NATO-ya üzv dövlətlərin xarici işlər nazirlərinin iclasında Rusiya-Ukrayna müharibəsi və Alyansın müdafiə qabiliyyətinin gücləndirilməsi məsələləri müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, iclasda nazirlər güc və birlik ehtiyacını önə çəkərək, diqqəti müdafiə xərclərinin 2035-ci ilədək ümumi daxili məhsulun 5 faizi həddinə çatdırılmasını təmin edəcək etibarlı yol xəritəsinin hazırlanmasına yönəldiblər. Baş katib Mark Rutte bildirib ki, bu, istənilən təcavüzün qarşısını almağa qadir, daha güclü və adaptasiya oluna bilən Alyans qurmaq deməkdir. “NATO ərazisinin hər qarışını müdafiə etməyə hazır olmalıyıq”, - deyən M.Rutte Alyansın şərq cinahında qüvvələrin gücləndirildiyini və müasir texnika ilə təchizatın artırıldığını qeyd edib.
Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallasın da iştirak etdiyi NATO-Ukrayna Şurasının iclasında Ukraynanın xarici işlər naziri Andriy Sibiqa müttəfiqləri son vəziyyət və ölkəsinin təcili ehtiyacları barədə məlumatlandırıb. Baş katib Prezident Donald Trampın ədalətli sülh istiqamətindəki səylərini alqışlayıb və qış mövsümünün yaratdığı əlavə çətinliklər fonunda Ukraynaya davamlı dəstəyin vacibliyini vurğulayıb.
İclasda müttəfiqlərin PURL (Prioritised Ukraine Requirements List – Ukraynaya dair prioritet tələblər siyahısı) təşəbbüsü çərçivəsində hava hücumundan müdafiə daxil olmaqla mühüm imkanlar təqdim etdikləri bildirilib və yeni öhdəliklər elan olunub. M.Rutte müttəfiqləri 2026-cı il üçün öhdəliklərin sürətləndirilməsinə çağırıb: “Ukraynanın təhlükəsizliyi bizim təhlükəsizliyimizlə sıx bağlıdır. Ukraynanın bu gün özünü müdafiə etməsinə və sabah təhdidlərin qarşısını almağa kömək üçün dəstəyimiz fasiləsiz davam etməlidir”.
Nazirlər, həmçinin hibrid təhdidləri müzakirə edib və əsas prioritetləri bir daha təsdiqləyiblər. Prioritetlər arasında müdafiə investisiyalarının artırılması, istehsalın genişləndirilməsi və Ukraynaya yardımın davamlı təmin edilməsi yer alıb.
Baş katib bildirib ki, NATO müdafiə ittifaqıdır və öz xalqlarını qorumağa hazırdır.