01 İyul 2026 08:20
161
SİYASƏT
A- A+
Azərbaycanın islam dünyasında artan rolu və genişlənən missiyası

Azərbaycanın islam dünyasında artan rolu və genişlənən missiyası


Müasir beynəlxalq münasibətlər sisteminin yenidən formalaşdığı, qlobal geosiyasi təlatümlərin və iqtisadi qeyri-müəyyənliklərin kəskinləşdiyi bir dövrdə müsəlman dünyasının vahid platformadan çıxış etməsi təxirəsalınmaz tarixi zərurətə çevrilmişdir. İslam dünyasının ortaq dəyərlər, qarşılıqlı hörmət və qardaşlıq prinsipləri ətrafında sıx birləşməsi regional təhlükəsizliyin, sosial-iqtisadi tərəqqinin və mədəniyyətlərarası dialoqun təmin olunmasında həlledici rol oynayır. 

Müstəqillik illərindən bəri islam həmrəyliyinin möhkəmləndirilməsini öz xarici siyasətinin prioritet istiqamətlərindən biri elan edən Azərbaycan bu gün növbəti dəfə mühüm qlobal dialoq mərkəzi qismində çıxış edir. Tarixi Zəfərindən sonra bölgədə yeni geosiyasi reallıqlar və davamlı sülh gündəliyi yaradan rəsmi Bakı coğrafi cəhətdən Şərqlə Qərbin qovşağında yerləşdiyi kimi, siyasi və mənəvi nöqteyi-nəzərdən də islam dünyasının ən etibarlı tərəfdaşlarından birinə çevrilmişdir. 

Bu baxımdan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının Bakıda keçirilən 20-ci Sessiyası Azərbaycanın beynəlxalq nüfuzunun və islam dünyasında artan siyasi çəkisinin növbəti təsdiqi oldu. Bu həm də müsəlman dövlətləri arasında qanunvericilik müstəvisində əlaqələrin yeni mərhələyə qədəm qoymasının bariz göstəricisinə çevrildi. Dünyanın müxtəlif regionlarından parlament sədrlərini, deputatları və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirən bu mötəbər tədbir təkcə parlament diplomatiyasının inkişafına deyil, həm də islam aləminin qarşısında duran çağırışların müzakirəsinə xidmət etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sessiya iştirakçılarına müraciətində səsləndirilən fikirlər ölkəmizin islam dünyası ilə münasibətlərinin fəlsəfəsini, bu əməkdaşlığın prioritet istiqamətlərini və gələcək hədəflərini aydın şəkildə ortaya qoydu. Müraciət göstərdi ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatını beynəlxalq təşkilat olaraq müsəlman ölkələrinin həmrəyliyini təmin edən mühüm siyasi platforma kimi qiymətləndirir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xarici siyasətinin əsas istiqamətlərindən biri islam dünyası ilə əlaqələrin möhkəmləndirilməsi olub. Ölkə İƏT çərçivəsində daim fəal iştirak edib, təşkilatın qəbul etdiyi təşəbbüslərin həyata keçirilməsinə töhfə verib və parlamentlərarası əməkdaşlığın genişlənməsini dəstəkləyib. Müraciətdə oxuyuruq: "Bu il Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olmasından 35 il ötür. İƏT Azərbaycanın müstəqilliyinin bərpasından sonra qoşulduğu ilk beynəlxalq təşkilatlardandır. Qürurla qeyd edə bilərik ki, bu illər ərzində ölkəmiz islam həmrəyliyinin gücləndirilməsinə töhfə vermiş, İƏT-in fəaliyyətində təşəbbüskar və məsuliyyətli rol oynamış, məqsəd və prinsiplərinə sadiq qalmış, beynəlxalq müstəvidə nüfuzunun artırılmasında fəal iştirak etmişdir. Azərbaycan üzv dövlətlərlə ikitərəfli əsasda da möhkəm dostluq və qardaşlıq münasibətlərinə söykənən çoxşaxəli əməkdaşlıq əlaqələri qurmuşdur. Biz də, öz növbəmizdə, İƏT-in ardıcıl dəstəyini daim hiss etmişik".

Bakıda keçirilən "Parlament əməkdaşlığı vasitəsilə İƏT üzvü olan dövlətlərdə dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi" mövzusuna həsr olıunmuş sessiya da Azərbaycanın artıq sadəcə iştirakçı deyil, təşkilatın gündəliyini formalaşdıran və dialoq platforması yaradan dövlətlərdən birinə çevrildiyini nümayiş etdirdi. Bu cür tədbirlər ölkəmizin beynəlxalq etimad qazandığını və mürəkkəb geosiyasi şəraitdə müxtəlif dövlətləri bir masa ətrafında toplamaq qabiliyyətini nümayiş etdirir.


Haqq səsimizin beynəlxalq tribunası


Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı arasında münasibətlərin ən mühüm xüsusiyyətlərindən biri təşkilatın ölkəmizin suverenliyi və ərazi bütövlüyünə uzun illər ardıcıl dəstək göstərməsi olub. Ermənistanın işğalçılıq siyasəti dövründə İƏT Azərbaycanın haqlı mövqeyini müdafiə edən ən prinsipial beynəlxalq təşkilatlardan biri kimi çıxış edib. Mötəbər qurumun qəbul etdiyi qətnamələrdə Ermənistanın təcavüzü qəti şəkildə pislənib, Azərbaycanın ərazi bütövlüyü dəstəklənib və üzv dövlətlər beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməyə çağırılıb.

Xüsusi əhəmiyyət daşıyan məqamlardan biri də Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı yaradılmış İƏT Təmas Qrupunun uzun illər ərzində ölkəmizin mövqeyinin beynəlxalq aləmdə müdafiəsində oynadığı mühüm rol idi. Dövlətimizin başçısı müraciətində qardaş ölkələrin bu münasibətini yüksək qiymətləndirmişdir. Vətən müharibəsindəki tarixi qələbəmizdən, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpasından sonra da İƏT Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və yenidənqurma işlərini alqışlayan sənədlər - qətnamələr və bəyanatlar qəbul etmiş və bölgədə sülhün təmin olunmasını dəstəkləmişdi. 

Cənab İlham Əliyevin sessiya iştirakçılarına müraciətində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı dövründə bu torpaqlarda islam dini və mədəni irsinə qarşı həyata keçirilən vandalizm aktlarına xüsusi diqqət yönəldilmişdi. Ermənistan tərəfindən urbisid və kultursidə məruz qalmış şəhər və kəndlərimizdə bəşəri əhəmiyyətə malik məscidlər və çoxəsrlik islam memarlığı abidələri qəsdən yerlə yeksan edilmiş və talan olunmuşdur. İşğal altında qalmış ərazilərdə mövcud olmuş 67 məsciddən 65-nin dağıdılması təkcə Azərbaycana deyil, bütövlükdə İslam mədəniyyətinə qarşı törədilmiş cinayət olduğu bildirilmişdir. Bununla yanaşı, türbələr, qəbiristanlıqlar, dini və tarixi abidələr sistemli şəkildə məhv edilmiş və təhqir olunmuşdur.

Bu gün isə Azərbaycan dövləti həmin ərazilərdə ardıcıl olaraq genişmiqyaslı bərpa-quruculuq proqramı həyata keçirir. Məscidlərin, dini abidələrin, tarixi memarlıq nümunələrinin yenidən qurulması milli irsin həyata qaytarılaraq qorunması ilə yanaşı, həm də islam sivilizasiyasına hörmətin real təzahürüdür.


Qərblə Şərq arasında körpü


Dövlətimizin başçısının müraciətində diqqətçəkən ən mühüm məqamlardan biri də islamofobiya ilə mübarizə məsələsi idi. Məlumdur ki, son illər dünyanın müxtəlif ölkələrində müsəlmanlara qarşı ayrı-seçkiliyin artması, müqəddəs dini dəyərlərin təhqir olunması, "Qurani-Kərim"in yandırılması kimi təxribatlar ciddi narahatlıq doğurur. Bu halları "ifadə azadlığı" adı altında ört-basdır etmək cəhdlərini Azərbaycan qəti rədd edir və islamofobiyanı qlobal təhlükəsizlik üçün ciddi risk sayır. Azərbaycan dövləti hesab edir ki, dinə qarşı nifrətin təşviqi heç bir halda demokratik dəyər kimi təqdim oluna bilməz. Bu baxımdan Azərbaycan beynəlxalq təşkilatlarda islamofobiyanın ayrı-seçkiliyin xüsusi forması kimi tanınması istiqamətində ardıcıl fəaliyyət aparmaqdadır. Eyni zamanda ölkəmiz bəzi Qərb siyasi dairələrinin, o cümlədən Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasında müşahidə olunan islamı ekstremizm və terrorizmlə eyniləşdirməyə yönəlmiş qərəzli yanaşmaları da qəbuledilməz sayır. Müraciətdə deyilir: "Milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan və dünyada milyardlarla insan üçün mənəvi dayaq və bələdçi rolunu oynayan islam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilmişdir. Biz islamın həmrəylik və qarşılıqlı hörmət prinsiplərinin təbliği istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edir, mütəmadi olaraq İƏT və onun qurumlarının tədbirlərinə evsahibliyi edirik. İslam sivilizasiyasının zəngin mədəni-mənəvi irsini təcəssüm etdirən Bakı, Naxçıvan və Şuşa şəhərləri müxtəlif illərdə islam dünyasının mədəniyyət paytaxtı adına layiq görülmüşdür".

Azərbaycanın İƏT daxilində artan nüfuzu yalnız siyasi mövqeyi ilə izah olunmur. Ölkəmiz uzun illərdir ki, müxtəlif dinlər və mədəniyyətlər arasında dialoqun təşviqində mühüm rol oynayır. Bakıda keçirilən beynəlxalq forumlar, dinlərarası dialoq tədbirləri, mədəniyyətlərarası əməkdaşlıq platformaları Azərbaycanın həm islam dünyasında, həm də Qərblə Şərq arasında etibarlı körpü funksiyasını gücləndirib. Azərbaycan multikulturalizm modelini daxili siyasətin ayrılmaz hissəsi olmaqla yanaşı, beynəlxalq münasibətlərdə də uğurlu nümunə kimi təqdim edir. Bu səbəbdən İƏT çərçivəsində keçirilən tədbirlərin Bakıda təşkil olunması təsadüfi deyil. Bu, Azərbaycanın həm siyasi sabitliyinə, həm təşkilatçılıq imkanlarına, həm də beynəlxalq etimada verilən qiymətdir.


Yeni mərhələnin başlanğıcı


Prezident İlham Əliyevin müraciətində xüsusi qeyd olunan məsələlərdən biri də gələn il ölkəmizdə İslam Zirvə Konfransının 16-cı Sessiyasının keçirilməsi və  Azərbaycanın 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatına sədrlik etməsi ilə bağlıdır. Bu sədrlik Azərbaycan üçün mühüm diplomatik status olmaqla bərabər, həm də böyük məsuliyyətdir.

Rəsmi Bakı bu dövrdə islam həmrəyliyinin daha da möhkəmləndirilməsi, üzv dövlətlər arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi, dayanıqlı inkişaf məqsədlərinin təşviqi istiqamətində daha ciddi fəaliyyət göstərməyi qarşısına məqsəd qoyur. Bu perspektiv Azərbaycanın İslam dünyasının gələcək inkişaf gündəliyinin formalaşdırılmasında iştirak edən aparıcı dövlətlərdən biri olduğunu göstərir. Keçirilən sessiyanın "Parlament əməkdaşlığı vasitəsilə İƏT üzvü olan dövlətlərdə dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi" mövzusuna həsr olunması Parlament İttifaqının üzv ölkələrinin tərəqqisi üçün ortaq çağırışlara birgə həll yolları tapmaq əzmini nümayiş etdirir.

Mötəbər tədbirdə qəbul edilmiş Bakı Bəyannaməsində İƏT Parlament İttifaqının Nizamnaməsində təsbit olunmuş məqsədlərə sadiqlik, həmçinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nizamnaməsi, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və beynəlxalq hüququn məqsəd və prinsiplərinə hörmət etmək öhdəliyi bir daha təsdiqləndi. Eyni zamanda dövlətlərimizin qarşılaşdığı çoxsaylı mürəkkəb çağırışları və dəyişən təhlükələri, o cümlədən kiberhücumları, terrorizmi və islamofobiyanın artan təzahürlərini nəzərə alaraq, bu təhdidlərin beynəlxalq sülhə və təhlükəsizliyə, həmçinin dünya üzrə müsəlman icmalarının dinc yanaşı yaşamasına və sosial həmrəyliyinə mənfi təsirindən dərin narahatlıq ifadə edildi. 

Bakıda keçirilən İƏT Parlament İttifaqının 20-ci Sessiyası Azərbaycanın islam dünyasındakı artan nüfuzunun, etibarlı tərəfdaş imicinin və prinsipial xarici siyasət kursunun növbəti təsdiqi oldu. Bu tədbir bir daha nümayiş etdirdi ki, ölkəmiz yalnız öz milli maraqlarını müdafiə edən dövlət deyil, həm də islam aləmində həmrəyliyin, dialoqun və qarşılıqlı etimadın möhkəmləndirilməsinə real töhfə verən məsuliyyətli iştirakçıdır.

Azərbaycanın İƏT ilə əməkdaşlığı artıq təkcə siyasi dəstək müstəvisini aşaraq mədəni, iqtisadi, humanitar və parlament diplomatiyası sahələrini də əhatə edən çoxşaxəli strateji tərəfdaşlığa çevrilib. 2027-ci ildə təşkilata sədrliyin başlanması isə bu münasibətlərin yeni mərhələyə qədəm qoyacağını göstərir. Bu mərhələdə Azərbaycanın əsas missiyası islam həmrəyliyini daha da gücləndirmək, üzv dövlətlər arasında əməkdaşlığı dərinləşdirmək və qlobal çağırışlar fonunda islam dünyasının vahid mövqeyinin formalaşmasına töhfə vermək olacaq. Bu isə Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına və ölkənin qlobal diplomatiyada rolunun möhkəmlənməsinə xidmət edəcək.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

O taylı-bu taylı Azərbaycanın şairi

09:00
01 İyul

Atası onu həkim, anası isə hüquqşünas görmək istəyirdi

08:55
01 İyul

Samux taxılçıları daha çox məhsuldarlığa fikir verirlər

08:50
01 İyul

Ağstafada meyvə istehsalı ilə məşğul olan şirkətin sorağı uzaq ölkələrdən gəlir

08:45
01 İyul

Xatınlı kəndi: dünənlə bu günün görüş yeri

08:40
01 İyul

Ankarada Azərbaycanın dayanıqlı kənd təsərrüfatı imkanları təqdim edilib

08:35
01 İyul

Avropa İttifaqı Azərbaycanın regiondakı strateji rolunu qəbul edir

08:30
01 İyul

"Azərbaycan Korsika məsələsinin beynəlxalq gündəmdə yer almasına mühüm töhfə verdi"

08:25
01 İyul

Azərbaycanın islam dünyasında artan rolu və genişlənən missiyası

08:20
01 İyul

ADA Universitetində 9-cu Beynəlxalq Təhsil Konfransı təşkil edilib 

08:15
01 İyul

Rəqəmsal transformasiya siyasi partiyaların da qarşısında yeni vəzifələr müəyyən edir

08:10
01 İyul

2025-ci ilin dövlət büdcəsi strateji inkişaf prioritetlərinə uyğun icra edilib

08:05
01 İyul

Sabitlik inkişafın əsas ilkin şərtlərindəndir

08:00
01 İyul

"Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Esvatini Krallığının İnformasiya, Kommunikasiyalar və Texnologiya Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl mexanizminin yaradılması sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında

02:08
01 İyul

"Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

02:07
01 İyul

"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında

02:06
01 İyul

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında" 2001-ci il 30 iyun tarixli 518 nömrəli, "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının emblemi haqqında Əsasnamənin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının embleminin təsvirinin təsdiq edilməsi barədə" 2002-ci il 11 mart tarixli 676 nömrəli, "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Şurası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2009-cu il 22 may tarixli 96 nömrəli və "Azərbaycan Respublikasının daxili qoşunları haqqında" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 303-VIIQ nömrəli Qanununun tətbiqi barədə" 2025-ci il 25 dekabr tarixli 558 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

02:05
01 İyul

“Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 oktyabr tarixli 306 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

02:02
01 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilməsi haqqında

02:01
01 İyul

Bakı Slavyan Universitetində “Məzun günü” təntənəli şəkildə qeyd olunub

23:58
30 İyun

Dünya çempionatı: Norveç millisi tarixində ilk dəfə 1/8 finala yüksəlib  

23:01
30 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!