Yaxın Şərqdə davam edən gərginlik, Hörmüz boğazının gələcəyi ilə bağlı qeyri-müəyyənlik və ABŞ ilə İran arasında nəticəsiz qalan sülh danışıqları fonunda dünyanın qabaqcıl maliyyə institutları və investisiya bankları “Brent” markalı xam neftin qiyməti ilə bağlı proqnozlarını davamlı olaraq yeniləyir.
AZƏRTAC müxtəlif qurumların və bankların mayın sonu və iyunun əvvəlində “Brent” neftinin qiymətinə dair açıqladıqları son proqnozlarını təqdim edir.
“Fitch Solutions” ilin sonunda “Brent”in bir barelinin qiymətinin 71 dollar səviyyəsində olacağının proqnozlaşdırıldığını açıqlayıb. İkinci rübün sonu üçün proqnoz 88 dollar, üçüncü rübün sonu üzrə proqnoz isə 75 dollardır.
“Rabobank” isə “Brent”in qiymətinin ilin sonunda 100 dollar, ikinci rübün sonunda 107 dollar, üçüncü rübün sonunda 120 dollar təşkil edəcəyini nəzərdə tutur.
JYSKE BANK AS isə “Brent”in qiymətinin ilin sonunda 85 dollar olacağını proqnozlaşdırır. İkinci rübün sonu üzrə proqnoz 100 dollar, üçüncü rüb üzrə 93 dollardır.
“BloombergNEF” bu ilin sonuna dair proqnozu 76,50 dollar, ikinci rüb üzrə 100,97 dollar, üçüncü rüblə bağlı proqnozu 85,67 dollardır.
“Citigroup Inc” ilin sonunda “Brent”in qiymətinin 90 dollar, ikinci rübdə 112 dollar, üçüncü rübdə 110 dollar olacağını proqnozlaşdırır.
“Commerzbank AG”nin ilin sonu üçün proqnozu 85 dollar, ikinci rüb üzrə 100 dollar, üçüncü rübə dair proqnozu 90 dollardır.
“Standard Chartered” “Brent” neftinin qiymətinin ilin sonunda 80,50 dollar, ikinci rübün sonunda 98 dollar, üçüncü rübün sonunda 85 dollar olacağını proqnozlaşdırır.
“Bank of America Merrill Lynch” ilin sonunda “Brent”in qiymətinin 94 dollar, ikinci rübün sonunda 103 dollar, üçüncü rübün sonunda isə 95 dollar təşkil edəcəyini nəzərdə tutur.
“JPMorgan”, “Natixis”, “UBS”, “HSBC”, “Intesa Sanpaolo”, “Australia & New Zealand Banking Group”, “Deutsche Bank”, “Goldman Sachs” və “Morgan Stanley” kimi banklar isə “Brent” neftinin qiyməti ilə bağlı proqnozlarını may ayı ərzində açıqlayıblar. Bankların “Brent”in ilin sonundakı qiymətinə dair proqnozları 78-98 dollar, ikinci rübün sonu üzrə 96-115 dollar, üçüncü rübün sonuna dair proqnozları isə 87-105 dollar arasında dəyişir.