Azərbaycanın zəngin tarixi keçmişi, çoxəsrlik mədəni irsi və özünəməxsus memarlıq ənənələri ölkəmizin müxtəlif bölgələrində bu gün də yaşamaqdadır. Hər tarixi abidə, hər qədim yaşayış məskəni xalqımızın keçdiyi inkişaf yolundan, həyat tərzi və yaratdığı mədəni dəyərlərdən soraq verir. Qədim Qəbələ də həm yaşayış məskəni, həm də Azərbaycanın şəhərsalma tarixinin öyrənilməsi baxımından əhəmiyyətli məkandır.
Əsrlərin sınağından keçərək günümüzə gəlib çatan qala divarları, müdafiə qurğuları, yaşayış və təsərrüfat tikililərinin qalıqları, eləcə də çoxsaylı arxeoloji tapıntılar Qəbələnin Azərbaycanın qədim şəhərsalma tarixində mühüm yer tutduğunu təsdiqləyir. Burada aparılan arxeoloji tədqiqatlar qədim insanların məişəti, təsərrüfat həyatı, tikinti mədəniyyəti, ticarət əlaqələri və memarlıq düşüncəsi haqqında zəngin məlumatlar verir. Bu mənada Qəbələnin tarixi-memarlıq irsinin öyrənilməsi və qorunması "Şəhərsalma və Memarlıq İli" çərçivəsində xüsusi aktuallıq daşıyır.
Qəbələnin tarixi minilliklərin dərinliklərinə gedib çıxır. Arxeoloji qazıntı işləri zamanı aşkar edilən müxtəlif əşyalar buranın şəhər yerinin ən alt təbəqəsinin erkən Tunc dövrünə - eramızdan əvvəl III minilliyin ikinci yarısına aid olduğunu təsdiqləyir. Təsdiq edilib ki, Azərbaycanın ən qədim şəhərlərindən biri hesab edilən Qəbələ antik dövrdə Qafqaz Albaniyasının mühüm siyasi mərkəzi, uzun müddət isə paytaxtı olub.
Qədim Qəbələnin arxeoloji qalıqları orta əsrlər şəhər yerindən cənub-şərqdə, Çuxur Qəbələ kəndinin yaxınlığında, Qafqaz dağlarının ətəklərində, Qaraçay və Covurluçay arasındakı geniş təpədədir. Ərazinin əlverişli coğrafi mövqeyi, çay hövzələrinə yaxınlığı, münbit torpaqları və təbii ehtiyatları burada yaşayışın və şəhər həyatının inkişafına mühüm şərait yaradıb. Qəbələ özünün strateji mövqeyi sayəsində həm siyasi, həm iqtisadi, həm də mədəni baxımdan əhəmiyyətli mərkəzə çevrilib. Müxtəlif dövrlərdə burada baş verən tarixi proseslər şəhərin quruluşuna, müdafiə sisteminə və memarlıq simasına təsir göstərib.
Qəbələnin qala divarları yalnız hərbi müdafiə məqsədi daşıyan tikililər deyil, həm də qədim şəhərsalma mədəniyyətinin, tikinti texnologiyalarının və mühəndislik düşüncəsinin mühüm nümunələridir.
Müdafiə məqsədi daşımış xəndək şəhərin xarabalığını iki hissəyə ayırıb. Xəndəkdən şimal tərəfdəki hissəyə yerli əhali "Səlbir", cənub tərəfdəki hissəyə isə "Qala" deyir. Şəhərin qalıqlarından 3-4 km şərqdə, Güllüqoruq və ya Çaqqallı talası deyilən yerdə qədim Qəbələnin məbəd yeri və bazar meydanının yerləşdiyi güman edilən üçüncü sahəsi, sonralar Kamaltəpə və Bayır şəhər hissələri aşkarlanıb. Məlumata görə, ümumi sahəsi 12 hektardan çox olan Səlbir hissəsi qədim Qəbələnin e.ə. III - eramzın XII əsrinədək olan dövrünün nişanəsidir. Şəhərin qala hissəsi - hazırda ümumi sahəsi 13 hektara qədər olan Qala və ya Govurqala isə təxminən VI əsrdən başlayaraq XVIII əsrin ortalarınadək olan bir dövrü əhatə edir.
Güllüqoruq (Çaqqallı talası) qədim şəhər xarabalığından 3-4 kilometr şərqdə yerləşir. Kamaltəpə isə Qəbələnin Qala hissəsinin cənub darvazası qarşısında təpəlikdir. 1977-ci ildə Kamaltəpənin cənub ətəyi meşə örtüyündən təmizlənəndə 10 hektarlıq bir ərazini əhatə edən yaşayış yeri qalıqları aşkar edilib.
Arxeoloji qazıntılar şəhərin gündəlik həyatını, iqtisadi münasibətlərini, sənətkarlıq ənənələrini və məişət mədəniyyətini öyrənmək üçün də zəngin materiallar üzə çıxarıb. Qazıntılar zamanı aşkar edilən saxsı qablar, şüşə və metal məmulatlar, sikkələr, məişət əşyaları, yaşayış tikililərinin qalıqları qədim Qəbələdə müxtəlif sənət sahələrinin inkişaf etdiyini göstərir.
Qədim Qəbələnin öyrənilməsi ilə yanaşı, onun tarixi-memarlıq irsinin qorunması da mühüm əhəmiyyət kəsb edir. Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun ərazisinə daxil olan antik şəhər yeri, Səlbir və Qala sahələri qədim və Orta əsr şəhər mədəniyyətinin qorunması və tədqiqi baxımından ölkəmizin mühüm tarixi məkanları sırasındadır. Qoruq ərazisində aparılmış qazıntı sahələrinin bir hissəsində konservasiya işləri həyata keçirilib, tarixi məkanın tanıdılması üçün müvafiq məlumatlandırma və istiqamətləndirmə vasitələri yaradılıb.
Müasir Qəbələ bu gün öz tarixini qoruyub saxlayır. Bu abidələr xatırladır ki, şəhərlərin gələcəyi qurularkən onların tarixi yaddaşı heç zaman unudulmamalıdır.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"