10 İyul 2026 10:15
155
CƏMİYYƏT
A- A+
Milli intellektual elita formalaşır

Milli intellektual elita formalaşır


Müasir idarəçilik prinsiplərinə yiyələnmiş, strateji təfəkkürlü və geniş dünyagörüşlü kadr potensialının formalaşdırılması müstəqil Azərbaycanın dövlət siyasətinin ana xəttini təşkil edir. Bu baxımdan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən kadr islahatlarının fəlsəfəsi məhz yüksək intellektə, innovativ idarəetmə bacarıqlarına və milli dəyərlərə malik yeni nəsil rəhbər şəxslərin önə çıxarılmasına əsaslanır. 

Artıq mühüm bir ənənəyə çevrilən və ölkənin ən nüfuzlu intellektual platformalarından biri sayılan "Yüksəliş" müsabiqəsi növbəti dəfə Azərbaycanın parlaq zəkalarını bir araya gətirib. Hər il cəmiyyətdə böyük rezonans doğuran, şəffaflığı və obyektivliyi ilə gənclərin etimadını qazanan bu mötəbər layihə milli idarəçi kadr bankının zənginləşməsində müstəsna rol oynayır. Cari ildə elan olunmuş "Şəhərsalma və Memarlıq İli" konseptinə həsr edilən 6-cı mövsüm isə rəqabətin miqyası və iştirakçıların hazırlıq səviyyəsi ilə xüsusilə diqqət mərkəzindədir. Gərgin, dinamik və yüksək rəqabət mühitində keçən növbəti mərhələnin başa çatması ilə ölkənin gələcək idarəçiləri olmaq istəyən namizədlərin - ən güclülərin adları, nəhayət ki, ictimaiyyətə açıqlanıb.

İyulun 5-də "Bakı-Ekspo" Mərkəzində 3 gün davam edən və böyük gərginliklə müşahidə olunan yarımfinal mərhələsi rəsmən yekunlaşıb. Respublikanın dörd bir yanından seçilərək bu mərhələyə vəsiqə qazanmış 331 intellektual iştirakçı arasından yalnız öz bacarığı, çevikliyi və liderlik keyfiyyətləri ilə fərqlənən 100-dən çox namizəd adını finalçıların siyahısına yazdırmağı bacarıb. Ekspertlər qrupu tərəfindən idarəçi namizədlərin strateji düşüncə, effektiv liderlik, qərarvermə, komanda işi, böhran vəziyyətlərində idarəetmə daxil olmaqla 9 əsas səriştəsi rəqəmsal və analitik alətlərlə ciddi sınaqdan keçirilib.

Müsabiqənin gedişini və yarımfinal mərhələsinin nəticələrini şərh edən Təşkilat Komitəsinin rəsmiləri gənclərin builki hazırlıq səviyyəsini xüsusi vurğulayıblar. Qeyd ediblər ki, hər il "Yüksəliş" yeni bir nəfəs, yeni bir enerji ilə qarşımıza çıxır. Builki yarımfinal sınaqları göstərdi ki, Azərbaycan gəncliyi təkcə nəzəri biliklərlə kifayətlənmir, həm də qlobal çağırışlara çevik reaksiya vermək bacarığına malikdir. "Şəhərsalma və Memarlıq İli"nə həsr olunmuş keyslər iştirakçılardan həm kreativlik, həm də strateji planlaşdırma tələb edirdi. Finala vəsiqə qazanan 100-dən çox namizəd real idarəetmə böhranlarına hazır olduqlarını sübut etdi. Onlar dövlətin kadr islahatlarının ən real hərəkətverici qüvvəsidir. 

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev yarımfinalçıları təbrik edərək onlara uğurlar arzulayıb. Bildirib ki, yarımfinal mərhələsinə qədər yüksəlmək iştirakçıların bilik, bacarıq və idarəetmə potensialının göstəricisidir: "Bu müsabiqə ölkənin gələcək idarəçilərinin üzə çıxarılması, onların inkişafının dəstəklənməsi və idarəçilik potensialının gücləndirilməsi baxımından əhəmiyyətli layihədir".

"Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsinin nəticələrinə görə, bu mərhələdə iştirak edən 317 namizəddən 116 nəfəri final mərhələsində mübarizə aparacaq. Ümumilikdə Bakı üzrə 80, regionlar üzrə 36 iştirakçı yarımfinal mərhələsinə buraxılıb. Onlardan 99 nəfəri kişi, 17 nəfəri qadındır. Finalçıların 41 faizi birinci "Yüksəliş" müsabiqəsinin iştirakçısı olmuşdur. Finalçılar arasında müxtəlif sahələrdən beynəlxalq, özəl və dövlət qurumlarında, həmçinin QHT-lərdə çalışan namizədlər yer alır. 

 Qiymətləndirmə ekspertlər tərəfindən həyata keçirilib. Qeyd edək ki, yarımfinal mərhələsinə hazırlıq çərçivəsində qiymətləndirici ekspertlər üçün üçgünlük təlim proqramı təşkil olunub. Təlimlərə 100-ə yaxın ekspert cəlb edilib. Ekspertlər real imtahan mühitinə yaxınlaşdırılmış simulyasiya olunmuş situasiyalar üzərindən iştirakçıların bacarıqlarının qiymətləndirilməsi, qiymətləndirmə meyarları, qiymətləndirmə mərkəzlərinin fəaliyyəti və ekspertlərin funksiyaları barədə ətraflı məlumatlandırılıblar.

Qiymətləndirmə prosesi beynəlxalq təcrübəyə əsaslanan və obyektivliyi ilə seçilən "Qiymətləndirmə konfransı" - "Assessment Conference" metodu ilə həyata keçirilib. Bu metod hər bir iştirakçının performansına çoxşaxəli yanaşmanı təmin edir və yekun qərarların kollegial əsasda verilməsinə imkan yaradır. 

"Yüksəliş" müsabiqəsinin final mərhələsi iyulun 15-17-də "Bakı-Ekspo" Mərkəzində olacaq. İştirakçılar 3 gün ərzində qalibiyyət uğrunda öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər. Onların 8 səriştəsi (strateji düşünmək bacarığı, nəticələrə yönəlmək bacarığı, komandada işləmək bacarığı, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, liderlik, sosial məsuliyyət və effektivliyin idarə edilməsi) ekspertlər və idarəçi rəhbərlər tərəfindən qiymətləndiriləcək. Qiymətləndirmə təqdim edilən keyslər üzərində aparılacaq. Keyslər müasir dünya təcrübəsi əsasında və qabaqcıl format üzərində hazırlanıb, Azərbaycanın iqtisadiyyatı, sosial, insan resursları və yenidənqurma sahələrini ehtiva edir.

Xatırladaq ki, 6-cı "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2025-ci il 10 dekabr tarixində müvafiq sərəncam imzalanıb.

"Yüksəliş", sadəcə, bir yarışma deyil, həm də effektiv sosial lift funksiyasını yerinə yetirir. Keçmiş mövsümlərin qaliblərinin bu gün tutduqları mövqelər bunun bariz sübutudur. I mövsümün qalibi Nazim Novruzov müsabiqədəki qələbəsindən və Oksford Universitetində aldığı strateji idarəetmə təhsilindən sonra rəqəmsal transformasiya və biznes məsləhətçiliyi sahəsində müxtəlif layihələrin rəhbəridir. Saməddin Abbasov (I mövsümün qalibi) mentorluq proqramını uğurla başa vuraraq data analitikası və bank menecmenti sahəsində aparıcı mütəxəssis kimi fəaliyyət göstərir və artıq özü yeni nəsil tələbələrin mentorudur. Qoşqar Daşdiyev, Fərid Mustafayev, İrşad Əsgərxanlı, Kamran Sadıxlı, Məmməd Həsənov, Şəhriyar Həsənverdiyev, Orxan Nağıyev və başqaları (V mövsüm qalibləri) müxtəlif şirkətlərdə, o cümlədən bp-də, bank sistemində,  "AzerGold" QSC-də, dövlət idarəçiliyində mühüm idarəetmə keyslərinin həllində iştirak edirlər.

İndiyədək keçirilmiş "Yüksəliş" müsabiqələri ictimaiyyət tərəfindən geniş maraqla qarşılanıb və hər mövsüm artan iştirakçı sayı ilə diqqət çəkib. Birinci müsabiqədə 11 min 760 nəfər qeydiyyatdan keçmiş və yekunda 27 qalib müəyyənləşdirilmişdir. İkinci müsabiqədə 12 min 299 nəfər iştirak etmiş, 22 nəfər qalib adını qazanmışdır. Üçüncü mövsümdə 13 min 474 namizəddən 22 nəfər qalib seçilmişdir. Dördüncü "Yüksəliş" müsabiqəsində 15 min 877 nəfər arasından 25 nəfər qalib olmuşdur. Beşinci mövsümdə isə qeydiyyatdan keçmiş 16 min 553 nəfərdən 20 nəfər müsabiqənin qalibi elan edilmişdir.

 "Yüksəliş" müsabiqəsi, sadəcə, bir bilik yarışı deyil, Azərbaycanın insan kapitalının inkişafına qoyulan ən böyük strateji investisiyalardan biridir. Bu platforma hər il innovativ düşüncəli idarəçiləri kəşf etməklə ölkəmizin gələcək inkişaf modelinin memarlarını yetişdirir. İyulun 17-də başlayacaq böyük final sınaqları isə təkcə 20 nəfər qalibin adını müəyyənləşdirməyəcək, həm də dövlət idarəçiliyinə gətiriləcək yeni nəfəsin, intellektual dalğanın başlanğıcı olacaq. Finala vəsiqə qazanaraq adını ən güclülərin sırasına yazdıran qalib idarəçilər ölkənin gələcək inkişafında və dövlət idarəçiliyinin təkmilləşdirilməsində mühüm rol oynayacaqlar.

Xatırladaq ki, "Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixdə imzaladığı sərəncamla təsis olunub.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Samur çayının su ehtiyatlarının bölüşdürülməsi üzrə Azərbaycan–Rusiya Birgə Komissiyasının iclası olub

11:37
10 İyul

Oleksandr Mişenko: Ukrayna “Orta Asiya + Azərbaycan” logistika formulunu hazırlayıb

11:35
10 İyul

İsrail yaxın günlərdə bəzi əraziləri Livana qaytaracaq

11:33
10 İyul

Araşdırma: İsti hava qadınlara niyə daha çox təsir edir?

11:30
10 İyul

Almaniyada iyundakı istilər 5100 nəfərin ölümünə səbəb olub

11:27
10 İyul

Dünya çempionatında ilk yarımfinalçı Fransa millisi olub

11:25
10 İyul

Netanyahu və Tramp ABŞ-nin İrana qarşı əməliyyatlarını müzakirə ediblər

11:23
10 İyul

Dayanıqlı iqtisadi inkişafın yeni mərhələsi

11:08
10 İyul

FİFA Folklend adaları haqqında mahnıya görə Argentinanı cəzalandırmayacaq

11:05
10 İyul

Kasilyas su fasiləsi probleminə inqilabi həll yolu təklif edir

11:03
10 İyul

ABŞ-də 8 nəfər Ağ Evə hücum planlaşdırmaqda ittiham olunur

11:00
10 İyul

Yayda orqanizmimizi susuzluqdan necə qoruyaq?

10:35
10 İyul

Bakının yeni nəqliyyat şəbəkəsi

10:25
10 İyul

Milli intellektual elita formalaşır

10:15
10 İyul

Gənclərimiz Daşkənd səfərindən zəngin təəssüratla dönüblər

10:05
10 İyul

Şəmkir: orta məhsuldarlıq hələlik 40 sentnerdir

09:55
10 İyul

Goranboydakı "Süd Bulağı" MMC xarici bazarlara çıxmaq istəyir

09:45
10 İyul

Aqrar sektorun inkişafinda yeni dövr başlayır

09:35
10 İyul

Proqram mühəndisliyi kibertəhlükəsizliyin və rəqəmsal inkişafın əsas dayaqlarındandır

09:25
10 İyul

Azərbaycan Dövlət Aqrar Universitetinin görkəmli məzunları

09:15
10 İyul

"Ağıllı yol"lar, rəqəmsal körpülər - müasir nəqliyyat sisteminin Azərbaycan modeli

09:05
10 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!