Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) tərəfindən birgə hazırlanmış “Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat”ın təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, BMTM-in şöbə müdiri Mətin Məmmədlinin moderatorluğu ilə keçirilən tədbirdə Mərkəzin İdarə Heyətinin sədri Fərid Şəfiyev və Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Elçin Abdullayev açılış nitqi ilə çıxış ediblər.
BMTM sədri hesabatı akademik və siyasi aspektlər baxımından mühüm tədqiqat əsəri kimi qiymətləndirib. O bildirib ki, Mərkəz Müdafiə Nazirliyi ilə 44 günlük Vətən müharibəsinə həsr olunan akademik materialların hazırlanması istiqamətində də iş aparıb. Tədqiqatların məqsədi müharibənin hərbi, siyasi və hüquqi aspektlərini elmi əsaslarla araşdırmaq və gələcək nəsillər üçün etibarlı akademik mənbə formalaşdırmaqdır.
F.Şəfiyev əlavə edib ki, son iki ay ərzində BMTM çərçivəsində keçirilən tədbirlərin əsas mövzularını Azərbaycanın xarici siyasəti və beynəlxalq təhlükəsizlik məsələləri təşkil edib. Onun sözlərinə görə, bu kontekstdə Azərbaycanın orta güc statusu xüsusi diqqət çəkir və bu status ölkənin sülhməramlı missiyalarda fəal iştirakı ilə qarşılıqlı şəkildə əlaqəlidir. “Sülhməramlı fəaliyyət orta güc statusunu formalaşdıran amillərdəndir. Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkənin orta güc statusu son 30 ildə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin məntiqi nəticəsi olub. Azərbaycan öz torpaqlarını işğaldan azad edib, iqtisadi gücünü daha da möhkəmləndirib və bir sıra nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin müxtəlif komitələrinə üzv seçilib. Diplomatiyamız uğurlarını davam etdirir və beynəlxalq nüfuzumuz artır”, - deyə F.Şəfiyev əlavə edib.
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Elçin Abdullayev Nazirlik və BMTM arasında uğurlu əməkdaşlığa toxunaraq bildirib ki, ötən ilin mayında qurumlar arasında Anlaşma Memorandumu imzalanıb və bu sənəd əməkdaşlığın daha da genişləndirilməsi üçün mühüm zəmin yaradıb. “Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarda iştirakından danışarkən qeyd etmək lazımdır ki, Əfqanıstanı son tərk edən ölkələrdən biri Azərbaycan olub. Bu, Azərbaycanın beynəlxalq sülhməramlı missiyalara verdiyi töhfənin bariz nümunəsidir. Azərbaycan Ordusunun beynəlxalq missiyalarda iştirakı beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Missiyalarda iştirak edən hərbi qulluqçularımız yüksək peşəkarlıq, məsuliyyət və intizam nümayiş etdiriblər. Müasir dövrdə dünyada dəyişən təhlükəsizlik mühiti və yeni çağırışlar Azərbaycan Ordusunun müdafiə qabiliyyətinin davamlı şəkildə gücləndirilməsini zəruri edir. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu prosesi və Silahlı Qüvvələrin modernləşdirilməsi ardıcıl şəkildə davam etdirilir. Həyata keçirilən bu tədbirlər sülhməramlı bölmələrin hazırlıq səviyyəsinin yüksəldilməsi, onların beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsi və qarşıya qoyulan tapşırıqları peşəkarlıqla yerinə yetirməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir”, - deyə general-mayor qeyd edib.
BMTM-in İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Gülşən Paşayeva, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin Planlaşdırma və Koordinasiya şöbəsinin rəisi polkovnik Abdulla Abdullayev, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin Region və Şərq ölkələri ilə əlaqələr şöbəsinin rəisi polkovnik Elnur Qocayev, eləcə də Prezident yanında Təhlükəsizlik Şurası katibinin xidmətinin Hərbi təhlükəsizlik məsələləri şöbəsinin müdiri general-mayor Elman Səmədov çıxış ediblər.
Çıxışlarda hesabatda əksini tapan Azərbaycan Ordusunun beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakının əhəmiyyəti, ölkənin beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasına verdiyi töhfə, eləcə də bu sahədə qazanılmış təcrübənin hərbi əməkdaşlığın inkişafı və milli müdafiə potensialının gücləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Həmçinin sülhməramlı missiyaların beynəlxalq hüquq, kollektiv təhlükəsizlik prinsipləri üzərində formalaşmış nəzəri əsaslara söykəndiyi diqqətə çatdırılıb.
Qeyd edək ki, Azərbaycan və ingilis dillərində dərc edilən hesabatda ordumuzun tərkibində formalaşdırılmış sülhməramlı kontingentin fəaliyyəti təhlil olunub.
Birinci fəsildə beynəlxalq hüququn, humanitar standartların və kollektiv təhlükəsizlik institutlarının inkişafı ilə paralel olaraq formalaşmış müasir sülhməramlı əməliyyatlar anlayışı nəzəri baxımdan təhlil olunub.
İkinci fəsildə Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakının siyasi aspektləri araşdırılıb. Sülhməramlı missiyalarda iştirakın ölkənin müasir beynəlxalq münasibətlər sisteminə inteqrasiyasında mühüm rol oynadığı göstərilib.
Üçüncü fəsildə isə Azərbaycan Ordusunun iştirak etdiyi sülhməramlı əməliyyatların hərbi aspektləri tədqiq olunub. Burada Kosovo, Əfqanıstan, İraq və Cənubi Sudan kimi əməliyyatlarda əldə edilən təcrübəyə istinad edilib, hərbi qulluqçuların fəaliyyət zonaları, xidmət şəraiti və icra etdikləri tapşırıqlar ətraflı şəkildə təqdim olunub.
Təqdimat mərasimi müzakirələrlə başa çatıb.