Azərbaycan uğurlu diplomatiyası və müasir nəqliyyat infrastrukturu ilə Avrasiyanın ticarət xəritəsini yenidən formalaşdırır
Dəyişən geosiyasi reallıqlar qlobal nəqliyyat xətlərinin şaxələndirilməsini zərurətə çevirib. Ölkələr və bölgələr arasında yüklərin təhlükəsiz və operativ daşınması dövlətlərin iqtisadi strategiyalarının əsasını təşkil edir. Belə bir şəraitdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən və məqsədyönlü siyasət nəticəsində Azərbaycan Avrasiya məkanının əsas nəqliyyat-logistika mərkəzinə, Şərqlə Qərb arasında etibarlı körpüyə çevrilib.
Avropa ilə Asiyanın qovşağında yerləşən ölkəmiz təkcə coğrafi üstünlükləri ilə deyil, həm də illər ərzində formalaşdırdığı müasir nəqliyyat infrastrukturu ilə qlobal logistika sistemində özünəməxsus yer tutur. Xəzər dənizinə birbaşa çıxış, güclü ticarət donanması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Azad İqtisadi Zonası və beynəlxalq standartlara cavab verən magistral avtomobil yolları şəbəkəsi Azərbaycanın tranzit potensialını şərtləndirən əsas amillərdir. Bu strateji obyektlərin əlaqələndirilmiş şəkildə fəaliyyəti yükdaşımaların səmərəliliyini artırmaqla yanaşı, logistika xərclərini optimallaşdırır və beynəlxalq daşıyıcılar üçün cəlbedici mühit yaradır.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər hövzəsində ən böyük və müasir logistika mərkəzlərindən biri kimi regional yük axınlarının idarə olunmasında aparıcı rol oynayır. Limanın yükaşırma qabiliyyətinin mərhələli şəkildə artırılması, müasir terminalların istifadəyə verilməsi və dəmir yolu şəbəkəsi ilə birbaşa inteqrasiyası beynəlxalq daşımaların fasiləsizliyini təmin edir. Eyni zamanda limana bitişik ərazidə yaradılan Ələt Azad İqtisadi Zonası xarici investorlar üçün unikal biznes mühiti təqdim etməklə, ölkəmizin yüksəktexnologiyalı istehsal və ixrac mərkəzinə çevrilməsinə güclü təkan verir.
Azərbaycanın qlobal nəqliyyat sistemində rolunun genişlənməsində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, yəni Orta dəhliz müstəsna əhəmiyyət daşıyır. Çin və Mərkəzi Asiyadan başlayaraq, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya uzanan bu marşrut artıq sadəcə alternativ yol deyil, Avrasiya ticarətinin əsas dayağına çevrilib. Çindən yola salınan konteyner blok-qatarlarının Orta dəhliz vasitəsilə təyinat nöqtəsinə 18-20 günə çatması Süveyş kanalı üzrə 40 gündən çox çəkən dəniz daşımaları ilə müqayisədə iki dəfə sürətli və iqtisadi cəhətdən sərfəlidir. Məhz bu üstünlüklərin nəticəsidir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan ərazisindən tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tonu ötüb, Dünya Bankının qiymətləndirmələri isə 2030-cu ilə qədər bu marşrut üzrə ticarət həcminin üç dəfədən çox artacağını proqnozlaşdırır.
Orta dəhlizin səmərəliliyinin artırılması həm də marşrutboyu yerləşən ölkələr arasında sıx koordinasiya tələb edir. Azərbaycan bu istiqamətdə Mərkəzi Asiya respublikaları, Gürcüstan, Türkiyə və Çin ilə ikitərəfli və çoxtərəfli formatlarda fəal əməkdaşlıq edərək vahid tarif siyasətinin tətbiqinə, gömrük prosedurlarında "bir pəncərə" prinsipinin genişləndirilməsinə nail olur. Xəzər dənizində ən böyük ticarət donanmasına sahib olan ölkəmiz yeni nəsil bərələrin və quru yük gəmilərinin inşasını davam etdirməklə dəniz daşımalarındakı dar boğazları aradan qaldırır və dəhlizin etibarlılığını beynəlxalq tərəfdaşlar üçün daha da cəlbedici edir.
Orta dəhlizlə bağlı strateji baxış təkcə yüklərin ölkəmizin ərazisindən tranzit keçidini təmin etməklə məhdudlaşmır. Rəsmi Bakı bu dəhlizi yüksək əlavə dəyər yaradan, inteqrasiya olunmuş və intellektual iqtisadi kəmər kimi formalaşdırmağı hədəfləyir. Məqsəd ölkəmizə daxil olan yükləri qəbul etmək, onları emal edərək sənaye və logistik dəyər əlavə etmək, daha sonra isə hazır məhsulları regional və beynəlxalq bazarlara ixrac etməkdir. Bu baxımdan nəqliyyat sahəsi həm də qeyri-neft sektorunun şaxələndirilməsinə və yerli istehsalın inkişafına xidmət edən mühüm iqtisadi alətə çevrilib.
Qarşıdakı dövr üçün müəyyənləşdirilmiş hədəflərə çatmaq məqsədilə 2027-2030-cu illəri əhatə edən dəqiq və hərtərəfli fəaliyyət planı icra olunur. Xüsusilə rəqəmsal logistika həllərinin tətbiqi, elektron sənəd dövriyyəsinə keçid və yüklərin real vaxt rejimində izlənilməsi sistemlərinin qurulması tranzit əməliyyatlarının şəffaflığını və sürətini yeni səviyyəyə qaldırır.
Şərq-Qərb istiqamətindəki bu dinamik inkişafla yanaşı, Azərbaycan həm də "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm halqası kimi çıxış edir. Şimali Avropa və Rusiya ilə İran, Hindistan və digər Cənubi Asiya ölkələri arasında yükdaşımaların inkişafına xidmət edən bu marşrut ölkəmizin logistika imkanlarını daha da şaxələndirir. Astara-Rəşt-Qəzvin dəmir yolu seqmentinin tamamlanması və ölkə daxilində dəmir yolu xətlərinin modernləşdirilməsi istiqamətində görülən işlər " Şimal-Cənub" marşrutunun tam gücü ilə fəaliyyət göstərməsinə şərait yaradır. Beləliklə, " Şərq-Qərb" və " Şimal-Cənub" nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan qitələrarası yük axınlarının tənzimlənməsində əvəzedilməz mərkəz funksiyasını yerinə yetirir.
Regional bağlantıların tam şəkildə bərpası və Avrasiya nəqliyyat şəbəkəsinin bütövləşməsi baxımından yeni nəqliyyat kommunikasiyalarının, o cümlədən TRIPP marşrutunun reallaşması da xüsusi önəm kəsb edir. TRIPP regional əməkdaşlığın dərinləşməsinə, Cənubi Qafqazın vahid logistika məkanına inteqrasiyasına və qlobal ticarət yollarının daha da təhlükəsizləşməsinə yeni nəfəs gətirir. Bu marşrutun funksionallığı Orta dəhlizin ötürücülük imkanlarını genişləndirməklə yanaşı, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası, eləcə də Türkiyə və Avropa bazarları arasında birbaşa, fasiləsiz quru bağlantısını möhkəmləndirir.
Azərbaycanın nəqliyyat-logistika strategiyası həm də müasir dövrün ekoloji çağırışlarına və "yaşıl enerji" gündəliyinə uyğun şəkildə formalaşdırılır. Liman və dəmir yolu infrastrukturunda bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, karbon emissiyalarının azaldılması və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin tətbiqi ölkəmizin dayanıqlı inkişaf prinsiplərinə sadiqliyini nümayiş etdirir. Bu yanaşma Avropa İttifaqı və digər beynəlxalq maliyyə institutlarının "yaşıl dəhliz" standartlarına tam cavab verməklə marşrutun əhəmiyyətini daha da yüksəldir.
Bütün bu nəhəng infrastruktur layihələrinin və strateji təşəbbüslərin vəhdəti göstərir ki, Azərbaycan qlobal nəqliyyat-logistika xəritəsini yenidən formalaşdıran həlledici ölkə statusundadır. Ölkəmizin həyata keçirdiyi çoxşaxəli nəqliyyat diplomatiyası regional tərəfdaşlıqları dərinləşdirir, yeni investisiya imkanları açır və Azərbaycanın beynəlxalq iqtisadi münasibətlər sistemindəki strateji çəkisini keyfiyyətcə yeni mərhələyə yüksəldir.
İsmayıl QOCAYEV,
"Azərbaycan"