Gürcüstanın Batumi şəhərinin “Köhnə şəhər” adlanan hissəsində Acara TV-nin təşəbbüsü ilə musiqi festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, festivalda ölkəmizi Azərbaycanın Batumidəki Baş konsulluğunun dəstəyi ilə Azərbaycan xalq musiqisi ilə caz elementlərini birləşdirən “Məcaz” etnocaz qrupu təmsil edib.
Baş konsulluqdan bildirilib ki, “Məcaz” qrupu festival çərçivəsində özünəməxsus ifa tərzi və peşəkar səhnə performansı ilə çıxış edərək, Azərbaycan musiqisinin zənginliyini və müasir caz interpretasiyasını yerli və xarici dinləyicilərə təqdim edib.
Qrupun rəhbəri Məhəmməd Allahverdiyev, eləcə də üzvləri Nicat Məsimov, Kamil Mustafayev və Demetre Tsertvadze səhnədə yüksəksəviyyəli ifaları ilə iştirakçıların diqqətini cəlb edib, Azərbaycan musiqisinin milli xüsusiyyətlərini caz üslubunun imkanları ilə bir araya gətiriblər.
İfa olunan əsərlər festival iştirakçıları və şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanıb.
Azərbaycan musiqisinin Batumidə geniş auditoriyaya təqdim olunması iki ölkə arasında mədəni əlaqələrin inkişafına və xalqlar arasında qarşılıqlı mədəni tanışlığın daha da möhkəmlənməsinə töhfə verib. Festivalın keçirilməsi, eyni zamanda, Azərbaycan və Gürcüstan arasında musiqi və incəsənət sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli mədəni tədbirlərdən biri kimi qiymətləndirilib.
Azərbaycanın “Məcaz” etnocaz qrupunun festivalda iştirakı ölkəmizin zəngin musiqi irsinin, milli musiqi ənənələrinin və müasir ifaçılıq imkanlarının beynəlxalq və regional mədəni platformalarda təbliği baxımından xüsusi əhəmiyyət daşıdığı bildirilib.