Azərbaycanın müasir tarixində mühüm mərhələlərdən biri Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 23 illik dövrlə bağlıdır. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində xalqın etimadını qazanan İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi və ölkənin inkişafında yeni mərhələnin başlanğıcı qoyuldu. Dövlətimizin başçısının ali dövlət vəzifəsində fəaliyyətə başladığı ilk günlərdən nümayiş etdirdiyi idarəçilik məharəti, qətiyyətli və milli maraqlara əsaslanan daxili və xarici siyasəti sonrakı illərdə mühüm nəticələrlə müşayiət olundu. Xalqın öz Liderinə inamı və etimadı daha da möhkəmləndi. 2008-ci, 2013-cü, 2018-ci və 2024-cü illərdə keçirilən prezident seçkilərində İlham Əliyevin yenidən qələbə qazanması onun siyasi kursunun davamlılığını göstərən mühüm hadisələrdən oldu.
Ötən 23 il ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkənin iqtisadi imkanları genişlənib, sosial layihələr həyata keçirilib, ordu quruculuğu sahəsində mühüm nəticələr əldə olunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan regionda mühüm mövqeyə malik, beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınan dövlətə çevrilib. Bu dövrün ən mühüm hadisələrindən biri isə, şübhəsiz ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən Vətən müharibəsində qazanılmış tarixi Qələbədir.
Qarabağ Zəfəri və Böyük Qayıdış: tarixi ədalətin bərpası
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Qələbə xalqımızın qəhrəmanlıq tarixinə əbədi həkk olunub. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız Azərbaycan Ordusunun şücaəti nəticəsində azad edilib. Qarabağın tacı, döyünən ürəyi - Şuşanın azad olunması tariximizə Zəfər Günü kimi yazılıb. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla hərbi əməliyyatların dayandırılması və münaqişənin sonlanması üçün zəmin yaranıb. Bununla da Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ başa çatıb.

Vətən müharibəsi Prezident İlham Əliyevin liderlik xüsusiyyətlərini və Ali Baş Komandan kimi fəaliyyətini nümayiş etdirən mühüm tarixi hadisə oldu. Qələbəni şərtləndirən amillər sırasında Azərbaycan Ordusunun döyüş qabiliyyəti, xalqın birliyi və dövlətin ardıcıl siyasəti xüsusi yer tutdu. Müharibə dövründə dövlətimizin başçısının xarici media orqanlarına verdiyi çoxsaylı müsahibələr Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyinin və həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı.
2023-cü ilin sentyabrında Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın suverenliyinin ölkənin bütün ərazisində tam bərpası ilə nəticələndi. Bu hadisə dövlətimizin qətiyyətini, siyasi iradəsini və ərazi bütövlüyünün təmin olunması istiqamətində həyata keçirilən siyasətin nəticələrini nümayiş etdirdi. Eyni zamanda, xalqın milli məqsədlər ətrafında birliyinin və qələbə əzminin əhəmiyyətini bir daha ortaya qoydu.
Antiterror tədbirlərindən sonra Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin və qeyri-qanuni silahlı dəstələrin tərk-silah edilməsi, separatçı rejimin fəaliyyətinə xitam verilməsi Azərbaycanın suveren hüquqlarının bütün ölkə ərazisində bərqərar olması ilə nəticələndi. Beləliklə, dövlət suverenliyinin tam təmin olunması müasir Azərbaycan tarixinin mühüm hadisələrindən birinə çevrildi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdışın reallaşdırılması istiqamətində genişmiqyaslı işlər aparılır. Bu fəaliyyətin əsas məqsədi doğma yurdlarından didərgin düşmüş vətəndaşların öz torpaqlarına qayıdışını təmin etmək, həmin ərazilərdə müasir yaşayış şəraiti yaratmaq və bölgənin iqtisadi potensialını bərpa etməkdir.
Hazırda Qarabağ və Şərqi Zəngəzurda yollar, hava limanları, yaşayış kompleksləri, məktəblər, xəstəxanalar və digər sosial infrastruktur obyektləri inşa edilir. Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı davam edir. Dağıdılmış şəhər və kəndlərin yenidən qurulması ölkənin iqtisadi imkanlarını səfərbər etmək əzmini və dövlətin uzunmüddətli inkişaf hədəflərini əks etdirir. Bərpa və quruculuq işlərinin dövlətin daxili imkanları hesabına maliyyələşdirilməsi də bu prosesin mühüm xüsusiyyətlərindəndir.

Güclü iqtisadiyyat, strateji layihələr və inkişaf edən Azərbaycan
Prezident İlham Əliyevin rəhbərliyi ilə son 23 ildə Azərbaycanın iqtisadiyyatında mühüm dəyişikliklər baş verib. Enerji potensialından səmərəli istifadə olunması, yeni iqtisadi layihələrin həyata keçirilməsi, qeyri-neft sektorunun inkişafı və nəqliyyat infrastrukturunun genişləndirilməsi istiqamətində ardıcıl addımlar atılıb.
Bu dövrdə həyata keçirilən transmilli layihələr Azərbaycanın iqtisadi və geosiyasi mövqeyinin möhkəmlənməsində mühüm rol oynayıb. 2006-cı ilin iyulunda Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin rəsmi açılışı keçirilib. Həmin ilin dekabrında “Şahdəniz” yatağından ilk qaz hasilatına başlanılması ölkənin enerji tarixində yeni mərhələnin əsasını qoyub. 2014-cü il sentyabrın 20-də isə “Əsrin müqaviləsi”nin 20-ci ildönümü münasibətilə Səngəçal terminalında Cənub Qaz Dəhlizinin təməli qoyulub.
Bakı-Tbilisi-Ceyhan neft kəmərindən sonra Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz boru kəmərləri kimi strateji layihələrin reallaşdırılması Azərbaycanın enerji ixracı imkanlarını genişləndirib. Bu infrastruktur ölkəmizin beynəlxalq enerji təhlükəsizliyində rolunu artırıb və Avropa ilə enerji əməkdaşlığının inkişafına töhfə verib.
2017-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə xarici tərəfdaşlar arasında imzalanan yeni sazişlə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənilməsi üzrə müqavilənin müddəti 2050-ci ilədək uzadılıb. 2020-ci ildə Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP-ın istismara verilməsi ilə Azərbaycanın təbii qazının Avropa bazarlarına çatdırılması üçün mühüm infrastruktur formalaşıb.
Enerji layihələri ilə yanaşı, Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin yaradılması və Ələt Azad İqtisadi Zonasının inkişafı Azərbaycanın nəqliyyat-logistika imkanlarını genişləndirib. Bu layihələr ölkəmizin Şimal-Cənub, Şərq-Qərb və Orta Dəhliz marşrutlarında mövqeyini gücləndirib. Azərbaycanın tranzit və logistika potensialının artması iqtisadi əlaqələrin şaxələndirilməsi və yeni tərəfdaşlıqların qurulması üçün əlavə imkanlar yaradıb.
İqtisadi inkişafla yanaşı, dövlət idarəçiliyinin təkmilləşdirilməsi də ölkənin inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir. Yeni idarəetmə mexanizmlərinin tətbiqi, rəqəmsallaşma prosesinin genişləndirilməsi və dövlət xidmətlərinin müasirləşdirilməsi idarəetmənin səmərəliliyinin artırılmasına yönəlib. Kadr potensialının gücləndirilməsi və gənclərin dövlət idarəçiliyində iştirakının genişləndirilməsi də bu istiqamətdə həyata keçirilən tədbirlər sırasındadır.
Güclü dövlət quruculuğu və davamlı inkişaf siyasəti
Prezident İlham Əliyev ali dövlət vəzifəsinin icrasına başladığı ilk dövrdən Azərbaycanın qüdrətli dövlətə çevrilməsi üçün çalışacağını bəyan edib. Sonrakı illərdə həyata keçirilən iqtisadi, siyasi və sosial tədbirlər ölkənin inkişafının əsas istiqamətlərini müəyyənləşdirib. Dövlət quruculuğunun möhkəmləndirilməsi, milli maraqların qorunması və Azərbaycanın beynəlxalq mövqeyinin gücləndirilməsi bu siyasətin başlıca hədəfləri sırasında yer alıb.
Prezident İlham Əliyevin liderlik xüsusiyyətlərinin mühüm cəhətlərindən biri xalqı milli məqsədlər ətrafında birləşdirmək və cəmiyyətdə gələcəyə inam yaratmaq bacarığıdır. Ölkənin inkişafı, təhlükəsizliyin təmin olunması və dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdə xalqın həmrəyliyi mühüm amil kimi çıxış edir. Xalqın dövlətə və dövlətin gələcəyinə inamı, milli maraqlar ətrafında birlik Azərbaycanın qarşısında duran vəzifələrin yerinə yetirilməsində əhəmiyyətli rol oynayır.
Müasir Azərbaycanın inkişafında regionların sosial-iqtisadi tərəqqisi siyasəti də mühüm yer tutur. Prezident İlham Əliyev bölgələrin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları, infrastruktur layihələri və yeni iqtisadi təşəbbüslər şəhər və kəndlərdə yaşayış şəraitinin yaxşılaşdırılmasına, məşğulluğun artırılmasına və iqtisadi fəallığın genişlənməsinə yönəlib.

Əhalinin sosial rifahının yüksəldilməsi, məşğulluq imkanlarının genişləndirilməsi və həyatın müxtəlif sahələrində müasir standartların tətbiqi dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Azərbaycanın iqtisadi və müdafiə potensialının gücləndirilməsi Vətən müharibəsində qazanılan Qələbənin əsasını təşkil edən amillər sırasında xüsusi yer tutub. Tarixi Zəfər ölkənin uzun illər ərzində həyata keçirdiyi ordu quruculuğu, iqtisadi inkişaf və dövlətçilik siyasətinin əhəmiyyətini bir daha nümayiş etdirib.
Dövlət idarəçiliyinin müasirləşdirilməsi, siyasi sistemin təkmilləşdirilməsi və dövlət institutlarının fəaliyyətinin gücləndirilməsi də ölkənin inkişaf gündəliyində yer alan məsələlərdəndir. İdarəetmədə şəffaflığın artırılması, vətəndaşların hüquq və azadlıqlarının qorunması, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti ilə bağlı məsələlər dövlətin institusional inkişafı baxımından əhəmiyyət daşıyır.
Müasir inkişafın mühüm istiqamətlərindən biri də innovativ iqtisadiyyatın formalaşdırılması, rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi və iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasıdır. Bu sahələrdə həyata keçirilən tədbirlər Azərbaycanın gələcək inkişafı üçün yeni imkanlar yaradır.
Gənclər siyasəti də dövlətin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Gənc kadrların hazırlanması, onların dövlət idarəçiliyində və müxtəlif sahələrdə irəli çəkilməsi, gənclərin bilik və bacarıqlarından səmərəli istifadə olunması ölkənin insan kapitalının gücləndirilməsinə xidmət edir. Eyni zamanda, yaşlı nəslin zəngin təcrübəsi ilə gənclərin enerjisinin və yenilikçi yanaşmalarının uzlaşdırılması idarəetmədə davamlılığın qorunmasına imkan yaradır.
Azərbaycanın beynəlxalq nüfuzu və yeni reallıqlar
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasəti milli maraqların qorunması, dövlətlərin suverenliyinə hörmət və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında həyata keçirilir. Ölkələr arasında münasibətlərin qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq əsasında qurulması Azərbaycanın xarici siyasət xəttinin əsas istiqamətlərindəndir.
Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşdığını bəyan edir. Ölkəmiz milli maraqlarını rəhbər tutaraq müxtəlif dövlətlərlə siyasi, iqtisadi və humanitar əlaqələrini inkişaf etdirir. Enerji təhlükəsizliyi, nəqliyyat, logistika və regional əməkdaşlıq sahələrində həyata keçirilən təşəbbüslər Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki rolunu artırıb.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, Qoşulmama Hərəkatına sədrlik etməsi və beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkənin diplomatik fəaliyyətinin mühüm mərhələlərindəndir. COP29-un 2024-cü ildə Bakıda keçirilməsi, eləcə də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Azərbaycanda təşkili ölkəmizin beynəlxalq platformalarda fəal iştirakının nümunələridir. Bu tədbirlər Azərbaycanın iqlim dəyişmələri, şəhərsalma və dayanıqlı inkişaf kimi qlobal məsələlərin müzakirəsində iştirakına imkan yaradıb.
Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsində enerji və nəqliyyat layihələri ilə yanaşı, regional əməkdaşlıq təşəbbüsləri də mühüm rol oynayır. Ölkəmizin müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığı, tərəfdaş dövlətlərlə əlaqələrin inkişaf etdirilməsi və qlobal gündəlikdə yer alan məsələlərə münasibəti xarici siyasətin çoxşaxəli xarakterini əks etdirir.
Prezident İlham Əliyevin 23 illik fəaliyyəti dövründə Azərbaycan siyasi, iqtisadi və sosial sahələrdə mühüm dəyişikliklər yaşayıb. Ölkənin iqtisadi potensialının genişləndirilməsi, müdafiə qabiliyyətinin gücləndirilməsi, ərazi bütövlüyünün bərpası və işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışın həyata keçirilməsi bu dövrün əsas hadisələri sırasındadır.
2003-cü il oktyabrın 15-də başlayan siyasi mərhələnin ildönümü Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salmaq, əldə olunan nəticələri qiymətləndirmək və qarşıda duran vəzifələri müəyyənləşdirmək baxımından əhəmiyyətlidir. Dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişafın davam etdirilməsi, əhalinin rifahının yüksəldilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ölkənin gələcək inkişafının əsas istiqamətləri olaraq qalır.