Məlumdur ki, ölkəmizdə dağ-mədən sənayesi həm obyektiv, həm də subyektiv səbəblərdən yüksək səviyyədə inkişaf etməyib. Əvvəla, Qarabağda və Şərqi Zəngəzurdakı bir çox dağ-mədən yataqlarımız 30 il işğal altında qalmışdı və düşmən onları elə düşməncəsinə də istismar edirdi. Bir də ki, sovet dönəmində, ümumiyyətlə, bu növ yataqlarımızda kifayət qədər kəşfiyyat işləri aparılmamışdı. Prioritet neft sənayesi idi.
Buna görə də, Prezident İlham Əliyevin sözləri ilə desək, "bir çox yataqlarımız, yəni perspektivli yataqlarımız bu gün hələ də öz geoloji kəşfiyyat dövrünü gözləyir. Bunun, əlbəttə ki, bu tərəfi müsbətdir. Çünki bu ehtiyatlar bu gün yerin altındadır".
Yerin altındakı o xəzinəni məhz üzə çıxarmaq, ölkənin inkişafına, xalqın rifahına yönəltmək üçün dövlətimizin başçısı 23 sentyabr 2026-cı il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illər üçün Dövlət Proqramı"nı təsdiq edib. Prezidentin bundan bir gün əvvəl - sentyabrın 22-də keçirdiyi müşavirədə də sahənin vəziyyəti və perspektivləri müzakirə olunub.
Həm sözügedən sənəddə, həm də müşavirənin materiallarında "Daşkəsən" dəmir filizi yatağının adı tez-tez çəkilir.
Əvvəla qeyd edək ki, bu yataq Daşkəsən rayonunda, Gəncəçay hövzəsində yerləşən və Qafqazda sənaye ehtiyatına görə yeganə ən böyük dəmir filizi yatağıdır. Yataqlar qrupu üzrə yerin təkindəki ümumi filiz kütləsi təxminən 309,16 milyon ton həcmində qiymətləndirilir. Kompleks 6 əsas sahədən - Şimal-Şərq, Şimal-Qərb, Cənub-Şərq, Cənub-Qərb, Dəmirov, Dardara və digər qruplaşmalardan ibarətdir. Bunlar təbaşir dövrünə aid kontakt-metasomatik (skarn-maqnetit) törəmələrdir. Yataqda 110-dan çox mineral növü mövcuddur. Əsasən maqnetit və hematit, həmçinin mis, qurğuşun, sink sulfidlər və kobalt sulfo-arsenitlər rast gəlinir.
"Daşkəsən"in işlənmə tarixi isə keçən əsrin ortalarına gedib çıxır. Belə ki, yatağın sənaye miqyasında istismarı 1954-cü ildən başlanıb. "Daşkəsən" müxtəlif fasilələrlə işlədilib. İndi isə onun yenidən bərpası və inkişafı istiqamətində işlər həyata keçirilir.
"Qərb Sənaye Parkının yaradılmasının əsas məqsədi məhz dağ-mədən sənayesinin inkişafıdır. Çünki "Daşkəsən" filiz yatağının istismarı və ona yaxın olan bölgələrdə digər layihələrin icra edilməsi, əlbəttə ki, məhz Qərb Sənaye Parkının yaradılmasını şərtləndirdi", - deyə Prezident İlham Əliyev sözügedən müşavirədə bildirib.
Qərb Sənaye Parkından danışarkən Prezident həmçinin qeyd edib: "Burada, ilk növbədə, tezliklə infrastruktur yaradılmalıdır və bu məqsədlə büdcədə lazımi vəsait nəzərdə tutulmalıdır. Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır. Burada təbii ki, filiz hasilatı və bir neçə zavodun yaradılması nəzərdə tutulur. Zənginləşdirmə, pelet və briketlənmiş dəmir zavodları yaradılmalıdır. Burada, təbii ki, bu filizin daşınması önəmli yer tutur. Ona görə bu daşınmada, yəni tariflərdə güzəştlər edilməlidir ki, iqtisadi cəhətdən səmərəli olsun. Maksimum ekoloji ekspertiza aparılmalıdır və bütün ekoloji normalar gözlənilməlidir. Çünki əsas sərvətimiz hətta yerin altında olan sərvətlər deyil, bizim təbiətimizdir. Ona görə həm təbiətin qorunmasını, həm ekoloji normaların ən yüksək standartlara cavab verməsini, əlbəttə ki, biz xarici tərəfdaşlardan tələb edirik və tələb edəcəyik".
Müşavirədə, eləcə də, məlumat verilib ki, "Daşkəsən" dəmir filizi layihəsinin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Burada yerli dəmir filiz mədəni, zənginləşdirmə və pelet istehsalı gücləri yaradılacaq. Eyni zamanda isti briketlənmiş dəmir zavodunun yaradılması planlaşdırılır. Əsas məqsədlərdən biri istehsal olunan dəmiri ölkə daxilində metallurgiya müəssisələrində xammal kimi istifadə etməkdir. Bununla yanaşı, ixrac imkanları da artacaq. Beləliklə, dəmir filizindən başlayaraq, növbəti emal mərhələlərinə qədər yerli sənaye zənciri formalaşacaq.
Ümumiyyətlə, "Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illər üçün Dövlət Proqramı"nın icrası nəticəsində 2030-cu ilədək əsas hədəf bu dəyər zəncirini əhəmiyyətli dərəcədə genişləndirməkdir. Bu məqsədlə "Filizçay", "Daşkəsən", "Ortakənd" və "Söyüdlü" yataqları istismara hazırlanacaq. "Filizçay"da mis, sink və qurğuşunun tamhəcmli emalı, "Söyüdlü"də flotasiya üsulu ilə qızılın emalı, "Daşkəsən" layihəsində isə poladtökmə sahəsi üçün ildə 2 milyon ton ən yüksək keyfiyyətə cavab verən isti briketləşmiş dəmir istehsalı gücü yaradılacaq. Bununla qiymətli əlvan və qara metallar üzrə ixrac potensialı da əhəmiyyətli dərəcədə genişlənəcək.
"Daşkəsən" dəmir filizi layihəsi üzrə ilk istehsal 2030-cu ildə nəzərdə tutulur. Layihə üzrə illik nəticədə 2 milyon ton isti briketləşdirilmiş dəmir istehsal gücü yaradılacaq və tələb olunan investisiya 1,95 milyard manatdır. Maliyyələşmə dövlət büdcəsi, borc vəsaitləri və investorun iştirakı hesabına təmin edilir.
Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla təsdiqlənən bu proqram, ümumiyyətlə, ölkədə qeyri-neft sənayesinin, hasilat və emal zəncirinin müasir standartlara uyğun inkişaf etdirilməsini hədəfləyir.
Flora SADIQLI,
"Azərbaycan"