Fransada son zamanlar kütləvi etirazlar zamanı təhlükəsizlik qüvvələrinin nümayişçilərə reaksiyası, xüsusilə də məktəblilərə və gənclərə qarşı tətbiq edilən güc üsulları həm daxili, həm də beynəlxalq müstəvidə dərin böhranın göstəricisinə çevrilib. Prezident Emmanuel Makron administrasiyasının idarəetmə metodları, sosial narazılıqları dialoqla həll etmək əvəzinə, polis aparatını ön plana çəkməsi və hüquqi mexanizmlərdən sərt şəkildə istifadə etməsi ölkənin iddiasında olduğu liberal-demokratik dəyərlərindən uzaqlaşması xarakterini alır.
Milli Məclisin deputatı Bəhruz MƏHƏRRƏMOV qəzetimizə bununla bağlı açıqlamasında dedi ki, siyasi aspektdən yanaşdıqda, Fransada mövcud hakimiyyətin bərqərar etdiyi siyasət cəmiyyətdə dərin qütbləşmə və idarəetmənin legitimliyi problemini açıq şəkildə ortaya qoyur. Makronun hakimiyyətinin pensiya islahatları, sosial təminat məhdudiyyətləri və təhsil sistemindəki problemlərə qarşı küçələrə çıxan vətəndaşlara, o cümlədən yetkinlik yaşına çatmayan şagirdlərə asayişi qorumaq adı altında sərt cavab verməsi avtoritar neoliberalizm modelinin göstəricisidir. "Eyni zamanda inzibati alətlərdən sistemli istifadə olunması icra hakimiyyətinin xalq mandatına deyil, güc strukturlarına söykəndiyini nümayiş etdirir. İdarəetmənin güc strukturlarının monoloquna çevrilməsi sosial-iqtisadi gərginliyi azaltmır, əksinə, radikallaşmanı daha da alovlandırır. Hüquqi baxımdan mənzərə daha da acınacaqlıdır. Son günlər Beynəlxalq Əfv Təşkilatı dəfələrlə bəyanat yayaraq təhsil şəraitinin yaxşılaşdırılmasını tələb edən fransalı məktəblilərə və dinc aksiyaçılara qarşı tətbiq edilən polis zorakılığı ilə bağlı həyəcan təbili çalır. Təşkilatın son qiymətləndirmələrində vurğulanır ki, dinc aksiya keçirən gənclər iğtişaşçı deyil, onlar, sadəcə, öz hüquqlarını tələb edirlər və dövlət gəncləri dubinkalarla döymək əvəzinə, onları qorumalıdır. Avropa Jurnalistlər Federasiyası da aksiyaları işıqlandıran mətbuat mənsublarına və etirazçılara qarşı törədilən zorakılığı kəskin pisləyib. Avropa mediasında, xüsusilə "The Guardian", "Reuters", "India Today" və Fransanın yerli KİV-ində yer alan son sənədləşdirilmiş faktlar göstərir ki, kütləvi nümayişləri dağıtmaq üçün istifadə edilən xüsusi qumbaralar və plastik güllələr nəticəsində yeniyetmələr və etirazçılar arasında əllərin qopması, çənə və kəllə sümüyünün sınması, gözlərin zədələnməsi kimi ağır, bərpaolunmaz xəsarətlər alanlar var", - deyə Bəhruz Məhərrəmov bildirib.
Deputat qeyd etdi ki, bu cür kütləvi iğtişaşlar zamanı Fransa məhkəmə-hüquq sisteminin və polis orqanlarının minlərlə yetkinlik yaşına çatmayan gənci saxlamaqla yanaşı, onları qeyri-mütənasib şəkildə məsuliyyətə cəlb etməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 3-cü - işgəncələrin və qeyri-insani rəftarın qadağan edilməsi, 10-cu - ifadə azadlığı və 11-ci - dinc toplaşmaq azadlığı maddələrinin sistemli pozulması deməkdir. Elmi-tədqiqat mərkəzlərinin və hüquq müdafiəçilərinin də qeyd etdiyi kimi, Almaniya, Böyük Britaniya və ya İtaliya kimi, Avropa ölkələrində mülki asayişin qorunmasında istifadə olunmayan "döyüş silahları"nın Fransa polisi tərəfindən kütləvi şəkildə tətbiq edilməsi mütənasiblik prinsipinə tamamilə ziddir. Hüquq müdafiəçilərinin hesabatlarında yer alan polis əməkdaşlarının şəxsi identifikasiya nömrələrini taxmaması və cəzasızlıq mühitinin yaradılması insan hüquqları mexanizmlərinin dərin böhranından xəbər verir.
B.Məhərrəmov vurğuladı ki, Fransanın beynəlxalq arenada nümayiş etdirdiyi mövqe ilə daxili siyasətində tətbiq etdiyi təcrübə arasındakı ziddiyyət Emmanuel Makron administrasiyasının insan hüquqları, söz və sərbəst toplaşma azadlığını, sadəcə, geosiyasi təzyiq və xarici siyasət aləti kimi istifadə etdiyini aydın şəkildə üzə çıxarır: "Paris xarici ölkələrdəki dinc etirazları, ictimai narazılıqları dərhal "demokratiya tələbi" adlandıraraq digər dövlətlərə tənqidlər yağdırdığı, sanksiya hədələri səsləndirdiyi halda, eyni hallar Fransanın öz şəhərlərində yaşandıqda tamamilə fərqli bir standart sərgiləyir. Öz ölkəsində pensiya islahatına, sosial ədalətsizliyə və təhsil problemlərinə qarşı küçələrə çıxan öz vətəndaşlarını, tələbə və məktəbliləri "xaos tərəfdarları" və ya "təhlükəsizlik təhdidi" elan edən Makron hökuməti sərbəst toplaşmaq azadlığını inzibati qadağalar, kütləvi həbslər və xüsusi təyinatlı polis gücü ilə boğmaqdan çəkinmir. Beynəlxalq müşahidəçilərin də vurğuladığı kimi, Paris üçün "humanizm" və "ifadə azadlığı" prinsipləri öz geosiyasi maraqlarına xidmət edəndə dəyərli sayılır, məsələ Fransanın daxilindəki sistemli böhranlara və xalqın haqlı narazılığına gəldikdə isə bu prinsiplər tamamilə unudulur. Bu cür ikili standartlar yanaşması nəticəsində Fransa başqa dövlətlərə dərs keçməyə çalışan "mənəvi-siyasi təlimatçı" rolunu itirərək, öz konstitusion dəyərlərinə və beynəlxalq öhdəliklərinə göz yuman avtoritar idarəetmə metodlarının girovuna çevrilib".
Deputat dedi ki, analitik baxımdan yanaşdıqda baş verənlər Fransa dövlətçiliyinin struktur böhranı ilə üz-üzə qaldığını göstərir. Makron hökuməti dərinləşən sosial bərabərsizliyi, inflyasiyanı, gənclərin gələcək qayğılarını və struktur problemlərini islahat və dialoq yolu ilə həll etmək imkanlarını itirdiyi üçün zorakılıq alətlərindən birbaşa idarəetmə vasitəsi kimi istifadə edir. Beynəlxalq mətbuatda, xüsusilə vurğulanır ki, etirazçıların saxlanılması zamanı irqçi təhqirlərə və qanunsuz rəftara məruz qalması halları güc strukturlarının daxilində institusional problemlərin kök saldığını sübut edir. "Yəni görünən odur ki, özünü "insan hüquqlarının və demokratiyanın beşiyi" kimi qələmə verən Fransa daxili siyasətdə dinc etirazlara sərt fiziki təzyiqlə, kütləvi həbslərlə və hərbi yönümlü vasitələrlə cavab verməklə özünün mənəvi və siyasi reputasiyasına bərpaolunmaz zərbə vurur. Avropa hüquq müdafiəçilərinin və mediasının son bəyanatları da təsdiqləyir ki, təhlükəsizlik mülahizələrini fundamental insan azadlıqlarından üstün tutan bu idarəetmə tərzi Fransanı iddia etdiyi demokratiya dəyərlərindən uzaqlaşdıraraq avtoritar sistemə əsaslanan dövlət olması reallığını üzə çıxarır", - deyə o əlavə etdi.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"