İran ilə ABŞ arasında başlayan hərbi toqquşma, Hömüz boğazının bağlanması və Yaxın Şərq ölkələrindən dünya bazarına neft ixracın dayanması neftin qiymətlərinin yüksəlməsinə səbəb oldu.
AZƏRTAC xəbər verir ki, bu gün səhər Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 5,09 dollar artaraq 77,96 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 4,43 dollar artaraq 71,45 dollar təşkil etmişdirsə, günorta saatlarında “Brent”in qiyməti 78 dollara kimi artdı. Artıq bazarda bahalaşma tendensiyası başlayıb.
ABŞ Prezidenti Donald Trampın hərbi əməliyyatların 4 həftə davam edəcəyini bəyan etməsi yaxın günlərdə neftin 100 dallara kimi bahalaşacağını deməyə əsas verir.
“Independent Commodity Intelligence Services” (ICIS) şirkətinin analitiki Acay Parmar “Reuters” bildirib ki, bahalaşma tendensiyasının əsası Hörmüz boğazının bağlanması ilə əlaqədardır. Bununla yanaşı, yaxın həftələrdə müxtəlif dövlətlərin neft anbarlarına yığılmış xam neft də bazara çıxarılacaq və hərbi əməliyyatların davamı neftin qiymətini 100 dollardan da çox artıracaq.
Bundan başqa, Səudiyyə Ərəbistanının “Aramco” neftayırma zavodunun raket zərbəsinə məruz qalması bu ölkənin neft ixracını azaldacaq. Analitikin sözlərinə görə, Körfəzdəki hərbi əməliyyatlar zəncirvarı reaksiya ilə neftin hasil edilməsindən tutmuş daşınmasına, istehsalına və satılmasına kimi bütün proseslərə mənfi təsir göstərib.
Bir sıra birja analitikləri hesab edirlər ki, bahalaşma hərbi əməliyyatlardan sonra da bir müddət davam edəcək. Lakin İranda hakimiyyət dəyişikliyi baş versə və Venesuelada olduğu kimi neft sənayesi ABŞ-nin nəzarətinə keçsə, bazar İran nefti ilə təmin olunacaq və qiymətlər azalacaq.