Dövlət büdcəsindən asılı olmayan İmişlinin artıq əldə etdiyi bu nailiyyət Prezident İlham Əliyevin uğurlu siyasətinin növbəti təsdiqidir
Bir neçə il əvvəl iqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycanda sərbəst bazar münasibətlərinə və inkişaf qabiliyyətinə malik, sosialyönümlü və diversifikasiya olunmuş iqtisadiyyat formalaşıb, ölkəmizin dünya təsərrüfat sisteminə inteqrasiyası tam təmin olunub. Bütün bunlar göstərir ki, respublikamızda sosial-iqtisadi modernləşməyə əsaslanmaqla yüksək əzmkarlıqla və yaradıcılıqla həyata keçirilən inkişaf strategiyası uğurlu nəticəsini verir. Özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedən ölkə kimi tanınır.
Muğanın inkişaf və quruculuq mərkəzi

Azərbaycanda əldə olunan ən mühüm nailiyyətlərdən biri regionların, hər bir rayonun, şəhər və kəndlərin inkişaf yoluna çıxarılmasıdır. Prezident İlham Əliyevin təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrası müddətində bütün bölgələrdə yeni istehsal və xidmət müəssisələri fəaliyyətə başlayıb, əsaslı quruculuq və abadlıq işləri həyata keçirilib. Dövlət proqramları çərçivəsində regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi, insanların sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib.

Azərbaycanın coşqun inkişafının, sürətli yüksəlişinin, günü-gündən dəyişərək gözəlləşən simasının konkret ünvanlarından biri də İmişli rayonudur. Ötən 10 ildə özünün yüksəliş dövrünü yaşayan İmişlinin bu gün Muğanın inkişaf və quruculuq mərkəzinə çevrildiyi göz önündədir. Bu dövrdə həm ayrı-ayrı dövlət proqramlarından, həm yaradılmış azad sahibkarlıq mühitindən irəli gələrək İmişlidə çoxsaylı xidmət və istehsal sahələri fəaliyyətə başlayıb. Eləcə də mühüm obyektlərin təməli qoyulub və inşası uğurla başa çatdırılıb. Yeni səhiyyə və təhsil müəssisələri, infrastruktur obyektləri, inzibati binalar istifadəyə verilib, yollar, parklar yenidən qurulub.

İmişli rayonu 8 avqust 1930-cu ildə yaradılıb. Muğan-Mil düzündə, Kürlə Araz çayının əhatəsində, Mərkəzi Aran zonasında yerləşir. 1938-ci ilə qədər rayon mərkəzi indiki Qaradonlu kəndində yerləşib. Rayonun ərazisi 1890 kv.km, əhalisi 120 min nəfərdən çoxdur. Rayon bir şəhər, bir qəsəbə və 48 kənd yaşayış məntəqələrini birləşdirir.
Ulu öndər Heydər Əliyevin respublikamıza birinci rəhbərliyi dövründə digər rayonlarla yanaşı, İmişli rayonunun da iqtisadiyyatı xeyli inkişaf edib və siması dəyişərək müasir görkəm alıb. Heydər Əliyev beş dəfə İmişli rayonuna səfər edib. Ulu öndərin hər gəlişi sadə zəhmət adamlarının sevincinə səbəb olub, rayonun iqtisadiyyatının inkişafına xüsusi təkan verib. Bunun da nəticəsində qısa müddət ərzində İmişli aqrar rayondan aqrar-sənaye rayonuna çevrilib. Heydər Əliyevin diqqəti və qayğısı sayəsində həyata keçirilən irimiqyaslı meliorasiya və irriqasiya tədbirləri nəticəsində İmişlidə minlərlə hektar şoran torpaq təmizlənərək əkinəyararlı vəziyyətə gətirilib, Bəhrəmtəpə hidroqovşağı, "Yuxarı Qarabağ" kanalının istismarı, drenaj və suvarma şəbəkələrinin yaradılması əkin sahələrinin suvarılmasında xüsusi əhəmiyyət kəsb edib.
İşlər kəmiyyət və keyfiyyət göstəricilərinə görə konkret və ünvanlıdır
Heydər Əliyevin müəllifi olduğu milli inkişaf konsepsiyası bu gün onun siyasi varisi və layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən daha geniş miqyasda həyata keçirilir. Ötən 10 ilə yaxın müddətdə respublikamızın inkişafı ilə bağlı yüzlərlə sənaye və infrastruktur layihəsinin reallaşdırılması, regionların sosial-iqtisadi inkişafı ilə bağlı iki dövlət proqramının qəbulu bunun əyani təsdiqidir. Qeyd etdiyimiz kimi, bu müddətdə İmişli rayonununda da istehsal müəssisələrinin yaradılması istiqamətində xeyli işlər görülüb, yeni iş yerlərinin açılması əsas prioritetlərdən biri olub. İmişli Şəkər, Spirt Emalı, Qarışıq Yem, Bitki Yağları, Kəllə Qənd, "Araz" Konservləşdirilmiş Şirələr və Konyak zavodlarının, Quşçuluq Broyler Fabrikinin və Qafqazda analoqu olmayan Damazlıq yumurta istehsalı ilə bağlı yeni sənaye müəssisələrinin yaradılması, 50 min tonluq taxıl anbarının inşası İmişli rayonunun sürətli inkişafının əsas göstəriciləridir. Bununla yanaşı, rayonda həyata keçirilən abadlıq-quruculuq işləri, küçə və prospektlərin, park və xiyabanların yenidən qurulması İmişlini respublikamızın öndəgedən rayonlarından birinə çevirib.
Aparılan uğurlu islahatlar və görülən işlər nəticəsində İmişlinin əsas sosial-iqtisadi və digər göstəricilərində ildən-ilə yüksək artım dinamikası müşahidə olunur. Belə ki, 2003-cü illə müqayisədə ötən 10 ildə rayonda sənaye, kənd təsərrüfatı məhsulları istehsalının, tikintinin, nəqliyyat və rabitə xidmətlərinin həcmi dəfələrlə artıb. Rayon iqtisadiyyatına qoyulmuş sərmayənin həcmi hər il milyonlarla manat səviyyəsində ölçülür. Bunların nəticəsində İmişli rayonu son 10 ildə əsl sənaye rayonuna, mərkəzi isə aparılan abadlıq-quruculuq işləri nəticəsində abad, müasir şəhərə çevrilib.
Rayonun qısa zaman kəsiyində geniş quruculuq məkanına çevrilməsinin ən ümdə səbəblərindən biri ölkəmizin bütün bölgələri kimi bu rayona Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı göstərilməsidir. Ölkə rəhbəri rayonda aparılan işlərə xüsusi əhəmiyyət verib, mütəmadi olaraq onların gedişatı ilə maraqlanıb, açılış mərasimlərində iştirak edib. 28 oktyabr 2012-ci il tartixdə Azərbaycan Prezidenti İlham Əliyev İmişli şəhər Su anbarları kompleksinin açılış mərasimində iştirak edərkən görülən işləri yüksək qiymətləndirərək deyib: "İmişli rayonunun son bir neçə ay ərzində uğurlu inkişafı məni ürəkdən sevindirir. Doğrudan da, son bir neçə ay ərzində İmişli rayonunun inkişafı üçün çox böyük, tarixi işlər görülmüşdür. İmişlini tanımaq mümkün deyil. Buraya gələrkən çox təəccüb edirdim ki, mən indi İmişlidəyəm, yoxsa hansısa başqa şəhərdəyəm? Doğrudan da, tarixi dəyişikliklər baş vermişdir. Görülən bütün işləri sadalamaq üçün yəqin ki, çox vaxt lazım olacaq, siz İmişli sakinləri bunu yaxşı bilirsiniz və bütün bu quruculuq, abadlıq işlərində fəal iştirak edirsiniz. Bu sizin ümumi zəhmətinizin bəhrəsidir. Bir sözlə, istək, siyasi iradə və öz xalqına qayğı olan yerdə hər şey etmək mümkündür".
Prezident İlham Əliyev indiyədək bir neçə dəfə İmişli rayonunda səfərdə olub. Hər səfər rayonun həyatında mühüm yeniliklərlə yadda qalıb, sakinlərin xatirəsində xoş izlər buraxıb. Sonuncu dəfə ötən il oktyabrın 28-də İmişliyə gələn Prezident İlham Əliyev İmişlidə Heydər Əliyev Mərkəzinin, Şahmat Məktəbinin, "Araz" damazlıq quşçuluq fabrikinin, "Kraun KO" taxıl anbarı kompleksinin, İmişli şəhər su anbarları kompleksinin açılışında iştirak edib. Ölkə Prezidentinin İmişliyə etdiyi bu tarixi səfərdən sonra rayonda aparılan tikinti, quruculuq və abadlıq işləri daha da sürətləndirilib.
Göründüyü kimi, Aran iqtisadi rayonunun inkişaf mərkəzlərindən olan İmişli daim diqqət mərkəzindədir. Bu barədə danışan rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev bildirdi ki, həyata keçirilən çoxşaxəli tədbirlər isə həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlıdır: "Rayonun bütün aidiyyəti orqanları üzərlərinə düşən məsuliyyəti düzgün dəyərləndirməklə fəaliyyətlərini dövlət başçısı İlham Əliyevin müəyyənləşdirdiyi çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun qurmağa, idarəetmədə mütərəqqi prinsipləri tətbiq etməyə, qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirərək vaxtında icrasına nail olmağa çalışır. Dövlət başçısının apardığı siyasətin mahiyyətinə uyğun olaraq bu il rayonda qarşıya qoyulmuş başlıca vəzifələr iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin sosial rifah halının yaxşılaşdırılması, abadlıq-quruculuq işlərinin daha sürətlə və keyfiyyətlə aparılması, təhsil-səhiyyə müəssisələrinə diqqətin artırılması, xidmət və infrastruktur sahələrində işin müasir dövrün tələblərinə uyğunlaşdırılmasıdır. Mövcud potensialın səmərəli realizə edilməsi, rayonun malik olduğu əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, ən başlıcası, Prezident İlham Əliyevin təsdiq etdiyi dövlət proqramlarından, fərman və sərəncamlardan irəli gələn vəzifələrin əzm və bacarıqla həyata keçirilməsi rayonumuzun bugünkü uğurlarını şərtləndirən başlıca məqamlar sırasındadır".
Ən mühüm nailiyyətlərdən biri ÜDM istehsalının artımının təmin edilməsidir
İmişlini Azərbaycanda öncüllər sırasına çıxaran əsas cəhətlərdən biri sosial-iqtisadi sferada əldə olunan uğurlardır. 2013-cü ilin ötən dövrü ərzində rayonun sosial-iqtisadi inkişafında əldə olunan nəticələr uğurların davamlı olmasından xəbər verməklə yanaşı, artıq başa vurmaqda olduğumuz ilin İmişlinin yüksəlişində növbəti mərhələ kimi tarixə düşəcəyini göstərir.
Bu ilin ötən dövründə İmişlidə iqtisadiyyatın əsas sahələri üzrə 267 milyon 72,9 min manatlıq məhsul istehsal edilmiş və ya xidmət göstərilmişdir. Rayon üzrə ümumi daxili məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz artıb. Artım sənayedə 95 milyon 333,6 min manat və ya 35,7 faiz, kənd təsərrüfatında 70 milyon 895 min manat və ya 26,5 faiz, tikintidə 65 milyon 266,3 min manat və ya 24,4 faiz, ticarətdə 30 milyon 88,5 min manat və ya 11,3 faiz, nəqliyyatda 5 milyon 12,1 min manat və ya 1,9 faiz, rabitədə 477,4 min manat və ya 0,2 faiz təşkil edib. Ötən 9 ay ərzində rayon iqtisadiyyatının və sosial sahələrin inkişafı üçün 70 milyon 214,4 min manat həcmində investisiya qoyulub. İnvestisiyaların 28,9 faizi sənaye sahələrinin inkişafına, 22,6 faizi nəqliyyata, 14,2 faizi təhsilə, 13,5 faizi mənzil tikintisinə, 11,1 faizi kənd təsərrüfatına, 8,2 faizi ticarət və xidmət sahələrinə, 0,6 faizi isə abadlıq işlərinə sərf olunmuşdur.
Son illər rayonda emal sənayesinin inkişafı üçün bir sıra işlər görülüb. Ona görə istehsal olunmuş sənaye məhsulunun 88,2 faizi emal sənayesi müəssisələrinin, 5,2 faizi mədənçıxarma sənayesi müəssisələrinin, 6,6 faizi isə elektrik enerjisi, qaz və su təchizatı müəssisələrinin payına düşür. Sənaye məhsullarının 91,7 faizi qeyri-dövlət sektorunda istehsal edilib.
Kənd təsərrüfatında da vəziyyət ürəkaçandır. 2013-cü ilin 9 ayı ərzində heyvandarlıq və quşçuluq sahələrinin inkişafı təmin edilib, rayon üzrə mal-qaranın sayı 89 min 867 başa, qoyunların sayı 239 min 117 başa, quşların sayı isə 1 milyon 284 min 94 başa çatıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qara 1909 baş, qoyunlar 4563 baş, quşlar isə 12173 baş artıb. Ət istehsalı (diri çəkidə) 8586 ton, süd istehsalı 34167,3 ton, yumurta 70626,2 min ədəd, yun istehsalı isə 360,1 ton olub və ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün heyvandarlıq məhsullarının istehsalı çoxalıb. Cari ildə 10 min 757 hektar sahədə buğda, 5 min 199 hektar sahədə arpa, 345 hektar sahədə kartof, 342 hektar sahədə bostan, 486 hektar sahədə tərəvəz, 308 hektar sahədə dən qarğıdalı, 1535 hektar sahədə pambıq, 611 hektar sahədə isə şəkər çuğunduru əkilib. 2013-cü ilin 9 ayı ərzində 46 min 595 ton taxıl məhsulu istehsal olunub, məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 198 ton artıb. Həmçinin cari ilin 9 ayında 1714 ton qarğıdalı, 3391 ton kartof, 5638 ton tərəvəz məhsulları, 4172 ton bostan məhsulları, 1191 ton şəkər çuğunduru, 473,6 ton pambıq tədarük olunub.
Abadlıq, quruculuq və əhaliyə göstərilən xidmətlər bütün sahələri əhatə edir
İmişlidə diqqətçəkən ən mühüm cəhətlərdən biri rayonun simasının büsbütün dəyişməsi, abadlıq və quruculuq işlərinin bütün sahələri əhatə etməsi, yeni infrastruktur obyektlərinin istifadəyə verilməsidir. RİH-nin başçısı Vilyam Hacıyev bu barədə danışaraq dedi: "Milli iqtisadi modeli, makroiqtisadi uğurları ilə dünyanın aparıcı maliyyə mərkəzlərinin diqqət mərkəzində olan, insan amilinin yüksəlişinə xidmət edən qlobal infrastruktur layihələrini inamla həyata keçirən, sosial məsələlərə geniş diqqət ayıran Azərbaycan eyni zamanda böyük tikinti meydanını xatırladır. 2013-cü ilin yekunlarına konkret rəqəmlərlə nəzər saldıqda da görə bilərik ki, sürətli inkişaf və quruculuq işləri İmişli rayonunda da uğurla davam etdirilir. Görülən işlər kampaniyaçılıqdan, kosmetik dəyişikliklərdən tamamilə uzaq olub rayonun uzun illərdən bəri həllini gözləyən problem və qayğılarının kompleks həlli məqsədinə hesablanıb".
2013-cü ildə dövlət büdcə vəsaiti hesabına inşa olunan 180 şagird yerlik Hacıbabalı kənd ümumi orta məktəbi üçün yeni bina inşa edilib, Xoşçobanlı kənd tam orta məktəbinin tədris binasında bərpa-gücləndirmə işləri aparılıb və 8 əlavə sinif otağı tikilib. Rayonun Cavadxanlı, Buludlu, Cəfərli kənd 1 saylı tam orta məktəblərində əsaslı təmir işləri aparılıb, eyni zamanda, Sarıxanlı kənd 1 saylı tam orta məktəbinin tədris binasında bərpa-gücləndirmə işləri və əlavə sinif otaqlarının tikintisi, şəhər 5 saylı məktəb-liseyinin əsaslı təmiri başa çatdırılaraq şagirdlərin və pedaqoji kollektivin istifadəsinə verilib. Həmçinin Cəfərli kənd 2 saylı və Ölcələr kənd tam orta məktəblərinin, eləcə də Məzrəli kənd uşaq bağçasının tikintisinə başlanılıb. İmişli Regional Ədliyyə şöbəsi üçün dörd mərtəbəli inzibati binanın tikintisi başa çatıb, rayon məhkəməsinin inzibati binasının təməli qoyulub. Azərbaycan Prezidentinin 30 mart 2010-cu il tarixli Sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına rayon mərkəzi xəstəxanasının əsaslı təmiri başa çatıb, xəstəxana müasir tibbi avadanlıqlarla təchiz olunub.
Rayon Tarix-Diyarşünaslıq muzeyində də əsaslı təmir işləri görülüb. 2 zaldan ibarət olan muzeyin daxili tərtibatı yenidən qurulub, eksponatların sayı 4 min ədədə çatdırılıb. Rayon mədəniyyət sarayında, mərkəzi mühasibatlıqda və uşaq incəsənət məktəbində cari təmir işləri görülüb, mədəniyyət müəssisələrinə inventar və digər avadanlıqlar alınıb.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İmişli şəhərində 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasının tikintisinə başlanılıb. Rayonda bu təbəqədən olan insanlar üçün növbəti, ikinci 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasının tikintisi nəzərdə tutulub. Rayon ərazisində məskunlaşmış məcburi köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması üçün 550 məcburi köçkün ailəsinə fərdi yaşayış evlərinin tikintisi üçün Bəhrəmtəpə qəsəbəsində 100 hektar torpaq sahəsi də ayrılıb. 325 məcburi köçkün ailəsi üçün artıq fərdi yaşayış evlərinin və 360 şagird yerlik 2 mərtəbəli yeni məktəb binasının tikintisi başa çatıb. 50 yerlik uşaq bağçası, inzibati bina, klub, feldşer-mama məntəqələrində isə tikinti işləri başa çatmaq üzrədir.
Rayonun qəsəbə və kəndlərində sakinlərə göstərilən rabitə xidmətinin müasir tələblər səviyyəsində qurulması məqsədilə müvafiq tədbirlər həyata keçirilib, kəndlərdə yeni EATS-lərin quraşdırılması və internet istifadəçilərinin sayının artırılması diqqət mərkəzində saxlanılıb. 2013-cü ilin 9 ayı ərzində rayon üzrə 205 abonentə telefon xətti çəkilib. Genişzolaqlı internet istifadəçilərinin sayı 2015-ə çatıb.
İqtisadi imkanlar artdıqca dövlət büdcəsindən asılılıq aradan qalxıb
2013-cü ilin ötən dövründə İmişlidə büdcə gəlirləri 13 milyon 872 min manat, xərcləri isə 13 milyon 94 min manat olub. Bununla büdcə proqnozu ümumilikdə mədaxil üzrə 1,1 dəfə, xərclər üzrə isə 95,3 faiz icra edilib. Cari ilin 9 ayı ərzində büdcə mədaxilinin 3 milyon 473,7 min manatını subsidiya, 10 milyon 398,2 min manatını isə yerli gəlirlər təşkil edib. Yerli gəlirlər proqnozuna 1,1 dəfə, subsidiya proqnozuna 100 faiz əməl edilib. Gələn ildən isə İmişli dövlət büdcəsindən maliyyələşməyəcək. RİH başçısı Vilyam Hacıyev bununla bağlı dedi: "Regionların və qeyri-neft sektorunun inkişafı ilə bağlı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin bəhrəsidir ki, ötən 10 ildə dinamik inkişaf bütün rayonları və sahələri əhatə edib. O cümlədən İmişli rayonunda da kompleks inkişaf vüsət alıb. Rayonun iqtisadi imkanları artdıqca yerli gəlirləri də ilbəil çoxalıb və dövlət büdcəsinin dotasiyasından asılılıq getdikcə azalıb. Bunun nəticəsində artıq 2014-cü ildən İmişli dövlət büdcəsinin yardımından imtina edib. Zənnimizcə, bu, rayonun sosial-iqtisadi inkişafının bariz göstəricisidir".
2013-cü ilin ötən dövrünün təhlili göstərir ki, İmişli rayonunda iqtisadiyyatın davamlı inkişafı təmin edilib, abadlıq-quruculuq işləri geniş miqyasda həyata keçirilib, qarşıya qoyulan vəzifələrin icrası istiqamətində uğurlu nəticələr əldə olunub. Azərbaycanın inkişaf dinamikasına uyğun olaraq İmişlinin siması büsbütün dəyişib. Rayonun hər bir sakini Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurların bəhrəsini öz gündəlik həyatında bariz şəkildə hiss edir, ölkədəki ümumi yüksəliş və tərəqqi xəttini ürəkdən dəstəkləyir.
Təbii ki, inkişaf etməkdə olan rayonun daha da abadlaşdırılması, həyata keçirilən quruculuq işlərinin uğurla davam etdirilməsi, rayon sakinlərinin daha rahat yaşamaları, çalışmaları və istirahətləri üçün qarşıda hələ mühüm və ciddi vəzifələr durur. Bu vəzifələrin yerinə yetirilməsi, Prezident İlham Əliyevin müəyyən etdiyi kursun inamla davam etdirilməsi üçün rayon rəhbərliyi və ictimaiyyəti bundan sonra da böyük əzm göstərəcək, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın gücləndirilməsi istiqamətində bütün imkanlarını səfərbər edəcəklər.
Lazım QULİYEV,
"Azərbaycan"