Prezident İlham Əliyevin bu tələbinin bir şərti də qazma qurğularının məhsuldarlığının yüksək olmasıdır
Hazırda ölkə iqtisadiyyatı qarşısında duran əsas vəzifələrdən biri "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarında hasilatın təbii azalma tempini idarə etmək və blokdan maksimum neftverməyə nail olmaqdır. AÇG layihəsinin operatoru olaraq BP bu istiqamətdə SOCAR-la sıx əməkdaşlıq edir.
Birgə səylər nəticəsində hasilatın illik azalma tempini 2023-cü ildəki təxminən 12 faizdən hazırda təxminən 3 faizə endirmək mümkün olub. Bu da sənaye üzrə orta göstəricidən əhəmiyyətli dərəcədə aşağıdır.
Ölkədə neft hasilatının sabitləşdirilməsi Prezident İlham Əliyevin tövsiyəsi, tapşırığı və tələbidir. Bu, ilk növbədə uzun illərdir iqtisadiyyatımızın əsas gəlir mənbəyi olan "Azəri-Çıraq-Günəşli"dən hasilatın sabitləşdirilməsinə aiddir.
BP və SOCAR-ın bunun üçün həyata keçirdiyi tədbirlər dörd əsas istiqaməti əhatə edir. Bunlar da əməliyyat etibarlılığı, qazma qurğularının məhsuldarlığının artırılması, layların "canlandırılması", eləcə də texnologiya və innovasiyanın strateji tətbiqindən ibarətdir.
Qazma qurğularının məhsuldarlığından danışarkən qeyd etməliyik ki, hazırda AÇG-də 7 qazma qurğusu fasiləsiz şəkildə fəaliyyət göstərir. Söhbət AÇG-nin 7 hasilat platformasının ("Çıraq", "Mərkəzi Azəri", "Qərbi Azəri", "Şərqi Azəri", "Dərinsulu Günəşli", "Qərbi Çıraq" və ACE) qazma qurğularından gedir. Bu ilin üç rübü ərzində blokda 12-si neft hasilatı, 3-ü su injektoru və 2-si qaz injektoru quyusu olmaqla ümumilikdə 17 quyu qazılaraq tamamlanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 55 faiz çoxdur (2025-ci ilin ilk üç rübü ərzində 11 quyu qazılıb və tamamlanıb).
Eyni zamanda böyük həcmdə quyumüdaxilə işləri həyata keçirilir. Təkcə 2025-ci ildə 80-ə yaxın quyumüdaxilə işi yerinə yetirilib və 2026-cı ildə də təqribən eyni sayda işin icrası nəzərdə tutulur.
Bu il "Dərinsulu Günəşli" ərazisində çoxquyulu sualtı müdaxilə əməliyyatları platformadan deyil, "Xankəndi" sualtı tikinti gəmisi vasitəsilə həyata keçirilib. Belə olduqda platformadakı qazma qurğusundan daha səmərəli istifadə etmək və daha çox qazma işləri həyata keçirmək imkanı yaranır.
Bu proses haqqında aydın təsəvvür yaratmaq üçün qeyd edək ki, sualtı müdaxilə işlərinin icrası üçün BP-nin Xəzərdəki əməliyyatlarında ilk dəfə quyuya dikborusuz yüngül müdaxilə (QDYM) texnologiyası tətbiq olunub. "Blue Ocean" dikborusuz müdaxilə sistemi (BORİS) kimi tanınan bu texnologiya "Oceaneering International" şirkətinin sualtı mexaniki tros vasitəsilə quyuya müdaxilə sistemidir.
Sözügedən texnologiya ənənəvi qazma dikborularından istifadə olunmadan sualtı quyulara çıxış təmin etməklə yanaşı, proqram boyunca quyulara nəzarəti həyata keçirməyə, təzyiqi saxlamağa və bütün sualtı müdaxilə işlərini aparmağa imkan verib. Nəticədə ənənəvi üsullarla müdaxilə işlərinin gedişi çətin hesab olunan 7 sualtı quyuda müdaxilə əməliyyatları uğurla reallaşıb.
Bu il həmçinin "Dərinsulu Günəşli", "Mərkəzi Azəri" və "Qərbi Çıraq" ərazilərində 10 quyuda stimulasiya əməliyyatları gəmidən həyata keçirilib. Bu cür əməliyyatlar ənənəvi olaraq qazma qurğusundan istifadə etməklə aparılır. Bu dəfə isə quyuların stimulasiyası platformalarla yanaşı xidmət göstərən xüsusi təchiz olunmuş gəmi vasitəsilə yerinə yetirilib. Bu yanaşma quyuların icra göstəricilərini və dəniz əməliyyatlarında səmərəliliyi artırmağa imkan yaradır.
Vurğulayaq ki, hazırda AÇG təxminən 95 faiz əməliyyat səmərəliliyi və təxminən 99 faiz qurğu etibarlılığı ilə fəaliyyət göstərir. Bu göstəricilər həm BP şirkəti daxilində, həm də ümumən sənaye üzrə ən yüksək nəticələr sırasındadır.
Flora SADIQLI,
"Azərbaycan"