Azərbaycan teatr sənətinin əvəzolunmaz sənətkarlarından biri də dünyaya gəlişinin 85 illiyi qeyd edilən Ağaxan Salmanlıdır.
Xalq artisti, Prezident təqaüdçüsü, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aparıcı səhnə ustası olmuş Ağaxan Əli oğlu Salmanlı 1941-ci il oktyabrın 29-da Bakıda anadan olmuşdur. O, 1959-cu ildə orta məktəbi bitirdikdən sonra ilk sənət təhsilini elə anadan olduğu Suraxanı rayonundakı fəhlə-gənclər dram dərnəyində almışdır. 1964-cü ildə Teatr İnstitutunun Dram-kino aktyorluğu fakültəsində Rza Təhmasibin kursunu bitirmişdir. Həmin ilin oktyabrından Gənc Tamaşaçılar Teatrında peşəkar səhnə fəaliyyətinə başlamışdır. İlk rolu yazıçı-dramaturq Seyfəddin Dağlının "Bahar oğlu" əsəri əsasında hazırlanan tamaşada Cəfər Cabbarlı obrazı olmuşdur. Daha sonra "Mozalan" kinojurnalında bir sıra maraqlı obrazlar yaratmışdır.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışdığı illəri Ağaxan Salmanlının yaradıcılığının ən məhsuldar dövrü adlandırmaq olar. O, bu teatrın səhnəsində Romeo, Bekingem ("Romeo və Cülyetta", "III Riçard" - V.Şekspir), Səməd ("Sən nə üçün yaşayırsan?" - İ.Qasımov, H.Seyidbəyli), Artur ("Ovod" - E.Voyniç), Hacı Murad ("Tamahkar" - S.S.Axundov), Kərbəlayı Mirzalı ("Danabaş kəndinin məktəbi" - C.Məmmədquluzadə), Flibert ("Məzəli hadisə" - K.Qoldoni), Milisioner Səfər ("Buzovna kəndinin əhvalatları"- Elçin), Dədə Qorqud ("Şahzadə Xəzərin nağılı" - K.Ağabalayev, N.Kazımov) və başqa yaddaqalan obrazlar yaratmışdır.
Müqtədir sənətkarlardan aldığı bilik və bacarığı sayəsində sənətkar 1964-cü ildən Gənc Tamaşaçılar Teatrında aktyorluqla yanaşı, həm də rejissor kimi fəaliyyət göstərib. 1965-ci ildən Bədii Şuranın üzvü olub. Əsasən uşaq tamaşaları hazırlayan A.Salmanlı həmçinin Xanımana Əlibəylinin yazdığı "Dovşanın ad günü", Q.İlkinin, "Qarışqa şıllaq atdı", "Pul dəlisi", "Məhəbbət bir bəladır", "Nənənin kələyi" (Ə.Orucoğlu), Dadaş Mehdinin "O da mənəm, bu da", Əmir Əmirlinin "Bala bəla sözündəndir", "Arvad olmaq istəmirəm" , Abdula Şaiqin "Tıq-tıq xanım" və digər tamaşalara quruluş vermişdir.
Ağaxan Salmanlı 1971-ci ildən pedaqoji fəaliyyətə başlayıb. Müxtəlif tədris müəssisələrində aktyorluq sənəti, səhnə danışığı, səhnə texnikası, etika, estetika fənnlərindən, rejissorluq sənətindən dərs deyib.
Müasir Azərbaycan teatr sənəti tarixində yeri görünən Ağaxan Salmanlının əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 1978-ci ildə Əməkdar artist, 2005-ci ildə Xalq artisti fəxri adını almışdır. 2016-cı ildən Prezidentin fərdi təqaüdçüsü idi. Elə həmin il o, həm də Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif edilmişdir.
Sevimli aktyor, rejissor və pedaqoq Ağaxan Əli oğlu Salmanlı 2020-ci il fevralın 29-da ömrünün 78-ci ilində dünyasını dəyişmişdir. Məzarı Yeni Suraxanı qəbiristanlığındadır. Sənət yoldaşları, tələbələri, mədəniyyət və ictimaiyyət nümayəndələri unudulmaz insanın anım gününü hər il ürək yanğısı ilə qeyd edirlər.
Rəhman SALMANLI,
"Azərbaycan"