21 Noyabr 2026 09:15
113
Mədəniyyət
A- A+
Müasir yaşayış binaları rahatlığın memarlıq nümunələridir

Müasir yaşayış binaları rahatlığın memarlıq nümunələridir


Yeni yaşayış binalarının inşası hər bir ölkənin iqtisadi inkişafının, sosial siyasətinin və şəhərsalma mədəniyyətinin mühüm göstəricilərindəndir. Əhalinin mənzilə olan tələbatının ödənilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması və müasir şəhər mühitinin formalaşdırılması bu sahədə həyata keçirilən layihələrin əsas məqsədini təşkil edir. 

Bakıda artıq neçə ildir geniş vüsət alan tikinti-quruculuq işləri şəhərin memarlıq simasını əhəmiyyətli dərəcədə dəyişib. Dünənin dar və məhdud planlaşdırmaya malik yaşayış binaları ilə müqayisədə bu gün inşa olunan çoxmənzilli komplekslər memarlıq həlləri, mənzillərin funksionallığı, texniki imkanları və sakinlərə təqdim etdiyi komfortla seçilir. Söhbət təkcə yeni binalar ucaltmaqdan yox, insanların təhlükəsiz, rahat və müasir tələblərə uyğun yaşayacağı bütöv məkanlar yaratmaqdan gedir. Bu baxımdan 2026-cı ilin ölkəmizdə "Şəhərsalma və Memarlıq İli" elan edilməsi də xüsusi əhəmiyyət daşıyır. Həmin təşəbbüs Azərbaycanın zəngin memarlıq irsinin qorunması, müasir şəhərsalma prinsiplərinin tətbiqi və gələcək nəsillər üçün daha sağlam, rahat, estetik yaşayış mühitinin yaradılması istiqamətində mühüm vəzifələr müəyyənləşdirir. Eyni zamanda Bakıda və regionlarda həyata keçirilən quruculuq işlərinə, yeni yaşayış məhəllələrinin salınmasına, şəhər mühitinin müasirləşdirilməsinə diqqəti artırır.

Bakının memarlıq tarixinə nəzər saldıqda  müxtəlif dövrlərin izlərini görürük. XIX əsrin sonlarında neft bumu ilə böyüyən şəhər XX əsrdə yeni yaşayış massivləri hesabına genişləndi. Bir zamanlar insanların mənzil ehtiyacını ödəmək üçün inşa edilən beşmərtəbəli "xruşşovka", "Leninqrad" layihəli adlanan binalar öz dövrünün şəhərsalma reallığını əks etdirirdi. Bu binalar minlərlə ailənin mənzil sahibi olmasına imkan yaratdı, neçə-neçə nəslin həyat xatirələrinə çevrildi. Onların dar mətbəxləri, kiçik eyvanları, məhdud yaşayış sahələri bir vaxtlar normal sayılsa da, dəyişən həyat tərzi yeni tələblər meydana çıxardı. İnsanlar başlarının üstündə bir dam olması ilə kifayətlənməyərək geniş, işıqlı, funksional mənzillər, uşaqlarının təhlükəsiz oynaya biləcəyi həyətlər, istirahət edə biləcəkləri parklar arzuladılar.

Bu gün paytaxtın müxtəlif ərazilərində yüksələn yeni yaşayış binaları həmin dəyişən tələbatın memarlıq ifadəsidir. Standart layihəli tikililərin yerini fərqli memarlıq həlləri, müasir fasadlar, geniş pəncərələr, funksional mənzil planlaşdırması, yeraltı dayanacaqlar və abad həyətlər alır. Yeni tikililərdə lift sistemlərinin, istilik və havalandırma qurğularının, təhlükəsizlik kameralarının, yanğın əleyhinə sistemlərin, mühəndis-kommunikasiya xətlərinin müasir standartlara uyğun olması yaşayış keyfiyyətini yüksəldir. Bu gün müasir mənzil anlayışı təkcə otaqların sayı və sahəsi ilə ölçülmür, eyni zamanda rahatlıq, təhlükəsizlik, əlçatanlıq, enerji səmərəliliyi və ətraf mühitlə uyğunluq da əsas meyarlara çevrilir.

Paytaxtın şəhərsalma mənzərəsində diqqətçəkən layihələrdən biri də Ağ Şəhərdir. Vaxtilə sənaye müəssisələrinin, neft emalı sahələrinin yerləşdiyi və Qara Şəhər kimi tanınan ərazinin müasir şəhər məkanına çevrilməsi böyük şəhərsalma düşüncəsinin təzahürüdür. Burada keçmişin sənaye mənzərəsi ilə gələcəyin müasir yaşayış mühiti arasında yeni bir körpü yaradılır. Geniş küçələr, memarlıq baxımından bir-birini tamamlayan binalar, yaşıllıq zolaqları, ictimai məkanlar, biznes və istirahət obyektləri Ağ Şəhərə xüsusi görkəm verir. Yaşayış, iş, istirahət və sosial fəaliyyət məkanlarının vahid şəhər mühitində birləşdirilməsi müasir şəhərsalmanın əsas prinsiplərindəndir. Bu baxımdan Ağ Şəhər Bakının dəyişən memarlıq simasının diqqətəlayiq nümunələrindəndir.

Yeni yaşayış binalarının inşasında dövlətin sosial siyasəti də xüsusi yer tutur.  Mənzil məsələsi təkcə tikinti və daşınmaz əmlak bazarı ilə bağlı deyil, ailələrin sosial rifahı, gənclərin gələcəyə inamı və həyat keyfiyyəti ilə də birbaşa əlaqəlidir. Mənzil İnşaatı Dövlət Agentliyinin - MİDA-nın fəaliyyəti bu ehtiyacların qarşılanmasına yönəlmiş mühüm təşəbbüslərdəndir. Agentliyin əsas məqsədi aztəminatlı və orta gəlirli ailələr üçün əlçatan, müasir standartlara cavab verən yaşayış komplekslərinin yaradılmasıdır. MİDA layihələrində mənzillərin inşası deyil, məktəblər, uşaq bağçaları, tibb məntəqələri, istirahət və idman sahələri kimi sosial infrastrukturun formalaşdırılması da nəzərdə tutulur.

Sosial mənzil layihələrinin əhəmiyyəti ilk növbədə ailələrin mənzilə çıxış imkanlarının genişləndirilməsində özünü göstərir. Xüsusən gənc ailələr və sosial müdafiəyə ehtiyacı olan vətəndaşlar üçün münasib şərtlərlə mənzil sahibi olmaq böyük həyat arzusudur. İnsan öz evinin qapısını açanda yeni mənzilə deyil, həm də gələcəyə daha böyük ümidlərlə daxil olur. Uşağın öz otağında böyüməsi, valideynlərin rahat və təhlükəsiz şəraitdə yaşaması, ailənin sabahını inamla planlaşdırması sosial mənzil siyasətinin arxasında dayanan əsas insani məzmundur. Buna görə də bu layihələrin davamlılığı, mənzillərin keyfiyyəti, seçim prosesində şəffaflıq və ehtiyacı olan ailələr üçün əlçatanlığın qorunması xüsusi əhəmiyyət daşıyır.

Son illər Bakının müxtəlif ərazilərində inşa edilən çoxmənzilli binalar şəhərin memarlıq panoramasına yeni çalarlar gətirir. Müxtəlif üslublarda layihələndirilən binalar, fərqli fasad həlləri, geniş mənzil planları, müasir interyer dizaynı, yeraltı qarajlar və abadlaşdırılmış həyətlər tikinti sektorunda yenilənməni gücləndirir. Bəzi yaşayış komplekslərində sakinlərin gündəlik ehtiyaclarını ödəyən mağazalar, idman zalları, uşaq meydançaları və istirahət guşələri də yaradılır. Belə yanaşma yaşayış komplekslərini sadəcə binalar toplusundan çıxararaq funksional şəhər məkanlarına çevirir.

Müasir memarlığın uğurunu binanın xarici görünüşü, hündürlüyü və fasadının dəbdəbəsi ilə ölçmək  doğru olmazdı. Bina ilk növbədə etibarlı bina olmalıdır. Tikintidə keyfiyyətə nəzarət, seysmik təhlükəsizlik, yanğın normalarına riayət və mühəndis-kommunikasiya sistemlərinin düzgün qurulması əsas şərtlərdir. Yeni yaşayış komplekslərinin şəhərin ümumi infrastrukturuna uyğunluğu da nəzərə alınmalıdır. Məktəb və bağçaların, səhiyyə müəssisələrinin, ictimai nəqliyyatın, dayanacaqların və piyada yollarının kifayət qədər olması sakinlərin gündəlik həyatını müəyyən edən mühüm amillərdəndir. Bina nə qədər yaraşıqlı olsa da, onun ətrafında sıxlıq, nəqliyyat çətinliyi, yaşıllıq çatışmazlığı varsa, orada tam mənada rahat yaşayış mühitindən danışmaq çətindir.

Şəhərin gözəlliyi ilə insanın rahatlığı arasında tarazlıq yaradılması müasir şəhərsalmanın başlıca vəzifələrindəndir. Bu gün dünyada "yaşıl memarlıq", ekoloji təmiz materiallardan istifadə, su və enerji resurslarına qənaət getdikcə daha böyük əhəmiyyət qazanır. Yeni yaşayış binalarında yaşıllıq sahələrinin qorunması, həyətlərin səmərəli təşkili, ağacların əkilməsi və əlilliyi olan şəxslər, yaşlılar üçün maneəsiz hərəkət imkanlarının yaradılması gələcəyin şəhərsalma mədəniyyətinin ayrılmaz hissəsidir.

Bakının dəyişən siması ilə yanaşı, regionlarda da yeni yaşayış məkanlarının yaradılması xüsusi əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri şəhərsalmanın yeni mərhələsini formalaşdırır. Burada salınan yaşayış məhəllələri, yeni mənzillər, məktəblər və sosial obyektlər Böyük qayıdışın real məzmununu təşkil edir. İşğaldan azad edilmiş ərazilərdə şəhər və kəndlərin yenidən qurulması dağıdılmış evlərin bərpası deyil, həm də insanların rahat və təhlükəsiz şəraitdə yaşaya biləcəyi yeni məkanların yaradılmasıdır. Bu torpaqlarda yüksələn yaşayış binası, salınan küçə, əkilən hər bir ağac həyata qayıdışın, quruculuğun və gələcəyə inamın rəmzidir.

Bütün bunlar bir daha göstərir ki, memarlıq və şəhərsalma insan həyatının keyfiyyətini müəyyən edən mühüm sahələrdir. Şəhər təkcə müasir binaların ucaldığı məkan deyil, həm də insanların xatirələrinin, arzularının və gündəlik həyatının birləşdiyi böyük mədəniyyət məkanıdır. Yeni yaşayış binaları da bu məkanın gələcək simasını formalaşdırır. Ona görə də hər bir tikinti layihəsinə təkcə bu günün ehtiyacları baxımından yox, onilliklər sonra həmin ərazidə yaşayacaq insanların tələbatları nəzərə alınmaqla da yanaşılmalıdır.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kukla Teatrında "Uşaq Hüquqları Aylığı" çərçivəsində tədbir keçirilib

09:30
21 Noyabr

Bakı-Hanoy əməkdaşlıq modeli tarixi dostluğun müasir iqtisadi tərəfdaşlıqla uzlaşdırılması nümunəsidir

09:25
21 Noyabr

Alim, yazıçı, publisist

09:25
21 Noyabr

Dövlətçilik, milli birlik və tarixi Zəfər yoluna aparan 34 il

09:22
21 Noyabr

İnsan talelərinə sığınan ömür

09:20
21 Noyabr

Müasir yaşayış binaları rahatlığın memarlıq nümunələridir

09:15
21 Noyabr

Qədim Qəbələnin zəngin şəhər mədəniyyəti 

09:10
21 Noyabr

Bakının daş abidələri

09:05
21 Noyabr

Gəncədə TECHERA şirkəti sərgi təşkil edəcək

09:00
21 Noyabr

Dünyanın ən böyük polimetal yataqlarından biri Balakəndədir

08:55
21 Noyabr

Azərbaycan daha bir beynəlxalq qiymətləndirmədə önə çıxıb

08:50
21 Noyabr

Məşğulluğun sınanmış modeli: dövlət-biznes tərəfdaşlığı

08:45
21 Noyabr

Neftverməni artırmaq üçün innovativ yanaşmalar və yeni texnologiyalardan istifadə olunur

08:40
21 Noyabr

Azərbaycan-Vyetnam münasibətləri yeni iqtisadi məzmun qazanır

08:35
21 Noyabr

Brüsseldə Pan-Avropa Regional Şurasının İcraiyyə Komitəsinin 24-cü iclası keçirilib

08:30
21 Noyabr

Ermənistanın cavab verməli olduğu insan taleləri

08:25
21 Noyabr

"Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışının qalibləri müəyyənləşib

08:20
21 Noyabr

Şərəfli siyasi yol

08:15
21 Noyabr

Milli iradə və dövlətçilik yolunda

08:10
21 Noyabr

Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi

08:05
21 Noyabr

Tarixi dostluqdan strateji tərəfdaşlığa

08:00
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!