10 Fevral 2020 03:54
1011
SİYASƏT
A- A+
SEÇKİLƏR AZAD, DEMOKRATİK VƏ ŞƏFFAF KEÇDİ

SEÇKİLƏR AZAD, DEMOKRATİK VƏ ŞƏFFAF KEÇDİ


NAXÇIVAN

2020-ci il fevralın 9-u ölkəmizdə Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər günüdür.

Muxtar respublikada seçkilərin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün zəruri tədbirlər görülüb, məntəqələrdə veb-kameralar quraşdırılıb, müşahidəçilər üçün yerlər ayrılıb. Azərbaycan Respublikasının Milli Məclisinə muxtar respublikada fəaliyyət göstərən 7 seçki dairəsi üzrə yaradılmış 316 seçki məntəqəsindən 25 namizəd, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər üzrə isə 45 seçki dairəsindən 140 namizəd qeydə alınıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, fevralın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə 4 saylı Naxçıvan şəhər seçki dairəsinin Heydər Əliyev adına tam orta məktəbdə yerləşən 4-15 saylı seçki məntəqəsində səs verib.

Sonra Ali Məclisin Sədri seçki prosesinin gedişi ilə maraqlanıb.

Məlumat verilib ki, Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsində 1481 seçici qeydiyyatdadır. Saat 11:00-a məntəqədə seçicilərin 33 faizi səs verib.

GƏNCƏ

Demokratik seçkilərin keçirilməsi sahəsində respublikamızın qazandığı uğurlar, şəffaflığın təmin olunması istiqamətində atılan addımlar artıq öz bəhrəsini verməkdədir. Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər bir daha sübut etdi ki, artıq Azərbaycanda seçki keçirmək mədəniyyəti formalaşmışdır və bütün seçkilər qanunvericilik normalarına tam cavab verir.

Milli Məclisə seçkilər Gəncədə də mütəşəkkilliklə başladı. Səhər saat 8-də seçki məntəqələrinin qarşısında izdiham yaşanırdı. Hamı ölkəmizin həyatında böyük əhəmiyyət daşıyan bu seçkilərdə vətəndaşlıq borcunu yerinə yetirmək üçün yaşadığı ərazidə yerləşən seçki məntəqəsinə gəlir, heç bir təzyiq olmadan istədiyi namizədə səs verirdi.

Səsverməyə gələn şəhər sakinlərində böyük ruh yüksəkliyi müşahidə olunur. Hamı çalışır ki, Milli Məclisə daha layiqli namizədlərə səs versin. Seçicilər növbə ilə, sərbəst şəkildə müəyyənləşdirilmiş prosedurdan keçərək istədikləri namizədə səs verirdilər.

37 saylı Nizami birinci (Gəncə) seçki dairəsinin komissiya sədri Seymur Hüseynov söhbət zamanı dedi ki, əvvəlki seçkilərdə olduğu kimi, növbəti parlament seçkilərində də mütəşəkkillik hiss olunur. Dairəni əhatə edən 24 məntəqənin hamısında seçici fəallığı var. Günortaya yaxın artıq 32 min 899 seçicinin yarısı namizədlərə öz münasibətlərini bildirmişdir. 10 məntəqədə veb-kamera quraşdırılmışdı ki, bu da istənilən şəxsə seçkilərin gedişini izləmək imkanı verirdi.

Sallah Bağırovanın 91 yaşı var. O, Yeni Gəncə yaşayış massivində yerləşən 15 saylı seçki məntəqəsində səs vermişdir. Yaşının çox olmasına baxmayaraq, Sallah nənə hələ gümrahdır. Məntəqəyə daxil olarkən ona lazımi kömək göstərildi. Sonra şəxsiyyət vəsiqəsini təqdim etməklə qeydiyyatdan keçdi və səsvermə bülleteni alaraq kabinəyə daxil oldu. Məntəqədə hamı onun hərəkətlərini izləyirdi. Bülleteni qutuya atdıqdan sonra məntəqədən çıxdı. Hamı 91 yaşlı ağbirçəyin hərəkətlərinə heyran qalmışdı.

38 saylı Nizami ikinci (Gəncə), 39 saylı Kəpəz birinci (Gəncə) və 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairələrinin məntəqələrində də seçici fəallığı müşahidə olunurdu. 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin 10 saylı məntəqəsində olduq. Məntəqə seçki komissiyasının sədri Telman Musayev dedi ki, son dəqiqləşdirmədən sonra 1306 nəfər seçici qeydiyyatdan keçmişdir. Ciddi hazırlığın nəticəsidir ki, heç bir narazılıq qeydə alınmamışdır. Seçkilərin azad və demokratik keçməsinə əmin olan insanlar böyük həvəslə məntəqəyə gələrək istədiyi namizədə səs verirdilər. Qeyd edək ki, məntəqədə müşahidəçilərə də lazımi şərait yaradılmışdı. Onlar ayrılmış yerdə sərbəst şəkildə seçkinin gedişini izləyirdilər. Müşahidəçilərdən aldığımız məlumata görə, səsvermə prosesində heç bir qanun pozuntusuna rast gəlinməmişdi.

SUMQAYIT

41 saylı Sumqayıt 1-ci seçki dairəsi üzrə 43149 seçici qeydə alınmışdır. Dairənin 10 məntəqəsində veb-kamera quraşdırılıb. Ümumiyyətlə, dairənin 33 məntəqəsi bütün texniki avadanlıqlarla təmin edilmişdir.

Dairənin 18 saylı məntəqəsində 1355 seçici qeydə alınmışdır. Elnur Tağıyev, Mələk Həşimova, Aygün Mədəqova, Lamiyyə Dadaşova və Kəmalə Əhmədçələbiyeva səs verməyə bir yerdə gəlmişdilər. Onlar ali məktəb tələbələridir.

Şəhər 3 saylı tam orta məktəbdə 42 saylı Sumqayıt ikinci seçki dairəsinin 8 saylı seçki məntəqəsi fəaliyyət göstərir. Məntəqənin komissiya sədri Ülkər Çəndirli səsvermənin normal keçdiyini və nəticələrə təsir göstərə biləcək qanun pozuntularına rast gəlinmədiyini söylədi. 1273 seçicisi olan məntəqədə hər kəsə sərbəst səs verməsi üçün tam şərait yaradılmışdı. Arzu Hümbətova, Elçin Quliyev və başqaları seçkinin gedişindən razı qaldıqlarını söylədilər. Seçici Benyamin Məmmədov bildirdi ki, 1935-ci ildə anadan olub. O dedi: "Pensiyaların artımı dövlətimizin bizə göstərdiyi qayğıdır. Biz də gərək seçkilərdə yaxından iştirak edək ki, ali kürsülərdə dövlətimizin apardığı siyasətlə ayaqlaşa bilən insanlar əyləşsin”.

42 saylı Sumqayıt ikinci seçki dairəsi 42825 seçicini 38 məntəqədə birləşdirir. Dairənin şəhər 3 saylı orta məktəbin binasında yerləşən 7 saylı məntəqəsinin komissiya sədri Qulu Əbdürrəhmanov seçkinin kifayət qədər şəffaf keçdiyini və səsverməyə gələnlərin fəallığının normal olduğunu söylədi. 970 nəfər seçicisi olan bu məntəqədə səsvermə üçün bütün şərait yaradılıb. Sədrin sözlərinə görə, məntəqədə heç bir ciddi qanun pozuntusu qeydə alınmamışdır.

Valentina Rəhimova ikinci mikrorayon sakinidir. Alman əsilli bu xanım Sumqayıtın yaşıdıdır. Sumqayıtı öz doğma balası kimi sevən Valentina xanım bizimlə söhbətində bildirdi ki, səhər ilk səsverənlərdən olub. Yeni salınan bulvar, istirahət mərkəzləri, gənclərin düzgün tərbiyəsi istiqamətində görülən işlər əhali tərəfindən dəstəklənir.

10 müşahidəçinin izlədiyi seçkinin gedişində heç bir qanun pozuntusuna yol verilməyib. Müxtəlif partiya və bitərəflərdən ibarət müşahidəçilər seçkilərin şəffaf və demokratik keçirildiyini vurğuladılar.

Sumqayıt Dövlət Dram Teatrında yerləşən 44 saylı Sumqayıt-Xızı seçki dairəsinin 1 saylı məntəqəsində də seçki fəallığı var idi. 1174 seçicinin qeydə alındığı məntəqədə səs verən Yaqub Cəfərov, Faiq Hacıyev, Şəhla Qasımova və başqaları şəffaf və demokratik prinsiplərə söykənən seçkidə iştirak etdiklərini, layiqli namizədə səs verdiklərini bildirdilər.

Hazırda Sumqayıt şəhərində minlərlə qaçqın və məcburi köçkün ailəsi də məskunlaşıb. Onlar da bu seçkidə fəal iştirak etdilər. Şəhərin Nizami kinoteatrında təşkil edilən 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsinin 48 saylı məntəqəsində seçici Sərvan Səfərovla görüşdük. Bildirdi ki, demokratik keçirilən seçkilər ölkəmizin inkişafına xidmət edir.

ABŞERON

Abşeron sakinləri indiyədək keçirilən bütün seçkilərdə fəal iştirak etmiş və böyük əksəriyyət səsini ən layiqli namizədə vermişdir.

45 saylı Abşeron seçki dairəsi 36 məntəqəni özündə birləşdirir. Dairə üzrə seçicilərin sayı 47844 nəfərdir. Bu dairə üzrə səsvermədə Abşeronun Xırdalan, Digah, Fatmayı, Goradil, Masazır, Mehdiabad və Məmmədli kəndlərinin sakinləri iştirak edirdilər. Dairə üzrə 12 məntəqədə veb-kamera quraşdırılmışdı.

23 saylı seçki məntəqəsi Masazır qəsəbəsindəki Milli Qəhrəman Ə.Əliyev adına Qubadlı rayon tam orta məktəbində təşkil olunmuşdu. Məntəqə üzrə seçicilərin sayı 1484 nəfər idi. Sədr Sərvər Azadəliyev bildirdi ki, məntəqə Masazır qəsəbəsini əhatə edir və seçkini müxtəlif partiyalardan olan müşahidəçilər izləyir.

Məntəqənin katibləri Yusif Nəcəfov, Tural Orduxanov, üzvləri Cəvahir Məlik-zadə, İradə Hacıyeva, Məhbubə Tahirova seçicilərə səs verməkdə texniki kömək edirdilər. Seçicilər Maşallah Abışov, Sədaət Qurbanov, Şəki Paşayev, Aslan Azadəliyev və digərləri seçkinin gedişindən razı qaldıqlarını və istədikləri namizədə səs verdiklərini bildirdilər.

ŞƏMKİR

Rayonda 3 dairə - 98 saylı Şəmkir şəhər, 99 saylı Şəmkir kənd və 100 saylı Şəmkir-Daşkəsən dairə seçki komissiyaları fəaliyyət göstərir. Seçki dairələrinin və məntəqələrinin böyük əksəriyyəti parlament seçkilərini hər cür şəraiti olan müasir binalarda keçirmişdir. Yüksək səviyyədə hazırlıq işlərinin nəticəsidir ki, burada Milli Məclisə seçkilər də mütəşəkkilliyi ilə yadda qaldı.

99 saylı dairə seçki komissiyasının sədri Rafiq Məmmədov dedi ki, rayonun ən ucqar kəndlərində də əhali arasında fəallıq hiss olunurdu. Məsələn, Tatarlı kəndində yerləşən 18 saylı seçki məntəqəsində insanlar səs vermək üçün növbəyə dayanırdılar. Onlar müəyyən olunmuş qaydada qeydiyyatdan keçir, səsvermə bülleteni alaraq onu səsvermə qutusuna salırdılar. Əlbəttə, bütün bunlar insanların azad və şəffaf keçən seçkilərə inamından irəli gəlir.

98 saylı Şəmkir şəhər seçki dairəsinin 6 saylı məntəqəsində səs verməyə gələn 103 yaşlı Zeynəb Məmmədovanın fikrini öyrənmək maraqlı oldu. Zeynəb nənə dedi ki, həyatı boyu çox seçkilərdə iştirak edib. Ancaq müstəqil ölkəmizin keçirdiyi seçkilərdə bir daha iştirak etmək onun üçün şərəfdir. Məntəqə seçki komissiyasının üzvləri onun yaşını nəzərə alaraq daşınan seçki qutusu ilə evinə getmək istəyəndə Zeynəb nənə razı olmayıb, demişdi ki, mənə nə olub ki, məntəqəyə gələ bilməyim. Qoy cavanlar görsünlər ki, seçkilərdə iştirak etmək hamının vətəndaşlıq borcudur. Məndən nümunə götürsünlər.

GORANBOY

97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsinin ərazisində 23 min 977 nəfər seçici var. Dairənin məntəqələrində seçici siyahıları dəqiqləşdirilərək məntəqələrin qarşısına vurulmuşdu. Həmin gün seçki məntəqələrinə gələ bilməyən xəstələrin parlament seçkilərində iştirakı da təmin edilmişdir. Belə ki, əvvəlcədən tərtib edilmiş siyahı əsasında xəstələrin evlərinə getməklə səsvermə təmin edilmişdir.

Seçkilərdə iştirak edəcək ahıl insanlar da diqqət mərkəzində saxlanılmışdır. Dairədən bildirmişlər ki, 785 nəfər ahıl insanın siyahısı tərtib edilmişdir.

Samara Əsgərovanın 82 yaşı var. Bu ahıl qadın səhər tezdən 3 saylı seçki məntəqəsinə gələrək istədiyi namizədə öz münasibətini bildirdi. Səs verdikdən sonra bir qədər dincəlməsi üçün ona lazımi şərait yaradıldı. Oturan kimi də ilk sözü bu oldu:

- Var olsun dövlətimiz, gözəl günlər yaşayırıq. Son vaxtlar güzəranımız da yaxşılaşıb. Cavanlarımız üçün yeni iş yerləri açılır. Ən əsası isə ölkəmizdə sabitliyin olmasıdır. Bütün bunlar isə düzgün siyasətin nəticəsidir.

Öyrəndik ki, məntəqələrdə seçkini izləmək üçün qeydiyyatdan keçmiş Yeni Azərbaycan Partiyası ilə yanaşı, Müasir Müsavat, "Ümid”, Bütöv Azərbaycan, Ana Vətən, Azərbaycan Xalq Cəbhəsi partiyalarından olan müşahidəçilər üçün hər cür şərait yaradılmışdır. Onların dediklərinə görə, seçki prosesinda qanun pozuntusuna yol verilməmişdir.

GƏDƏBƏY

Havaların soyuq keçməsinə baxmayaraq, Milli Məclisə seçkilər Gədəbəydə də mütəşəkkil keçmişdir. Rayon sakinləri səhər tezdən seçki məntəqələrinə gələrək istədikləri namizədə səs vermişlər.

Gədəbəydə iki dairə - 103 saylı Gədəbəy və 104 saylı Gədəbəy-Tovuz seçki dairəsini əhatə edən 43 seçki məntəqəsi fəaliyyət göstərir. Aparılan hazırlıq işlərinin nəticəsidir ki, həmin gün rayonda yüksək fəallıq hökm sürürdü. Seçicilər azad, şəffaf və demokratik şəraitdə öz iradələrini ifadə etməklə yaşadıqları ölkənin sabahına səs vermişlər.

103 saylı Gədəbəy seçki dairəsini əhatə edən məntəqələrdə son dəqiqləşdirmədən sonra 41 min 850 nəfər seçici qeydiyyata alınmışdı. Bütün məntəqələrdə yüksək səviyyədə hazırlıq işləri aparılmışdı. Məntəqələr elektrik generatoru ilə təchiz edilmiş, rabitə xətləri çəkilmişdi. Şəffaflığın və obyektivliyin təmin edilməsi üçün 6 məntəqədə veb-kamera quraşdırılmışdı. Səhər tezdən məntəqələrə gələn seçicilər növbə ilə qeydiyyatdan keçir, bülleten götürərək səs verirdilər. Dairənin məntəqələrində qeydiyyata alınmış 571 nəfər ilk dəfə səs verən gənclərə, eləcə də yaşı 100-dən çox olan 4 ahıl seçiciyə xüsusi qayğı ilə yanaşılmışdır. İlk dəfə səs verən Teymur Abdullayev fikrini belə ifadə etdi:

- Çox həyəcanlı idim. Mənə o qədər isti münasibət göstərildi ki, az bir vaxtda həyəcanım getdi. Gördüm ki, seçicilərə tam sərbəstlik verilib. Kim hansı namizədə istəyirdisə, ona da səs verirdi.

Kubra Əsgərovanın isə 105 yaşı var. Yerişi bir qədər çətinləşsə də, yaşadığı ərazidə yerləşən məntəqəyə gələrək səs verməyi özünün vətəndaşlıq borcu hesab edirdi. Dedi ki, ömrü boyu çox seçkidə iştirak edib. Lakin müstəqil respublikamızda keçirilən seçkilərdə iştirak etmək onun üçün şərəfdir. Çünki bilir ki, parlament seçkiləri Azərbaycanın həyatında ən vacib seçkilərdən biridir. Odur ki, Milli Məclisə təsadüfi adamları seçmək olmaz. Gərək yüz ölçüb, bir biçəsən.

Dairənin 2 saylı seçki məntəqəsində də əsl izdiham yaşanırdı. Məntəqə seçki komissiyasının sədri Esmira Şirinova ilə söhbət zamanı məlum oldu ki, səsvermə prosesi çox mütəşəkkil gedir. Məntəqədə 1349 seçici qeydiyyata alınmışdır. Artıq günortaya kimi onların yarıdan çoxu öz namizədinə münasibətini bildirmişdi. İnsanlar böyük maraqla seçki məntəqəsinə gəlir, istədiyi namizədə səs verirdilər.

SAMUX

29 illik müstəqillik həyatını yaşayan Azərbaycanda növbəti parlament seçkiləri də seçici fəallığı ilə müşayiət olundu. Samuxlular özlərinin vətəndaşlıq borclarını nümayiş etdirmək üçün səhər tezdən seçki məntəqələrinə gəlir, parlament üzvlüyünə layiq bildikləri namizədlərə səs verirdilər.

102 saylı Samux-Şəmkir seçki dairəsinin Alıuşağı kəndində yerləşən 18 saylı məntəqəsində olduq. Məntəqəyə səs verməyə gələn seçicilərin əhvali-ruhiyyəsinin yüksək olduğu diqqətimizi çəkdi. Məntəqə seçki komissiyasının sədri Musa Əsədov dedi ki, seçici fəallığı yüksəkdir. Günorta olmasına baxmayaraq, qeydiyyatda olan seçicilərin 60 faizdən çoxu səs verib.

Məntəqədə yenicə səs vermiş 101 yaşlı Yamən Mehdiyeva ilə söhbət etdik. Dedi ki, sağ olsunlar, heç bir çətinliklə üzləşmədik. Hər kəs kimə istədisə, ona da səs verdi. Bax, əsl demokratiya budur.

Samuxlular həmişə olduğu kimi, növbəti parlament seçkilərində də mütəşəkkillik nümayiş etdirdilər. Bunun 102 saylı Samux-Şəmkir seçki dairəsinin şəhər 1 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində bir daha şahidi olduq. Seçicilərin bu siyasi kampaniyada fəallıqla iştirak etməsi onu göstərirdi ki, samuxlular ölkədə seçki sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı aparılan islahatları bəyənir və dəstəkləyirlər.

GÖYGÖL

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilərdə göygöllülər də fəal iştirak etmişlər. Seçkilərin gedişi ilə yaxından tanış olmaq üçün 101 saylı Göygöl-Daşkəsən seçki dairəsində olduq. Dairə seçki komissiyasının sədri Abbas Zalovun verdiyi məlumata görə, məntəqələrdə əsl seçici fəallığı müşahidə olunurdu. Dairəni əhatə edən 74 seçki məntəqəsinin 46-sı Göygöldə, 28-i isə Daşkəsən rayonundadır. Seçkilərin gedişini izlədikcə məlum olurdu ki, insanlar parlament seçkilərində böyük fəallıq nümayiş etdirirlər. Ən ucqar kəndlərdə də insanlar seçkilərə biganə deyildilər. Məsələn, Sarısu kəndi rayonun ən ucqar kəndlərindəndir. Burada 460 sakin yaşayır ki, onun da 331-i seçki hüququna malikdir. Kənddə fəaliyyət göstərən 19 saylı seçki məntəqəsi də seçicilərin izdihamı ilə müşayiət olunmuşdu. Məntəqə seçki komissiyasının sədri Şamo Pənahov dedi ki, bu kəndin sakinləri bütün seçkilərdə fəallıq nümayiş etdiriblər. İndi də belədir. Səhər tezdən məntəqəyə üz tutan kənd sakinləri istədikləri namizədə səs vermişlər.

QAZAX

Respublikamızın qərb bölgəsində yerləşən Qazax rayonunda da parlament seçkiləri mütəşəkkil keçmişdir. Demək olar ki, bütün kənd və qəsəbələrdə böyük mütəşəkkillik hökm sürmüşdür. Sakinlər bu siyasi kampaniyada fəallıq göstərmiş, seçki məntəqələrinə gələrək istədikləri namizədə səs vermişlər. Səhər tezdən seçki məntəqələrinə üz tutan seçicilər yaradılan şəraitdən istifadə edərək parlamentə layiq bildikləri namizədə səs vermişlər.

107 saylı seçki dairəsində 36 məntəqə fəaliyyət göstərir. Seçici siyahısı dəqiqləşdirildikdən sonra burada 44 min 663 seçicinin olduğu müəyyənləşdirilmişdir. Dairə seçki komissiyasından aldığımız məlumata görə, 10 məntəqədə veb-kamera quraşdırılmışdır. Ümumilikdə 45 min 306 seçici qeydiyyata alınmışdır. Dairəni əhatə edən ərazidə 373 nəfər ilk dəfə səs verən, 5 nəfər isə yaşı 100-ü ötmüş seçici vardı.

Kəmərli sakini, 112 yaşlı Sayalı Nəbiyeva 32 saylı seçki məntəqəsində səs verərkən demişdir ki, bugünkü seçki ölkəmizin həyatında böyük əhəmiyyət daşıyır. Odur ki, elə məntəqənin özündə səs verməyi qərara aldım. Heç bir çətinliklə üzləşmədən istədiyim namizədə səs verdim. Ümumiyyətlə, belə seçkilər xalqımızın həyatında olduqca əhəmiyyətlidir. Odur ki, diqqətli olmalıyıq ki, sonradan peşimançılıq çəkməyək.

KƏLBƏCƏR

Kəlbəcərli məcburi köçkünlər parlament seçkilərində əsl fəallıq nümayiş etdirmişlər. 123 saylı dairə seçki komissiyasının sədri Adil Murtuzayev söhbət zamanı dedi ki, dairəni əhatə edən 65 məntəqə üzrə 51 min 755 nəfər seçici qeydə alınmışdır.

12 saylı məntəqə Gəncədə yeni salınmış qəsəbədəki mədəniyyət evində yerləşir. Biz məntəqəyə daxil olanda çoxlu seçici növbə gözləyirdi. Onlar bir-bir məntəqə seçki komissiyasının üzvlərinə yaxınlaşaraq adlarının qarşısında imza atıb səsvermə bülleteni götürür, kabinəyə daxil olaraq istədiyi namizədin qarşısında işarə edərək səsvermə qutusuna salırdılar.

Məntəqə seçki komissiyasının sədri Nizami Ələkbərov səsvermənin gedişi ilə bağlı məlumat verərək dedi ki, 1480 nəfər seçicimiz var. Günorta olmasına baxmayaraq, seçicilərin yarıdan çoxu artıq səsvermədə iştirak edib. Yenə də yaşlı insanlar daha çox fəallıq göstəriblər. 19 nəfər yaşı 100-ü keçmiş seçici qeydiyyatdan keçib. İlk dəfə səs verənlərin sayı isə 793-dür.

Ağsaqqal Musa Əzizli ilə qarşılaşdıq. Söhbət zamanı dedi ki, səhər tezdən səs verib. Hamı ruh yüksəkliyi ilə gəlib istədiyi namizədə səs verdi. Onların fəallığını görəndə ürəyim dağa dönür. Heç kimə təzyiq göstərilmir. Bir sözlə, seçki çox şəffaf və demokratik keçir.

LƏNKƏRAN

Rayonda fəaliyyət göstərən 4 dairə üzrə 116 seçki məntəqəsinin yerləşdiyi binalarda seçki komissiyalarının normal fəaliyyəti üçün hər cür şərait yaradılmış, Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş təqvim planında nəzərdə tutulmuş müvafiq tədbirlər həyata keçirilmişdir.

73 saylı Lənkəran şəhər seçki dairəsinin 18 saylı məntəqəsində seçicilərin fəallığı açıq-aydın hiss olunurdu. Məntəqəyə daxil olmaq üçün növbə gözləyən Teymur Babazadədən seçkinin gedişi haqqında fikrini soruşduq. Dedi ki, hər şey normaldır: "Mən ölkəmizdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatları ürəkdən dəstəkləyirəm və builki parlament seçkilərini də uğurlu siyasi islahatların tərkib hissəsi hesab edirəm. İnanıram ki, yeni seçiləcək parlament bizim xoş gələcəyimiz üçün gözəl qanunlar qəbul edəcək, hüquq və azadlıqlarımızdan daha dolğun bəhrələnməkdə, daha firavan gələcəyə qovuşmaqda bizə yol göstərəcək”.

75 saylı Lənkəran-Masallı seçki dairəsinin Liman şəhərindəki 1 saylı seçki məntəqəsində də səsvermə normal keçdi. Liman şəhər Neft Məhsulları Müəssisəsinin inzibati binasında yerləşən məntəqədə seçki komissiyasının normal fəaliyyəti üçün bütün lazımi şərait yaradılmışdı. Veb-kamera qoyulmuş məntəqədə yaradılan şəraitdən razılıq edən Liman sakini, şəhər Ağsaqqallar Şurasının sədri Siyaviş Süleymanlı dedi ki, seçki sivil qaydada gedir: "Burada heç kimə təsir göstərən yoxdur. Ailə üzvlərim də sərbəst şəkildə öz seçimlərini edib istədikləri namizədə səs verdilər. Dediyim odur ki, ölkəmizdə demokratiya inkişaf edir, insan hüquq və azadlıqları Konstitusiya normaları səviyyəsində qorunur. Təsadüfi deyil ki, bizim səs verməyimizi veb-kamera vasitəsilə dünyada izləyirlər. Bu böyük nailiyyətdir, Prezidentin həyata keçirdiyi islahatların bəhrəsidir. Bu islahatlar xalqımıza əmin-amanlıq, dinc və firavan həyat bəxş edir. Mən bu siyasəti ürəkdən bəyənir, səs verdiyim namizədə qələbə arzulayıram”.

76 saylı Lənkəran-Astara seçki dairəsinin Şürük kənd mədəniyyət evində yerləşən 16 saylı məntəqəsində də seçicilər tam sərbəst şəkildə səs verirdilər. Məntəqə sədri Şükür Günəşova dedi ki, seçici fəallığı yüksəkdir, hamı qaydalara riayət edir.

MİNGƏÇEVİR

Vaxtında görülmüş nümunəvi hazırlıq, seçki qanunverciliyi əsasında aparılmış təbliğat-təşviqat kampaniyası sayəsində energetiklər şəhəri Mingəçevirdə də Milli Məclisə seçkilər şəffaf, demokratik, aşkarlıq şəraitində keçdi. Fevralın 9-da səhər saat 8-dən başlayaraq nur şəhərinin sakinləri dəstə-dəstə seçki məntəqələrinə gəlib səs verdilər.

47 saylı Mingəçevir dairə seçki komissiyasının tərkibində olan 22 saylı seçki məntəqəsində səs verib çıxan təqaüdçü Telman Qəmbərov seçki təəssüratını bizimlə belə bölüşdü:

- Milli Məclisə seçki prosesinin bütün mərhələlərini maraqla izləmişəm. Nəticədən çox məmnunam. Demokratiya yolunda uğurlarımız göz qabağındadır. Deputatlığa namizədlər arasında sivil qaydada aparılan mübarizə, ayrı-seçkilik qoyulmadan hər bir namizəd üçün bərabər əsasda yaradılan şərait təbliğat-təşviqat kampaniyasının formallıqdan çıxaraq ciddi rəqabətlə müşayiət olunması demokratik ab-hava kimi razılıq doğurur.

47 saylı Mingəçevir dairə seçki komissiyasının sədri Oqtay Məmmədovdan öyrəndik ki, mövcud 30 məntəqənin hamısında səsvermə qanunauyğun qaydada keçib. Dairəyə qanun pozuntusu ilə bağlı heç bir ciddi şikayət daxil olmayıb. Seçki siyahılarına 37.745 nəfər şəhər sakinin adı daxil edilmişdir. Seçki prosesində aşkarlığı təmin etmək üçün 12 məntəqədə veb-kameralar quraşdırılmışdır.

ASTARA

Rayon ərazisində 77 saylı Astara seçki dairəsi üzrə 44, 76 saylı Lənkəran-Astara seçki dairəsi üzrə 25 seçki məntəqəsi fəaliyyət göstərir.

Parlament seçkilərinə hazırlıqla əlaqədar hər iki dairə üzrə məntəqələr səsverməyə tam hazırlanmış, seçki məcəlləsinin tələblərinə əməl edilməklə, seçkilərin demokratik, şəffaf keçirilməsinə nail olmaq üçün qanunla müəyyən olunmuş bütün zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

Astara şəhər 3 saylı seçki məntəqəsində səs verən şəhər sakini Gülnarə Məcidova dedi ki seçki məntəqələrinə gələnlər səslərini dövlətin yürütdüyü siyasətə uyğun olaraq inkişafa, tərəqqiyə yönələn qanunların qəbul edilməsində aktivlik göstərən, ictimaiyyətdə nüfuzu olan şəxslərə verirlər. Seçicilərin fəallığını həm də ölkədə və rayonumuzda son illər baş verən əsaslı dəyişikliklər, aparılan tikinti və quruculuq işləri, sosial problemlərin həlli məqsədilə həyata keçirilən proqramlar və əhalinin həyat şəraitinin ilbəil yaxşılaşması istiqamətində görülən dövlət tədbirləri ilə izah etmək olar.

Digər şəhər sakini Əli İskəndərov da səsvermənin gedişindən razı qaldığını ifadə etdi: "Milli Məclis qanunverici orqan olduğu üçün qanunların qəbul edilməsində aktiv olan, savadlı, bacarıqlı namizədlərə səs vermək əsasdır. Səs verəcəyimiz namizədin kimliyini bilməli, seçimimizi düzgün etməliyik. İnanıram ki, Milli Məclisin rayonumuzdan seçiləcək üzvü ən fəal deputatlardan olacaq”.

Kijəbə qəsəbə 8 saylı seçki məntəqəsində səs verən Ələkbər İsayev qeyd etdi ki, hər birimiz üçün önəmli olan qanunların qəbul edilməsində, ölkəmizin, o cümlədən rayonumuzun inkişafı ilə bağlı mühüm əhəmiyyətli məsələlərin həllində fəallıq göstərə biləcək şəxsə səs verdim: "Səs verdiyim 8 saylı seçki məntəqəsində bütün səsvermə prosesi seçki qanunlarına uyğun qurulmuşdur. Hər bir seçici üçün öz seçimini etməyə yüksək şərait yaradılmışdır. Belə azad, demokratik bir ölkədə yaşamağımdan böyük məmnunluq hissi keçirirəm”.

Astara şəhər 2 saylı seçki məntəqəsində səs verən şəhər sakini Rövşən Mirzəyevdən də səsvermənin gedişini öyrəndik. O, məntəqədə seçkilərin azad, demokratik keçirildiyini bildirərək qeyd etdi ki, parlament seçkilərində namizədliyi qeydə alınmış 15 nəfərdən bu günkü iqtidarın siyasətinə dəstək verən ən layiqli namizədə səs verdim.

Ümumiyyətlə, rayonun hər iki dairəsinə daxil olan seçki məntəqələrində Milli Məclisə seçkilərin şəffaf, ədalətli və obyektiv keçirilməsi üçün yüksək şərait yaradılmışdır. Bunu məntəqələrdə seçkinin müşahidə edən həm müxalifət, həm də qeyri-hökumət təşkilatlarının nümayəndələri də etiraf etdilər. Ana Vətən Partiyasının nümayəndəsi Rafiq Əliyev rayonda seçkilərin demokratikliyinə qətiyyən şübhə etmədiyini bildirərək dedi ki, 1 saylı seçki məntəqəsində də seçki qanunvericiliyinin tələblərinə ciddi əməl olunur.

ŞAMAXI

85 saylı Şamaxı Seçki Dairəsində Milli Məclisə seçkilər seçicilərin yüksək fəallığı şəraitində keçib.

Dairənin sədri Hüseyn Rəcəbov bildirdi ki, dairənin əhatə etdiyi 63 məntəqədə 41 min 648 nəfər seçici var. Onlar 9 nəfər arasında istədikləri namizədə səs verənlərdir. Müraciət edən xəstə və ahıl seçicilər üçün səyyar qutu vasitəsilə səsvermə həyata keçirilib.

Məntəqələrdə səsvermə Seçki Məcəlləsinə uyğun olaraq tam aşkarlıq və demokratik şəraitdə keçib. Seçkinin gedişini ayrı-ayrı siyasi partiyalardan olan və öz təşəbbüsü ilə qeydə alınan 830 nəfər müşahidəçi, həmçinin ATƏT-dən olan 4 nəfər, AŞ PA-dan 2 nəfər, MDB-dən də 2 nəfər izləyib.

XAÇMAZ

Xaçmaz rayonunda 2 seçki dairəsi fəaliyyət göstərirdi. 55 saylı Xaçmaz şəhər seçki dairəsi rayon mərkəzində yerləşir. DSK-nın sədri Bəhram Ömərov bildirdi ki, parlament seçkilərində qeydə alınan namizədlər üçün hər cür şərait yaradılıb. Dairə üzrə 594 yerli müşahidəçinin izlədiyi səsvermə yüksək fəallıqla keçir.

Seçki dairəsində seçicilərin sayı 44382 nəfərdir. Rayon üzrə formalaşan 42 məntəqənin 12-də veb-kamera quraşdırılıb. Dairə üzrə ilk dəfə səs verənlər 365 nəfərdir.

Seçkidə ilk dəfə iştirak edən Xaçmaz rayonunun Qaradağ Buduq kənd sakini Bahadır Müslümov seçki məntəqəsində xoş sürprizlə qarşılaşıb. Fevralın 9-da doğum gününü qeyd edən B.Müslümovu ilk təbrik edən 55 saylı Xaçmaz şəhər seçki dairəsinin 21 saylı məntəqəsinin komissiya üzvləri olub. 18 yaşı tamam olan gəncə Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilmiş "İlk dəfə səs verən seçici” vəsiqəsi təqdim olunub.

8 saylı seçki məntəqəsində seçici fəallığı hiss edilirdi. Məntəqə seçki komissiyasının sədri Cəlil Mərdanov dedi ki, 1357 seçicinin qeydə alındığı məntəqədə seçkini 14 yerli müşahidəçi izləyir. İlk dəfə səs verənlərdən Aytac Məmmədnəbiyeva, Rəvan Teymurov, Qumru Tahirova və başqaları müstəqil dövlətimizlə fəxr etdiklərini bildirdilər.

MDB-dən gələn müşahidə qrupunun üzvləri 8 saylı məntəqədə olublar. Müşahidəçilər Osman Abdulkərimov, Alahuddin Mirzəbalayev, Baqaquddin Qusayev seçkinin gedişindən razı qaldıqlarını bildiriblər.

BİLƏSUVAR

66 saylı Biləsuvar seçki dairəsində görülmüş ciddi hazırlıq işləri seçkinin yüksək səviyyədə keçirilməsinə imkan yaradıb. Dairə üzrə parlamentə mandat uğrunda 9 namizəd mübarizə aparır. Namizədlərin 7 nəfəri bitərəf, 1 nəfəri Müsavat Partiyasından, 1 nəfəri isə Yeni Azərbaycan Partiyasından irəli sürülüb. Prosesi beynəlxalq müşahidəçilər izləyir, bütün məntəqələrdə namizədlərin, qeyri-hökumət təşkilatlarının təmsilçiləri müşahidə aparırlar.

Qeyd edək ki, DSK üzrə 44 seçki məntəqəsinin 49 min 460 seçicisi var. Seçkilərin gedişatını izləmək üçün 740 yerli müşahidəçi qeydiyyatdan keçib. 2 nəfər ATƏT-in uzunmüddətli beynəlxalq müşahidəçisi də seçki məntəqələrində müşahidə aparırdı. 10 məntəqədə veb-kamera quraşdırılıb. Adı siyahıya daxil edilənlərdən 115 nəfəri bu il ilk dəfə səsvermə hüququ qazanan gənclərdir.

Dairənin Rayon Uşaq Xəstəxanasında yerləşən 1 saylı seçki məntəqəsində də səsvermənin gedişini izlədik. Aram-aram qar yağırdı. Çoxdan bəri bu ilk qarın arzusunda olan insanların üzü gülürdü. Məntəqə seçki komissiyasının sədri İbadət Babayev bildirdi ki, bugünkü seçicilər daha 15-20 il əvvəlki seçicilər deyil: "Hamı öz hüquq və vəzifələrini yaxşı bilir. Heç kəs seçicilərə təzyiq edə, istiqamət verə bilməz. Buna görə də səsvermə normal və qanunauyğun şəraitdə gedir”.

75 yaşlı şəhər sakini Qəhrəman Şahbazovdan seçki haqqında fikrini soruşduq. Dedi ki, məntəqədə seçicilər üçün çox yaxşı şərait yaradılıb. İnanmaq istəyirəm ki, bu səsvermədən sonra qalib gələn namizəd etimadı doğrultmağa, insanların sosial-rifah halının daha da yaxşılaşdırılmasında yüksək fəallıq göstərməyə çalışacaq”.

Rayon mərkəzindəki seçki məntəqələrində olduğu kimi, kənd seçki məntəqələrində də fəallıq var idi. Arazbarı kəndi rayon mərkəzindən 30 km uzaqda yerləşir. Kəndin 26 saylı seçki məntəqəsində 378 seçici qeydiyyata alınıb. Onlardan 11 nəfəri ilk dəfə səs verən gənclər, 4 nəfəri yaşı 80-dən yuxarı olan ahıllardır. Müşahidəçi Dayandur Quliyev bildirdi ki, heç bir pozuntu hallarına yol verilməyib.

CƏLİLABAD

Rayonda 3 seçki dairəsi - 67 saylı Cəlilabad şəhər, 68 saylı Cəlilabad kənd və 69 saylı Cəlilabad-Masallı-Biləsuvar dairə seçki komissiyaları fəaliyyət göstərir.

3 dairənin hər birində 10 namizəd deputat mandatı uğrunda mübarizə aparırdı. Seçkilərin gedişini izləmək üçün dairələrin hamısında müxtəlif partiyalardan, habelə öz təşəbbüsü ilə irəli sürülən müşahidəçilər qeydə alınmışdır. Dairələrin bir neçə məntəqəsində veb-kamera quraşdırılmışdır.

67 saylı DSK-nın 3 saylı məntəqəsinin həyətində xeyli adam var idi. Onlardan bir çoxu artıq səs vermişdir. Xanlar Mirzəyevdən səsvermənin necə keçdiyini soruşduq. Dedi ki, səs verdiyim namizəd gəncdir, təşəbbüskardır, camaat arasında nüfuzu, hörməti var: "Əminəm ki, seçilsə, Milli Məclisdə qəbul olunacaq qanunlar zamanı fəallıq göstərəcək. Mən əkinçiliklə məşğul oluram. Cəlilabad əhalisinin çoxu da mənim kimi. Sahibkarlara, torpaq mülkiyyətçilərinə son illər göstərilən diqqət və qayğı bizi çox ruhlandırmışdır. Yeni tətbiq edilən elektron sistem işimizi xeyli asanlaşdırıb. İnanıram ki, təzə parlament daha səmərəli işləyəcək”.

Müşahidəçi Ziya Aslanov da seçkilərin azad, sərbəst, demokratik keçdiyini bildirərək dedi ki, vətəndaşlara qarşı heç bir təzyiq göstərilmir.

68 və 69 saylı dairə seçki komissiyalarının məntəqələrində də seçkilərin qanun pozuntusuna yol verilmədən keçdiyinin şahidi olduq.

AĞDAM

Respublikanın digər bölgələrində olduğu kimi, Ağdam rayonunda da seçkilərin təşkili yüksək səviyyədə idi. 119 saylı Ağdam kənd seçki dairəsində səsvermə başlanan ilk saatlardan seçicilərin fəallığı diqqət çəkirdi, hər kəs öz namizədinə səs vermək üçün məntəqələrə üz tutmuşdu.

Ümumilikdə seçki dairəsi 42 seçki məntəqəsini əhatə edir və seçicilərin ümumi sayı 42 min 447 nəfər idi. Məntəqələrdə Milli Məclisə seçkilərin demokratik və şəffaf keçirilməsi üçün bütün şərait yaradılmışdı.

Müşahidə apardığımız 1 saylı seçki məntəqəsində seçicilərin fəallığı xüsusilə gözə çarpırdı. Quzanlı qəsəbəsində Dövlət İqtisad Kollecinin binasında yerləşən məntəqədə qeydiyyata alınan seçicilərin sayı 1448 nəfər idi. Məntəqə seçki komissiyasının sədri Rima Verdiyeva səsvermənin qanunun tələblərinə uyğun qaydada, şəffaf, ədalətli həyata keçirildiyini bildirdi. O, eyni zamanda demokratiyaya ciddi əməl olunduğunu vurğuladı. Burada olduğumuz zaman diqqət çəkən önəmli məqamlardan biri də gənc seçicilərin fəallığı idi. Kərim Həsənov, Ayşən Fətəliyeva, Malik Əmrahov və digər gənclər sevincli görünür, seçkilərə böyük maraq göstərirdilər.

Bənövşələr kənd orta məktəbin binasında yerləşən 21 saylı seçki məntəqəsinin önündə də qələbəlik hökm sürürdü. Məntəqə seçki komissiyasının sədri Tünzalə Vəliməmmədova dedi ki, veb-kamera quraşdırılmış bu məntəqədə 1390 seçici qeydə alınıb. Sərbəst səsvermə üçün hər cür şərait yaradılıb. Müşahidəçilər, KİV və ictimaiyyət nümayəndələrinə seçkini izləmək üçün müvafiq yerlər ayrılıb.

Məntəqədə səs verən Elcan Mehdiyevə müraciət edərək seçki ilə bağlı təəssüratlarını öyrəndik. Bildirdi ki, həmişə olduğu kimi, budəfəki seçkilərdə də mütəşəkkillik hiss olunur: "Şəxsən mən Ağdamı sevən, onun inkişafına töhfə verməyə hazır olan namizədi dəstəklədim”.

Seçicilərdən Zeynəb Kərimli və Rövşən Hüseynov da sübh tezdən məntəqəyə gələrək səs verənlərdən idilər. Onlar da layiq bildikləri namizədə səs verdiklərini və seçicilərə hərtərəfli şəraitin yaradıldığını dedilər.

LERİK

Lerikə güclü qar yağmasına baxmayaraq, seçicilər bazar günü şəhər yuxudan erkən oyanmışdılar. Ahıllar, cavanlar Milli Məclisə seçkilərdə səsverməyə gedirdilər. Heydər Əliyev adına meydandan azca aralıda kənd təsərrüfatı işçiləri üçün üçmərtəbəli inzibati bina, uşaq bağçası, Bayraq Muzeyi tikilib. Prezident İlham Əliyev Lerikə dördüncü səfərində bu tikililərin, eləcə də su kəmərinin, modul elektrik stansiyasının açılışında iştirak edib, içtimaiyyət nümayəndələri ilə görüşüb. Dövlət başçısı şəhərdə aztəminatlı 48 ailə üçün yaşayış evinin tikintisinə sərəncam imzalayıb. Seçkilər ərəfəsində mənzillər qapılarını sakinlərin üzünə açıb, dağlardan şəhərə alternativ su kəmərinin çəkilməsi başa çatdırılıb. Lerik şəhər internat məktəbi əsaslı təmir olunub, üçmərtəbəli yataqxananın, idman zalının tikintisi davam etdirilir.

Saat 8-də Mədəniyyət sarayındakı 1 saylı seçki məntəqəsində 1289 nəfər seçici qeydə alınıb, səsverməni izləmək üçün veb-kamera quraşdırılıb.

92 yaşlı Baba Malıyev vəsiqəsini təqdim edib, səsvermə bülletenini alır və kabinəyə keçir. Bülleteni qutuya salanda "Səsimi Azərbaycanda əmin-amanlığa verirəm”, - deyir. Növbə ilk dəfə səs verən Lalə Şahıyevaya çatır. Ona bülletenlə bərabər gül dəstəsi də təqdim olunur. Müşahidəçilər səsvermənin gedişini diqqətlə izləyir, qanunvericiliyə uyğun, ədalətli və şəffaf keçdiyini söyləyirlər.

78 saylı Lerik seçki dairəsinin sədri İdris Şıxəliyev bildirdi ki, rayonun 108 məntəqəsində səsvermə seçicilərin fəallığı ilə keçib.

QUBADLI

Parlament seçkiləri günü qubadlılı məcburi köçkünlər seçki məntəqələrinə gələrək istədikləri namizədə səs verdilər. Hazırda 39 minə yaxın Qubadlı sakini (işğaldan əvvəl 29903 nəfər) respublikanın 42 rayon və şəhərində müvəqqəti məskunlaşıb.

Qubadlı sakinlərinin əksər hissəsi Sumqayıt şəhərindədir. Rayonun icra strukturları, idarə və təşkilatları əsasən burada fəaliyyət göstərir.

125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 36 saylı məntəqəsi Sumqayıt şəhər İnşaatçılar qəsəbəsində, İşıqlı kənd tam orta məktəbinin binasında təşkil edilib. Məntəqə seçki komissiyasının sədri Fərhad Yusifov bildirdi ki, məntəqə üzrə seçicilərin sayı 1136 nəfərdir. Məntəqə Qubadlı rayonunun Yuxarı Mollu, Xanlıq, Muradxanlı və digər kəndlərinin sakinlərini əhatə edir.

Məntəqədə 3 nəfər gənc ilk dəfə səs verib. Onlardan biri Fidan Abbaslı gələcək seçkilərdə namizədliyini irəli sürəcəyini bildirib.

Məntəqə üzrə yaşı 80-100 arası seçicilərin sayı 21 nəfərdir. Onların seçkiyə gəlməsi və səsverməsi üçün bütün məsələlər həll edilmişdi. Yaşlı nəslin nümayəndələri Surxay Aslanov, Güldanə Yusifova və Məstan Əsədova kimi uzunömürlülər Qubadlının azad olunacağı və torpaqlara dönəcəkləri günə səs verdiklərini bildirdilər.

Seçki məntəqəsində 11 müşahidəçi səsvermənin gedişini izləyirdi. Onların əksəriyyəti müxtəlif partiyaları təmsil edirdi.

53 saylı seçki məntəqəsində də səsvermə üçün bütün şərait yaradılmışdı. 10 seçici məntəqəyə gələ bilməyəcəyini bildirmişdi. Onların evinə daşınan qutu aparıb səsvermələri təmin edilmişdir.

SALYAN

Səhər saat 8 radələridir. Adamlar aramla yağan qarın "müşayiət”i ilə dəstə-dəstə məntəqələrə gedirlər. Hiss olunur ki, onlar ali qanunvericilik qurumuna - Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə iştirak etməyin, seçdikləri namizədə səs verməyin vətəndaşlıq borcu olduğunu yaxşı bilirlər. Onu da yaxşı bilirlər ki, hakimiyyətin bütün pillələrində həyata keçirilən yeniliklər onların firavan, xoşbəxt yaşamalarına hesablanmışdır.

59 saylı Salyan DSK-nın 9 saylı səsvermə məntəqəsindəyik. Qələbəlikdir. Seçicilərin bir neçəsi ilə söhbət edib təəssüratlarını bildirmələrini xahiş edirik. Esmira Məmmədova sərbəst, azad şəkildə istədiyi namizədə səs verdiyini, həmin namizədin seçiləcəyi halda etimadı doğruldacağına əmin olduğunu söylədi. Digər seçicilər - Yolçu Məmmədov və Gülşən Cəfərova da sabitliyə, gələcək inkişafa tərəfdar olduqlarına, səs verdikləri namizədin də bu sahədə çalışacağına inandıqlarını bildirdilər.

"Vəhdət” Partiyasından olan müşahidəçi Mahirə Sultanova məntəqənin qapıları açılandan, yəni saat 8-də səsvermə prosesi başlandığı andan burada olduğunu, ötən saatlarda heç bir təzyiq, qanun pozuntusu, xoşagəlməz hal ilə rastlaşmadığını söylədi.

Rayonun Qarabağlı kəndi ərazisində yerləşən 60 saylı Salyan-Neftçala DSK üzrə 39 seçki məntəqəsi mövcuddur. Seçicilərin ümumi sayı 39 min 112 nəfərdir. Dairə üzrə 9 nəfər namizəd Milli Məclisə keçirilən seçki marafonuna qoşulmuşdur. Seçkilərin gedişini izləmək üçün 746 müşahidəçi qeydiyyatdan keçmişdir.

DSK-nın 11 saylı məntəqəsində də seçkinin gedişi ilə tanış olduq. Digər yerlərdə olduğu kimi, burada da seçici fəallığı hiss olunurdu. İnsanlar məntəqəyə gələrək öz seçimlərini edirdilər. Seçici Günel Muradova "Azad, sərbəst, şəffaf şəkildə öz seçimimi etdim. Mənə elə gəlir ki, başqa seçicilər də dediyim bu sözlərlə razılaşarlar”, - dedi.

ŞİRVAN

Fevralın 9-da sübh tezdən Şirvanda gediş-gəliş adi saatlardan tez başlamışdı. Seçki hüququna malik şəhər sakinləri seçki məntəqələrinə gedirdilər. Onu da qeyd edək ki, Şirvanda Milli Məclisə keçirilən seçkilərə ciddi hazırlıq işləri aparılmışdır. Parlament seçkilərində 46 saylı Şirvan DSK üzrə 34 məntəqədə 43 min 417 seçici qeydə alınmışdır.

Şəhid Bəhruz Aslanov adına Şirvan şəhər 16 nömrəli tam orta məktəbdə yerləşən 27 saylı məntəqə seçki komissiyasının sədri Çingiz Şirəliyev seçiciləri salamlayandan sonra Əlibala Quliyev, Famil Vəliyev, Əkbər Ələkbərov ilk olaraq bülleten götürdülər.

Şirvan şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimov dedi ki, sovetlər dönəmində də, müstəqillik illərində də seçkilərdə iştirak edib. Keçən ilin 23 dekabrında bələdiyyə seçkilərində də vətəndaşlıq borcunu ailəlikcə birlikdə yerinə yetirib: "Bu seçki əvvəlkilərdən xeyli fərqlidir. Əvvəla deputatlığa namizədlər çoxdur. İkincisi, onların təbliğat-təşviqat aparmaları üçün hər cür şərait yaradılmışdır. Namizədlər yaradılmış şəraitdən lazımınca bəhrələndilər”.

Məntəqədə 15-dək müşahidəçi üçün də əlverişli şərait yaradılmışdı. Onlardan biri müşahidəçi T.Quliyev dedi ki, seçkiləri sərbəst, maneəsiz izləmək üçün məntəqədə hər cür şərait var.

Müşahidə etdiyimiz 7,8,21 nömrəli məntəqələrdə də analoji vəziyyətlə rastlaşdıq.

BƏRDƏ

Bərdə rayonu ərazisində 93 və 94 saylı iki dairə seçki komissiyası fəaliyyət göstərir. 93 saylı Bərdə şəhər seçki dairəsi 50 məntəqəni əhatə edir. Dairə üzrə seçicilərin sayı 44.244 nəfərdir. Bunların 610 nəfəri ilk dəfə səs verənlərdir. Seçki bülletenlərinə 6 nəfər deputatlığa namizədin adı daxil edilmişdir. Namizədlərdən biri Yeni Azərbaycan Partiyasının təmsilçisidir. Namizədlərin beşi isə öz təşəbbüsü ilə seçkilərə qatılıb.

Qışın soyuğuna, sazağına baxmayaraq Bərdə şəhərinin sakinləri yüksək əhvali-ruhiyyə ilə seçki mənətəqələrinə yollanıb səsvermədə fəal iştirak etdilər.

Müsahibimiz şəhər sakini Fəqan İbrahimov təəssüratını bizimlə belə bölüşdü: "Heç bir təsir, hər hansı bir təzyiq olmadan öz iradəmi ifadə etdim. Şahidi olduğum siyasi mənzərə dövlətçilik baxımından qürurvericidir. Mən tarix müəllimiyəm. Yaşım da az deyil. 1990-cı illərdəki seçki prosesləri, siyasi toqquşmalar, tayfa qarşıdurmaları, xaos, anarxiya, ümidsizlik məngənəsində sıxılan adamların çıxılmaz vəziyyətini hələ də unutmamışam. Fikrimcə, dövlətimizin inkişafını təkcə təzə tikilən yaraşıqlı binalarla, abad küçə və meydanlarla, yeni salınan rahat yollarla, son illərdə inşa olunmuş çoxsaylı məktəb və xəstəxənalarla, idman kompleksləri ilə hesablamaq yanlış olar. Son illərin ən böyük uğurları sırasına, mən deyərdim ki, demokratik seçki ənənəsinin yaradılmasını da əlavə etmək lazımdır. Bu gün Bərdədəki seçki məntəqələrində olub dəqiq müşahidə aparsanız, mənimlə razılaşarsınız”.

Bərdə rayonunun seçki məntəqələrində səsvermə qanunun tələblərinə uyğun ədalətli və şəffaf qaydada başa çatdı.

ZƏNGİLAN

1993-cü ilin oktyabrından məcburi köçkün həyatı yaşamağa məcbur olan zəngilanlılar 46 rayon və şəhərdə yaşayırlar. Hazırda rayon əhalisi 45 000 nəfərdən çoxdur.

125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 18 saylı məntəqəsi Sumqayıtın İnşaatçılar qəsəbəsində yerləşən Zəngilan 18 saylı tam orta məktəbin binasında fəaliyyət göstərir. Məntəqə seçki komissiyasının sədri Səmiyəddin Sayılov bildirdi ki, 1392 seçicinin iştirak edəcəyi seçkini 15 nəfər yerli müşahidəçi izləyir.

Məntəqədə ilk dəfə səsverənlər 6, yaşlı nəslin nümayəndələri 30 nəfərdir. S.Sayılov bildirdi ki, zəngilanlıların seçici aktivliyi həmişə yüksək olub və bu gün də onlar məntəqəyə gələrək istədikləri namizədə səs verirlər.

Həmin dairənin 19 saylı məntəqəsi 23 saylı Zəngilan tam orta məktəbin binasında yerləşir. Səma Cavadzadə, Arzu Məmmədova, Zeynəb Məmmədli, Yeganə Mahmudova və digərləri seçkinin gedişindən razı qaldıqlarını bildirdilər. 14 nəfər müşahidəçinin izlədiyi məntəqədə qanun pozuntusuna yol verilməyib.

OĞUZ

Həyatında ilk dəfə səsvermədə iştirak edən Oğuz rayonunun Xalxalqışlaq kənd sakini Ceyhun İsmayılzadə Milli Məclisə seçkilər günündə ikiqat sevinc hissi yaşayıb.

Fevralın 9-da 18 yaşı tamam olan Ceyhun İsmayılzadə səs vermək üçün 117 saylı Oğuz-Qəbələ seçki dairəsinin Xalxalqışlaq kəndində yerləşən 3 saylı seçki məntəqəsinə gələndə sürprizlə qarşılaşıb. Məntəqə seçki komissiyasının sədri Araz Cəfərov gənc seçicini doğum günü münasibətilə təbrik edərək, ona Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilmiş "İlk dəfə səs verən seçici” vəsiqəsini təqdim edib.

Doğum gününün parlament seçkiləri gününə təsadüf etməsindən böyük qürur hissi keçirdiyini bildirən Ceyhun İsmayılzadə deyib: "Xoşbəxtəm ki, doğum günüm belə əlamətdar günə təsadüf edir. İlk dəfədir səs verirəm və bununla fəxr edirəm. Bu tarixi gün yaddaşımda xoş bir xatirə kimi əbədi qalacaq”.

Qeyd edək ki, 117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə parlament seçkilərində ilk dəfə səs verən gənclərin sayı 64 nəfərdir.

MASALLI

Hər tərəf ağ örpəyə bürünmüşdü. Amma buna rəğmən, seçici fəallığı yüksək idi. 70 saylı Masallı DSK 36 saylı Qasımlı kənd məntəqəsi tam orta məktəbin binasında yerləşmişdir. Seçicilərin sayı 1247 nəfər olan məntəqədə ilk dəfə səs verənlərin sayı 5 nəfərdir.

Yaşı 60-ı keçmiş Rəzzaq Məmmədov dedi ki, mən bugünkü əmin-amanlığımızdan, ölkə rəhbərliyinin daxili və xarici siyasətindən çox razıyam: "Bütün xalq Prezidenti dəstəkləyir, onun dəstxətini bəyənir. Mən elə bunları nəzərə alıb ən layiqli hesab etdiyim namizədə səs verdim. Bundan şəffaf, azad seçim ola bilməz. Hər kəsə demokratik şəkildə öz seçimini etmək imkanı yaradılıb.

70 saylı Masallı şəhər DSK-nın sədri İlkin Hüseynov və 71 saylı Masallı kənd DSK-nın sədri Loğman Şahbazovdan aldığımız məlumata görə, bir sıra məntəqələrdə seçki prosesini yerli müşahidəçilərlə bərabər, beynəlxalq müşahidəçilər də izləmişlər.

QAX

Milli Məclisə seçkilər 112 saylı Qax seçki dairəsinin 58 seçki məntəqəsində keçirilib. Bu dairə üzrə 9 namizəd parlamentə vəsiqə almaq uğrunda mübarizə aparıb.

Seçki məntəqələrinin 10-da "exit-poll” təşkil olunub. "Rəy” Monitorinq Mərkəzi tərəfindən keçirilən "exit-poll” dairənin Qax şəhərində yerləşən 7, 56 və 57 saylı, həmçinin Cəlayer kəndindəki 9, Ağçay kəndindəki 12, Qum kəndindəki 23, Güllük kəndindəki 30, Lələli kəndindəki 36, Şotavar kəndindəki 38 və Marsan kəndindəki 43 saylı seçki məntəqələrini əhatə edirdi.

Qax şəhərindəki 56 saylı seçki məntəqəsində "exit-poll”da "Rəy” Monitorinq Mərkəzinin nümayəndəsi Ülvi Məmmədli seçicilərin fəallığının yüksək olduğunu, sorğuda həvəslə iştirak etdiklərini bildirib.

Səsvermənin gedişini 772 nəfər yerli, həmçinin beynəlxalq müşahidəçilər izləmişlər.

XIZI

44 saylı Sumqayıt-Xızı dairə seçki komissiyasının 32 saylı seçki məntəqəsi Sitalçay kəndindəki Nicat Allahverdiyev adına tam orta məktəbdə fəaliyyət göstərirdi. Məntəqə seçki komissiyasının sədri Xanımzadə Hətəmova bildirdi ki, səhər səsverməyə başlanandan seçicilərin fəallığı hiss olunur. Məntəqədə qeydə alınmış seçicilərin sayı 1156 nəfərdir.

32 saylı məntəqə seçki komissiyasının üzvü Gülnar Əbilova bildirdi ki, məntəqədə seçkilərin şəffaf keçməsi üçün bütün şərait yaradılıb. Dairənin 31 saylı məntəqəsində və Şorabad qəsəbə tam orta məktəbin binasında təşkil olunan məntəqədə də eyni vəziyyətin şahidi olduq.

SİYƏZƏN

54 saylı Şabran-Siyəzən seçki dairəsinin 70 məntəqəsindən 24-ü Siyəzənin payına düşür. 52315 seçicinin 21795 nəfəri Siyəzəndə yerləşən məntəqələrdə qeydə alınmışlar.

46 saylı seçki məntəqəsi Siyəzən rayon Cəfər Cabbarlı adına 1 saylı tam orta məktəbin binasında təşkil olunub. Məntəqə seçki komissiyasının sədri Nəcməddin Mürvətov bildirdi ki, 1497 nəfərin qeydə alındığı məntəqədə seçicilər şəffaf və demokratik şəkildə öz namizədlərinə səs verirlər.

N.Mürvətov onu da vurğuladı ki, seçkilərdə məntəqə üzrə ilk dəfə səs verənlərin sayı 5 nəfərdir. Yaşı 80-ni haqlamış Raya Məmmədova bildirdi ki, həmişə seçkilərdə iştirak etməyi vacib bilib. Sovet dönəmində kimin seçiləcəyini qabaqcadan hamı bilirdi. Bu gün isə tamamilə başqa cürdür. Bütün bunlar demokratiyanın nəticəsidir. İnşallah, gözü tərəzi olan xalq öz layiqli seçimini edər”.

Ümumiyyətlə, 46 saylı seçki məntəqəsində yaşlı insanların (yaşı 80-ni adlamış) sayı 10 nəfərdir. Səmayə Aslanova, Gülxurə Bağırova və başqaları seçkidə fəallıqları ilə seçilirdi.

Seçkinin gedişini məntəqədə 11 nəfər müşahidəçi izləyirdi. Onlar seçki prosesindən razılıqlarını bildirdilər.

AĞDAŞ

Ölkəmizin hər yerində olduğu kimi, 90 saylı Ağdaş seçki dairəsində də Milli Məclisə seçkilərin mühüm mərhələsi olan səsvermədə şəffaflığın təmin olunmasına ciddi diqqət yetirilmişdir.

Dairə seçki komissiyasının sədri Nurəddin Nəsibov bununla bağlı demişdir ki, səsvermə fevralın 9-da səhər saat 8:00-dən başlamış, bu mühüm proses seçicilərin fəallığı şəraitində keçmişdir. Dairə üzrə 40 məntəqədə 9 nəfər parlamentə mandat almaq uğrunda mübarizə aparmışdır. Seçicilərin 106 nəfəri ilk dəfə, 3 nəfəri isə 100 yaşdan yuxarı səs verənlərdir.

Səsvermənin gedişini məntəqələrdə 563 müşahidəçi izləmişdir.

QUBA

52 saylı Quba Seçki Dairəsi üzrə seçicilərin sayı 46952 nəfərdir. Dairə üzrə seçki məntəqələri bütün texniki avadanlıqlarla təmin edilib. Rayon üzrə fəaliyyət göstərən 72 seçki məntəqəsinin 10-da kameralar quraşdırılıb. 7 kamera rayon mərkəzini, 3-ü isə Vəlvələ, Dağlı və Qəçrəş kəndlərindəki məntəqələri əhatə edir.

Dairə üzrə qeydə alınan müşahidəçilərin sayı 730 nəfərdir. Onlar respublikamızda fəaliyyət göstərən partiya nümayəndələri və bitərəflərdir. DSK-nın sədri Mübariz Abasov bildirdi ki, seçkidə ilk dəfə səs verən gənclərin sayı 258 nəfərdən çoxdur. İstər rayon mərkəzi, istərsə də kəndlərdə gənclər öz seçki fəallıqları ilə seçilirlər.

Dairə üzrə yaşı 80-dən yuxarı şəxslərin sayı 627 nəfərdir. 72 məntəqənin hər birində seçkinin şəffaf və demokratik keçirilməsi üçün hər bir şərait yaradılıb.

53 saylı Quba-Qusar seçki dairəsi 76 məntəqəni əhatə edir. 61 məntəqə Quba, 15-i isə Qusar ərazisinin sakinləridir. DSK-nın sədri Rahim Qarayev bildirdi ki, ilk dəfə səs verən 215 gəncimiz var.

Seçkinin gedişini 950 müşahidəçi izləyirdi. 14 namizədin qatıldığı seçkinin demokratik və şəffaf keçirilməsi üçün dairənin bütün məntəqələrində seçki qanunvericiliyinə uyğun şərait yaradılmışdı.

ŞABRAN

54 saylı Şabran-Siyəzən seçki dairəsinin 70 məntəqəsində 52315 nəfər seçici qeydə alınıb. Dairənin 1 saylı seçki məntəqəsi Şabran rayon 2 saylı tam orta məktəbin binasında fəaliyyət göstərir.

Yaşı 80-ni adlamış Zərurət Əliyev, Sübhan Rahimov, Rafiq Əsədullayev və digərləri seçkinin gedişindən razı qaldıqlarını bildirdilər. M.Osmanova, R.Daşdəmirova, E.Orucova səsvermədə ilk dəfə iştirak edirdilər. Tələbə olan bu qızlar gülə-gülə dedilər ki, şəffaf keçirilən seçkilərdə onların namizədləri qalib gələcək.

Onu da bildirək ki, veb-kameranın quraşdırıldığı məntəqədə seçki proseduru qayda pozuntusu olmadan aparılırdı.

DSK-nın 2 saylı məntəqəsində ilk dəfə səs verən gənclər - Məleykə Xudaverdiyeva, Elşad Fərhadov, Xəyal Tarıverdiyev, Cülşad Əliyeva da ölkəmizin gələcəyinə, inandıqları namizədə səs verdiklərini bildirdilər. Məntəqədə onların hər birinə gül dəstələri təqdim edildi.

Burada yaşı 80-dən yuxarı insanlara da qayğı ilə yanaşılırdı. Məntəqə üzrə onların sayı 34 nəfərdir. Çingiz və Şəfaqət Osmanovlar birlikdə səs verərək hamıya uğurlar dilədilər. Vüqar, Zülfiyyə və İnci Şükürovlar ailəliklə seçkidə iştirak edirdilər. Onların da hər biri ayrılıqda istədikləri namizədə səs verdilər.

Seçki günü seçkinin gedişini izləyəcək müşahidəçilər üçün də xüsusi yer ayrılmışdı. 16 müşahidəçi qanun pozuntusuna yol verilmədiyini bildirdi.

"Azərbaycan

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski: Ukrayna Rusiyanın hərbi müəssisəsinə zərbə endirib

14:37
23 May

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək  

14:01
23 May

Oleq Babaka həsr olunan kitab Ukraynada təqdim edilib  

13:47
23 May

Dövlət Gömrük Komitəsi ilə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi arasında açıq dialoq platforması keçirilib

13:41
23 May

Azərbaycanın Mavritaniyadakı səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib

13:39
23 May

WUF13 çərçivəsində 179 minə yaxın sərnişin daşınıb  

13:15
23 May

Suriyada İŞİD terrorçuları yaxalanaraq Türkiyəyə gətirilib

13:00
23 May

Prezident İlham Əliyev: WUF13 Azərbaycanın çoxtərəfliliyə və daha yaxşı gələcək naminə kollektiv fəaliyyətə verdiyi daha bir mühüm töhfədir  

12:57
23 May

Milli Məclisin nümayəndə heyəti Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulluğunda olub  

12:49
23 May

May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

11:58
23 May

Dünya mediası WUF13-ün qlobal şəhərsalma siyasətində yeni yol xəritəsinin müəyyənləşməsində rolundan yazıb 

09:47
23 May

Rubio Kubanın ABŞ üçün təhlükə yaratdığını bildirir

08:50
23 May

103 ölkədən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsi imzalayıb

08:48
23 May

"Azərenerji" ASC-nin sədri ilə Xorvatiya səfirinin görüşü olub

08:45
23 May

Bilmək istəyirəm

08:40
23 May

Bakı-Brüssel tərəfdaşlığının yeni prioritetləri

08:35
23 May

Günnütdən Zəfərə doğru

08:33
23 May

Qətiyyətin zəfəri

08:30
23 May

BŞİH-də xarici ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirilib 

08:25
23 May

Azərbaycandan şəhərsalma üzrə dünyaya dayanıqlı inkişaf mesajı 

08:20
23 May

Azərbaycanın töhfələri D-8-i daha çevik struktura çevirir

08:15
23 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!