Azərbaycan “PostEurop” (Avropa Poçtu) çərçivəsində fəal iştirak edir və poçt sektorunun transformasiyası istiqamətində etibarlı tərəfdaşlardan biridir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “PostEurop”un İdarə Heyətinin sədri Elena Fernandez-Rodriguez deyib.
O bildirib ki, dünyada baş verən dəyişikliklər fonunda “PostEurop” təşkilatın gələcək strategiyası üzərində işləyir: “Son aylarda dünyada baş verən dəyişiklikləri nəzərə alaraq təşkilatın strateji inkişafı üzərində işləyirik. Biz çox rəqabətli bazardayıq və “PostEurop”un üzvləri üçün həqiqətən aktual qalmasını və onlara dəyər yaratmasını təmin etməliyik”.
“PostEurop” sədrinin sözlərinə görə, Azərbaycan təşkilatın müxtəlif komitə və işçi qruplarında fəal iştirak edir: “Azərbaycan, məsələn, filateliya və beynəlxalq əlaqələr sahəsində çox fəaldır. Ölkənin bilik və təcrübəsi üzvlərimiz üçün çox vacibdir. Biz böyük və kiçik ölkələr arasında balans yaratmağa çalışırıq. Düşünürəm ki, Azərbaycan poçt sektorunda transformasiyanı həyata keçirmək üçün etibar edə biləcəyimiz ölkələrdən biridir”.
Elena Fernandez-Rodriguez poçt göndərişlərinin həcminin azalması fonunda sektorun yeni istiqamətlərə yönəldiyini qeyd edib: “Biz poçt operatorlarını xidmətlərini diversifikasiya etməyə təşviq edirik. Məktub göndərişləri artıq heç birimiz üçün əsas biznes deyil. Elektron ticarət təqdim edə biləcəyimiz əsas əlavə dəyərdir. Bununla yanaşı, maliyyə xidmətləri və informasiya texnologiyaları kimi digər xidmətlər də mövcuddur”.
O qeyd edib ki, “PostEurop” üzv operatorların yeni xidmətlər inkişaf etdirməsi üçün lazımi alət və imkanları təqdim etməyə çalışır: “Bizim üçün əsas məsələ üzvlərimizə bu cür xidmətləri inkişaf etdirmək üçün alətlər və zəruri baza təqdim etməkdir”.