İyunun 30-da Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclası açan Milli Məclisin Sədri Sahibə Qafarova əvvəlcə iyunun 22-dən 25-dək Bakıda Milli Məclisin evsahibliyi ilə keçirilən İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyası ilə bağlı fikirlərini bildirib.
Sessiyanın və sessiya ilə bağlı iclasların uğurla keçirildiyini deyən spiker qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatı dünyanın ən böyük beynəlxalq qurumlarından biridir və öz sıralarında 57 dövləti birləşdirir. 1969-cu ildə yaradılmış bu təşkilat müsəlman ölkələri arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, habelə islam dünyasının ümumi maraqlarının müdafiəsi üçün mühüm platforma rolunu oynayır.
Bildirilib ki, İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı Konfransının 20-ci Sessiyası Azərbaycanın islam aləmində yüksək nüfuzunu bir daha təsdiq edən mühüm beynəlxalq hadisə oldu. Tədbirdə 43 ölkədən və 11 beynəlxalq təşkilatdan 54 nümayəndə heyəti, ümumən 500-dən çox nümayəndə iştirak edib. O da diqqətə çatdırılıb ki, nümayəndə heyətləri artıq iyunun 21-də ölkəmizdə idilər və ertəsi gündən sessiyaya hazırlıq iclaslarının keçirilməsinə başlanılıb.
Milli Məclisin Sədri bildirib ki, İcraedici komitənin 56-cı iclası, habelə 5 daimi komitənin və 3 qrupun - Asiya, Afrika və Ərəb qruplarının, eləcə də müsəlman qadın parlamentarilərin, müsəlman icmaları və azlıqlar alt komitəsinin, Baş Katiblər Assosiasiyasının növbəti iclasları, məsləhətləşmə görüşləri və konqresləri, digər toplantılar sessiyada müzakirələrin səmərəli təşkili baxımından çox əhəmiyyətli idi.
İyunun 24-də 20-ci sessiyanın açılış mərasiminin olduğunu deyən spiker Sahibə Qafarova qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sessiya iştirakçılarına müraciəti tədbirin əhəmiyyətini daha da artırıb. Müraciətdə islam ölkələrinin həmrəyliyini və iş birliyini möhkəmləndirməyin əsas prioritetləri müəyyən edilib. İslam dəyərlərinin qorunması naminə birgə səylərin əhəmiyyəti vurğulanıb.
Spiker daha sonra deyib: "Sessiyada İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqına sədrlik Azərbaycan Milli Məclisinə təhvil verildi. Bu, ölkəmizə göstərilən yüksək beynəlxalq etimadın yeni bir ifadəsidir və eyni zamanda, dövlətimizin müsəlman ölkələri ilə əməkdaşlığı inkişaf etdirmək sahəsində ardıcıl siyasətinin təsdiqidir.
20-ci sessiyanın sədri kimi mən açılış nitqimdə Parlament İttifaqına Milli Məclisin sədrliyi dövründə fəaliyyətimizin əsas istiqamətləri barədə danışdım. Bildirdim ki, Milli Məclis təşkilatın rolunun daha da güclənməsinə və üzv ölkələrin parlamentləri arasında iş birliyinin inkişafına çalışacaqdır. Digər məsələlərlə yanaşı, mən sülhün, dialoq və qarşılıqlı anlaşmanın gücləndirilməsində parlament diplomatiyasının əhəmiyyətini vurğuladım. İslam dünyasının potensialını tam reallaşdırmağın və onun üzləşdiyi çətinlikləri aradan qaldırmağın yolları barədə fikirlərimi bölüşdüm".
Diqqətə çatdırılıb ki, sessiyada nümayəndə heyətlərinin rəhbərləri və beynəlxalq təşkilatların təmsilçiləri çıxış ediblər. 2 gün ərzində ümumən 32 çıxış səslənib, beynəlxalq gündəliyin aktual məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb. Parlament İttifaqının fəaliyyətini daha da təkmilləşdirməyə və üzv dövlətlərin parlamentləri arasında qarşılıqlı əlaqəni genişləndirməyə yönələn qərarlar qəbul edilib.
Milli Məclisin Sədri bildirib ki, tədbirin ən mühüm yekunlarından biri də Bakı Bəyannaməsinin qəbul edilməsi oldu. Bəyannamə İttifaqın üzvü olan parlamentlərin qarşılıqlı əlaqəni və əməkdaşlığı, həmrəyliyi və dialoqu daha da möhkəmləndirmək əzmini ifadə edir.
Sessiya çərçivəsində Milli Məclisin Sədrinin 19 ikitərəfli görüşləri olub. Bu barədə danışan spiker Sahibə Qafarova deyib ki, Türkiyə, İran, İordaniya, Oman, Qətər, Yəmən, Mozambik, Niger, Şimali Kipr parlamentlərinin sədrləri, Birləşmiş Ərəb Əmirlikləri, İraq, Mərakeş, Qvineya-Bisau, Burkina Faso, Çad, Kot-d`İvuar və Mali parlamentlərinin sədr müavinləri, Qlobal Tolerantlıq və Sülh Şurasının sədri ilə danışıqlarda ikitərəfli və çoxtərəfli platformalarda iş birliyinin inkişaf etdirilməsi yolları nəzərdən keçirilib. Qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.
Spiker Sahibə Qafarova xüsusi vurğulayıb ki, Milli Məclisin deputatları həm 20-ci sessiyada, həm də müxtəlif komitələrin və qrupların iclaslarında və digər tədbirlərdə fəal iştirak ediblər. Milli Məclisin komitə sədrləri bir sıra təşkilati komitə iclaslarında sədrlik də ediblər. Milli Məclisin Sədri vitse-spiker, Parlament İttifaqında nümayəndə heyətinin rəhbəri Rafael Hüseynova, iclaslarda və müxtəlif tədbirlərdə iştirak etmiş komitə sədrlərinə, dostluq qruplarının rəhbərlərinə və deputatlara minnətdarlığını bildirib.
"Hesab edirəm ki, İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyası həm forma, həm də məzmun baxımından yüksəksəviyyəli bir tədbir oldu və biz qarşıya qoyulan bütün hədəflərə nail olduq. Bununla əlaqədar mən tədbirin təşkilində əməyi olan hər kəsə bir daha təşəkkür edirəm", - deyə Milli Məclisin Sədri Sahibə Qafarova bildirib.
Spiker bir məlumatı da nəzərə çatdırıb ki, Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edən İordaniya Nümayəndələr Palatasının Sədri Mazen Torki Saud Əl-Qadi eyni zamanda onun dəvəti ilə ölkəmizə rəsmi səfərini də həyata keçirib. "İordaniya parlamenti sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmişdir. İyunun 22-də İordaniya Nümayəndələr Palatası Sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Milli Məclisdə mənim görüşüm oldu. Görüşdə parlamentlərimiz arasında həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu. Parlamentlərarası əlaqələrin dərinləşməsində qarşılıqlı səfərlərin rolu və parlament dostluq qruplarının fəaliyyəti vurğulandı", - deyə Milli Məclisin Sədri Sahibə Qafarova diqqətə çatdırıb.
Qeyd edilib ki, Azərbaycan və İordaniya parlamentlərində fəaliyyət göstərən dostluq qrupları üzvlərinin ayrıca görüşü də keçirilib. Milli Məclisin Sədri İordaniya ilə parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Anar İsgəndərova da minnətdarlığını bildirib.
Çıxışına yekun vuran spiker səfərin həyata keçirilməsində əməyi keçən hər kəsə dərin minnətdarlığını bildirib.
Sonra Milli Məclisin Sədri Sahibə Qafarova iclasda 14 məsələnin müzakirə ediləcəyini nəzərə çatdırıb. O, gündəliyin birinci məsələsinin - "Metrik Konvensiya"ya qoşulmaq haqqında Azərbaycan Respublikası qanununun layihəsinin beynəlxalq sənədlə bağlı olduğuna görə, müvafiq qanunvericiliyin tələbinə əsasən bir oxunuşda qəbul ediləcəyini söyləyib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürov "Metrik Konvensiya"ya qoşulmaq haqqında qanun layihəsini təqdim edib. Bildirib ki, "Metrik Konvensiya" 1875-ci il mayın 20-də Paris şəhərində imzalanıb və 1 yanvar 1876-cı ildə qüvvəyə minib. 67 ölkə hazırda Konvensiyaya tərəf dövlətlərdir. 36 ölkə, o cümlədən Azərbaycan assosiativ dövlətlərdir. "Metrik Konvensiya" 14 maddədən, sənədin tərkib hissəsi olan Əlavə Qaydalar isə 22 maddədən ibarətdir. Konvensiya ölçmə elmində qlobal əməkdaşlıq üçün çərçivə yaradaraq elm, ticarət və mühəndislik sahələrində istifadə olunan çəki və ölçülərlə bağlı beynəlxalq miqyasda vahidliyi təmin edib. Konvensiya əsasında fiziki ölçü qaydaları uzlaşdırmaq və tənzimləmək üçün üç əsas təşkilati struktur - Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro, Çəkilər və Ölçülər üzrə Beynəlxalq Komitə və Çəkilər və Ölçülər üzrə Baş Konfrans təsis edilib.
Qeyd olunub ki, Konvensiyanın müddəaları beynəlxalq prototiplər, onların nəzarət nüsxələri, saxlanma yerlərinə giriş, Büronun təsisi, qurulması illik xərcləri, Tərəflərin üzərinə düşən məbləğ, elmi avadanlığın təkmilləşməsi, Konvensiyaya qoşulmaq qaydalarını müəyyən edir. Konvensiyanın tərkib hissəsi olan Əlavə Qaydalarda Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büronun yerləşdiyi bina, laboratoriya, tərəzilər, müqayisəli cihazlar, geodeziya xətkeşləri, Baş Konfransın toplanma şərtləri, Konfrans çərçivəsində səsvermə, Beynəlxalq Komitəyə üzvlük, hesabata dair tələblər və digər məsələlər tənzimlənir.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məsələ barədə bu komitənin müsbət rəyini diqqətə çatdırıb.
Deputat Hikmət Məmmədov məsələ barədə fikirlərini bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Parlamentin spikeri növbəti məsələnin "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş) olduğunu bildirib. Sədr bu məsələ ilə əlaqədar maliyyə naziri Sahil Babayevin, hökumət üzvlərinin, Hesablama Palatası rəhbərliyinin və digər vəzifəli şəxslərin iclasda iştirak etdiyini söyləyib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov qanun layihəsi barədə məlumat verib. O, dövlət büdcəsi ilə bağlı parlamentdə aparılan konstruktiv və məhsuldar müzakirələrin büdcə prosesinin təkmilləşməsinə xidmət etdiyini söyləyib, deputatların səsləndirdiyi fikirlərin, Hesablama Palatasının təklif və tövsiyələrinin əhəmiyyətini qeyd edib. Bildirilib ki, ölkəmizdə iqtisadi sahədə vahid dövlət siyasəti həyata keçirilir. Parlament bu siyasətin formalaşdırılmasında və icrasında mühüm rol oynayır. Ölkə Prezidentinin rəhbərliyi ilə dövlət maliyyəsinin idarə olunması sahəsində aparılan islahatların şəffaflığın, hesabatlılığın və nəticəyönümlü büdcə siyasətinin gücləndirilməsinə xidmət etdiyi vurğulanıb.
Qeyd olunub ki, müvafiq hesabatla birlikdə təqdim edilmiş qanun layihəsi büdcə qanunvericiliyinin tələblərinə cavab verir. Ötən ilin dövlət büdcəsinin sosial-iqtisadi hədəflərin reallaşması üçün müvafiq maliyyə təminatı yaratdığı, müəyyən edilmiş strateji inkişaf prioritetlərinə uyğun olaraq icra edildiyi bildirilib.
İclasda çıxış edən maliyyə naziri Sahil Babayev 2025-ci ilin dövlət büdcəsinin icrası nəticəsində ölkəmizin dayanıqlı inkişafının, maliyyə sabitliyinin və vətəndaş rifahının yüksəldilməsinin təmin edildiyini söyləyib. Son illərdə dünyada gedən mürəkkəb geosiyasi proseslərə baxmayaraq Azərbaycan iqtisadiyyatının öz dayanıqlığını qoruduğunu, dövlət maliyyə sisteminin çevik və məsuliyyətli idarəetmə prinsipləri əsasında fəaliyyət göstərdiyini bildirib. Bütün bunların əsasında ölkə rəhbərliyinin uzaqgörən siyasətinin, fiskal intizamın gücləndirilməsinin, iqtisadiyyatın şaxələndirilməsinin və əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş davamlı diqqətin dayandığını vurğulayıb.
Nazir büdcənin icrası ilə əlaqədar aparılan müzakirələr zamanı deputatlar tərəfindən büdcə gəlirlərinin formalaşması, qeyri-neft sahəsinin inkişafı, büdcə xərclərinin icrası, sosial müdafiə, səhiyyə və digər məsələlərlə bağlı qaldırılan məsələlərə münasibət bildirib. Son illər ölkəmizdə aparılan ardıcıl islahatların qeyri-neft sektorunun davamlı inkişafını təmin etdiyi, dövlət büdcəsinin neft gəlirlərindən asılılığının azaldılmasının əsas prioritet istiqamətlərdən biri olduğu söylənilib. Qeyri-neft sektoru üzrə gəlirlərin artırılması və mənbələrinin şaxələndirilməsi istiqamətində tədbirlərin davamlı olaraq həyata keçirildiyi qeyd olunub. Habelə bildirilib ki, qanunvericiliyə uyğun olaraq, dövlət müəssisələrinin nizamnamə kapitalının artırılması məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlər onların bank hesablarına köçürülür və il ərzində xərclənməyən hissəsi növbəti illərdə xərclərinin maliyyələşdirilməsinə yönəldilir. Bununla yanaşı, dövlət büdcəsinin xərclərində müdafiə olunan xərclərin "Büdcə sistemi haqqında" qanunda öz əksini tapdığı, sosialyönlü xərclərə isə əməyin ödənişi, dərman, sarğı ləvazimatlarının və qida məhsullarının alınması, sosial ödənişlər, icbari tibbi sığorta fonduna ayrılan vəsait, dövlət icbari şəxsi sığortası və digər bu kimi xərclərin daxil edildiyi diqqətə çatdırılıb. Həmçinin qeyd olunub ki, qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri olan kənd təsərrüfatı sahəsinə hər il dövlət büdcəsindən əhəmiyyətli dövlət dəstəyi göstərilir. Eyni zamanda səhiyyə sahəsində profilaktik tədbirlərin və ilkin səhiyyə sisteminin təkmilləşdirilməsi ilə bağlı məsələlərə də aydınlıq gətirilib.
Sahil Babayev 2025-ci ildə dövlət və icmal büdcələrinin ölkə Prezidenti tərəfindən müəyyən edilmiş prioritet istiqamətlərin icrasına, sosial təminat tədbirlərinə, ölkənin iqtisadi inkişafının, müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin təmin olunmasına, həmçinin işğaldan azad edilmiş ərazilərimizin bərpa və yenidən qurulması tədbirlərinə yönəldildiyini və hökumət qarşısında qoyulan vəzifələrin maliyyələşdirilməsini təmin etdiyini vurğulayıb.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxışında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin və onunla birlikdə təqdim olunan hesabatın həm komitədə, həm də plenar iclasda müzakirəsi zamanı deputatların Palatanın rəyinə verdikləri qiymətə görə minnətdarlığını bildirib.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
İclasda daha sonra Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş), Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi (ikinci oxunuş), "Dövlət qulluğu haqqında" və "Media haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş), "Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında", "İctimai iştirakçılıq haqqında" və "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) və "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) qəbul edilib.
İclasda "Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Məsələ ilə bağlı məlumat verən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, layihənin əsas məqsədi psixiatriya yardımı sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi, şəxslərin hüquq və təhlükəsizliyinin daha effektiv təmin olunması və elektron səhiyyə sisteminin tətbiqidir. Layihədə qanunun 14 maddəsi üzrə 16 əlavə və dəyişiklik təklif olunur. Dəyişikliklərdə psixi pozuntusu olan şəxsin sağlamlıq vəziyyəti və ona göstərilən psixiatriya yardımı tədbirləri, habelə müalicədən imtina ilə bağlı məlumatların elektron sağlamlıq kartı sisteminə daxil edilməsi və həmin məlumatların əldə olunması ilə bağlı tənzimləmələr nəzərdə tutulur. Layihədə həmçinin psixiatriya müayinəsinin aparılması prosedurlarının təkmilləşdirilməsi, təxirəsalınmaz hallarda müayinənin həyata keçirilməsi, aidiyyəti şəxslərin məlumatlandırılması mexanizmlərinin dəqiqləşdirilməsi və digər məsələlər də öz əksini tapıb.
Qanun layihəsinin müzakirəsində komitə sədri Zahid Oruc, deputatlar Vasif Qafarov, Bəxtiyar Əliyev, Elçin Mirzəbəyli və Nigar Məmmədova çıxış edərək dəyişiklikləri müsbət qiymətləndiriblər, bəzi qeydlərini bildiriblər.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
İclasda sonra "Büdcə sistemi haqqında", "Sığorta fəaliyyəti haqqında" və "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) müzakirə edilib. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov diqqətə çatdırıb ki, qanun layihəsi Hesablama Palatasının fəaliyyətinin müasir çağırışlara, beynəlxalq audit standartlarına və milli qanunvericiliyin tələblərinə uyğun olaraq təkmilləşdirilməsini nəzərdə tutur. Qeyd olunub ki, layihədəki dəyişikliklərə əsasən, Hesablama Palatasının Naxçıvan Muxtar Respublikasının büdcəsinə dair nəzarət mexanizmlərinin qanunvericiliyə uyğunlaşdırılması, kənar dövlət maliyyə nəzarəti tədbirlərinin həyata keçirilməsi zamanı məlumatların əldə olunması qaydalarının dəqiqləşdirilməsi təklif olunur. Sənəddə həmçinin dövlət auditi ilə bağlı informasiya sistemlərindən istifadənin hüquqi əsasları yaradılır. Vurğulanıb ki, layihə dövlət maliyyə nəzarətinin institusional əsaslarının gücləndirilməsinə, büdcə prosesində hesabatlılığın və şəffaflığın artırılmasına xidmət edir.
Qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Növbəti məsələni də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov təqdim edib. Bildirilib ki, "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) Ələt Azad İqtisadi Zonası ərazisinə investisiya cəlbi üçün əlverişli şəraitin yaradılması və həmin ərazidə istehsal olunan malların rəqabət qabiliyyətinin qorunması məqsədilə hazırlanıb. Belə ki, Azad zona ərazisində istehsal olunmuş seçilmiş malların əsas iqtisadiyyata gətirilməsi müəyyən şərtlər əsasında gömrük rüsumundan azad edilməsi nəzərdə tutulur. Diqqətə çatdırılıb ki, bu güzəştlər Ələt Azad İqtisadi Zonası ərazisində Azad zona hüquqi şəxsi tərəfindən istehsal və ya kifayət qədər emal olunmuş Azərbaycan mənşəli mallar üzrə və Azad zona hüquqi şəxsinin təsis olunduğu tarixdən 15 il müddətində veriləcək.
Layihə ilə bağlı deputat Rövşən Muradovun fikirləri dinlənildikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Gündəliyin sonuncu məsələsi olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli diqqətə çatdırıb ki, sənədə əsasən, iqtisadi fəaliyyət sahəsində olan bəzi cinayətləri törətmiş və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəmiş və ya cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüş şəxslər, bundan əlavə vurulmuş ziyanın artıq bir misli deyil, əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad ediləcəklər.
Həmçinin Cinayət Məcəlləsində yalançı sahibkarlıq fəaliyyəti dəqiqləşdirilir, "Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama" adlı 208-ci maddə ləğv edilir. Texnoloji yeniliklərə uyğun olaraq, qumar oyunlarının təşkili və ya keçirilməsi ilə bağlı cinayət tərkibləri dəqiqləşdirilir, habelə uşaqlarla bağlı bu qəbildən olan cinayətlərə görə cəzalar sərtləşdirilir.
İnsan hüquqları komitəsinin sədri Zahid Oruc layihə barədə rəhbərlik etdiyi komitənin rəyini diqqətə çatdırıb. Komitə sədri bildirib ki, layihədə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna təklif olunan dəyişikliyə əsasən, internet informasiya ehtiyatlarında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinin qarşısının alınması qaydaları təkmilləşdirilib.
Müzakirədə Milli Məclis Sədrinin müavini Ziyafət Əsgərov, komitə sədrləri Fazil Mustafa, Siyavuş Novruzov, deputatlar Razi Nurullayev, Nizami Səfərov çıxış ediblər, layihə barədə fikirlərini bildiriblər.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"