədəd 2S1 "Qvozdika" özüyeriyən haubitsası, 8 ədəd hava hücumundan müdafiə sistemi və radiolokasiya stansiyası məhv edilərək sıradan çıxarılıb.


Döyüş mövqelərini özbaşına tərk edən erməni hərbçilərinin sayı kütləvi hal alıb


Əldə olunan məlumata əsasən, döyüş əməliyyatları nəticəsində Ermənistan ordusunun işğal etdiyi ərazilərdəki əsas qüvvələri və ehtiyatlarına ciddi ziyan vurulub, silah-sursat və yanacaq tükənmək üzrədir. Ermənistan hərbi komandanlığı psixoloji gərginlik, şəxsi heyət isə qorxu içindədir. Erməni əsgərlərin komandirlərinə inamı itir.

Ermənilərin 1-ci, 5-ci və 9-cu motoatıcı alaylarının döyüş mövqelərini özbaşına tərk edən hərbi qulluqçularının sayı kütləvi hal alıb. Hərbi polis bu cür əsgərlərin məcburən səngərlərə geri qaytarılmasında aciz qalıb.

Məlumata əsasən, canlı qüvvə sarıdan xeyli itki verən düşmən ordusunda ölənlər arasında 1-ci motoatıcı alayın komandirinin müavini polkovnik-leytenant Artak Vanyan da var.

Qoşunlarımız bütün cəbhəboyu əməliyyat üstünlüyünə malikdirlər.


Mingəçevirə zərbə vurmaq istəyən PUA məhv edilib


Səhər saat 08:00 radələrində Mingəçevir istiqamətində uçuşlar həyata keçirməyə cəhd edən Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə bölmələrimiz tərəfindən məhv edilib.


Ermənistan atəşkəs razılaşmasını pozub


Azərbaycan Müdafiə Nazirliyi bəyanat yayıb. Sənəddə qeyd edilib ki, humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları aparılan ərazidən xeyli aralıda yerləşən şəhər və kəndlərimizi raket və artilleriya atəşinə tutmaqda davam edir.

Oktyabrın 10-u və 11-də, müxtəlif saatlarda Gəncə və Mingəçevir şəhərləri, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndləri işğalçı ordu tərəfindən atəşə məruz qalıb. Nəticədə xeyli sayda dinc sakin həlak olub və yaralanıb, mülki infrastruktura ciddi ziyan dəyib.

Bölgədəki vəziyyətin gərginləşməsinə görə məsuliyyət tam şəkildə Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür.


12 oktyabr


Oktyabrın 11-dən 12-nə keçən gecə bütün cəbhəboyu vəziyyət gərgin olub.

Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində bir neçə dəfə kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstəriblər.

Həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 1 ədəd T-72 tankı, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb. Əldə olunan məlumata əsasən, döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 9-cu alayının artilleriya rəisi tabeliyində olan bölmə ilə Hadrut yaşayış məntəqəsi istiqamətindən geri çəkilib, alayın 5-ci taborunun şəxsi heyəti isə təhkim olunmuş texnikanı döyüş mövqelərində qoyub qaçıb. Bundan əlavə, düşmənin 5-ci və 522-ci alayın şəxsi heyəti avtomobil və zirehli texnikalarını ataraq mövqelərindən geri çəkilib.


İlham Əliyev "Haber Global"a müsahibəsində Ermənistanı bir daha ifşa edib


Prezident İlham Əliyev Türkiyənin "Haber Global" televiziya kanalına müsahibə verərək qeyd edib ki, Ermənistan atəşkəs rejimi tətbiq olunandan sonra da öz çirkin əməllərini davam etdirib. Azərbaycan isə hər zaman olduğu kimi, sözünə sadiq qalıb: 

"Bir halda ki, bu atəşkəs haqqında açıqlama verilmişdir, biz ümid edirdik ki, bundan sonra Dağlıq Qarabağ məsələsi siyasi yollarla həll ediləcək. Çünki hesab edirdik ki, hərbi mərhələ artıq başa çatıb, təcavüzkar döyüş meydanında dərsini alıb və bundan sonra reallıqlarla hesablaşıb, diplomatik müstəvidə müsbət yanaşma göstərəcək. Ancaq təəssüf ki, biz bunu görmədik və saat 12-dən qüvvəyə minməli olan atəşkəs Ermənistan tərəfindən pozulmuşdur".

İlham Əliyev deyib ki, gecə saatlarında mülki şəxslərə qarşı dəhşətli cinayət törədilib. Gəncə şəhəri bombardman edilib. Şəhər "Toçka-U" raketləri ilə atəşə məruz qalıb və bunun nəticəsində mülki vətəndaşlar həlak olub və yaralanıblar. Bunu erməni faşizminin eybəcər sifətinin növbəti təzahürü adlandıran Azərbaycan Prezidenti artıq dünya erməniliyi, Ermənistanın havadarları, onların hamiləri və islamofob dairələrin bu cinayəti gizlədə bilməyəcəklərini vurğulayıb: "Çünki artıq hər şey göz qabağındadır. Dünən o hadisə yerində təşkil olunan mətbuat açıqlamaları və bu gün oraya gedən xarici səfirliklərin nümayəndələri öz gözləri ilə hər şeyi görürlər. Bir daha görürlər ki, bu münaqişənin səbəbkarı kimdir. Kim təcavüzkar siyasət aparır, kim mülki əhaliyə qarşı cinayət törədir. Ermənistan dövləti terror dövlətidir, faşist dövlətidir və insanlığa qarşı törədilmiş bu cinayət bunu bir daha göstərdi".

Ali Baş Komandan bir daha qeyd edib ki, artıq təmas xətti yoxdur və Azərbaycan Ordusunun xilaskarlıq missiyası davam edir.


Düşmənin tank əleyhinə bölmələri döyüş mövqelərini tərk ediblər


Qırmızı Bazar məntəqəsi istiqamətinə endirilən artilleriya zərbəsi nəticəsində 1-ci alayın daimi dislokasiya məntəqəsində yeraltı sığınacaq və düşmənin geri çəkilən bölməsinin 2 texnikası məhv edilib.

Məlumata əsasən, canlı qüvvə sarıdan xeyli itki verən düşmən ordusunda ölənlər arasında 246-cı alayın tabor komandiri polkovnik-leytenant Artur Qriqoryan da var.

Ermənistan silahlı qüvvələrinin 1-ci alayının müdafiə sahəsində geri çəkilən bölmələr arasında rabitə və qarşılıqlı əlaqənin pozulması səbəbindən özləri bir-birilərinə atəş açıblar. Tank əleyhinə və digər bölmənin şəxsi heyətləri də döyüş mövqelərini tərk ediblər.


Ermənistan humanitar atəşkəs rejimini pozub


Goranboy, Tərtər və Ağdam rayonlarının ərazisi humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulublar.


Ermənilər özləri-özlərini aldadıblar


Müdafiə Nazirliyi məlumat yayaraq bildirib ki, Ermənistan tərəfinin guya Azərbaycan Ordusunun Hadruta daxil olmaq məqsədilə bu istiqamətdə xeyli sayda qüvvə cəmləşdirməsi və gərgin döyüşlərin getməsi barədə yaydığı məlumat açıq-aydın dezinformasiyadır.

Hadrut artıq bir neçə gün bundan əvvəl Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub. 

Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir və heç bir aktiv döyüş fəaliyyəti həyata keçirmir.


Tovuzda və Ağdamda düşmənin 3 PUA-sı məhv edilib


Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin 2 PUA-sı, Ağdam rayonu istiqamətində isə 1 PUA-sı hava hücumundan müdafiə bölmələrimiz tərəfindən məhv edilib.


Döyüş bölgələrinə yaxın səyyar təminat və məişət xidməti məntəqələri yaradılıb


Döyüş əməliyyatlarında iştirak edən şəxsi heyətin təminat və təchizat məsələləri diqqət mərkəzində saxlanılıb və dərhal həll olunması ilə bağlı tədbirlər görülüb. Qoşunların hərbi texnika, silah-sursat, yanacaq-sürtkü materialları, ərzaq və əmlakla təmin edilməsi müvafiq idarə və xidmətlər tərəfindən sutka ərzində fasiləsiz həyata keçirilib. Bu məqsədlə döyüşlər gedən ərazilərə yaxın yerlərdə səyyar təminat və məişət xidməti məntəqələri yaradılıb.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağılmış körpünü bərpa edən yoxdur

10:35
10 Oktyabr

Musaküçə kəndində həsirtoxuma mərkəzinə qayğı göstərilir

10:30
10 Oktyabr

Havadan payızın qoxusu gəlir

10:20
10 Oktyabr

Diqqətdən kənarda qalmırıq

10:10
10 Oktyabr

Vətənə xidmət edirəm

10:00
10 Oktyabr

ZƏFƏR gündəliyi

09:50
10 Oktyabr

İsraildən olan turistlər Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər

09:40
10 Oktyabr

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

09:30
10 Oktyabr

Gənclər Kitabxanasında görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb

09:25
10 Oktyabr

Şərqlə Qərb arasında mənəvi körpü yaradan alim ömrü

09:20
10 Oktyabr

Baş redaktor: "Avazadakı iclasların regional təhlükəsizlik baxımından nəticəyönümlü olacağına inanırıq"

09:15
10 Oktyabr

Yeni hədəflər və qarşıya qoyulan vəzifələr

09:10
10 Oktyabr

Məqsəd "Altı iqtisadiyyat - bir məhsul"dur

09:00
10 Oktyabr

Azərbaycanın MDB-də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir

08:50
10 Oktyabr

Mərkəzi Asiya dövlətlərinin etibarlı tərəfdaşı

08:40
10 Oktyabr

Ölkəmiz AQEM-in institusional inkişafına mühüm töhfələr verir

08:30
10 Oktyabr

Azərbaycan beynəlxalq nəqliyyat dəhlizləri üzrə mövqeyini möhkəmləndirir

08:20
10 Oktyabr

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

08:10
10 Oktyabr

Dövlətçilik iradəsinin, milli məsuliyyətin və gələcəyə inamın tarixi səhifəsi

08:00
10 Oktyabr

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə

00:51
10 Oktyabr

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

00:50
10 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!