06 Noyabr 2022 03:01
1174
SİYASƏT
A- A+
Milli simvol

Milli simvol

 

Mavi səmaların ucalığında dalğalandıqca ruhumuz pərvaz edir. Çünki bu mənzərə azadlığımızın, dövlətimizin müstəqilliyinin, suverenliyinin rəmzidir. Üçrəngli, ay-ulduzlu bayrağımız yüksəkliklərdə qərar tutsun, dalğalansın deyə neçə-neçə sınaqlardan keçib Azərbaycan, mücadilələr edib Vətən övladları. 
1918-ci il mayın 28-də müsəlman Şərqində ilk müstəqil, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Azərbaycanda dövlətçilik ənənələrinin bərpası reallaşanda əhəmiyyətli məsələlərdən biri də əsas dövlət atributlarından, simvollarından birinin - bayrağın hazırlanması oldu. Bayraq haqqında Cümhuriyyət hökuməti ilk qərarı 1918-ci il iyunun 21-də verdi. Qərarda Azərbaycanın dövlət bayrağı qırmızı rəngdə, orta hissəsində ağ aypara və səkkizguşəli ulduz təsvirli  qəbul edildi.
XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipi - "Türkçülük, müasirlik və islamçılıq" dövlət bayrağındakı üç rəngdə ifadə olundu. Bayrağın müəllifi görkəmli mütəfəkkir Əli bəy Hüseynzadə idi.
1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Fətəli xan Xoyskinin hesabatı əsasında milli bayraq haqqında qərar qəbul olundu. Azərbaycanın üçrəngli, ay-ulduzlu dövlət bayrağı 1918-ci il dekabrın 
7-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin açılışı zamanı binanın üzərində dalğalanmağa başladı.
1919-cu ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin birilliyinə həsr olunmuş "Bir yaş" adlı məqaləsində Üzeyir bəy Hacıbəyli dövlət bayrağımızdakı rənglər barədə yazırdı: "Mavi rəngi türklüyə, yaşıl rəngi islamlığa və al rəngi mədəniyyətə işarə olan bayrağımızın mənayi-mənəviyyəsi də budur". 
Azərbaycan bayrağında əks olunan rənglərin mənasını Cəfər Cabbarlı "Azərbaycan bayrağına" şeirində obrazlı şəkildə belə ifadə edirdi:

Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı!
Yaşıl boya islamlığın sarsılmayan imanı,
Ürəklərə dolmalı!
Şu al boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı.
Səkkiz uclu şu yulduz da səkkiz hərfli OD YURDU
Əsarətin gecəsindən firsət bulmuş quş kibi,
Səhərlərə uçmuşdur
Şu hilal da türk bilgisi, düzgün sevgi nişanı,
Yurdumuzu qucmuşdur!

Üçrəngli, ay-ulduzlu bayrağımız 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutunadək dövlət statusuna malik oldu. 1920-ci il aprelin 28-də bolşeviklər Azərbaycanda hakimiyyəti ələ keçirdi. Müstəqil ölkənin üçrəngli bayrağı endirildi. Bu sonsuz kədəri, qüssəni şairə Ümgülsüm Sadıqzadə belə ifadə etdi:

Yazıq səni Bayrağım, endirdilər, öyləmi?
Səni yıxıb devirən o zəhərli ruzigar,
O haqq yeyən haqsızlar, vəhşilər, tanrısızlar
Yanar ocağımı da söndürdülər, öyləmi?
Bir röyamı oldu o, gördüklərim, həpisi?
Bağlandımı üzümə türk elinin qapısı?

Sovet hakimiyyətinin ilk illərində Azərbaycan dövlət atributlarını sovet Rusiyasının atributlarına uyğunlaşdırmaq məcburiyyətində qaldı. Yetmiş il Azərbaycan dövlətinin müstəqilliyinin rəmzi olan üçrəngli, ay-ulduzlu bayrağımızı yenidən yüksəkliklərdə dalğalanan görmək arzusu vətənsevərlərimizin könlündə qubar bağladı. Aradan uzun illər ötsə də, bu bayraq Azərbaycanın müstəqilliyinin rəmzi kimi yaddan çıxmadı. 1980-cı illərin sonlarında meydan hərəkatında üçrəngli, ay-ulduzlu bayrağımız qaldırıldı. 1990-cı il noyabrın 17-də isə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildi. Amma bu da hamısı deyildi. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxıldı və Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında" qanun qəbul edərək onu yenidən dövlət bayrağı elan etdi. 
Dövlət bayrağımız haqqında Ümummilli Lider Heydər Əliyev deyib: "Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir".
1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, həmçinin dövlət bayrağını bərpa etdi. 2004-cü il iyunun 8-də "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikasının qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirildi.
Dövlətimizin rəsmi simvollarından biri olan üçrəngli, ay-ulduzlu bayrağımız yenidən müstəqil ölkəmizin başı üzərinə qaldırıldı. Dalğalandıqca 1919-cu ildə Cəfər Cabbarlının "Sevdiyim (Azərbaycanın bayrağına)" adlı şeirində vəsf etdiyi kimi dünyaya azadlığımızı, müstəqilliyimizi bəyan etdi:

Altun köksün hilal-yıldız, işıqları öpüncə,
Zirvəsindən Şah dağının gündoğuşu dinilür.
Rəhm Allahi gözəlliklər tanrısı tək pək incə,
Bir siyaqla könüllərə hey salamlar söylüyür.
O yerlərdə qardaşları, dostları var, pək sevir,
Yaşıl donlu, mavi gözlü, al yanaqlı sevdiyim.

Dövlət bayrağının təsviri Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsi, o cümlədən "Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli Konstitusiya qanunu ilə tənzimlənir. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən, hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Dövlət başçısı bildirib: "Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir".
İki il öncə Müzəffər Azərbaycan Ordusu Qarabağ və Şərqi Zəngəzuru Ermənistanın işğalından azad etdi. O günlər bütün Azərbaycan xalqını ən çox qürurlandıran anlardan biri də döyüşçülərimizin işğaldan azad etdikləri Vətən torpaqlarında dövlət bayrağımızı ucaltmaları və bu barədə Ali Baş Komandan İlham Əliyevə raport vermələrini əks etdirən videogörüntülər oldu.
Düşmənin 30 ilə yaxın davam edən işğalına İkinci Qarabağ müharibəsində son qoyuldu. Qəhrəman Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini darmadağın etdi. Düşməndən geri aldığımız ərazilərimizdə - Füzulidə, Qubadlıda, Cəbrayılda, Zəngilanda, Laçında, Şuşada, Ağdamda, Kəlbəcərdə... Azərbaycan bayrağı ucaldıldı. O işğaldan qurtulmuş əzəli torpaqlarımızda üçrəngli, ay-ulduzlu bayrağımız yenidən dalğalandıqca dünyaya dövlətimizin gücünü, qüdrətini, xalqımızın birliyini, yenilməzliyini bəyan edir.
 
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb  

18:54
04 İyun

Rusiya XİN Azərbaycan ilə mədəni əməkdaşlığın yenidən başlanmasının vacibliyini bəyan edib  

18:26
04 İyun

“Kim dedi ki, səadətə inanma” mahnısı və klipi təqdim olunub

18:23
04 İyun

Faiq Qarayev: Avropa Liqasında qrupdan yaxşı nəticə ilə çıxmaq istəyirik  

18:21
04 İyun

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

18:14
04 İyun

Dünyanın qabaqcıl banklarının neftin qiyməti ilə bağlı proqnozları necədir?

18:13
04 İyun

Estoniyalı mütəxəssis: Süni intellekt kibertəhlükəsizlikdə tam avtonom mərhələyə doğru irəliləyir  

18:08
04 İyun

Laçın şəhərinin su təminatı 6 subartezian quyusu vasitəsilə həyata keçirilir

18:01
04 İyun

Estoniya nümayəndəsi: Rəqəmsal transformasiya və kibertəhlükəsizliyi bir-biri ilə toqquşmayan anlayış kimi görürük  

17:58
04 İyun

Küveyt Dövlətinin Baş naziri Şeyx Əhməd Abdullah əl-Əhməd əl-Sabahdan

17:54
04 İyun

Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabahdan

17:47
04 İyun

Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifədən

17:41
04 İyun

Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tanidən

17:39
04 İyun

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tanidən

17:31
04 İyun

Ukraynanın sabiq Prezidenti Leonid Kuçmadan

17:28
04 İyun

Azamat Abdullayev: Özbəkistan kibertəhlükəsizlik şəbəkəsini gücləndirib

17:23
04 İyun

Ermənistan və ABŞ "Tramp marşrutu" üzrə saziş imzalayıblar  

17:20
04 İyun

Qazaxıstan rəsmisi: Azərbaycanla süni intellekt və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edə bilərik  

17:17
04 İyun

Azərbaycandan Ermənistana dizel yanacağı göndərilib 

17:03
04 İyun

ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Korn və baş icraçı direktoru Uilyam Darofdan

16:59
04 İyun

Azərbaycanın BƏT-in daha bir Konvensiyasına qoşulmasına dair bildiriş təşkilatın Baş direktoruna təqdim olunub  

16:41
04 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!