Azərbaycan dövləti bu bəladan qorunmaq üçün operativ tədbirlər görür
Zaman o zamandır ki, biz artıq texnologiyasız yaşaya bilmirik. Smartfonlar, kompüterlər, sosial şəbəkələr həyatımızın bir parçasına çevrilib. Lakin bu böyük imkanlarla bərabər, təhlükələr də gəlib. Şəxsi məlumatlarımızın oğurlanması, fişinq hücumları ( aldatma və manipulyasiya yolu ilə məlumat oğurluğu), uşaqlar üçün uyğun olmayan, zərərli materiallar və hətta böyüklərin də aldadılmasına səbəb ola biləcək onlayn tələlər hər gün qarşımıza çıxır. Bu səbəbdən rəqəmsal savadlılıq və kibermaarifləndirmə həyatın olmazsa olmazına çevrilib.
Rəqəmsal savadlılıq insanın interneti və texnologiyanı ağıllı, təhlükəsiz və məsuliyyətlə istifadə etməyi bacarması deməkdir. Bu, yalnız kompüter bilikləri ilə məhdudlaşmır. O doğru informasiyanı seçmək, sosial şəbəkələrdə etik davranmaq və şəxsi məlumatlarını qorumaq bacarığını əhatə edir. Rəqəmsal savadlı insan məlumatın doğru və etibarlı olub-olmadığını seçə bilir, fərqli mənbələri araşdırır və dəyərləndirir, sosial şəbəkələrdə etik və hörmətli davranış sərgiləyir. Bu gün şəxsi məlumatların internetdə yayılması, şifrə oğurluğu və kibertəhlükələr hər kəs üçün real risklərdir. Ona görə də rəqəmsal savadlı insan həm texnologiyalardan effektiv istifadə edir, həm də öz təhlükəsizliyinə diqqət göstərir. O, şübhəli linklərdən uzaq durmağı, güclü şifrələr seçməyi və şəxsi məlumatlarını paylaşmazdan əvvəl iki dəfə düşünməyi öyrənir. Bir sözlə, rəqəmsal savadlılıq yalnız texniki bacarıq deyil, həm də ağıllı və məsuliyyətli davranış vərdişidir.
Bundan əlavə, rəqəmsal savadlılıq insanların tənqidi düşünmə qabiliyyətini də gücləndirir. İnternetdə hər gün minlərlə xəbər və məlumat yayımlanır. Həmin məlumatlar bəzən həqiqət yox, feyk olur. Saxta, dezinformasiya yayan xəbərlər isə insanları qorxutmaq, çaşdırmaq və ya yanlış qərarlar verməyə yönəltmək məqsədilə yayılır. Amma rəqəmsal savadlı insanlar bu məlumatları süzgəcdən keçirir, yalan və ya manipulyasiya edilmiş məlumatları ayırd etməyi bacarır. Bütün bunlar o deməkdir ki, rəqəmsal savadlılıq informasiyanın sel kimi üzərimizə gəldiyi bir dövrdə doğru ilə yanlışı seçə bilmək, məlumatın mənbəyini sorğulamaq və düşünülmüş qərarlar vermək məsuliyyətidir.
Bu gün rəqəmsal mühitdə savadlı insanlar tətbiqdən istifadə etməyi bacarır, manipulyasiyalara qarşı ayıq olur, dezinformasiyanı tanıyır və məlumatı şüurlu şəkildə dəyərləndirirlər. Rəqəmsal dünya bizə sürət və rahatlıq qazandırmaqla yanaşı, bizdən seçim və məsuliyyət tələb edir. Məhz buna görə də rəqəmsal savadlılıq müasir insanın ən vacib bacarıqlarından hesab olunur.
Kibermaarifləndirmə isə insanları internet təhlükələrindən xəbərdar etmək, onlara qorunma yollarını öyrətmək prosesidir. Bu, yalnız texniki biliklərin mənimsənilməsi deyil, həm də internetdə rast gəlinən risklərin fərqinə varmaq və onlarca davranış strategiyasını formalaşdırır. Uşaqlar və gənclər, hətta böyüklər də düzgün təhsil və maarifləndirmə olmayanda bu təhlükələrə qarşı həssas olurlar. Məsələn, yalançı və manipulyativ mesajlar, zərərli proqramlar və ya sosial şəbəkələrdəki saxta, uydurma informasiyalar onların şəxsi məlumatlarını, maliyyə və ya hətta psixoloji təhlükəsizliyini riskə ata bilər.
Kibermaarifləndirmə insanların onlayn təhlükələrə qarşı hiss və duyğularını, eləcə də davranışlarını gücləndirir. Şifrə seçimi, ikifaktorlu autentifikasiya (onlayn hesabınıza daxil olarkən təhlükəsizliyi artırmaq üçün iki fərqli təsdiq mərhələsindən keçmək), şəxsi məlumatların qorunması, şübhəli linklərdən uzaq durmaq və sosial şəbəkələrdə etibarlı ünsiyyət kimi bacarıqlar kibermaarifləndirmənin əsas komponentlərindəndir. Bundan əlavə, kibermaarifləndirmə cəmiyyətdə etibarlı rəqəmsal mədəniyyətin yaranmasına da xidmət edir. İnsanlar onlayn davranışlarının nəticələrini başa düşəndə özlərini və digər istifadəçiləri də qorumağa başlayırlar. Bu, xüsusilə uşaqlar üçün həyati əhəmiyyət daşıyır. Uşaqların təhlükəsiz böyüməsi, zərərli vərdişlərdən və yanlış məlumatlardan qorunması üçün kibermaarifləndirmənin mühüm əhəmiyyəti var. Kibermaarifləndirmə onların sağlam informasiya mühitində inkişafını və rəqəmsal təhlükəsizlik mədəniyyətinin formalaşmasını təmin edir.
Bu baxımdan Prezident İlham Əliyevin imzaladığı "Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında" sərəncam rəqəmsal məkanda uşaqların təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş mühüm sənəddir. Sərəncamın məqsədi uşaqların internet mühitində zərərli informasiyadan, mənfi təsirlərdən və potensial təhlükələrdən qorunmasını gücləndirmək, aidiyyəti dövlət qurumlarının bu sahədə fəaliyyətini əlaqələndirməkdir. Sənəddə maarifləndirmə tədbirlərinin genişləndirilməsi, təhlükəsiz rəqəmsal davranış qaydalarının təbliği və müvafiq hüquqi və təşkilati mexanizmlərin təkmilləşdirilməsi nəzərdə tutulur.
Kibermaarifləndirmə hər yaşda insanın qoruyucu qalxanı rolunu oynayır. Ona görə də rəqəmsal savadlılıq və kibermaarifləndirmənin yalnız söz olaraq deyil, əməli fəaliyyət göstərməsi olduqca vacibdir. Xüsusən regionlarda bu istiqamətdə keçirilən maarifləndirici tədbirlər gələcək nəslin təhlükəsiz rəqəmsal mühitdə formalaşmasına təkan verir. Bir neçə gün əvvəl Biləsuvar Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Milli Süni İntellekt Mərkəzinin təşkilatçılığı ilə "Rəqəmsal savadlılıq və kibermaarifləndirmə" təlimləri keçirilməsi gənclərin, müəllimlərin və ümumilikdə ictimaiyyət nümayəndələrinin rəqəmsal bacarıqlarının inkişafına, kibertəhlükələrə qarşı daha hazırlıqlı və məlumatlı cəmiyyətin formalaşmasına xidmət edir. Ümumiyyətlə, bu cür təlimlərin əsas məqsədi dövlət qulluqçularının rəqəmsal bacarıqlarını daha çox inkişaf etdirmək, onların kibertəhlükəsizlik sahəsində biliklərini möhkəmləndirmək və müasir texnologiyalardan səmərəli istifadə vərdişlərini formalaşdırmaqdır.
Biləsuvarda keçirilmiş tədbirə gəldikdə isə, təlimdə müxtəlif dövlət qurumlarını təmsil edən 40-dan çox əməkdaş iştirak edib ki, bu da mövzuya marağın və ehtiyacın yüksək olduğunu göstərir. Təlim zamanı rəqəmsal savadlılığın əsas komponentləri, müasir iş mühitində tətbiq olunan rəqəmsal alətlər və onların təhlükəsiz istifadəsi qaydaları barədə ətraflı məlumat verilib, iştirakçılara praktik tövsiyələr təqdim olunub. Xüsusilə kibertəhlükəsizlik və məlumatların mühafizəsi mövzusu diqqət mərkəzində saxlanılıb. Sənədlərlə işləyərkən əməl edilməli təhlükəsizlik qaydaları, informasiya ehtiyatlarının və sistemlərinin kiberrisklərdən qorunması üçün tətbiq olunan əsas prinsiplər və alətlər real nümunələr əsasında izah edilib.
Təlim çərçivəsində süni intellekt vasitələrinin imkanları da iştirakçılara əyani nümayiş etdirilib. Bu texnologiyaların sənəd dövriyyəsində, məlumatların təhlilində və vaxtın səmərəli idarə edilməsində necə tətbiq oluna biləcəyi praktiki təqdimatlarla göstərilib. Müzakirələr zamanı süni intellektin dövlət qulluqçularının "rəqəmsal köməkçisi"nə çevrilməsi, qərarvermə prosesində analitik imkanların genişləndirilməsi və ümumi iş məhsuldarlığının artırılması perspektivləri vurğulanıb. Təlim yalnız nəzəri biliklərin ötürülməsi ilə kifayətlənməyib, eyni zamanda dövlət qulluqçularının gündəlik fəaliyyətində tətbiq oluna biləcək real və faydalı bacarıqların formalaşdırılmasına da xidmət edib.
Beləliklə, rəqəmsal dünyanın bir parçası olduğumuz indiki zamanda hər birimiz öz onlayn davranışımıza daha məsuliyyətlə yanaşmalıyıq. Çünki seçdiyimiz parolların təhlükəsizliyindən tutmuş, daxil olduğumuz linklərə qədər atdığımız hər addım şəxsi təhlükəsizliyimizə birbaşa təsir göstərir. Uşaqlarımızı və yaxınlarımızı internet mühitində mövcud risklər barədə məlumatlandırmaq isə artıq seçim deyil, vətəndaşlıq borcudur. Unutmaq olmaz ki, rəqəmsal savadlılıq və kibermaarifləndirmə dəyişən dünyada təhlükəsiz qalmağın, doğru qərar verməyin və məsuliyyətli davranmağın vacib şərtidir.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"