Sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu platformalar informasiya əldə etmək, ünsiyyət qurmaq, yeni biliklər qazanmaq, yaradıcılıq imkanlarını genişləndirmək və ictimai proseslərdə iştirak etmək baxımından böyük imkanlar yaradır. Lakin rəqəmsal texnologiyaların sürətli inkişafı ilə yanaşı, sosial medianın xüsusilə uşaqlar və yeniyetmələr üzərində zərərli təsirləri də bütün dünyada ciddi narahatlıq doğurur.
Məhz bu baxımdan Milli Məclisdə üçüncü oxunuşda qəbul edilən və uşaqların sosial şəbəkə mühitində müdafiəsinin gücləndirilməsinə yönələn qanunvericilik dəyişiklikləri mühüm sosial və hüquqi əhəmiyyət daşıyır. Dəyişikliklərə əsasən, sosial şəbəkələrdə fərdi rəqəmsal hesabların açılması üçün minimum rəqəmsal yetkinlik yaş həddi 16 yaş müəyyən edilir. 16-18 yaş aralığında olan şəxslərin isə sosial şəbəkə platformalarında fərdi rəqəmsal hesab yaratması, həmin hesablardan istifadə etməsi və məzmun paylaşması qanuni nümayəndələrinin razılığı və nəzarəti altında mümkün olacaq.
Milli Məclisin deputatı Pərvanə VƏLİYEVA qəzetimizə müsahibəsində deyib ki, söhbət ilk növbədə sosial şəbəkələrdə qeydiyyat zamanı yaş yoxlanılması mexanizmlərinin tətbiqindən, uşaqların zərərli məzmun və manipulyativ təsirlərdən qorunmasından, platformaların məsuliyyətinin artırılmasından və uşaqların rəqəmsal həyata daha hazırlıqlı şəkildə daxil olmasından gedir: "Uşağın sağlam böyüməsi, fiziki və psixoloji rifahının qorunması, düzgün inkişafı və təhlükəsiz mühitdə yetişməsi yalnız ailənin deyil, bütövlükdə cəmiyyətin və dövlətin məsuliyyətidir. Bu səbəbdən yeni tənzimləmələr ayrıca və təcrid olunmuş təşəbbüs deyil, uşaqların müdafiəsi sisteminin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Konstitusiyanın 17-ci maddəsinin 6-cı bəndində açıq şəkildə qeyd olunur ki, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycanın qoşulduğu uşaq hüquqlarına dair beynəlxalq konvensiyalar da dövlətin bu sahədə fəal müdafiə mexanizmləri yaratmasını tələb edir. Əslində, uşaqların hüquqları qorunmaqla onların sağlamlığı və rifahı naminə müxtəlif sahələrdə yaş məhdudiyyətlərinin tətbiqi yeni yanaşma deyil. Uşaqlara siqaret və alkoqollu içkilərin satılmasına, müəyyən təhlükəli əşyaların əldə edilməsinə, digər zərərli məzmunlara çıxışına məhdudiyyətlər məhz onların müdafiəsi məqsədilə tətbiq olunur. Heç kim bu məhdudiyyətləri uşaqların hüquqlarının pozulması kimi qiymətləndirmir. Əksinə, onlar uşağın sağlamlığının, təhlükəsizliyinin və rifahının qorunması üçün zəruri müdafiə tədbirləri hesab edilir".
Deputat qeyd edib ki, müasir rəqəmsal dövrdə eyni müdafiə fəlsəfəsinin sosial media mühitində də öz əksini tapması təbiidir: "Əgər real həyatda uşağın inkişafına zərər verə biləcək məhsul, xidmət və məzmunlara yaş məhdudiyyəti tətbiq edilirsə, virtual dünyada onun psixologiyasına, davranışına, dünyagörüşünə və təhlükəsizliyinə təsir edən risklər də hüquqi tənzimləmədən kənarda qala bilməz". P.Vəliyeva həmçinin vurğulayıb ki, Azərbaycanda uşaqların informasiya təhlükəsizliyinin qorunması istiqamətində hüquqi baza əvvəlki illərdən formalaşdırılıb: "2018-ci ildə qəbul edilmiş "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə yanaşı, onların zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edib. Hazırkı qanunvericilik dəyişiklikləri həmin siyasətin müasir rəqəmsal reallıqlara uyğun davamıdır. Sosial şəbəkələrin uşaqların həyatına erkən yaşlardan daxil olması, alqoritmik məzmun seçiminin genişlənməsi, şəxsi məlumatların toplanması, kiberzorakılıq, manipulyasiya, zərərli çağırışlar və uyğun olmayan məzmunların yayılması yeni hüquqi və texnoloji müdafiə mexanizmlərini zəruri edir. Prezident İlham Əliyev tərəfindən 27 fevral 2026-cı ildə imzalanmış "Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında" sərəncam da bu istiqamətdə dövlət siyasətinin sistemli xarakterini göstərir. Sərəncam sosial şəbəkələrin tənzimlənməsi ilə bağlı yeni hüquqi mexanizmlərin hazırlanmasını, məktəblərdə cihaz istifadəsinə dair qaydaların müəyyən edilməsini, kurikulumlara rəqəmsal savadlılıq və kibertəhlükəsizlik mövzularının daxil edilməsini, həmçinin valideynlər və uşaqlar üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsini nəzərdə tutur".
Deputat xatırladıb ki, bu ilin əvvəlində qəbul edilən "Uşaq hüquqları haqqında" yeni qanunda rəqəmsal mühitdə uşaqların hüquqlarının qorunmasına xüsusi diqqət yetirilməsi də bu siyasətin davamlılığını nümayiş etdirir: "Məqsəd aydındır: uşaqların rəqəmsal mühitdə təhlükəsizliyini və sağlam inkişafını təmin etmək. Bu məqsədlə İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlarda dəyişikliklər edilir. Uşaqlar, xüsusilə yeniyetməlik dövründə sosial təsirlərə, emosional təzyiqə və manipulyasiyaya böyüklərlə müqayisədə daha həssasdırlar. 16 yaşınadək dövrdə ətraf mühitin, risklərin və manipulyativ davranışların tam dərk edilməməsi uşaqların müxtəlif qrupların təsirinə düşməsini, təhlükəli söhbətlərə qoşulmasını, yanlış məlumatlara inanmasını və zərərli davranış modellərini mənimsəməsini asanlaşdıra bilər. Platformalar istifadəçilərin hansı paylaşımlara nə qədər baxdığını, nəyə klik etdiyini, hansı videonu təkrar izlədiyini və hansı məzmun qarşısında daha uzun müddət dayandığını analiz edir. Daha sonra alqoritmlər istifadəçini platformada mümkün qədər uzun müddət saxlamaq məqsədilə fərdiləşdirilmiş məzmun axını yaradır.Yetkin insan belə mexanizmlərin təsirinə məruz qala bilir. Uşaq və yeniyetmələr üçün isə risk daha yüksəkdir. Alqoritmik sistemlər müəyyən hallarda uşağı getdikcə daha emosional, aqressiv, depressiv, qorxuducu və ya yaşına uyğun olmayan məzmunlara yönəldə bilər. Beləliklə, uşağın nə izlədiyini yalnız onun şüurlu seçimi deyil, görünməyən rəqəmsal mexanizmlər də müəyyən edir".
P.Vəliyeva bildirib ki, uşaq yetkinlik yaşına çatana qədər rəqəmsal savadlılıq, şəxsi məlumatların qorunması, dezinformasiyanın tanınması, kibertəhlükəsizlik, alqoritmik manipulyasiyanın dərk edilməsi, onlayn etik davranış və təhlükəli əlaqələrdən qorunma bacarıqları əldə etməlidir. Sonrakı mərhələdə isə qanuni nümayəndənin razılığı və nəzarəti ilə sosial şəbəkə mühitinə daxil olması daha təhlükəsiz model yarada bilər. Bu, fərd üçün psixoloji və fiziki sağlamlıq, ailə üçün uşağın təhlükəsizliyi, cəmiyyət üçün sağlam nəsil, dövlət üçün isə insan kapitalının qorunması məsələsidir.
Azərbaycanın bu sahədə atdığı addımların qlobal inkişaf meyillərindən olduğunu deyən deputat qeyd edib ki, hazırda dünyanın müxtəlif ölkələrində uşaqların sosial mediaya çıxışı, yaş yoxlanılması, platformaların məsuliyyəti və valideyn razılığı ilə bağlı yeni hüquqi mexanizmlər qəbul edilir və ya müzakirə olunur: "ABŞ-nin ayrı-ayrı ştatlarında fərqli yaş hədləri və valideyn razılığı mexanizmləri üzrə yanaşmalar formalaşır. İrlandiyada "Online Safety Code", Böyük Britaniyada "Online Safety Act" çərçivəsində uşaqların rəqəmsal təhlükəsizliyi ilə bağlı platformaların öhdəlikləri gücləndirilir. Qazaxıstan və Özbəkistanda uşaqların sosial şəbəkələrdə müdafiəsinin gücləndirilməsi ilə bağlı qanunvericilik təşəbbüsləri gündəmə gəlir. Norveç isə sosial media platformaları üçün yeni yaş məhdudiyyəti mexanizmlərinin tətbiqi istiqamətində addımlar planlaşdırır".
P.Vəliyeva qeyd edib ki, yeni qanunvericilik yanaşmasının mühüm tərəflərindən biri məsuliyyətin yalnız uşağın və valideynin üzərinə qoyulmamasıdır. Sosial media platformalarının da uşaqların təhlükəsizliyinin qorunması, zərərli və təhlükəli məzmunun qarşısının alınması, şəxsi məlumatların mühafizəsi, qanunvericiliyə zidd məlumatların operativ şəkildə aradan qaldırılması və aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq edilməsi istiqamətində öhdəlikləri olmalıdır: "Bu, prinsipial məsələdir, çünki uşağın diqqətini cəlb edən, onun davranışını təhlil edən, maraqlarını proqnozlaşdıran və qarşısına fərdiləşdirilmiş məzmun çıxaran sistemlərin texnoloji imkanları ailələrin imkanlarından qat-qat böyükdür. Belə şəraitdə yalnız "valideyn uşağına nəzarət etsin" demək kifayət deyil. Platformalar da yaratdıqları rəqəmsal mühitə görə məsuliyyət daşımalıdırlar. Bununla yanaşı, ancaq qanunvericilik bütün problemləri həll edə bilməz. Digər tərəfdən, uşaq valideynin "ağıllı telefon"undan və ya sosial media hesabından istifadə edə bilər. Əgər yaş məhdudiyyəti tətbiq edildikdən sonra uşaq, sadəcə, valideynin telefonuna və hesabına keçəcəksə, tənzimləmənin real təsiri zəifləyəcək. Buna görə valideynlər rəqəmsal savadlılığın artırılması tədbirlərinin fəal iştirakçısına çevrilməlidirlər. Məhz buna görə dövlət-ailə-məktəb-platforma əməkdaşlığı vahid müdafiə mexanizmi kimi işləməlidir", - deyə o bildirib.
Sosial şəbəkələrin müasir həyatın reallığı olduğunu deyən P.Vəliyeva yekunda deyib: "Lakin texnologiyanın mövcud olması onun bütün yaş qrupları üçün eyni dərəcədə təhlükəsiz olması demək deyil. Uşaqların inkişaf xüsusiyyətləri, psixoloji həssaslığı və manipulyasiyaya daha açıq olması dövlətin, ailənin və cəmiyyətin üzərinə əlavə məsuliyyət qoyur. Azərbaycanın qanunvericiliyə etdiyi dəyişikliklər beynəlxalq təcrübə, yerli şərait və dünyada gedən inkişaf meyilləri nəzərə alınmaqla uşaqların müdafiəsi üçün yeni tənzimləmə çərçivəsi yaradır. Burada əsas məqsəd sosial şəbəkələri qadağan etmək deyil, rəqəmsal mühitdə uşaqların maraqlarını kommersiya alqoritmlərindən, zərərli məzmundan, manipulyasiyadan və təhlükəli təsirlərdən qorumaqdır".
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"