Ata üç hərfdən ibarət qısa bir söz olsa da, tutumu, dəyəri bir dünya qədərdir. Əgər bu günə kimi milli-mənəvi dəyərlərimizi, ailə institutumuzu qoruyub saxlaya bilmişiksə, burada atanın rolu danılmazdır. Millətimizin təmsilçisi ata, ailənin, kiçik cəmiyyətin sütunu ata, adımızdan sonra soyadımızdan əvvəl daşınan ad ata, dara düşəndə güvənc yerimiz atadır. Məgər uşaq vaxtı kiminsə tərəfindən təqib olunanda «atama deyəcəyəm» sözü ilə həmin şəxsə hədə ünvanlamamışıqmı? Bir kitaba sığacaq müdrik fikri bir cümlə ilə atalar sözü kimi möhürləməmişikmi?
Zaman bu gözəl dəyərimizə də əl gəzdirib. Əslində, zaman sözü burada yerinə düşmür, təqlidçilik, biganəlik, dəyərlərimizi köhnəliyin qalığı kimi düşünənlər elə bu zamanın, hibrid zamanın daşıyıcılarıdırlar. Özü də acınacaqlısı budur ki, həmin insanlar efirlərdə, sosial platformalarda özlərinə sürətlə həmfikir tapırlar. «Öz həyatımı yaşayacam». Əgər sən bu cəmiyyətin üzvüsənsə, onun qarşısında cavabdehliyin varsa, yaşadığın mühitdə milli-mənəvi dəyərlərə üstünlük verənlər varsa, bu fikri söyləməyə mənəvi haqqın varmı? Axı bu cəmiyyətin bizə təqdim etdiyi, faydalandığımız məsələlərlə yanaşı, bir vətəndaş kimi cavabdehliklərimiz də mövcuddur. Hətta yazılmamış qanunlar da var ki, onlara əməl etmək hər kəsin mənəvi borcudur. Bu, cəmiyyətin bir parçası olan ailəyə aid olsa belə, vacibdir, önəmlidir.
Atanı, ananı itirənə yetim deyirlər. Bu, çox acınacaqlı vəziyyət olsa da, dövlət ona sahib çıxır. Körpələr evi, uşaq evi var. Doğrudur, bu evlər isti ana qucağını, ata nəvazişini əvəz etməsə də, oranın sakinləri qayğısız qalmırlar. Uşaq evində böyüyüb cəmiyyətə atılandan sonra da dövlət bu yeniyetmələri diqqətdə saxlayır, sağ olsun. Bir də həmin yaş dövrü gənclik enerjisi, yaşam həvəsi ilə dolu olduğu üçün onlar cəmiyyətdə mövqe qazanmağı, ayaq üstə dayanmağı bacarırlar.
Amma saqqallı yetimlər üçün həyat olduqca acınacaqlıdır. Zəhmətlə ailə saxlamış, övladlarını boya-başa çatdırmış bir çox ataların yeni adıdır saqqallı yetim. Belə bir deyim var: “Pulun varsa, oğlunla, iş görmək qabiliyyətin varsa, qızınla, ağlın varsa, öz evində yaşa”. Bu, atalar sözü olmasa da, yəqin ki, müşahidə qabiliyyəti çox güclü olan birisinin dedikləridir.
Xatırlayıram ki, sosial verilişlərin birində çox nurani, övladları haqqında mənfi bir söz söyləməyən, lakin yaşayış yeri olmadığı üçün qocalar evinə yerləşmək istəyən bir ata insanların diqqət mərkəzinə çevrilmişdi. Həmin atanın dörd övladı – iki oğlu, iki qızı var. Amma yaşamağa başının üstündə bir damı yoxdur. Özü söyləməsə də, verilişə onu tanıyanların zəngindən bəlli oldu ki, həmin atanın öz evi olub. Lakin oğlu onu aldadaraq sənədə qol çəkdirməklə evi mənimsəyib. Ata və ana məcbur olaraq kirayə mənzilə köçməli olublar. Lakin həmin övlad orada da onlara dinclik verməyib. Hətta əl qaldırıb. Baş-başa verərək qoca ana-ata birtəhər yaşamağa çalışıblar. Lakin ana rəhmətə gedəndən sonra ata el arasında deyildiyi kimi, saqqallı yetimə çevrilib. Vəziyyət dözülməz həddə çatanda isə dərdi hamıya açılıb.
Dörd övladdan yalnız biri, onun evini mənimsəyən oğlu telefon bağlantısına cavab verib. Kaş ki, verməyəydi. Üzürü günahından betər deyirlər belə danışığa. Deyilənə görə, həmin şəxs yas mərasimlərində mollalıq edir. Yazıq olsun onun apardığı o mərasimlərə.
Oğlu danışdıqca rəngdən-rəngə düşən nurani qoca onun haqqında dili gəlib mənfi bir söz söyləmirdi. Olanları yalnız həmin ailəni tanıyanlar söylədilər.
Elə bir fikir yaranmasın ki, 50-60 il bundan əvvəlki məişətə, cəmiyyətə, geyim tərzinə qayıtmaq arzusu yaranıb. Lakin elə dəyərlərimiz var ki, onu olduğu kimi saxlamaq nəinki vacib, hətta mütləqdir.
İndi ailə quran gənclər valideynləri ilə yaşamaq istəmirlər. Fikrə hörmətlə yanaşmaq olar. Çünki yaşın gətirdiyi bəzi məsələlər cəmiyyətin dəyərlərini astar üzünə çevirənlərin xoşuna gəlməyə bilər. Lakin onun əlindəkini alıb çölə atmağa, onu təqiblərə məruz qoymağa kimsənin mənəvi haqqı yoxdur!
Söylədiyimiz kimi, körpələrə sahib çıxan dövlətimiz övladı olan valideynlər üçün qocalar evi açmağa borclu deyil. Doğrudur, qocalar evi adında bir qurum var. Lakin ondan istifadə etmək üçün ya övladların səndən imtina etməli, ya da kimsəsiz olmalısan. Övladlı, hətta dörd-beş övladı olan kimsəsizləri haraya yerləşdirmək olar? Ailə dəyərləri o qədərmi yoxa çıxmaq üzrədir? Saqqallı yetim olan ataların haqqını kim ödəməlidir?
Rəfiqə SADIQOVA,
yazıçı-jurnalist