15 İyul 2026 08:05
125
PARLAMENT
A- A+
Parlamentin növbədənkənar sessiyası başa çatdı

Parlamentin növbədənkənar sessiyası başa çatdı


İyulun 14-də Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası keçirilib. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasa sədrlik edən Milli Məclis Sədrinin birinci müavini Əli Əhmədov 14 iyul tarixinin ölkəmizin ən əlamətdar hadisələrdən birinə təsadüf etdiyini bildirib. 

Əli Əhmədov qeyd edib ki, 57 il əvvəl Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev keçmiş Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanın rəhbəri seçilib. Onun rəhbərliyi ilə Azərbaycan qısa zaman ərzində keçmiş SSRİ-nin ən inkişaf etmiş respublikalarından birinə çevrilib. Ölkəmizin iqtisadi potensialı gücləndirilib, o cümlədən kənd təsərrüfatının yüksəlişi müşahidə olunub, bununla yanaşı,  mədəniyyət sahəsində böyük nailiyyətlər əldə edilib. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969- 1982-ci illəri əhatə edən bu dövr ölkəmizin intibah mərhələsi kimi səciyyələndirilir. 

Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan xalqının milli özünüdərki yeni inkişaf mərhələsinə qədəm qoyub. Həmin illər ərzində Azərbaycanın gələcək müstəqilliyi uğrunda mübarizənin təməlini təşkil edən mühüm işlər görülüb. Məhz bu möhkəm təməl üzərində Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin siyasi kursunu və inkişaf strategiyasını uğurla davam etdirir. Dövlət başçımızın həyata keçirdiyi siyasət nəticəsində işğal altında olan ərazilərimiz azad edilib və bu gün Azərbaycan dünyada qalib dövlət kimi tanınır. Ölkəmiz həm regional, həm də qlobal miqyasda öz mövqelərini daha da möhkəmləndirib. 

Azərbaycan xalqının Heydər Əliyevin dövlətimizin müstəqilliyi və inkişafı naminə göstərdiyi xidmətləri yüksək qiymətləndirdiyi, Ulu Öndərin müəyyən etdiyi yola sadiq olduğu, onun irsinə sədaqət və dərin ehtiram bəslədiyi vurğulanıb.

Sonra birinci vitse-spiker Əli Əhmədov iclasın gündəliyinə 26 məsələnin daxil edildiyini bildirib. Qeyd edilib ki, iclasda 19 qanun layihəsi üçüncü oxunuşda, 6 qanun layihəsi bir oxunuşda, 1 qanun layihəsi isə birinci oxunuşda müzakirə olunacaq. Gündəliyin ilk 2 məsələsinin Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə təqdim edildiyi və mahiyyətcə bir-birinə yaxın olduğu bildirilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə qanunun layihəsini (üçüncü oxunuş) təqdim edib. Komitə sədri bildirib ki, Konstitusiya Qanununa təklif olunan dəyişiklikdə media sahəsində fəaliyyət göstərən tənzimləyici qurumun səlahiyyətlərinin genişləndirilməsi ilə əlaqədar adının dəyişdirilərək "Media və Yayım Şurası" ilə əvəz olunması nəzərdə tutulur.

Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc "Dövlət qulluğu haqqında" və "Media haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsindən (üçüncü oxunuş) bəhs edib. Bildirilib ki, qanun layihəsi media sahəsində normativ tənzimləmənin müasirləşdirilməsi, tətbiq mexanizmlərinin gücləndirilməsi, hüquqi müəyyənliyin təmin edilməsi və beynəlxalq standartlara uyğunluğun artırılması məqsədi daşıyır.

Komitə sədri habelə Ulu Öndər Heydər Əliyevin həm Sovet, həm də müstəqillik dövründə milli mətbuatın inkişafı sahəsindəki xidmətlərini vurğulayaraq, onun dövlətimizin dirçəlişi və qüdrətlənməsi istiqamətində gördüyü işlərin əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb.

Təqdim olunan məsələ barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu komitənin müsbət rəyini açıqladıqdan sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Bildirilib ki, növbəti 4 məsələ Azərbaycan Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxındır.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov gündəliyin 3-cü məsələsi - "Kraudfandinq haqqında", 4-cü məsələsi - Mülki Məcəllədə, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Dövlət rüsumu haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Lisenziyalar və icazələr haqqında", "Nağdsız hesablaşmalar haqqında", "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunlarda dəyişiklik edilməsi barədə, 5-ci məsələsi - Əmək Məcəlləsində, Mülki Məcəllədə, "Valyuta tənzimi haqqında", "İnvestisiya fondları haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" qanunlarda dəyişiklik edilməsi barədə və 6-cı məsələsi - Vergi Məcəlləsində, Miqrasiya Məcəlləsində, "Sosial sığorta haqında", "Gömrük tarifi haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Dövlət satınalmaları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrini üçüncü oxunuşda təqdim edib.

Komitə sədri qanun layihələri barədə əvvəlki oxunuşlar zamanı ətraflı məlumat verildiyini, geniş müzakirələrin aparıldığını, sənədlərin deputatlar tərəfindən dəstəkləndiyini söyləyib. O, həmçinin məsələlərlə əlaqədar səsləndirilən fikir və təkliflərə münasibət bildirib, həm komitə, həm də aidiyyəti dövlət qurumu tərəfindən qaldırılan məsələlərə aydınlıq gətirildiyini deyib. 

Müzakirələr zamanı innovasiya ekosisteminin terminologiyasına dair səsləndirilən təkliflərlə bağlı nəzərə çatdırılıb ki, innovasiya, startap, vençur kapitalı, kraudfandinq və digər bu kimi anlayışlar qlobal innovasiya ekosisteminin formalaşmış beynəlxalq leksikonunu təşkil edir. Beynəlxalq maliyyə və investisiya hüququnun ayrılmaz tərkib hissəsi olan həmin anlayışlar, artıq qlobal innovasiya platformasının ümumi ortaq peşə dilinə çevrilib. 

Bildirilib ki, hazırkı mərhələdə milli maraqlar daha çox rifaha xidmət edən innovativ və rəqabətqabiliyyətli, güclü iqtisadiyyatın formalaşması ilə bağlıdır. Bu gün əsas məqsəd beynəlxalq terminlərin ifadə etdiyi müasir ideyaları, iqtisadi münasibətləri və mexanizmləri, maliyyələşmə alətlərini ölkəmizdə uğurla tətbiq etməkdən ibarətdir. Təqdim edilən qanun layihələrinin innovativ sahibkarlığın inkişafına, yüksək əlavə dəyər yaradan iqtisadi fəaliyyətin genişlənməsinə və Azərbaycanın innovasiya əsaslı, rəqabətqabiliyyətli yeni inkişaf modelinə keçidinə mühüm töhfə verəcəyi vurğulanıb.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli 4-cü, 5-ci və 6-cı məsələlər barədə, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev 5-ci və 6-cı məsələlərə dair bu komitələrin rəylərini açıqlayıblar.

Təqdim olunan dörd qanun layihəsinin hər biri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (üçüncü oxunuş) açıqlamasında məsələ barədə əvvəlki oxunuşlar zamanı ətraflı məlumat verildiyini və layihədə hər hansı əlavə dəyişikliyin edilmədiyini söyləyib.

Sənəddə təklif olunan dəyişikliklər informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi, informasiya infrastrukturunun kibertəhdidlərdən qorunması, kibertəhlükəsizlik üzrə institusional mexanizmlərin yaradılması və rəqəmsal inkişaf proseslərinin hüquqi əsaslarının müəyyən edilməsi məqsədi daşıyır.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Sonra nəzərə çatdırılıb ki, gündəliyin növbəti iki məsələsi ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olub. 

Aqrar siyasət komitəsinin üzvü Azər Badamov bu iki məsələni təqdim edib. Əvvəlcə "Toxumçuluq haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş) barədə məlumat verilib. Bildirilib ki, layihə toxumçuluq sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsini, keyfiyyətə nəzarət və sertifikatlaşdırma sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasını, elektron qeydiyyatın tətbiqini, özəl sektorun iştirakının genişləndirilməsini və rəqabət mühitinin gücləndirilməsini nəzərdə tutur.

Millət vəkili növbəti məsələ - "Seleksiya nailiyyətləri haqqında", "Dövlət rüsumu haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı (üçüncü oxunuş) məlumatında qeyd edib ki, sənəd  "Toxumçuluq haqqında" yeni qanunun tələblərindən irəli gələn məsələlərin tənzimlənməsi məqsədilə hazırlanıb.

Deputat Azər Badamov bu məsələ barədə təmsil etdiyi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin müsbət rəyini açıqlayıb. 

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq, üçüncü oxunuşda qəbul edilib.

Gündəliyin növbəti iki məsələsinin də ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğu və bir-birinə yaxın olduğu bildirilib.

Aqrar siyasət komitəsinin üzvü Azər Badamov "Balıqçılıq haqqında" Azərbaycan Respublikasının qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Diqqətə çatdırılıb ki, qanun layihəsi balıqçılıq və akvakultura sahəsində hüquqi tənzimləmənin müasir tələblərə uyğunlaşdırılması, su bioresurslarının dayanıqlı idarə olunması, idarəetmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, habelə bu sahədə rəqəmsallaşma və şəffaflığın təmin edilməsi məqsədi ilə hazırlanıb. Bildirilib ki, sənəddə balıqçılıq və akvakultura sahəsində fəaliyyətin hüquqi əsasları təkmilləşdirilir, elektron uçot və monitorinq mexanizmləri, elmi əsaslı kvota sistemi, akvakultura subyektlərinin qeydiyyatı və digər məsələlər müəyyən edilir.

Məsələ barədə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov komitənin müsbət rəyini açıqlayıb.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov "Dövlət rüsumu haqqında" və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (üçüncü oxunuş) məlumat verib. Layihədə "Balıqçılıq haqqında" yeni qanun layihəsindən irəli gələn məsələlərin tənzimlənməsi ilə bağlı bəzi dəyişikliklər öz əksini tapıb. Belə ki, sənəddə  akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu müəyyən edilir. Habelə sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısına akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsinin əlavə olunması təklif edilir.

Azər Badamov həmçinin bu məsələ barədə təmsil etdiyi Aqrar siyasət komitəsinin müsbət rəyini də səsləndirib.

Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq, üçüncü oxunuşda qəbul edilib.

Aqrar siyasət komitəsinin üzvü Azər Badamov Torpaq Məcəlləsində, Mülki Məcəllədə və "Qiymətləndirmə fəaliyyəti haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı (üçüncü oxunuş) məlumat verib. Qanun layihəsi dövlət mülkiyyətində olan əmlakın, o cümlədən dövlət torpaqlarının qanunla müəyyən edilmiş hallarda xüsusi mülkiyyətdə olan əmlakla qarşılıqlı razılıq əsasında dəyişdirilməsinin hüquqi əsasını yaradır. Sənəd habelə bu əmlakların bazar dəyəri əsasında qiymətləndirilməsi və bu sahədə hüquqi tənzimləmənin təkmilləşdirilməsini təmin edir. 

Deputat Azər Badamov təmsil etdiyi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, deputat Nurlan Həsənov isə təmsil etdiyi Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin məsələ barədə rəylərini bildirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Daha sonra Azər Badamov Torpaq Məcəlləsində, Mülki Məcəllədə, "Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında", "Torpaq bazarı haqqında" və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, qanun layihəsinin torpaq ehtiyatlarından səmərəli və dayanıqlı istifadənin təmin edilməsi, torpaqların konsolidasiyası üçün hüquqi zəminin formalaşdırılması məqsədilə hazırlandığını söyləyib. Bildirilib ki, sənəddə torpaqların konsolidasiyası mexanizmi, torpaq sahələrinin bölünməsinə dair yeni qaydalar, qonşu torpaq mülkiyyətçilərinin üstünlük hüququ, habelə konsolidasiya nəticələrinin kadastr və dövlət qeydiyyatı sistemində əks etdirilməsi ilə bağlı dəyişikliklər nəzərdə tutulur.

İqtisadi siyasət, sənaye və sahibkarlıq və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin qanun layihəsi ilə bağlı müsbət rəyləri səsləndirildikdən sonra sənəd üçüncü oxunuşda qəbul olunub.

İclasda  Torpaq Məcəlləsində, Mülki Məcəllədə, "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında", "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2017-ci il 15 dekabr tarixli 918-VQD nömrəli və "Aqrar sığorta haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi də (üçüncü oxunuş) nəzərdən keçirilib.  Layihə daşınmaz əmlakın kadastrı və reyestri sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsini nəzərdə tutur. 

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Gündəliyin on beşinci məsələsi olan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Komitə sədri bildirib ki, layihə ilə bağlı birinci və ikinci oxunuşda geniş məlumat verilib və dəyişikliklə bağlı heç bir təklif daxil olmayıb. 

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, məsələyə dair birinci və ikinci oxunuşda geniş məlumat verilib və sənədin mətnində dəyişiklik aparılmayıb. 

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Növbəti məsələni - "Tibbi sığorta haqqında" və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov təqdim edib. Komitə sədri layihənin ikinci oxunuşu zamanı qaldırılan məsələlərlə bağlı qanunvericilik təşəbbüskarı subyekti ilə aparılan işlərin nəticələrini diqqətə çatdırıb. 

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev  dəyişiklik  barədə rəhbərlik etdiyi komitənin müsbət rəyini səsləndirəndən sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəliyin 18-ci məsələsi olan Miqrasiya Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Dövlət rüsumu haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib. Layihə barədə birinci və ikinci oxunuşda geniş məlumat verildiyini deyən komitə sədri ikinci oxunuş zamanı qaldırılan məsələyə aydınlıq gətirib və layihənin olduğu kimi səsə qoyulmasını xahiş edib. 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanovun  məsələ barədə rəhbərlik etdiyi komitənin müsbət rəyi dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Bədəl Bədəlov "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (üçüncü oxunuş) məlumat verib, birinci və ikinci oxunuşda heç bir irad və təklifin olmadığını deyib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

İyirminci məsələ olan "Aviasiya haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər  Əmiraslanov diqqətə çatdırıb ki, layihə çox yüngül uçuş aparatlarının hava məkanından istifadə və uçuş qaydalarının qəbul edilməsinin hüquqi əsasının yaradılması məqsədilə hazırlanıb.

Sənəd barədə komitə sədri Siyavuş Novruzovun fikirləri dinlənildikdən sonra layihə qəbul olunub.

"Xüsusi icra məmurları haqqında" Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 248-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O bildirib ki, layihədə Əmək Məcəlləsində, habelə "Həmkarlar ittifaqları haqqında", "İcra haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "İşsizlikdən sığorta haqqında" və "Məşğulluq haqqında" qanunlarda xüsusi icra məmurlarının hüquqi statusunun dəqiqləşdirilməsi nəzərdə tutulur.

Qanun layihəsi səsə qoyularaq qəbul olunub. 

"İcra haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verərək vurğulayıb ki, sənəddə uyğunlaşdırma xarakterli dəyişikliklər təklif olunur.

Deputat Vüqar Bayramovun dəyişikliklə bağlı fikirləri dinlənildikdən sonra layihə səsə qoyularaq qəbul olunub. 

Vergi Məcəlləsində, "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" və "Qida təhlükəsizliyi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məlumat verib. Diqqətə çatdırılıb ki, qanunvericilikdə elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan edilib. Bu məhsulların dövriyyəsi qadağan edildiyindən təklif olunan qanun layihəsi Vergi Məcəlləsinin ayrı-ayrı maddələrində elektron siqaretlərlə bağlı ləğv edilmiş maddələrə istinadları aradan qaldırır, habelə "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" və "Qida təhlükəsizliyi haqqında" qanunlarda müvafiq uyğunlaşdırıcı dəyişikliklərin edilməsini təmin edir.

Hüquq siyasəti və dövlət quruculuğu və Aqrar siyasət komitələrinin müsbət rəyi səsləndirildikdən sonra layihə səsə qoyularaq qəbul olunub. 

"Yol hərəkəti haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.  Vurğulanıb ki, sənəddə uyğunlaşdırma xarakterli dəyişikliklər təklif olunur və "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli Qanununun icrası ilə əlaqədar hazırlanıb.

Layihə səsə qoyularaq qəbul edilib.

"Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov təqdim edib. Bildirilib ki, layihədə iki qanuna - "Dövlət rüsumu haqqında" və "Energetika haqqında" qanunlara dəyişikliklər edilməsi nəzərdə tutulur. Belə ki, yeni "Qaz təchizatı haqqında" qanunda ləğv edilmiş 30 iyun 1998-ci il tarixli qanundan fərqli olaraq qaz qurğularının xəritələrinin dövlət rüsumu ödəməklə sifarişçilərə verilməsi müddəası nəzərdə tutulmadığından "Dövlət rüsumu haqqında" qanunda müvafiq dəyişiklik edilir. Eyni zamanda "Energetika haqqında" qanunda terminoloji xarakterli uyğunlaşdırma həyata keçirilir.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov layihə barədə rəhbərlik etdiyi komitənin müsbət rəyini diqqətə çatdırandan sonra sənəd səsə qoyularaq qəbul edilib.

Gündəliyin sonuncu məsələsi olan "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Təbii ehtiyatlar, energetika və ekologiya  komitəsinin sədri Sadiq Qurbanov məlumat verib.  Komitə sədri deyib ki, layihədə iki vacib məsələ - balıqçılıq sahəsində dövlət nəzarətinin operativliyini təmin etmək və kənd təsərrüfatı layihələrinin ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) qaydalarının daha aydın, ölçülə bilən kəmiyyət meyarlarına keçirilməsi təsbit olunub.

Layihədə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunun 2.1-ci maddəsinə təklif edilən əlavə ilə balıqçılıq sahəsində nəzarətlə bağlı yoxlamalar onların dayandırılması rejimindən istisna kateqoriyasına daxil olunur.  Balıqçılıq sahəsində hüquq pozuntuları (qanunsuz ovlanma, kvota pozuntuları) qısa müddətdə baş verdiyindən və nəticələri sürətlə genişləndiyindən, bu sahədə çevik nəzarət imkanının təmin edilməsi ekoloji tarazlığın, biomüxtəlifliyin və əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatının qorunması baxımından zəruridir.

Layihədə "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunda təsbit olunan " Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) tələb olunan fəaliyyət növlərinin Siyahısı"nın 27-ci maddəsi yeni redaksiyada verilir, 34-cü maddəsi isə ləğv edilir. Yeni redaksiyaya əsasən kənd təsərrüfatı məhsullarının istehsalı üzrə müəssisələrin layihələndirilməsi zamanı ƏMTQ öhdəliyi konkret kəmiyyət meyarları əsasında müəyyən edilir.

Komitə sədri vurğulayıb ki, layihədə tətbiq olunan yanaşma beynəlxalq təcrübəyə əsaslanır və dəyişikliklərin qəbulu nəticəsində aqrar sahədə ƏMTQ-nin tətbiqi üzrə hüquqi müəyyənlik təmin olunacaq, kiçik və orta təsərrüfatlar əsassız inzibati və maliyyə yükündən azad ediləcək, dövlətin nəzarət fəaliyyəti əsasən real ekoloji risk yaradan iri istehsal kompleksləri üzrə həyata keçiriləcək.

Dəyişikliklər barədə komitə sədri Hicran Hüseynovanın və deputat Vüqar Bayramovun fikirləri dinlənildikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra deputat Elşən Musayev çıxış edib. O bildirib ki, iyulun 14-də Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda siyasi rəhbərliyə gəlməsinin  ildönümü tamam olur. Deputat Ulu Öndərin Vətən və xalq qarşısında misilsiz tarixi xidmətlərini dərin minnətdarlıq hissilə qeyd edərək bildirib ki, Azərbaycanın müasir dövlət kimi formalaşması, müstəqilliyinin möhkəmləndirilməsi, davamlı inkişafı və əldə etdiyi uğurlar məhz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun nəticəsidir. O vurğulayıb ki, müasir Azərbaycan Respublikası Ulu Öndərin xalqına sonsuz məhəbbətinin, Vətən yolunda göstərdiyi fədakarlığın və uzaqgörən dövlətçilik siyasətinin əyani təcəssümüdür. Deputat Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli həmrəyliyin təmin olunması və gələcək inkişafın əsaslarının yaradılması istiqamətində gördüyü tarixi xidmətlərdən bəhs edib.

Milli Məclis Sədrinin birinci müavini Əli Əhmədov bildirib ki, Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin dövlət və xalq qarşısındakı misilsiz xidmətlərini heç vaxt unutmayacaq. O, Ulu Öndərin əsasını qoyduğu dövlətçilik siyasətinin bundan sonra da ölkənin inkişafına xidmət edəcəyini vurğulayıb.

İclasa yekun vuran Əli Əhmədov bildirib ki, bununla da Milli Məclisin növbədənkənar sessiyası uğurla başa çatır. O, səmərəli iş üçün deputatlara təşəkkür edib və növbədənkənar sessiyanı bağlı elan edib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

57 illik tarixin bir məqamı

08:40
15 İyul

Mənəvi qayıdışdan Böyük qayıdışa

08:35
15 İyul

Azərbaycan qlobal enerji təhlükəsizliyinin təminatında mühüm iştirakçıdır

08:30
15 İyul

Siyasi fikir, diplomatik dialoq və qlobal media mərkəzi

08:25
15 İyul

Azərbaycanın gələcəyə baxışını beynəlxalq ictimaiyyətə təqdim edən platforma

08:20
15 İyul

Quruculuq və təhlükəsizliyin vəhdəti regionda davamlı sülhün yaranmasına təminatdır

08:15
15 İyul

Azərbaycan və Slovakiya arasında münasibətlər qarşılıqlı etimad üzərində qurulub

08:10
15 İyul

Parlamentin növbədənkənar sessiyası başa çatdı

08:05
15 İyul

XXI əsrin çağırışlarına Şuşadan verilən cavab

08:00
15 İyul

Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə ELAN

02:42
15 İyul

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə görüşüb

22:27
14 İyul

Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb

21:43
14 İyul

Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib

20:26
14 İyul

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

18:46
14 İyul

Böyük Britaniya ilə parlamentlərarası əlaqələr inkişaf edir

18:38
14 İyul

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasında 26 məsələyə baxılıb

18:36
14 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

18:14
14 İyul

Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir

18:09
14 İyul

Müstəqil xarici siyasətin dəyişməz prinsipləri

17:54
14 İyul

Baş nazir Əli Əsədov “Damen Shipyards Group” şirkətinin baş icraçı direktoru ilə görüşüb

17:49
14 İyul

Milli Məclisin sədri Qətərə səfər edib

17:25
14 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!