Müharibələrin ən ağır humanitar nəticələrindən biri də minlərlə insanın taleyinin naməlum qalması, ailələrin illərlə doğmalarından xəbər gözləməsidir. Silahlı qarşıdurmalar başa çatsa, siyasi münasibətlərdə yeni mərhələ başlasa belə, itkin düşmüş şəxslərin məsələsi gündəmdən çıxmır. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Qarabağ münaqişəsi nəticəsində minlərlə vətəndaşımızın taleyi uzun illərdir naməlum olaraq qalır. Bu baxımdan itkin düşmüş şəxslərlə bağlı keçirilən beynəlxalq tədbirlər yalnız diplomatik müzakirə platforması deyil, həm də konkret nəticələrin əldə olunması üçün mühüm imkan kimi qiymətləndirilməlidir.
İtkin düşmüş şəxslərlə bağlı müvafiq Dövlət Komissiyasının 2026-cı il avqustun 31-nə olan məlumatına əsasən, Birinci və İkinci Qarabağ müharibələri nəticəsində ümumilikdə 4010 Azərbaycan vətəndaşının taleyindən xəbər yoxdur. Onların 4004 nəfəri Birinci Qarabağ müharibəsi, 6 nəfəri isə İkinci Qarabağ müharibəsi dövründə itkin düşüb. Bu rəqəmlər yalnız hərbi qulluqçuları əhatə etmir. Birinci Qarabağ müharibəsində itkin düşənlər arasında 782 mülki şəxsin olması münaqişənin dinc əhali üçün də ağır nəticələr doğurduğunu təsdiqləyir. Həmin mülki şəxslər arasında 71 uşaq, 288 qadın və 319 ahıl insanın qeydə alınması faciənin miqyasını daha aydın göstərir.
Azərbaycanın həyata keçirdiyi axtarış və identifikasiya tədbirləri nəticəsində indiyədək 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. İşğaldan azad olunmuş ərazilərdə 32 kütləvi məzarlığın aşkarlanması isə problemin daha bir ağır tərəfini üzə çıxarıb. Hər bir məzarlığın araşdırılması insanların ölüm şəraitinin, mümkün zorakılıq hallarının və müharibə dövründə baş vermiş hadisələrin aydınlaşdırılması baxımından da əhəmiyyətlidir.
İtkin düşmüş şəxslər məsələsi Azərbaycanla Ermənistan arasında formalaşan sülh gündəliyinin də mühüm istiqamətlərindən biridir. 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında Birgə Bəyannamə imzalanıb, iki dövlət arasında sülh sazişinin razılaşdırılmış mətni paraflanıb. Həmin sənədin 9-cu maddəsində silahlı münaqişələr zamanı itkin düşmüş şəxslərin və məcburi yoxaçıxma hallarının araşdırılması üzrə əməkdaşlıq nəzərdə tutulur. Maddə tərəflərin mövcud məlumatları bölüşməsini, itkinlərin taleyini müəyyənləşdirmək üçün birgə fəaliyyət göstərməsini, zəruri hallarda insan qalıqlarının axtarılması və geri qaytarılmasını, eləcə də müvafiq araşdırmaların aparılmasını əhatə edir.
Dayanıqlı sülh yalnız siyasi razılaşmalarla deyil, münaqişənin insan talelərində yaratdığı ağır nəticələrin aradan qaldırılması ilə də bağlıdır. İtkinlərin taleyinin müəyyənləşdirilməsi istiqamətində səmərəli əməkdaşlıq həm humanitar ədalətin təmin olunmasına, həm də cəmiyyətlər arasında qarşılıqlı etimadın formalaşmasına xidmət edə bilər. 2025-ci ilin fevralından etibarən Azərbaycan və Ermənistanın itkin düşmüş şəxslərlə məşğul olan dövlət komissiyaları arasında birbaşa təmasların qurulması bu istiqamətdə müəyyən irəliləyiş kimi dəyərləndirilir. Keçirilən görüşlərdə məlumat mübadiləsi aparılıb, müxtəlif sənədlər və şahid ifadələri müzakirə olunub. Azərbaycan Birinci Qarabağ müharibəsi zamanı əsir və girov götürüldüyü, beynəlxalq humanitar təşkilatlardan gizlədildiyi bildirilən 834 azərbaycanlının siyahısını qarşı tərəfə təqdim edib. Bundan başqa, 104 nəfərlə bağlı daha ətraflı məlumatlar Ermənistan tərəfinə çatdırılıb.
Beynəlxalq Qızıl Xaç Komitəsinin qeydiyyatında olmuş 54 azərbaycanlının taleyi də xüsusi diqqət tələb edir. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevin 2026-cı il oktyabrın 7-də açıqladığı məlumatlara görə, həmin şəxslərdən 17-nin nəşi Azərbaycana qaytarılıb. Daha 33 nəfərin saxlanma yerlərində həyatını itirdiyi bildirilsə də, onların qalıqları indiyədək təhvil verilməyib. Dörd nəfərin aqibəti barədə isə hələ də məlumat yoxdur. Bu rəqəmlər göstərir ki, mövcud sənədlərin və arxiv materiallarının açıqlanması itkinlərin taleyinin araşdırılmasında həlledici rol oynaya bilər.
İki ölkənin komissiyaları arasında aparılan müzakirələr zamanı mümkün dəfn yerləri barədə məlumatların təqdim edilməsi məsələsi də gündəmə gəlib. Azərbaycan tərəfinin açıqlamalarına əsasən, Ermənistan nümayəndələri 200-dən artıq ehtimal olunan dəfn yerinin, o cümlədən kütləvi məzarlıqların koordinatlarını təqdim edəcəklərini bildiriblər. Lakin həmin məlumatların indiyədək tam şəkildə verilməməsi axtarış prosesini çətinləşdirən əsas amillərdəndir. Axtarış işlərini mürəkkəbləşdirən digər mühüm problem işğaldan azad olunmuş ərazilərdəki mina təhlükəsidir. Minalanmış sahələrdə mümkün dəfn yerlərinin araşdırılması xüsusi təhlükəsizlik tədbirləri tələb edir. Bu səbəbdən Ermənistanın yalnız məzarlıqlar barədə məlumatları deyil, mina sahələrinin dəqiq xəritələrini təqdim etməsi də vacibdir. Belə əməkdaşlıq həm axtarış qruplarının təhlükəsizliyini təmin edə, həm də itkin düşmüş şəxslərin qalıqlarının aşkarlanmasını sürətləndirə bilər.
Onu da qeyd edək ki, noyabrın 19-20-də Ermənistanın paytaxtı İrəvanda "İtkin düşmüş şəxslərin taleyi: humanitar dialoq və əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans keçirilib. 30 ildən artıqdır ki, 4 mindən çox azərbaycanlı itkin düşmüş şəxsin taleyi ilə bağlı məlumatları təqdim etməyən Ermənistanın belə bir tədbir təşkil etməsi ciddi suallar doğurur. Öz ərazisində itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi istiqamətində real əməkdaşlıq nümayiş etdirməyən Ermənistanın beynəlxalq ictimaiyyət qarşısında humanitar məsələlərə həssas yanaşan ölkə obrazı yaratmağa çalışması ziddiyyətli görünür. Əgər konfransın məqsədi həqiqətən də itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi və ailələrin narahatlığına son qoyulmasıdırsa, ilk növbədə Azərbaycanın təqdim etdiyi məlumatlara konkret cavab verilməli, mümkün dəfn yerlərinin koordinatları və arxiv sənədləri açıqlanmalıdır. Əks halda, belə bir tədbirin real humanitar nəticələr əldə etməkdən daha çox beynəlxalq ictimaiyyət qarşısında görüntü yaratmağa xidmət etdiyi qənaəti formalaşır.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"