Amerika Birləşmiş Ştatları (ABŞ) və Azərbaycan arasında münasibətlərin yeni mərhələsi ilə Azərbaycan-Ermənistan sülh gündəmini eyni geosiyasi prosesin iki tamamlayıcı istiqaməti kimi qiymətləndirmək mümkündür. Vaşinqtonun son dövrlərdə Cənubi Qafqaza yanaşmasında siyasi sabitliklə iqtisadi bağlantının getdikcə daha çox birlikdə nəzərdən keçirdiyini görürük. Ötən il avqustun 8-də Vaşinqtonda keçirilən görüş bu baxımdan mühüm dönüş nöqtəsi oldu. Zirvədə Azərbaycan və Ermənistan arasında sülh istiqamətində nümayiş etdirilən siyasi iradədən sonra 2026-cı il fevralın 10-da imzalanmış ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası bu yeni mərhələnin Bakı-Vaşinqton münasibətlərində də əks olunduğunu göstərdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ankara Hacı Bayram Vəli Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin dosenti, siyasi ekspert Bahar Özsoy söyləyib.
O bildirib ki, enerji, ticarət, tranzit, Orta Dəhliz, TRIPP, rəqəmsal infrastruktur, süni intellekt, kritik minerallar və özəl sektor investisiyalarını eyni strateji çərçivədə nəzərdən keçirən bu sənəd iki ölkə arasındakı münasibətlərin daha geniş iqtisadi və strateji müstəviyə keçdiyinin göstəricilərindən biridir: “Bu prosesin birinci ilində ABŞ, Azərbaycan və Ermənistan tərəfindən yayımlanan Birgə Bəyanat isə Vaşinqtonda ortaya qoyulan siyasi baxışın regional səviyyədə hansı nəticələr verməyə başladığını göstərir. Bəyanatda yalnız sülh prosesində əldə edilən irəliləyişə deyil, TRIPP-in həyata keçirilməsi, Orta Dəhlizin inkişaf etdirilməsi, enerji bağlantıları, ticarət və özəl sektor investisiyaları kimi sahələrdəki konkret nailiyyətlərə də diqqət yetirilir. Buna görə də Vaşinqtonun Azərbaycan-Ermənistan sülh prosesinə yanaşmasını yalnız diplomatik təşəbbüs kimi deyil, Cənubi Qafqazın iqtisadi və strateji transformasiyasının əsas elementlərindən biri kimi qiymətləndirmək lazımdır”.
Bahar Özsoy qeyd edib ki, Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olması ABŞ üçün ilk növbədə regional risklərin azaldılması və daha proqnozlaşdırıla bilən iqtisadi mühitin formalaşması deməkdir: “Bunun ən konkret nümunələrindən biri TRIPP-dir. Azərbaycan ilə Ermənistan arasında nəqliyyat bağlantılarının inkişaf etdirilməsi yalnız iki ölkə arasındakı iqtisadi əlaqələri gücləndirməyəcək, həm də Xəzər üzərindən Mərkəzi Asiyaya və oradan Avropaya uzanan daha geniş nəqliyyat və ticarət şəbəkələrinin möhkəmlənməsinə töhfə verəcək. Birinci il üzrə Birgə Bəyanatda Azərbaycanın öz ərazisində Ermənistandakı TRIPP bağlantısına uzanacaq avtomobil və dəmir yollarının tikintisi istiqamətində mühüm irəliləyiş əldə etdiyinin qeyd olunması layihənin artıq yalnız siyasi baxış olmaqdan çıxdığını göstərir. Cənubi Qafqazda davamlı sabitliyin təmin edilməsi mövcud enerji infrastrukturunun təhlükəsizliyini gücləndirməklə yanaşı, enerji və logistika sahələrində yeni əlaqələrin inkişafı üçün də daha əlverişli şərait yarada bilər. Burada ABŞ üçün məsələ yalnız Azərbaycanın malik olduğu enerji resursları deyil, həm də bu ölkənin Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasındakı enerji və nəqliyyat bağlantılarında oynadığı strateji roldur. Birgə Bəyanatda TRIPP marşrutu boyunca elektrik enerjisi ötürmə xəttinin dəstəklənməsinin gündəmə gətirilməsi sülhlə enerji və infrastruktur bağlantısı arasındakı əlaqənin getdikcə daha konkret xarakter aldığını göstərir. Bu səbəbdən ABŞ-Azərbaycan münasibətlərindəki yeni dinamika ilə Azərbaycan-Ermənistan sülh gündəmini bir-birindən asılı olmayan proseslər kimi qiymətləndirmək əvəzinə, eyni regional transformasiyanın iki elementi kimi nəzərdən keçirmək daha doğru olardı. Azərbaycan üçün bu proses ölkənin Xəzər, Mərkəzi Asiya və Avropa arasındakı körpü rolunu gücləndirmək imkanı yaradırsa, ABŞ üçün Cənubi Qafqazın daha sabit, inteqrasiya olunmuş və investisiya üçün əlverişli regiona çevrilməsi deməkdir. Başqa sözlə, Vaşinqton üçün sülh yalnız keçmişdəki münaqişənin sona çatması deyil, həm də bu sülhün yaradacağı nəqliyyat dəhlizləri, enerji bağlantıları, ticarət və investisiya imkanları vasitəsilə Cənubi Qafqazın daha geniş Avrasiya iqtisadi arxitekturasına qovuşmasının başlanğıc nöqtəsidir”,- deyə o diqqətə çatdırıb.