Bir sıra dövlət elektron xidmətlərinin "mygov.az" platformasında cəmləşdirilməsi, mobil tətbiqlərin funksionallığının genişləndirilməsi, eləcə də indiyədək ənənəvi qaydada göstərilən xidmətlərin mərhələli şəkildə rəqəmsal formata keçirilməsi "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nın ilk uğurlu nəticələri kimi qiymətləndirilə bilər. Bu yeniliklər vətəndaşlara daha operativ, şəffaf və rahat xidmət göstərilməsini təmin etməklə yanaşı, dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqini də sürətləndirir.
Şübhəsiz ki, rəqəmsallaşma yalnız texnoloji yenilənmə prosesi deyil. Bu, iqtisadi inkişafın sürətləndirilməsi, idarəetmənin səmərəli olmasına yol verilməsi, biznes mühitinin daha əlverişli hala gətirilməsi və cəmiyyətin innovativ düşüncə tərzinə uyğun yenilənməsi deməkdir. Rəqəmsal İnkişaf Şurasının ilk iclasında xüsusi vurğulandığı kimi, əsas hədəf milli iqtisadiyyatın rəqabət qabiliyyətinin gücləndirilməsi, müasir innovasiya mühitinin formalaşdırılması və ölkənin investisiya cəlbediciliyinin daha çox artırılmasıdır. Ona görə də fəaliyyət planının icrası Azərbaycanın rəqəmsal gələcəyinin etibarlı təməllərinin yaradılması istiqamətində mühüm mərhələ kimi dəyərləndirilir. Bu zərurət xüsusən beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan üçün yeni imkanlar, yeni vəzifə və tələblər formalaşdırır. Bütün bunlar çevik nəqliyyat-kommunikasiya imkanlarını, yerli və xarici bazarlara operativ çıxışı, eləcə də müasir logistik xidmətlərin inkişafını tələb edir.
Bəs həyata keçirilən rəqəmsallaşma nəqliyyat xidmətlərinə necə təsir göstərəcək? Avrasiya məkanının mühüm nəqliyyat-tranzit qovşağı olan Azərbaycanın iştirakı ilə reallaşdırılan beynəlxalq nəqliyyat-logistik-tranzit proseslərinə rəqəmsallaşma və süni intellektin tətbiqi hansı təsirləri göstərə bilər? Və nəhayət, rəqəmsal nəqliyyat-logistika prosesləri hansı üstünlükləri vəd edir?
Mövzuya münasibət bildirən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) şöbə müdiri Aqil ƏsƏdov deyir ki, müasir dövrdə beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı qlobal iqtisadiyyatın davamlı və etibarlı olmasını təmin edən əsas amillərdən birinə çevrilib. Onun sözlərinə görə, XXI əsrdə dünya iqtisadiyyatında baş verən dərin struktur dəyişiklikləri nəqliyyat sistemlərinin inkişafı üçün də yeni tələblər formalaşdırıb. Qloballaşmanın sürətlənməsi, elektron ticarətin geniş vüsət alması, yük və sərnişin daşımalarının həcminin artması beynəlxalq nəqliyyat əməliyyatlarının daha operativ, təhlükəsiz və səmərəli idarə olunmasını zəruri edir. Həmin hədəflərə nail olunmasında nəqliyyat əlaqələri və logistika sisteminin səmərəli fəaliyyəti həlledici əhəmiyyət daşıyır. Məhz buna görə rəqəmsal inkişaf nəqliyyat-logistika sektorunda təkcə yeni informasiya texnologiyalarının tətbiqi ilə məhdudlaşmır. Bu proses idarəetmə modelinin yenilənməsini, məlumatların real vaxt rejimində emalını, avtomatlaşdırılmış qərar qəbuletmə mexanizmlərinin formalaşdırılmasını və logistika zəncirinin bütün mərhələlərinin daha səmərəli təşkilini özündə ehtiva edir.
Şübhəsiz, rəqəmsallaşmanın əsas hərəkətverici qüvvələrindən biri süni intellektdir. Süni intellekt texnologiyaları böyükhəcmli məlumatları qısa müddətdə hazırlamağa, yük və sərnişin axınlarını daha dəqiq proqnozlaşdırmağa, marşrutları optimallaşdırmağa, mümkün riskləri əvvəlcədən qiymətləndirməyə və resurslardan daha səmərəli istifadəni təmin etməyə imkan verir. Nəticədə nəqliyyat-logistika prosesləri daha çevik, təhlükəsiz və iqtisadi cəhətdən səmərəli idarə olunur ki, bu da beynəlxalq daşımaların keyfiyyətinin yüksəldilməsi və tranzit potensialının daha effektiv reallaşdırılması baxımından mühüm üstünlüklər yaradır.
Ekspertin də fikri belədir ki, süni intellekt nəqliyyat-logistika sektorunda ən perspektivli texnologiyalardandır. Onun alqoritmləri yol hərəkətinin intensivliyini, hava şəraitini, sərhəd-keçid məntəqələrindəki vəziyyəti, yanacaq sərfi və digər amilləri kompleks şəkildə təhlil edərək, ən səmərəli marşrutları müəyyənləşdirir. Bu isə daşınma müddətinin qısaldılmasına, logistika xərclərinin azalmasına və xidmətlərin keyfiyyətinin yüksəldilməsinə imkan yaradır. Eləcə də anbar təsərrüfatında robotlaşdırılmış sistemlər sifarişlərin çeşidlənməsi, hazırlanması və yüklənməsi proseslərini avtomatlaşdırır. Süni intellekt isə nəqliyyat vasitələrinin yüklənməsini optimallaşdıraraq onların daşıma potensialından maksimum istifadəni təmin edir.
Bu baxımdan qeyd edək ki, rəqəmsallaşma və süni intellektin tətbiqi Azərbaycan üçün də uzunmüddətli strateji üstünlüklər vəd edir. "Şərq-Qərb" və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, üstəlik, Orta dəhlizin əsas iştirakçılarından biri olan ölkəmizdə rəqəmsal nəqliyyat sistemlərinin inkişafı artıq zərurətə çevrilib. Bu istiqamətdə "ASAN xidmət" və elektron hökumət sistemlərinin inkişafı, rəqəmsal gömrük texnologiyalarının tətbiqi, logistika mərkəzlərinin və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının idarəetmə sistemlərinin rəqəmsallaşdırılması, dəmir yolu daşımalarının elektron platformalar üzərindən idarə olunması çox əhəmiyyətlidir. Paralel olaraq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsi, Zəngəzur dəhlizinin (TRIPP) istifadəyə hazırlanması və Orta dəhlizin inkişafı fonunda rəqəmsal logistika texnologiyalarının geniş tətbiqi Azərbaycanın beynəlxalq tranzit imkanlarını artırmaqla, onun Avrasiyanın aparıcı nəqliyyat-logistika mərkəzlərindən biri kimi mövqeyini gücləndirəcək.
Beynəlxalq təcrübə göstərir ki, rəqəmsallaşma ilə yanaşı, yüksək investisiya tələbi, kibertəhlükəsizlik, hüquqi tənzimləmə, informasiya sistemlərinin inteqrasiyası və ixtisaslı kadr təminatı kimi bir sıra problemlər də mövcuddur. Lakin bütün bu amillərə baxmayaraq, süni intellekt və rəqəmsal texnologiyaların inkişafı nəqliyyat-logistika sahəsində yeni imkanlar yaradır. Tam avtomatlaşdırılmış logistika mərkəzləri, "ağıllı nəqliyyat" sistemləri, rəqəmsal sənədləşmə və optimallaşdırılmış daşımalar gələcəyin nəqliyyat modelinin əsas elementlərinə çevriləcək.
Beləliklə, nəqliyyat əlaqələrinin rəqəmsallaşdırılması qlobal iqtisadi inkişafın mühüm istiqamətlərindən biri olmaqla yanaşı, Azərbaycanın tranzit imkanlarının genişləndirilməsi baxımından da strateji əhəmiyyət daşıyır. Süni intellekt və innovativ texnologiyaların tətbiqi daşımaların səmərəsini artırmaq və logistika xərclərini azaltmaqla, eləcə də xidmət keyfiyyətini yüksəltməklə ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərində mövqeyini daha da gücləndirəcək.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"