Rusiya Ukrayna nizamlanması ilə bağlı ABŞ ilə təmaslar çərçivəsində maksimum bağlılıq prinsipinə riayət etmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffla bir gün öncəki görüşünü şərh edərkən deyib.
Bununla bağlı keçirilən brifinqdə o qeyd edib ki, Kreml danışıqların texniki detallarını açıqlamağı planlaşdırmır: “Burada əlavə ediləcək bir şey yoxdur. Biz xüsusi bir şey əlavə etməyəcəyik, çünki başa düşürük ki, bu danışıqlar nə qədər sakit aparılarsa, bir o qədər məhsuldar olacaq”.
Rusiya Prezidentinin mətbuat katibi Rusiya tərəfinin Ukrayna münaqişəsinin həlli ilə bağlı Amerika planını rədd etdiyi iddialarını da təkzib edib: “Məsələ ondadır ki, belə birbaşa fikir mübadiləsi dünən ilk dəfə baş tutdu və yenə də dünən deyildiyi kimi, bəzi şeylər qəbul olundu, digərləri isə qəbuledilməz kimi qeyd edildi və bu, kompromis tapmaq üçün normal iş prosesidir”.
Peskov qeyd edib ki, Kreml ABŞ Prezidenti Donald Tramp və onun administrasiyasının sülh yolu ilə həll yolları tapmaq səylərini müsbət qiymətləndirir. “Əlbəttə ki, Tramp administrasiyasının bu səylərinə görə minnətdarıq və biz hamımız sülh yolu ilə nizamlanmaya nail olmaq üçün lazım olduğu qədər görüşməyə hazırıq. Biz Prezident Trampın sülh yolu ilə həll yolları axtarmağa davam etmək üçün siyasi iradəsini yüksək qiymətləndiririk”, - deyə Kremlin mətbuat katibi bildirib.
İki lider arasında birbaşa telefon danışığının mümkünlüyü ilə bağlı suala cavab olaraq Peskov bildirib ki, belə bir söhbət istənilən vaxt təşkil edilə bilər: “Həmkarım Yuri Uşakovun bildirdiyi kimi, hazırda iş ekspert səviyyəsində aparılır. Məhz ekspert səviyyəsində konkret nəticələr əldə edilməlidir ki, bu da daha sonra ən yüksək səviyyədə əlaqələr üçün əsas təşkil etsin”.